Məhkəmə qərarları › İş №1(005)-52/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-52/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-52/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, mənzil 14-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, sonuncunun ona olan etibarından sui-istifadə edərək 2022-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində görüşən zaman ondan 2500 (iki min beş yüz) manat, bundan sonra 2022-ci ilin may ayı ərzində Yasamal rayonunun müxtəlif ərazilərində komissiyadan keçmək üçün 1000 (min) manat, sürücülük vəsiqəsində olan cərimə ballarını sildirmək üçün 600 (altı yüz) manat, kurs keçmək üçün 1040 (min qırx) manat, imtahana görə 160 (yüz altmış) manat və sonuncu dəfə xidməti forma verilməsinə görə 2022-ci ilin may ayında 300 (üç yüz) manat pulu ünvan 1 ünvanında yerləşən Nərimanov parkının qarşısında Emil Qəmbərovdan almaqla, verdiyi vədlərə əməl etməyib, aldadaraq nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olduğu zaman 2022-ci ilin may ayından müştəri kimi bir-iki dəfə onu dediyi ünvana aparmış və bu minvalla aralarında münasibət yaranmış, mobil telefon nömrələrini bir-birilərinə vermişlər. 2022-ci ilin may ayının ortalarında, dəqiq gün yadında qalmamışdır, müştəri kimi onun idarə etdiyi taksidə olan zaman Zərərçəkmiş şəxs ilə söhbət zamanı ondan soruşmuşdur ki, nə əcəb taksi fəaliyyəti ilə məşğul olur, bir işə düzəlmir. Emil də ona bildirmişdir ki, işə düzəlməyə ona kömək edə biləcək bir adam yoxdur. Bu zaman Emilə demişdir ki, istəyirsə onu Ədliyyə Nazirliyinə sürücü düzəldə bilər. Emil isə bildirmişdir ki, düzəltsə, yaxşı olar. Ona demişdir ki, qoy danışsın, bir saata ona xəbər edəcəkdir. Bundan təxminən bir saat sonra özünün istifadəsində olan mobil telefondan Emilin istifadəsində olan mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə yazıb bildirmişdir ki, şəxsiyyət vəsiqəsini, hərbi biletini, əmək kitabçasını şəklini çəkib həmin proqram vasitəsi ilə onun mobil nömrəsinə göndərsin. Emil də onun dediyi kimi, qeyd olunan sənədlərin şəklini çəkib ona göndərmişdir. Elə həmin gün Emilə yazıb bildirmişdir ki, razılıqlarını almışdır, ödəniş etməlidirlər. Nə qədər ödəniş etmək lazım olduğunu soruşanda ona bildirmişdir ki, 1000 manat bəri başdan, 1000 manat isə işə çıxandan sonra verər. Emil bildirmişdir ki, hazırda pulu yoxdur, qoy evdəkilərlə danışsın, kredit götürsünlər. Onda Emilə demişdir ki, yubatmasın, iki gün içində ödəniş olmalıdır. Bundan təxminən iki-üç gün sonra Emil Yasamal rayonu “Yadigar” marketin yanında yerləşən kafedə görüşüb onunla oturub çay içən zaman ona 2500 (iki min beş yüz) manat vermişdir. 2500 manat pulu Emil ona görə ona vermişdir ki, ona həkimə də pul verilməli olduğunu demişdir. Pulu ona verəndən sonra Emilə yazaraq bildirmişdir ki, pulu aparıb çatdırmışdır, narahat olmasın. Bundan 3-4 gün keçəndən sonra Emilə yazaraq bildirmişdir ki, işə düzəlməyi üçün komissiyadan keçməlidir, komissiyada iki nəfər olur, hərəsinə 250 (iki yüz əli) manat ödənməlidir. Emil onunla razılaşmış və bundan iki-üç gün sonra yuxarıda qeyd etdiyi ünvanda onunla görüşüb 500 (beş yüz) manat pulu Emildən almışdır. Həmin zaman Emilə bildirmişdir ki, mayın 30-u onun əmrini verəcəklər. Bundan sonra Emilə zəng edərək bildirmişdir ki, komissiyada iki nəfər yox, dörd nəfər olacaq, hərəsinə 250 (iki yüz əlli) manat pul vermək lazıım olduğunu deyib Emildən əlavə 500 (beş yüz) manat istəmişdir. Emil də razılaşmış və təxminən iki gün sonra onun dediyi pulu düzəldərək qeyd etdiyi ünvanda onun yaşadığı məhəllədə öz maşınının içində ona 500 (beş yüz) manat vermişdir. Bundan bir-iki gün sonra Emilə yazaraq sürücülük vəsiqəsində “bal” olub-olmadığını soruşmuş, eyni zamanda, yazıb bildirmişdir ki, 12 baldan yuxarı olmamalıdır. Emil də ona yazaraq bildirmişdir ki, 12 balı vardır. Bu zaman Emilə yazmışdır ki, 12 balla olmaz. Əlavə olaraq bildirmişdir ki, qoy danışsın, görsün balı sildirdmək olar, ya yox, bir saata ona xəbər edər. Bir saatdan sonra Emilə yazaraq bildirmişdir ki, 300 (üç yüz) manat kadrın rəisinə vermək lazımdır ki, idarə rəisinin yanına gedəndə onun bal söhbətini açmasın, balın olmadığını desin. 300 manatı gətirib onun yaşadığı məhəllədə vermişdir. Bundan sonra Emildən kadrların rəisinin köməkçisinə vermək adı ilə 300 (üç yüz) manat almışdır. Bundan üç gün sonra Emilə zəng edib demişdir ki, imtahana girəcək, 160 (yüz altmış) manat verməlidirlər. Emil də ona bildirmişdir ki, hazırda pulu yoxdur, iki-üç günə hazırlayıb verəcəkdir. İki gün ərzində Emil 160 manat pulu ona Koroğlu heykəlinin yanında köşkün yanında ona vermişdir. Bundan 3-4 gün sonra Emilə zəng edərək bildirmişdir ki, 500 (beş yüz) manat kursun pulu verilməlidir. Bundan iki gün sonra Emil 500 manat pulu Yasamal ərazisində öz maşınında ona vermişdir. Bundan 4-5 gün sonra Emilə zəng edib demişdir ki, kursun müavininə 500 (beş yüz) manat, kursda sənəd yığıb düzəldənə 40 (qırx) manat vermək lazımdır. Bir gün sonra Emil onun dediyi pul məbləğini keçmiş Spartak stadionunun yanında öz maşınında ona vermişdir. 3-4 gün keçəndən sonra Emilə zəng edib niyə həkimdən, komissiyadan keçməməyini, kursa niyə başlamağını soruşanda, demişdir ki, qoy danışıb öyrənsin, ona xəbər edəcəkdir. Bunda bir gün sonra Emil ona yenə zəng edəndə, bildirmişdir ki, onun sənədlərin hamısı hazırlanmışdır, ayın 1, ya 2-si onun əmri verilər, onda işə çıxıb kursa başlayar. Həmin zaman Emilə demişdir ki, kursa başlayanda forma verilməsi üçün 400-450 manat pul vermək lazımdır. Emil pulunun olmadığını bildirəndə, ona demişdir ki, heç olmasa, 300 (üç yüz) manat düzəltsin. Emil 300 manat tapıb Nərimanov rayonu ərazisində parkın yanında onunla görüşüb həmin məbləğdə pulu vermişdir. 2022-ci ilin noyabr ayında Emil ona zəng edərək verdiyi 5600 (beş min altı yüz) manat pulu geri tələb etmişdir. Emilin pulunu qaytarmaq üçün pulu olmamışdır. Ona görə də, müxtəlif bəhanələrlə Emilin pulunu qaytarmaqdan yayınmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu zaman 2022ci ilin may ayından müştəri kimi bir-iki dəfə onun dediyi ünvana aparmış və bu minvalla aralarında münasibət yaranmışdır. 2022-ci ilin may ayının ortalarında, dəqiq gün yadında qalmamışdır, müştəri kimi idarə etdiyi taksidə olan zaman Oruc söhbət zamanı ondan soruşmuşdur ki, “nə əcəb taksi fəaliyyəti ilə məşğul olursan, bir işə düzəlmirsən.”. Oruca bildirmişdir ki, işə düzəlməyə ona kömək edə biləcək bir adam yoxdur. Bu zaman Oruc ona demişdir ki, “istərsənsə, səni Ədliyyə Nazirliyinə sürücü düzəldə bilərəm”. Ona bildirmişdir ki, düzəltsə, yaxşı olar. Oruc ona demişdir ki, qoy danışsın bir saat ona xəbər edəcəkdir. Bundan, təxminən bir saat sonra Oruc “WhatsApp” proqramı vasitəsi ilə yazıb bildirmişdir ki, şəxsiyyət vəsiqəsini, hərbi biletini, əmək kitabçasının şəklini çəkib həmin proqram vasitəsi ilə onun mobil nömrəsinə göndərsin. Onun dediyi kimi, qeyd olunan sənədlərin şəklini çəkib Oruca göndərmişdir. Elə həmin gün Oruc ona yazıb bildirmişdir ki, razılıqlarını almışdır, ödəniş etməlidirlər. Nə qədər ödəniş etmək lazım olduğunu soruşanda Oruc bildirmişdir ki, 1000 manat bəri başdan, 1000 manat isə işə çıxandan sonra verər. Oruca bildirmişdir ki, hazırda pulu yoxdur, qoy evdəkilərlə danışsın, kredit götürsünlər. Onda Oruc ona demişdir ki, yubatmasın, iki gün içində ödəniş olmalıdır. Bundan sonra Şahbuz rayonunda yaşayan valideynləri ilə danışıb bildirmişdir ki, ona köməklik etsinlər, işə düzəlmək üçün pul göndərsinlər. Valideynləri ondan hara işə düzələcəyimi soruşmuşlar. Onlara Ədliyyə Nazirliyinə sürücü işinə düzələcəyini demişdir. Bundan təxminən iki gün sonra, onun kartına 3000 (üç min) manat pul köçürmüşlər. Pulu nağd şəkildə əldə etdikdən bir-iki gün sonra Orucla Yasamal rayonu, “Yadigar” marketin yanında yerləşən kafedə görüşüb onunla oturub çay içən zaman ona 2500 (iki min beş yüz) manat vermişdir. 2500 manat pulu Oruca ona görə vermişdir ki, Oruc ona həkimə də pul verilməli olduğunu demişdir. Pulu Oruca verəndən sonra Oruc ona yazaraq bildirmişdir ki, pulu aparıb çatdırmışdır, narahat olmasın. Bundan 3-4 gün keçəndən sonra Oruc ona yazaraq bildirmişdir ki, işə düzəlməsi üçün komissiyadan keçməlidir, komissiyada iki nəfər olur, hərəsinə 250 (iki yüz əlli) manat ödənməlidir. Orucla razılaşmış və bundan iki-üç gün sonra yuxarıda qeyd etdiyi ünvanda onunla görüşüb 500 (beş yüz) manat pulu Oruca vermişdir. Həmin zaman Oruc ona bildirmişdir ki, mayın 30-u onun əmrini verəcəklər. Oruc bundan sonra ona zəng edərək bildirmişdir ki, komissiya iki nəfər yox, dörd nəfər olacaq, hərəsinə 250 (iki yüz əlli) manat pul vermək lazım olduğunu deyib ondan əlavə 500 (beş yüz) manat istəmişdir. Razılaşmış və təxminən iki gün sonra Orucun dediyi pulu düzəldərək qeyd etdiyi ünvanda onun yaşadığı məhəllədə öz maşınının içində Oruca 500 (beş yüz) manat vermişdir. Bundan bir-iki gün sonra Oruc ona yazaraq sürücülük vəsiqəsində “bal” olub-olmadığını soruşmuş, eyni zamanda, yazıb bildirmişdir ki, 12 baldan yuxarı olmamalıdır. O da Oruca yazaraq bildirmişir ki, 12 balı vardır. Bu zaman Oruc ona yazmışdır ki, 12 balla olmaz. Əlavə olaraq bildirmişdir ki, qoy danışsın, görsün balı sildirdmək olar ya yox, bir saata ona xəbər edər. Bir saatdan sonra Oruc yazaraq bildirmişdir ki, 300 (üç yüz) manat kadrın rəisinə vermək lazımdır ki, idarə rəisinin yanına gedəndə onun bal söhbətini açmasın, balın olmadığını desin. 300 manatı aparıb onun yaşadığı məhəllədə Oruca vermişdir. Bundan sonra Oruc ondan kadrların rəisinin köməkçisinə vermək adı ilə ondan 300 (üç yüz) manat almışdır. Bundan üç gün sonra Oruc ona zəng edib demişdir ki, imtahana girər, 160 (yüz altmış) manat verməlidirlər. Ona hazırda pulunun olmadığını, iki-üç günə hazırlayıb verəcəyini demişdir. İki gün ərzində 160 manat düzəldib Oruca Koroğlu heykəlinin yanında köşkün yanında onunla görüşərək vermişdir. Bundan 3-4 gün sonra Oruc ona zəng edərək bildirmişdir ki, 500 (beş yüz) manat kursun pulu verilməlidir. Bundan iki gün sonra 500 manat, düzəldib Oruca Yasamal ərazisində öz maşınında vermişdir. Bundan 4-5 gün sonra Oruc ona zəng edib demişdir ki, kursun müavininə 500 (beş yüz) manat, kursda sənəd yığıb düzəldənə 40 (qırx) manat vermək lazımdır. Bir gün sonra Orucun dediyi pul məbləğini tapıb ona keçmiş Spartak stadionunun yanında öz maşınında vermişdir. 3-4 gün keçəndən sonra Oruca zəng edib niyə həkimdən, komissiyadan keçməməyini, kursa niyə başlamağını soruşanda, o demişdir ki, qoy danışıb öyrənsin, ona xəbər edəcəkdir. Bunda bir gün sonra Oruca yenə zəng edəndə, Oruc bildirmişdir ki, onun sənədlərinin hamısı hazırlanmışdır, ayın 1, ya 2-si onun əmrin verilər, onda işə çıxıb kursa başlayar. Həmin zaman Oruc ona demişdir ki, kursa başlyanda forma verilməsi üçün 400-450 manat pul vermək lazımdır. Ona pulunun olmadığını bildirəndə Oruc demişdir ki, heç olmasa, 300 (üç yüz) manat düzəltsin. 300 manat tapıb Nərimanov rayonu ərazisində parkın yanında Orucla görüşüb ona həmin məbləğdə pulu vermişdir. Bir neçə gün gözləyəndən sonra Oruca yenə zəng edərək bildirmişdir ki, ona ayın 1, ya 2-si onun əmrin veriləcəyini bildirdiyini deyən zaman o, demişdir ki, hələ tam yığılmamışdır, onun sənədlərin tam hazırdır, kurs bir aydan sonra olacaqdır. Bir ay da gözləmiş, lakin kurs düzəlməmişdir. 2022-ci ilin noyabr ayında aldandığını başa düşüb Oruca zəng edərək ona verdiyi 5600 (beş min altı yüz) manat pulu ondan geri tələb etmişdir. Bundan sonra Oruc müxtəlif bəhanələrlə onun pulunu qaytarmaqdan yayınmışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirnin seçilməsi haqqında” 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 77-ci vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, o Zərərçəkmiş şəxs onu işə düzəltmək adı ilə aldığı 5600 manat pulun 4000 manatını müstəntiq Elnar İbrahimliyə vermişdir. Cinayət işinin 78-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, o Təqsirləndirilən şəxs ona vurduğu 5600 manat ziyandan 4000 manat pulu müstəntiq Elnar İbrahimlidən təhvil almışdır. Cinayət işinin 79-80-ci vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X1, Azərbaycan Respublikası CPM-nın 260-ci maddəsinin tələblərinə əsasən icraatında olan ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini hadisə yerində yoxlamış və Azərbaycan Respublikası CPM-nin 261-ci maddəsinə əsasən həmin protokolu tərtib etdmişdir. Protokoldan görünür: Hüquq və vəzifələri zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs izah olunduqdan sonra ona təklif olunmuşdur ki, əvvəllər ifadəsində dediklərini hadisə yerində göstərsin. Bundan sonra zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs göstərməsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev 6a ünvanında yerləşən parka getdik. Orada zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs bildirdi ki, Ədliyyə Nazirliyinə işə düzəlmək üçün Təqsirləndirilən şəxs hissə-hissə olmaqla müxtəlif ünvanlarda ümumilikdə 5600 manat pul vermişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev 6a ünvanında yerləşən parkın qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür və həmin ünvanda işə düzələcəyi üçün forma almaq məqsədilə 300 manat pulu Oruca vermişdir. Lakin buna baxmayaraq Oruc verdiyi vədə əməl etməmiş və qeyd olunan hadisə ilə bağlı olaraq Zərərçəkmiş şəxs ümumilikdə 5 600 manat maddi ziyan dəymişdir. Cinayət işinin 82-ci vərəqində olan “DVD diskində olan yazılara baxış keçirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X1, Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrini rəhbər tutub icraatında olan ********* cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs istintaq orqanına sübut növü kimi tədim etdiyi 01 (bir) ədəd DVD diskinə baxış keçirmişdir. Baxış zamanı həmin DVD diskində 42 (qırx iki) ədəd fayl olduğu müəyyən edildi: Həmin DVD diskində olan fayllara baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin may ayında mesajlar göndərməsi aşkar edildi. Qeyd olunan mesajların mətnindən “sürücülük vəsiqəsinin surətinin əks olunduğu, “Pravanda bal yoxdu?”, “Var”, “Nə qədər”, “Bu dəqiqə baxım”, “10 u keçmeyib?”, “12 baldı”, “7 ay silncey”, “Narahat olma sabah birigün”, “1000 manat birde senedleri vererik”, “Gelen hefte hekimlər ora 500 man”, “Şəxsiyyətin, pravanın, voenni biletin kserosurətini”, “Bal nece edecey qardaş”, “Onu deyeceyem keçerler day neyneyek”, “Yes Emil”, “Komissiyaya pul vermeli olacayıq”, “500 man”, “2 nefer olacaq”, “250/250”, “Mene onu dememişdiler”, “Yaxvvı qaqa”, “Sonradan bildim”, “500 man”, “Mene demişdiler 2500-3000 man olacaq”, “Men fikirleşdim ki 2500 olar”, “Ayın 30 u senin emrini verecekler”, “bu işi qurmuşuq 500 man göre problem yaşamayaq”, “Emin 300 man vereceyik, kadr reisi idare reisinin yanına gedende senin senedlerini aparıb verende bal söhbetini salmayacaq o da soruşsa deyecek ki balı yoxdur”, “sabah günortaya kimi 500 man kursun pulu verilmelidi 160 man rüsum ödenilməlidi rüsumun senedi sene veriləcək” və sair bu məzmunlu WhatsApp proqramı vasitəsi ilə yazışmaların olduğu müəyyən edilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan “Maddi sübut qismində tanıma haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 (bir) ədəd DVD diskin cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 85-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5600 manat maddi ziyan tam formada ödənilmişdir. Cinayət işinin 100-102-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir və o cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa, həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-272/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(004)-216/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 iyun 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü i tarixli, 1(004)-216/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsinin nəzərə alınması hökm edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-272/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-272/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-272/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-272/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar