Məhkəmə qərarları › İş №1(005)-522/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-522/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-522/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ali təhsilli, subay, Qazax şəhəri, Heydər Əliyev prospekti, ev 61A, mənzil 27 ünvanında yaşayan və qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 28 kalibrli, “İjK” modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsilməklə öz təyinatını itirmiş, yivsiz odlu silah hesab edilən 01 ədəd E-86855 nömrəli öv tüfənginin kəsiyini zavod üsulu ilə istehsal olunmuş 28x70 kalibrli, atəş üçün yararlı, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 03 ədəd ov patronları ilə birlikdə qanunsuz olaraq əldə edib idarə etdiyi, özünə məxsus «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlanc yerində saxlayaraq daşımaqla gəzdirmiş, Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 avqust 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:30-da ünvan 1 ünvanın qarşısında idarə etdiyi «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobili ilə birgə DİN-in ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra qeyd edilən idarənin inzibati binasının həyətində 03 avqust 2022-ci il tarixdə saat 16:49-dan etibarən Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə ona məxsus həmin «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən odlu silah hesab edilən həmin E-86855 nömrəli 01 ədəd ov tüfənginin kəsiyi qeyd edilən 03 ədəd ov patronları ilə birlikdə «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlanc yerindən Təqsirləndirilən şəxs təqdim etdiyi ağ sellofan torbanın içərisindəki 01 ədəd qara rəngli dəri qabda (çantada) aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulmazdan təxminən 4-5 gün əvvəl öz şəxsi işləri ilə əlaqədar idarə etdiyi «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmişdir. Tutulmazdan 1 gün əvvəl Bakı şəhərində Memar Əcəmi metrosunun yanında uşaq baxcasının həyətində uşaqların əlində lüləsi kəsilmiş tüfəngi görüb onda marag yaranmış və onu baxçanın həyətindən götürmüşdür. 01 ədəd təklüləli ov tüfənginin kəsiyini, yəni lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan həmin ov tüfəngini ona aid 03 ədəd patronları ilə birlikdə elə həmin tüfəngin öz dəri qabında idarə etdiyi «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə qoymuş, eləcə yük yerində qalmış və avtomobili sürüb getmişdir. 03 avqust 2022-ci il tarixdə saat 14:30-da özü ünvan 3 ünvanın qarşısında öz idarə etdiyi «Hyundai Elantra» markalı **- TT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında dayandığı zaman kənardan özünə tərəf mülki geyimli üç nəfər şəxs yaxınlaşaraq onu saxlamışdır. Həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirəndən sonra ona da təklif etmişlər ki, özünü təqdim etsin. Özü də anket məlumatlarını bildirəndən sonra həmin polis əməkdaşları ona demişlər ki, onun qanunsuz odlu silah və döyüş sursatı saxlaması və daşıması barədə özlərində əməliyyat məlumatı vardır, onunla bağlı əməliyyat axtarış tədbiri keçirilir. O da, səmimi etiraf edib bildirmişdir ki, üzərində yox, lakin yanında dayandığı özünə məxsus «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerində 03 ədəd patronları ilə birgə 01 ədəd «obrez», yəni tüfəng kəsiyi saxlamış, yəni odlu silah avtomobilindədir. Özü bu barədə etiraf edəndən sonra polis əməkdaşları onu özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib həmin avtomobillə birlikdə qeyd edilən idarəyə gətirmişlər, avtomobili həmin idarənin inzibati binasının həyətində saxlanılmış, özünü isə orada polis əməkdaşları şübhəli şəxs kimi tutmuşlar və ona hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edib təqdim etmişlər, heç bir etiraz etməmişdir. Həmin idarədə otaqların birində vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə öz üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı əvvəlcə ona təklif etmişdir ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə, odlu silah, döyüş sursatı varsa çıxarıb təqdim etsin. Həmin vaxt özünün üzərində qanunsuz heç bir əşya, predmet olmamış, bu barədə polis əməkdaşlarına da bildirmişdir. Şəxsi axtarış zamanı oun üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Polis əməkdaşı ondan idarə etdiyi avtomobilində və ya başqa yerlərdə odlu silah, döyüş sursatı, qanunsuz əşya və ya predmet saxlayıb-saxlamadığı barədə soruşduqda, özü bir daha səmimi şəkildə demişdir ki, özünə məxsus, hazırda idarənin inzibati binasının həyətinə gətirilib saxlanılmış «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerində 03 ədəd patronları ilə birgə 01 ədəd «obrez», yəni odlu silah tüfəng kəsiyi vardır, onu təqdim edə bilər. Daha sonra idarənin inzibati binasının həyətində saxlanılmış özünə məxsus «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə özünün və vəkilinin iştirakı ilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Özü özündə olan açarla «Hyundai Elantra» markalı **- TT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerini açmış və orada qara örtüyün altında gizlətdiyi, ağ sellofan torbadakı öz qara dəri qabının içində olan həmin 01 ədəd tüfəng kəsiyini və ona aid 03 ədəd patronları polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin dəri qabın içindəki tüfəng kəsiyini və patronları aşkar etmişlər, baxış keçirmişlər, sonra isə qabı ilə birlikdə sellofan torbaya qoyub qablaşdıraraq götürmüşlər. Təqsirləndirilən şəxs bildirdi ki, istintaq zamanı sorgu suala cavab olaraq ifadələrində göstərmişdir ki, özü həmin tüfəng kəsiyini və patronları təxminən 10 gün qabaq Qazax şəhərində H.Əliyev prospekti 61A ünvanın, yəni yaşadığı binanın yaxınlığındakı ağaclıq-kolluq ərazidən təsadüfən elə həmin dəri qabının içində tapıb götürmüş, onları heç kimdən almamış, heç kim ona verməmişdir. Sadəcə silaha marağı olduğu üçün götürüb saxlamaq qərarına gəlmiş və avtomobilinin arxa yük yerinə qoymuşdur. Həmin silahı və patronları saxlamaqda başqa heç bir kriminal marağı olmamışdır. Özünün istifadə etdiyi mobil nömrə ***-***-**-** mobil nömrəsidir, başqa mobil nömrəsi yoxdur. Həmin tüfəng kəsiyindən saxladığı müddətdə heç istifadə etməmiş, heç bir hadisə və ya cinayət törətməmiş, necə tapmışdısa elə də götürüb saxlamışdır. Qeyd edilən həmin silahı elə qundağı və lüləsi kəsilmiş vəziyyətdə öz qabının içində patronları ilə birgə tapmışdır, yəni qundağını və lüləsini özü kəsməmişdir, tüfəngi tapanda onun lüləsi və qundağı elə kəsilmiş vəziyyətdə olmuşdur. Lakin bildirir ki, tüfəngi o Bakı şəhərində Memar Əcəmi metrosunun yanında uşaq baxcasının həyətində uşaqların əlində görmüş, marag yaranmış və gedib baxçanın həyətindən götürmüşdür. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 avqust 2022-ci il tarixdə işlədiyi Baş İdarəyə Qazax şəhəri, Heydər Əliyev prospekti, ev 61A, mənzil 27 ünvanında yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz şəkildə odlu silah və döyüş sursatları əldə edib idarə etdiyi avtomobildə saxlaması, habelə üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 03 avqust 2022-ci il tarixdə saat 14:30-da xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar cavan oğlanı ünvan 1 ünvanın qarşısında idarə etdiyi «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edib dərhal saxlamışlar. Həmin oğlanı saxlayaraq xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim etmişlər, sorğu sual zamanı həmin şəxs də onların təklifinə əsasən öz anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Özləri Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış edərək izah etmişlər ki, onun qanunsuz odlu silah və döyüş sursatları əldə edib saxlaması, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı var, əgər üzərində və ya idarə etdiyi avtomobildə bu kimi qanunsuz əşya və predmetlər varsa məlumat versin. Həmin vaxt İqdal Hüseynov səmimi şəkildə bildirmişdir ki, üzərində yoxdur, lakin yanında dayandığı, özünə məxsus həmin «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerində 03 ədəd patronları ilə birgə 01 ədəd «obrez», yəni tüfəng kəsiyi saxlamaqdadır. Bundan sonra onun həm üzərində şəxsi axtarış aparılması, həm də avtomobilinə baxış keçirilməsi zərurəti yarandığı üçün Təqsirləndirilən şəxs özləri ilə həmin avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil Baş İdarənin inzibati binasının həyətində saxlanılmışdır. Xidməti otaqda özlərinin və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə, odlu silah, döyüş sursatı varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz heç bir əşya, predmet yoxdur, həmçinin təklifə əsasən öz üzərində olan əşyalarını, yəni əynindəki idman şalvarının sağ yan cibindən özünə məxsus 01 ədəd «İphone» markalı mobil telefonunu, şalvarının sol yan cibindən özünə məxsus həmin «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını və 19 manat şəxsi pulunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatı, qanunsuz əşya və ya predmet saxlayıb-saxlamadığı barədə soruşulduqda isə, Təqsirləndirilən şəxs bir daha səmimi şəkildə demişdir ki, hazırda özü ilə birgə Baş İdarənin inzibati binasının həyətinə gətirilib saxlanılmış, özünə məxsus idarə etdiyi həmin «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində 03 ədəd patronları ilə birgə 01 ədəd «obrez», yəni odlu silah tüfəng kəsiyi vardır, onu təqdim edə bilər. Şəxsi axtarış prosesi zamanı aşkar edilmiş 19 manat şəxsi pulu və qeyd edilən avtomobilin açarı Təqsirləndirilən şəxs özünə qaytarılmış, 01 ədəd «İphone» markalı mobil telefonu isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şəxsi axtarış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, daha sonra Baş İdarənin inzibati binasının həyətində saxlanılmış, ona məxsus «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs öz razılığı və vəkili ilə birgə iştirakları ilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs özündə olan açarla «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerini açmış və orada qara örtüyün altında gizlətdiyi, ağ sellofan torbadakı qara dəri qabının içində olan həmin 01 ədəd tüfəng kəsiyini və ona aid 03 ədəd patronları təqdim etmişdir. Həmin 03 ədəd patronlar elə dəri qabın üzərindəki patrondaş yerinə keçirilmiş vəziyyətdə olmuş, dəri qab açılaraq baxış keçirildikdə içindəki tüfəng kəsiyi də aşkar olunmuş, sonra isə patronlar və tüfəng kəsiyi qabı ilə birlikdə sellofan torbaya qoyulub qablaşdırılaraq götürülmüşdür. Patronları və tüfəng kəsiyini haradan əldə etdiyi barədə sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 10 gün qabaq yaşadığı Qazax şəhərində H.Əliyev prospekti 61A ünvanın yaxınlığından təsadüfən tapıb götürmüşdür, marağı olduğu üçün avtomobilinin arxa yük yerinə qoyub saxlamışdır. Sonda isə videoçəkiliş dayandırılmış, şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsi proseslərinə dair təhqiqatçı Mirata Seyidov tərəfindən protokollar yazılıb ucadan oxunmuş, özü və digər iştirakçılar protokolların doğruluğunu imzalarla təsdiq etmişlər. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq edilməmiş, belə hallar olmamışdır. Məhkəmə iclasında ifadə verən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 da verdikləri oxşar məzmunlu ifadələrində Şahid1 yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməkdə şübhəli bilinən xx.xx.1984-cü ildə ünvan 5 ünvanında yaşamış və qeydiyyatda olan, Təqsirləndirilən şəxs qanunsuz olaraq özündə saxladığı odlu silah və döyüş sursatının realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, odlu silah və döyüş sursatının vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib idarə etdiyi avtomobildə saxlaması, üzərində daşıyaraq gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə saat 14:30-da ünvan 1 ünvanın qarşısında idarə etdiyi «Hyundai Elantra» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobili ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 16:13-dən etibarən onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan hər hansı əşya və ya predmet aşkar edilməmiş, bundan sonra qeyd edilən idarənin inzibati binasının həyətində həmin gün saat 16:49-dan etibarən Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə ona məxsus həmin «Hyundai Elantra» markalı **- TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük saxlanc yerindən Təqsirləndirilən şəxs təqdim etdiyi ağ sellofan torbanın içərisindəki 01 ədəd qara rəngli dəri qabda (çantada) lüləsi və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan E-86855 nömrəli 01 ədəd ov tüfənginə oxşar predmet və 03 ədəd patronlar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/525R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş E-86855 nömrəli silah keçmiş SSRİ dövlətində 1962-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş, 28 kalibrli “İjK” modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulla kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 28 kalibrli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 28x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdırlar. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin “güllə-giliz” kartotekasında yalnız yivli odlu silahlardan atılmış güllə-gilizlərin qeydiyyatı aparıldığından qərarın 3cü sualına cavab verilmir. Həmin ekspert rəyinə əsasən təqdim edilmiş 03 ədəd 28 kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olunmuş, ekspertiza tədqiqatından sonra 01 ədəd 28 kalibrli E- 86855 nömrəli “İjK” modelli ov tüfənginin kəsiyi, 02 ədəd 28 kalibrli ov patronları ekspert rəyi və fotocədvəllə birlikdə təhqiqat orqanına geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-863/2022 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 5(005)-987/2022 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir; Şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və əşyaların götürülməsi proseslərinə dair yaddaşında videogörüntülər olan 01 ədəd DVD disk, ekspertiza tədqiqatından sonra qablaşdırılmış halda qara dəri qabı ilə birgə 01 ədəd 28 kalibrli E-86855 nömrəli “İjK” modelli yivsiz odlu silah hesab edilən öv tüfənginin kəsiyi və 02 ədəd 28 kalibrli ov patronları iş üzrə maddi sübutlar hesab edilmişdir. Maddi sübutlardan ekspertiza tədqiqatından sonra qablaşdırılmış halda qara dəri qabı ilə birgə 01 ədəd 28 kalibrli E-86855 nömrəli “İjK” modelli yivsiz odlu silah hesab edilən öv tüfənginin kəsiyi və 02 ədəd 28 kalibrli ov patronları saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və əşyaların götürülməsi proseslərinə dair yaddaşında videogörüntülər olan 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılır. İşdə olan Qazax MİS-nin verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan vəsiqələrə əsasən Təqsirləndirilən şəxs qardaşı X1 “qüsursuz xidmətə görə”1-ci dərəcəli medalla, Azərbaycan ordusunun 100 illiyi yubuieyi ilə bağlı medalla, Azərbaycan Silahlı qüvvələrinin 95 illiyi yubileyi medalı ilə, Azərbaycan Silahlı qüvvələrinin 90 illiyi yubileyi medalı ilə, qüsursuz xidmətə görə”3-cü dərəcəli medalla, qüsursuz xidmətə görə”2-ci dərəcəli medalla, Kəlbəcərin azad olunması ilə bağlı medalla ləltif olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş qara dəri qabı ilə birgə 01 ədəd 28 kalibrli E-86855 nömrəli “İjK” modelli yivsiz odlu silah hesab edilən öv tüfənginin kəsiyi və 02 ədəd 28 kalibrli ov patronları hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş qara dəri qabı ilə birgə 01 ədəd 28 kalibrli E-86855 nömrəli “İjK” modelli yivsiz odlu silah hesab edilən öv tüfənginin kəsiyi və 02 ədəd 28 kalibrli ov patronları hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD diski cinayət işinin materiallarında saxılanılsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar