Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-53/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində tanışı Şahid1 ilə bir qrup halında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 42 saylı binanın həyətində tanışı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etdikdən sonra Təqsirləndirilən şəxs üzərində olan silah qismində istifadə olunan bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının arxa səthinə zərbə vuraraq daxilə nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, bundan sonra Şahid1 üzərində olan silah qismində istifadə olunan bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısına vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının pnevmohemotoraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthindən daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 5-10 dəqiqə ərzində davam etdirərək ətrafda olan kənar şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “İdeal” parfumeriyanın arxasındakı binada kirayə qaldığı mənzildə olarkən səs-küy eşitmişdir. Bundan sonra o, bunun nə olmasını öyrənmək üçün həyətə düşmüşdür. Orada Şahid1 və Zərərçəkmiş şəxs olmuşdur. Digər təxminən 20 nəfər şəxsi isə tanımamışdır. O, onlara yaxınlaşan zaman təxminən 5-10 metr aralıda Razi və Məhəmməd söhbət edirmiş. Bundan bir neçə dəqiqə sonra isə Razi yumruqla qəflətən Məhəmmədin üz nahiyyəsindən vurmuş və onlar dalaşmağa başlamışlar. Həmin əsnada Məhəmməd fənd işlədərək Razini yerə yıxmışdır. Bu zaman onlar arasında məsafə yaranmış və Razi ayağa qalxaraq üzərində olan bıçaqla Məhəmmədə 2 dəfə zərbə endirmişdir. Daha sonra digər uşaqlar oradan uzaqlaşmışlar, o isə yaşadığı mənzilə qalxmışdır. Baş vermiş hadisədən bir neçə gün sonra Razi “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ona yazmışdır ki, Məhəmməd onu vurmağını bildirmişdir. Lakin, o, Məhəmmədi vurmamışdır. Zərərçəkmiş şəxs bıçaqla hər iki zərbəni Razi vurmuşdur. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində dostu Şəbinə ilə “Nərimanov adına istirahət parkı”nda görüşmüşdür. Birlikdə “Vikinq” deyilən yelləncəyə minib vaxt keçirmişlər. Həmin vaxt Razi və Elton Səbinə ilə olduğu yerə gəlmişlər. Razi ona yaxınlaşıb demişdir ki, onu da, yelləncəyə mindirsin. O da Raziyə demişdir ki, pulu olsa mindirər. Lakin, sonra Razini yelləncəyə mindirməmişdir. Bu səbəbdən, Razi ona nalayiq ifadə işlətmişdir. Həmin vaxt Səbinə ondan xahiş etmişdir ki, Razi və Eltonla mübahisə etməsin. O da Səbinəyə yelləncəyin yanında gözləməyini bildirmişdir. Sonra Razi və Eltonla birlikdə A.Neymətulla küçəsindəki əsas yolu keçib “İrşad Elektroniks”in yerləşdiyi bina ilə digər bina arasında olan boşluğa keçmişlər. Orada Razi ona 3 yumruq, Elton isə 1 təpik vurmuşdur. O, onların hərəkətlərinə cavab vermək istədikdə Razi belindən bıçaq çıxardıb “yaxın gəlsən səni deşik deşik edəcəm” demişdir. Bu səbəbdən o, geri çəkilərək onlardan ayrılıb parka qayıtmışdır. Daha sonra Əli adlı dostuna zəng edib baş vermiş hadisəni deyib “Nərimanov adına istirahət park”na gəlməsini bildirmişdir. Bundan sonra parka qayıtmışdır. Orada “Vikinq” yelləncəyinin yanında Razi, Elton və daha iki nəfər tanımadığı oğlanla rastlaşmışdır. Razi bildirmişdir ki, parkda yerləşən “Best” kafesinin qarşısına keçsinlər. O razılaşıb onlarla birlikdə “Best” kafesinin qarşısına keçmişlər. Orada Razi onu nalayiq ifadələrlə təhqir edib əlini belinə atmışdır. O, fikirləşmişdir ki, Razi onu bıçaqla vuracaq, ona görə Raziyə yaxınlaşıb, sifət nahiyəsindən, həmçinin qol nahiyəsindən ardıcıl bir neçə yumruq zərbəsi endirmişdir. Bundan sonra Elton, Razi və yanındakı uşaqlar qolundan tutub yolu keçirdib “World Telecom”un yanından həyətə keçmişlər. Orada təxminən 30 nəfərə yaxın adamı görmüşdür. Onlar oradan irəliləyib “Metro Park”ın avtodayanacağının yanındakı iki binanın arasındakı yolda dayanıb söhbət etmişlər. Onunla əsasən Əli adlı tanıdığı şəxs söhbət etmişdir. Təxminən 3-5 dəqiqə söhbət etdikdən sonra iki binanın arasından keçib geniş yerə çıxmışlar. Orada Əli bildirmişdir ki, söhbət bağlansın. Əlinin bu sözündən sonra Razi qoltuğunun altında tutduğu bıçağın arxası ilə sifətinə zərbə endirmişdir. Razi ilə üzbəüz olarkən kürəyinin sağ tərəfində ağrı hiss etmişdir. Buna görə də, arxasını Raziyə çevirib arxadan onu kimin vurduğunu görmək istəyərkən Razi kürəyinin sol tərəfinə zərbə endirmişdir. İkinci zərbə birincidən ağır olduğuna görə o, qışqıraraq “bıçaq girdi” demişdir. Bundan sonra bərk səsküy düşmüşdür. Eşitmişdir ki, polis çağırırlar. Həmin zaman ətrafdakılar qaçmış, o da hadisə yerindən çıxıb, parka tərəf getmişdir. “Vergilər departamentinin” qarşısında yıxılmışdır. Orada tanımadığı şəxs ona yaxınlaşaraq köməklik göstərib xəstəxanaya aparmışlar. Əlavə olaraq bildirmişdir ki, onu arxadan bıçaqla vuran şəxsin İlham olduğunu görməmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində tanışları Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə “Nərimanov adına istirahət parkı”nda gəzərkən ora Məhəmmədin tanışı əvvəldən tanımadığı Səbinə adlı qız gəlmişdir. Bundan sonra Məhəmməd onlardan ayrılaraq həmin qızla parkda müxtəlif oyunlar oynamağa başlamışlar. Bir neçə dəqiqə sonra o, Məhəmməddən onu da, yelləncəyə mindirməsini xahiş etmişdir. Məhəmməd onun da, yelləncəyə minmək pulunu verəcəyini deyərək bir az gözləməyini bildirmişdir. Bir müddət sonra o, Məhəmmədə vermiş olduğu sözünü xatırlatmışdır. Məhəmməd ona pulu olmadığını demişdir. O isə Məhəmməddən nə üçün onu yalandan uzun müddət orada gözlətməsinin səbəbini soruşmuşdur. Bu zaman onların arasında narazlıq yaranmışdır. Bundan sonra o və Məhəmməd, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “İdeal” parfumeriyanın arxasında keçmişlər. Həmin vaxt onların yanında Şahid2 başqa heç kim olmamışdır. Orada onların sözləri düz gəlmədiyi üçün dalaşmaq istəmişlər. Elton buna icazə verməmiş və Məhəmməd onun üzərinə gəldiyindən yaxasından yapışaraq itələmişdir. Həmin vaxt o, Məhəmmədin sol çiyin nahiyəsindən yumruqla zərbə endirmişdir. Daha sonra Məhəmməd oradan uzaqlaşmışdır. Uzaqlaşarkən ona bildirmişdir ki, “gözlə gəlirəm”. Məhəmməd oradan getdikdən sonra o, Elton ilə birlikdə “Nərimanov adına istirahət parkı”na qayıtmışdır. Saat 19 radələrində Məhəmməd tanımadığı 3 nəfər şəxslə “Nərimanov adına istirahət parkı”na gəlmişdir. Onlar parkın içərisində yerləşən “Best” kafesinin qarşısına çəkilmişlər. Orada Məhəmməd fənd işlədərək onu yerə yıxmışdır. Bu zaman Elton və Məhəmmədin tanışları onlara dalaşmağa icazə verməmişlər. Bundan sonra o, tanışı Əli adlı şəxsə zəng edərək mübahisəsi baş verməsini deyib “Nərimanov adına istirahət park”na gəlməsini xahiş etmişdir. Əli adlı şəxsi gözləyən zaman parkda təsadüfən tanışları İmran və Orxan adlı şəxslərlə, həmçinin tanımadığı Orxanın 3 nəfər tanışı ilə qarşılaşmışdır. Onlara da, bu barədə bildirmişdir. Saat 21 radələrində “Nərimanov adma istirahət parkı”na Əli ilə birlikdə içərilərində tanımadığı şəxslər də, olmaqla bir neçə nəfər gəlmişdir. O, Əliyə Məhəmmədin onu döyməsini bildirmişdir. Əli də, Məhəmmədin tanışları ilə əlaqə saxlayıb, onlarla görüşəcəkləri ilə bağlı razılaşmışlar. Bundan sonra, onlar Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “İdeal” parfumeriyanın arxasına keçmişlər. Orada Məhəmmədin təxminən 10 nəfərədək tanışı olmuşdur. Bu zaman onlarla birlikdə olan Orxanın tanışı arıq bədən quruluşlu, sarı rəngli jaket və qara rəngli şalvar geyinmiş əvvəldən tanımadığı bir oğlan qara rəngli dəstəyi olan düymə ilə açılan bıçağı ona verib saxlamağını bildirmişdir. O, bıçağı alıb əynində olan idman gödəçəkəsinin ön sol cibinə qoymuşdur. Onların söhbəti yenə davam etmişdir. Onlar söhbət edərkən Məhəmməd ilə onun arasında mübahisə baş vermişdir. Bu zaman Təqsirləndirilən şəxs bıçaqla Məhəmmədə bir dəfə zərbə endirmişdir. Daha sonra o, üzərində olan bıçaqla Məhəmmədi vurmuşdur. Daha sonra onlar oradan uzaqlaşmışlar. Əlavə olaraq qeyd etmişdir ki, aralarında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə müddətində davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində tanışları Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə “Nərimanov adına istirahət parkı”nda gəzərkən Məhəmmədin tanışı Səbinə adlı qız gəlmişdir. Bundan sonra Məhəmməd onlardan ayrılaraq həmin qızla parkda müxtəlif oyunlar oynamağa başlamışlar. Bu zaman Razi ona bildirmişdir ki, Məhəmmədin ona borcu olmağına baxmayaraq gedib qızla əylənir. Lakin, borcunu qaytarmır. Bundan sonra, Razi Məhəmmədə yaxınlaşaraq bu barədə bildirmiş və onlar arasında narazılıq yaranmışdır. Bundan sonra Razi və Məhəmməd Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “İdeal” parfümeriyanın arxasında keçmişlər. Həmin vaxt onların yanında ondan başqa heç kim olmamışdır. Orada onların sözləri düz gəlmədiyi üçün dalaşmaq istəmişlər. Lakin, o, buna icazə verməmişdir və Məhəmməd Razinin üzərinə gəldiyindən yaxasından yapışmışdır. Daha sonra Məhəmməd oradan uzaqlaşmışdır. Uzaqlaşarkən Raziyə bildirmişdir ki, “gözlə gəlirəm”. Məhəmməd oradan getdikdən sonra o, Razi ilə birlikdə “Nərimanov adına istirahət parkı”na qayıtmışdır. Saat 19 radələrində Məhəmməd tanımadığı 2 nəfər şəxslə “Nərimanov adına istirahət parkı”na gəlmişdir. Onlar parkın içərisində yerləşən “Best” kafesinin qarşısına çəkilmişlər. Orada Məhəmməd fənd işlədərək Razini yerə yıxmışdır. Bu zaman o və Məhəmmədin həmin 2 nəfər tanışı ilə birlikdə onlara dalaşmağa icazə verməmişlər. Bundan sonra Razi öz tanışlarına zəng edərək mübahisəsinin baş verməsini bildirmişdir. Saat 21 radələrində “Nərimanov adına istirahət parkı”na Razinin təxminən 20 nəfər tanışı gəlmişdir. Bundan sonra onlar Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “İdeal” parfümeriyanın arxasına keçmişlər. Bundan 5 dəqiqə sonra Məhəmməd təxminən 10 nəfər tanışı ilə birlikdə ora gəlmişlər. Sonra Razi və Məhəmməd təxminən 10 metr kənara çəkilmişlər. Onların ardıyca Təqsirləndirilən şəxs və Məhəmmədin 2 nəfər tanışı getmişdir. Razi və Məhəmməd aralarında olan danışıq zamanı bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər və Məhəmməd Razini geri itələmişdir. Daha sonra Razi Məhəmmədi yerə yıxmaq məqsədi ilə ayağına girmişdir. Bu zaman onların ətraflarına tanımadığı digər şəxslər toplaşmışdır. Məmmədov X4 arxasında olarkən bıçaqla Məhəmmədi vurmuş və ardıyca isə Razi bıçaqla ikinci dəfə Məhəmmədi vurmuşdur. Həmin vaxt Məhəmmədi “kürəyim açıldı” ifadəsini işlətmiş və o, qorxusundan qaçaraq oradan uzaqlaşmışdır. Cinayət işinin İ cildinin 83-cü vərəqində olan “Geyim əşyalarının götürülməsi və baxış keçirilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİnin İstintaq Şöbəsinin müstəntiqi X1 Tibb Mərkəzinin həkimi M.Həsənovanın iştirakı ilə Azərbaycan Respublikası CPM-in 51 və 85-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin istintaq zərurəti ilə əlaqədar həkim məlum hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd tünd boz rəngli uzunqol kişi köynəyini və 1 ədəd bozumtul rəngli maykanı təqdim etmişdir. Həmin paltarlar iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Paltarlara baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd tünd boz rəngli uzunqol kişi köynəyi və 1 ədəd bozumtul rəngli maykası üzərində qan ləkələri mövcuddur. Cinayət işinin İ cildinin 151-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X6” X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 872 nömrəli rəydən görünür ki, - Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sol yarısının bayır səthinin və döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş kəsilmiş yaraları deşici - kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurma dərəcəsi şəxsin adına tərtib edilmiş stasionar xəstənin tibbi kartası ekspertizaya təqdim edildikdən sonra təyin ediləcəkdir. Cinayət işinin İ cildinin 180-182-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X6” X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 872 nömrəli rəyinə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər pnevmohemotoraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthindən daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, döş qəfəsinin sağ yarısının arxa səthindən daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası cəmi 2 ədəd. Qeyd olunan deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə pnevmohemotoraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthindən daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya, döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin İ cildinin 242-243-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X6” X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 62/2022-MTBŞ saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /İ/-dir. /Şəxsiyyəti təsdiq edən portal axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka və jaket üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin İ cildinin 246-248-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X6” X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 48-MTKŞ/2022 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyin arxa səthində bir qədər solda bir ədəd, arxa səthində sağda bir ədəd və qolsuz maykanın arxa səthində bir qədər solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Cinayət işinin İİ cildinin 1-2-ci vərəqələrində olan “Maddi sübut kimi tanımaq haqqında” 20 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən, Zərərçəkmiş şəxs məxsus və məlum hadisəsi zamanı onun əynində olan geyim əşyalarının maddi sübut kimi tanınması və saxlanılması üçün Nərimanov RPİ-nin Növbətçi Hissəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 16-cı vərəqində olan “Disklərə baxış keçirilməsi haqqında” 21 may 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 29 noyabr 2021-ci il tarixli, 01/04-450 saylı məktubla “X2 Mərkəzi” MMC-dən ünvan 2 ünvanında quraşdırılmış xx.xx.2021-ci il tarixdə, saat 17:00-dan 22:00-dək olan müddət ərzində qeydə alınmış videogörüntünün olduğu 02 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, saat 21:15-də ünvan 3 ünvanda yerləşən binanın qarşısında dayanmış 4 nəfər şəxs baş vermiş mübahisədə iştirak etmişlər. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 71-72-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 125-129-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-764/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilimş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilimş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin istintaq müddəti həddində, yəni 23 avqust 2022-ci il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 30 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 148-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqalar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (7 (yeddi) ay 7 (yeddi) gün) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - saxlanılması üçün Nərimanov RPİ-nin Növbətçi Hissəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus və məlum hadisə zamanı onun əynində olan geyim əşyaları hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi3 keçirilmiş 14 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 7 (yeddi) ay 7 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 1 (bir) il 4 (dörd) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut - saxlanılması üçün Nərimanov RPİ-nin Növbətçi Hissəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus və məlum hadisə zamanı onun əynində olan geyim əşyaları hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-53/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-53/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver