Məhkəmə qərarları › İş №1(005)-526/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-526/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-526/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Müdafiəçi – Bakı şəhəri Arbitrium Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumlugu olmayan, işləməyən, ünvan 6-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Sumqayıt-Abşeron regional tikinti müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləyərkən öz quluq mövqeyindən istifadə etməklə Şahid etibarından sui-istifadə edib sonuncunun təsisçi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə inşa edilmiş 3 ədəd 1 bloklu çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı mərtəbəliliyin sayı ilə əlaqədar yaranmış problemi həll etmək məqsədilə həmin binaların sonuncu mərtəbələrinin eskiz, memarlıq, konstruksiya və kommunikasiya layihələrini yenidən hazırlayıb Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən həmin yaşayış binalarının ikisində 14 və birində isə 15 mərtəbənin tikintisinə müsbət ekspertiza rəyi alacağına dair yalan vəd verməklə aldadaraq, Şahid 31 oktyabr 2018-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən adsız fəaliyyət göstərən restoranda 4000 manat pulu, 08 noyabr 2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 40D ünvanında yerləşən “Park Fore” adı ilə fəaliyyət göstərən restoranda 3000 manat pulu, 05 dekabr 2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanının qarşısında 5000 manat pulu, 11 yanvar 2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin inzibati binasının arxasında 2500 manat pulu və 21 yanvar 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 40D ünvanında yerləşən “Park Fore” adı ilə fəaliyyət göstərən restoranda 13500 manat pulu vahid niyyətlə ələ keçirib verdiyi vədə əməl etməyərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 28000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ilin aprel ayından 2019-cu ilin iyun ayına kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Sumqayıt-Abşeron regional tikinti müfəttişliyinin baş məsləhətçi vəzifəsində işləmişdir. Şahid tanışı Arif adlı şəxs vasitəsilə tanımışdır. Belə ki, 2018-ci ilin oktyabr ayında Ariflə görüş zamanı Arif ona bir nəfər tanışının Bakı şəhəri, Nizami rayonu ərazisində “Pilot” layihə çərçivəsində yeni hündürmərtəbəli bina tikdirdiyini, lakin həmin binanın sonuncu mərtəbələrinin inşası ilə əlaqədar sənədləşmə işlərində problemin olduğunu və həmin problemi həll etmək lazım olduğunu bildirmişdir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyində işlədiyindən tikinti sahəsini yaxşı bildiyi üçün Arifə bildirmişdir ki, Fuadla görüşək, bəlkə köməklik edə bilər. 2018-ci ilin oktyabr ayının ortalarında o, Arifin vasitəsilə Fuadla tanış olmuşdur. Belə ki, onlar birlikdə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində görüşmüşdürlər. Görüş zamanı o, Fuada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyində işlədiyini və tikinti sahəsində istənilən problemi həll edə biləcəyini bildirmişdir. Fuad ona Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa ediləcək binanın problemi barədə məlumat vermiş, həmçinin həmin binaları ona göstərmişdir. Belə ki, Fuad ona şirkət tərəfindən tikilmiş binanın Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Ekspertiza İdarəsi tərəfindən verilmiş rəy arasında ziddiyət olduğunu bildirmişdir. O, Fuada bu problemi həll edə biləcəyini, lakin bu işin həll olunması üçün pul lazım olduğunu bildirmişdir. Belə ki, həmin vaxtı onun pula ehtiyacı olduğundan fikirləşmişdir ki, Fuaddan pul alar və özü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyində işlədiyi üçün həmin Dövlət Agentliyində, digər dövlət qurumlarında işləyən tanışları vasitəsilə bu işi asanlıqla həll edər və həmin pul ona qalar. Fuad ondan nə qədər pul lazım olduğunu soruşmuşdur. O, guya hesablama aparmış və Fuada bu işin həll olunması üçün dövlət rüsumları, mərtəbələrin eskiz, memarlıq, konstruksiya və kommunikasiya layihələrini çəkilməsi üçün xərc və digər xərclərlə birlikdə ümumilikdə 28000 manat pul lazım olduğunu bildirmişdir. Fuad onun dediyi məbləğlə razılaşmışdır. Belə ki, o, qeyd olunan məbləğ müqabilində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Ekspertiza İdarəsi tərəfindən verilmiş rəy arasında olan ziddiyəti aradan qaldıraraq binaların sonuncu mərtəbələrinin eskiz, memarlıq, konstruksiya və kommunikasiya layihələrini yenidən hazırlayıb Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən həmin yaşayış binalarının ikisində 14 və birində isə 15 mərtəbənin tikintisinə müsbət ekspertiza rəyi alacağına söz vermişdir. Bundan sonra Fuad qeyd olunan məbləği hissə-hissə ona verməyə başlamışdır. Belə ki, Fuad ona ilk dəfə 31 oktyabr 2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nevrocərrahiyyə” xəstəxanasının yaxınlığında yerləşən çayxanada tanışı Arifin yanında 4000 manat pulu vermişdir. Bundan sonra Fuad ona 08 noyabr 2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektinə yerləşən “Park Fore” adı ilə fəaliyyət göstərən restoranda 3000 manat pul, 05 dekabr 2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “X11”nın yaxınlığında 5000 manat pul, 11 yanvar 2019-cu il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin inzibati binasının arxasında 2500 manat pul və sonuncu dəfə isə 21 yanvar 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektinə yerləşən “Park Fore” adı ilə fəaliyyət göstərən restoranda 13500 manat pul vermişdir. Qeyd olunan pulları o, Fuaddan təklikdə almışdır. O, Fuada işləri tezliklə görəcəyinə dair söz vermişdir. Lakin sonradan işində problemlər yaranmış və xidmətdən xaric olunmuşdur. Həmçinin Fuaddan aldığı pulları şəxsi məsrəflərinə xərcləmiş, yəni heç bir dövlət rüsumu və ödənişlər etməmişdir. Buna görə də o, Fuaddan aldığı pulları geri qaytara bilməmişdir. Fuad və onun işçisi Anar tez-tez onunla əlaqə saxlayır və ondan pullarını geri tələb edirmişlər. Onlara pulları tezlikdə qaytaracağını bildirirmiş. Lakin o, pulları qaytara bilmədiyi üçün artıq telefon nömrələrini dəyişmişdir ki, Fuad onunla əlaqə saxlaya bilməsin. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində daxili nəzarət əməliyyatının aparılması üzrə iş icraçısı vəzifəsində işləyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-ci ildə təsis edilmiş və həmin ilin iyul ayının 19-da rəsmi qaydada dövlət qeydiyyatına alınmışdır. Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri Şahid, X6 və X5 olmuşdurlar. 2019-cu ildə digər təsisçilər tərəfindən payları Şahid satılmışdır. Şahid hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı üzrə tam payçısıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 5i ilin fevral ayının 22-dən başlayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarı əsasında Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə 3 ədəd 1 bloklu çoxmərtəbəli yaşayış binasının tikintisinə başlamışdır. Belə ki, ilk öncə yaşayış binasının tikintisinin başlanılması üçün Nizami rayon İcra Hakimiyyətindən obyektin tikintisinə icazə sərəncamı və tikintiyə icazə barədə xüsusi nişan alınmışdır. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə inşa ediləcək bina ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış eskiz layihədə binanın mərtəbləliliyi 2 ədəd binada 14 və 1 ədəd binada isə 15 mərtəbə göstərilmişdir. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən isə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə inşa ediləcək yaşayış binalarında mərtəbləliliyi 2 ədəd binada 13 və 1 ədəd binada isə 14 mərtəbə inşa edilməsinə icazə rəyi verilmişdir. Bununla da iki dövlət qurumun verdiyi layihələrdə uyğunsuzluq yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan Şahid bu işin həll olunması üçün Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ayrı-ayrı ərazilərdə olmaqla cəmiyyətə məxsus ümumilikdə 28000 manat pulu vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş cəmiyyətinin pulunu ələ keçirmişdir. Hətta o, özüdə dəfələrlə Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlayıb cəmiyyətin pulunu Kamildən tələb etmişdir. Hazırda zərərdən ödəniş olunmayıb, şikayətçidir. İbtidai istintaq zamanı şahid qismində qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-ci ildə təsis edilmiş və həmin ilin iyul ayının 19-da rəsmi qaydada dövlət qeydiyyatına alınmışdır. Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri o, X6 və X5 olmuşdur. 2019-cu ildə digər təsisçilər tərəfindən payları mənə satılmışdır. O, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı üzrə tam payçısıdır. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, 2018-ci ilin fevral ayının 22-dən başlayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarı əsasında Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə 3 ədəd 1 bloklu çoxmərtəbəli yaşayış binasının tikintisinə başlamışdır. Belə ki, ilk öncə yaşayış binasının tikintisinin başlanılması üçün Nizami rayon İcra Hakimiyyətindən obyektin tikintisinə icazə sərəncamı və tikintiyə icazə barədə xüsusi nişan alınmışdır. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə inşa ediləcək bina ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış eskiz layihədə binanın mərtəbləliliyi 2 ədəd binada 14 və 1 ədəd binada isə 15 mərtəbə göstərilmişdir. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Ekspertiza İdarəsi tərəfindən isə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə inşa ediləcək yaşayış binalarında mərtəbləliliyi 2 ədəd binada 13 və 1 ədəd binada isə 14 mərtəbə inşa edilməsinə icazə rəyi verilmişdir. Bununla da iki dövlət qurumun verdiyi layihələrdə uyğunsuzluq yaranmışdır. Tikinti işləri başladıqdan sonra o, bu uyğunsuzluğu aradan qaldırmaq üçün qanuni əsaslarla yollar axtarırmış. Həmin ərəfədə dostu Ariflə bu barədə söhbət etmişdir. Arif ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyində işləyən Kamil adlı tanışının tanışının olduğunu və onun bu işi bacara biləcəyini demişdir. O, Arifə onu Kamillə tanış etməsini xahiş etmişdir. 2018-ci ilin oktyabr ayının ortalarında o, Arifin vasitəsilə Kamillə tanış olmuşdur. Belə ki, onlar birlikdə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində görüşmüşdürlər. Görüş zamanı Kamil ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyində işlədiyini və tikinti sahəsində istənilən problemi həll edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs öz danışığı, tikinti sahəsində dedikləri və izahı onda Kamilə qarşı çox inam yaratmışdır. O, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa ediləcək binanın problemi barədə Kamilə məlumat vermişdir. Belə ki, o, Kamilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Ekspertiza İdarəsi tərəfindən verilmiş rəy arasında ziddiyət olduğunu bildirmişdir. Kamil Arifin yanında ona bildirmişdir ki, o, bu problemi həll edə bilər, lakin bu işin həll olunması üçün pul lazımdır. O, Kamildən nə qədər pul lazım olduğunu soruşmuşdur. Kamil hesablayaraq ona bu işin həll olunması üçün dövlət rüsumları, mərtəbələrin eskiz-layihənin çəkilməsi üçün xərc və digər xərlərlə birlikdə ümumilikdə 28000 manat pul lazım olduğunu bildirmişdir. O, Kamilin dediyi məbləğ ilə razılaşmışdır. Belə ki, Kamil qeyd olunan məbləğ müqabilində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Ekspertiza İdarəsi tərəfindən verilmiş rəy arasında olan ziddiyəti aradan qaldıraraq binaların sonuncu mərtəbələrinin eskiz, memarlıq, konstruksiya və kommunikasiya layihələrini yenidən hazırlayıb Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən həmin yaşayış binalarının ikisində 14 və birində isə 15 mərtəbənin tikintisinə müsbət ekspertiza rəyi alacağına söz vermişdir. Bundan sonra o, qeyd olunan məbləği hissə-hissə Kamilə verməyə başlamışdır. Belə ki, o, ilk dəfə 31 oktyabr 2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nevrocərrahiyyə” xəstəxanasının yaxınlığında yerləşən çayxanada tanışı Arifin yanında 4000 manat pulu Kamilə vermişdir. Bundan sonra 08 noyabr 2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Park Fore” adı ilə fəaliyyət göstərən restoranda 3000 manat pulu, 05 dekabr 2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “X11”nın yaxınlığında 5000 manat pulu, 11 yanvar 2019-cu il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin inzibati binasının arxasında 2500 manat pulu və sonuncu dəfə isə 21 yanvar 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektinə yerləşən “Park Fore” adı ilə fəaliyyət göstərən restoranda 13500 manat pulu Kamilə vermişdir. Qeyd olunan pulları o, Kamilə təklikdə vermişdir. Həmçinin o, hissə-hissə həmin pulu Kamilə ona görə verirmiş ki, Kamil hər dəfə işlərin qaydasında olduğunu, eskiz layihəni çəkdirdiyini və lazımı dövlət rüsumlarını ödədiyini bildirirmiş. X10 Nazirliyinin Tikintidə X3 Agentliyində işlədiyi üçün o, Kamilin sözlərinə inanırmış. Lakin işin görülməsi uzanırmış. Lakin sonradan artıq Kamil telefonlara cavab verməməyə başlamışdır. Daha sonra Kamil ona verdiyi sözü yerinə yetirə bilməcəyini demiş və pulları şəxsi məsrəflərinə xərclədiyini bildirmişdir. O, artıq Kamildən pulları geri tələb etmişdir. Kamil hər dəfə ondan vaxt istəyərək pulları qaytaraçağını bildirmişdir. Hətta Kamil Sumqayıt şəhərində yeni inşa edilmiş binada mənzilinin olduğunu və həmin mənzili satıb şirkətin pulunu qaytaraçağını bildirmişdir. Lakin daha sonra artıq Kamilin mobil nömrələrinə zəng çatmamış və onların əlaqələri kəsilmişdir. O, artıq Kamilin onları aldatdığını başa düşmüşdür. O, Kamili tanışı Arif vasitəsilə tanıdığından və Arif ilə aralarında xətir-hörmət olduğundan Kamil barəsində şikayət etmək istəmirmiş. Hətta Arif hər şeyin səbəbkarının özü olduğunu bildirir və mənəvi əziyyət çəkdiyini deyirmiş. Səhv etmirsə keçən il Arif səhətində olan problemlər ilə əlaqədar ölmüşdür. Onunla Kamil ilə bütün əlaqələrim kəsildiyi üçün onunla əlaqə saxlaya bilmədiyindən artıq Kamil barəsində şikayət etmək qərarına gəlmiş və 08 aprel 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili əməliyyatın aparılması iş icraçısı Nümayəndə Kamilin dələduzluq əməli barəsində Nərimanov rayon prokurorluğuna şikayət ərizəsi yazmışdır. (iş vərəq 9-12) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi üzrə Şahid ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərək protokol tərtib edilmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Şahid Təqsirləndirilən şəxs 4000 manat pulu 31 oktyabr 2018-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən adsız fəaliyyət göstərən restoranda, 3000 manat pulu 08 noyabr 2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 40D ünvanında yerləşən “Park Fore” adı ilə fəaliyyət göstərən restoranda, 5000 manat pulu 05 dekabr 2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında qarşısında, 2500 manat pulu 11 yanvar 2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi”nin inzibati binasının arxa hissəsində və 13500 manat pulu isə 21 yanvar 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 40D ünvanında yerləşən “Park Fore” adı ilə fəaliyyət göstərən restoranda vermişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə yerləşən 3 ədəd 1 bloklu çoxmərtəbəli yaşayış binasına baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin yaşayış binaları tam şəkildə inşa edilmişdir. Həmin binalardan ikisi 15+1, biri isə 16+1 mərtəbədə inşa edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyindən daxil olmuş 10 avqust 2022-ci il tarixli xx/xx-05522 nömrəli məktubdan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 28 aprel 2008-ci il tarixdən 20 iyun 219-cu il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Sumqayıt-Abşeron regional tikinti müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləmiş, 20 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin 1451/ş nömrəli əmri ilə öz xahişi ilə dövlət qulluğuna xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 may 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumlugu olmayan şəxsdir. Axtarışda olan şəxsin tutulması barədə 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 18:30-da tutulmuş və Nərimanov RPİ-nin 16 PB-nə gətirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 4(008)-807/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 01 ay 13 gün müddətində müəyyən edilmiş və həbsetmənin əvvəlinin 13 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-910/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri xx.xx.2022ci il tarixə kimi uzadılmışdır. İşdə olan 5 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin verdiyi ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun əməlini etiraf edib peşmançılıq çəkməsini cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən-törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Arbitirum Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Arbitirum Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Arbitirum Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Arbitirum Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar