Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-527/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 cinayət məsuliyyətinə cəlb edilərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraatın başlanmasını xahiş etmişdir. X3 şikayət ərizəsinə dəqiqləşdirmə təqdim edərək X2 cinayət məsuliyyətinə cəlb edilərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraatın başlanmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, X4 ilə rəsmi nikahda olmuşlar. Nikahları İsmayıllı rayon Məhəkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur. 2007-ci ildə bir müddət münasibətləri pisləşmiş və o, atası evinə getmişdir. Həmin vaxt X4 birgə nikahdan olan 30 noyabr 2006-cı il təvəllüdlü Şahnazı ona vermirmiş. Onun şikayətindən sonra X4 10 qaşlı qızıl üzüyün müqabilində uşağı ona qaytarmışdır. Nikahları pozulduqdan sonra Daşdiyev Əlinin və onun qardaşlarının əmlak mübahisəsi barədə ona qarşı etdikləri həddindən artıq qanunsuzluqla əlaqədar o, “S-KANAL” İnternet televiziyasında yayımlanan “Çıxış yolu” verilişində çıxış etmişdir. Həmin vaxt X4 canlı efirə bağlanaraq, onun haqqında qətiyyən həqiqətə uyğun olmayan məlumatlar səsləndirmişdir. Guya o, həmin şəxsdən qızıl alıb uşağını ona vermişdir. Bir ana üçün bundan artıq təhqir ola bilməz. Halbuki, Əlinin və onun ailə üzvlərinin iştirakı ilə tərtib olunan və imzalanan 26 yanvar 2007-ci il tarixli aktda hər şeyin əksinə olduğu aydın görünür. Daşdiyev Əlinin bu yalanları onu uşaqlarının və həmin verilişdə iştirak edənlərin və həmin verlişə baxanların yanında nüfuzdan salır. Bununla da X4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan əməl törədilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxs X3 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinin tələbləri pozulmaqla şikayətin verildiyi tarix (il, ay və gün) və tərtib edildiyi yer qeyd edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 xüsusi ittiham qaydasında şikayət ərizəsində X2 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin məhz hansı bəndi ilə, yəni 147.1 və 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qəti mövqe bildirməmiş, ümumi formanda X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraatın başlanmasını xahiş etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-527/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-527/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver