Məhkəmə qərarları › İş №1(005)-53/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-53/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-53/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Şirvan Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq “ MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 7,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1,132 qram çəkidə narkotik vasitə tiryək əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saat 16:40-da ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusunda 7,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə 1,132 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 may 2023-cü il tarixdə işləmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Həmin gün dostu Rauf Əliyevin yaşadığı Binəqədi rayonunda Hərbi Komissarlığın yanında yerləşən evdə qalmışdır. Səhərisi gün yəni, xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində 4-cü mikrorayon dairəsi adlanan əraziyə icarəyə avtoyuma məntəqəsi götürmək məqsədi ilə gəlmişdir. Orada işlərini yekunlaşdırıb piyada Xutor adlanan yerdə yerləşən “Ağsu” kafesinə gəlmişdir. Əynindəki qısaqol gödəkçəni stulun arxasına keçirib əlini yumaq məqsədi ilə tualetə getmişdir. Qayıdıb masaya yaxınlaşıb bir stəkan çay içmişdir. Çay içən zaman Elçin adlı avtoyuma işlədən tanışı zəng vurmuşdur. Onunla birlikdə işləmək istədiyini deyib öz yanına çağırmışdır. O isə pulunun olmadığını söyləmişdir. Elçin ona taksiyə əyləşib yanına gəlməyini xahiş etmiş və pulu özünün ödəyəcəyini bildirmişdir. O da həmin kafedən çıxıb 70-80 metr piyada hərəkət etmişdir. Həmin vaxtı “Nissan Sunny” markalı qara rəngli avtomobil onun yanına sürmüş və iki nəfər ona yaxınlaşıb qolunu burub həmin avtomobilə oturtmuşlar. O nə baş verməsini anlamamışdır. Avtomobilə oturan zaman adı sonradan məlum olan Mahmud adlı hündür boylu şəxs və sürücü Əkbər adlı şəxs 2 karobka nəşəsinin olmasını söyləmişlər. O isə ümumiyyətlə narkotik vasitə istifadə etmədiyini demişdir. Onlar avtomobilin içərisində üzərini yoxlamış və üzərindəki bütün əşyaları çıxarmışlar. Solunda oturan Mahmud adlı şəxs ona qısaqol gödəkçəsinin cibini qatlayıb orada əşya olmasını söyləmiş və həmin əşyanın nə olmasını soruşmuşdur. O isə həmin əşyanın nə olduğunu bilmədiyini demişdir. Bundan sonra o, özü əlini cibinə salıb oradan 01 ədəd kibrit qutusunu çıxartmışdır. Təəccüblə həmin kibrit qutusunun hansı formada cibində olmasını düşünmüşdür. Sonradan məlum olmuşdur ki, onlar özləri həmin kibrit qutusunu cibinə qoymuşlar. Buna etirazını bildirdikdə Mahmud və sağ tərəfində adını bilmədiyi şəxs əl zərbələri ilə bədən nahiyəsindən vurub nalayiq ifadələr işlətmişlər. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Orada yuxarı mərtəbəyə qaldırıb yenidən döyməyə başlamışlar. Əkbər adlı şəxs pul kisəsini açıb içərisinə baxdıqda pul kisəsinin içərisindən 01 ədəd bükümdə demələrinə görə narkotik vasitə tiryək aşkar edilmişdir. O da narkotik vasitə istifadə etmədiyini və tiryəki tanımadığını bildirmişdir. Onlar həmin maddəni haradan əldə etdiyini və pul kisəsində necə olmasını maraqlananda həmin pul kisəsini bir nəfər tanımadığı şəxsdən 4 manata aldığını söyləmiş və içərisində olan ciblərə tam formada baxmadığını söyləmişdir. Polis əməkdaşları bildirmişlər ki, 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana və 01 ədəd bükümdə olan tiryəki tanımadığı şəxsdən 130 manata almağını söyləməlidir. Belə ki, onu saxlayan polis əməkdaşları ona könüllü şəkildə qeyd etdiklərini videoçəkiliş zamanı söyləməsə, yəni narkotik vasitələrin ona aid olması faktını etiraf etməsə qardaşının ikisini də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb edəcəklərini və Bakı İstintaq Təcridxanasına göndərəcəklərini, daha çox şiddətə məruz qalacağını bildirmişlər. Hətta bu dediklərini edəcəklərini israrla qeyd etmişlər. O da məcbur olub qeyd olunanları onlar deyən tərzdə söyləmişdir. Həqiqətdə isə narkotik vasitə istifadə etmədiyini və həmin narkotik vasitələrin özünə məxsus olmadığını demişdir. Qeyd etmək istəyir ki, ailəlidir, himayəsində üç yetkinlik yaşına çatmayan övladı var. Həmçinin, qeyd edir ki, yoldaşı yataq xəstəsidir, görmə qabiliyyətini itirmişdir. Heç bir yerdə işləməyən yaşlı anası da onun himayəsindədir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 may 2023-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvləri əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. 06 may 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Nəsimi rayonu, R.Məmmədov küçəsinə getmişlər. Qeyd olunan ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 16:40-da Nəsimi rayonu, R.Məmmədov küçəsi 77A saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməyini bildirmiş və o, Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş idarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ və göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd kibrit qutusunu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd mobil telefonları çıxardaraq masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı olan narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. 01 ədəd kibrit qutusunun içərisinə baxış zamanı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin maddələri 1 gün əvvəl, yəni xx.xx.2023-cii il tarixdə “M.Əcəmi” metrostansıyasının yaxınlığında olarkən tanımadığı şəxsdən 130 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə və 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. 02 ədəd mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-30-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X11 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ və göy rəngli jiletinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülünü və 01 ədəd kibrit qutusunu çıxardaraq təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd mobil telefonları çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstündə başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd mobil telefonlara baxış keçirilmişdir. Baxış zamanı 1-ci mobil telefonun qara rəngli, “Samsung” markalı telefon olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Daha sonra 2-ci mobil telefonun qara rəngli, “Xiomi” markalı telefon olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “tiryək” olaraq adlanan narkotik maddə olmasını bildirmişdir. Həmin maddənin qara rəngli, xüsusi spesifik iyə malik olan narkotik maddəyə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirilmişdir. Kibrit qutusunun içərisində ot formalı, yaşıl rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş, 01 ədəd sellofan bükümdə olan maddənin “tiryək”, 01 ədəd kibrit qutusunun içərisində olan maddənin isə “marixuana” olmasını, həmin maddələri 01 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Əcəmi” metrostansiyasının yaxınlığında olarkən tanımadığı şəxsdən 130 manat müqabilində əldə etməsini, əvvəllər narkotik maddələrdən istifadə etməsə də, bu maddələrin onda maraq yaratdığını, gələcəkdə bu maddələrdən istifadə etmək istədiyi üçün həmin maddələri üstündə saxladığını, bu maddələri hər hansı bir şəxsə satmaq, pay və ya hədiyyə qismində vermək kimi bir niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə oxşar maddə və 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd “Xiomi” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə axşam vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxs axtarış və götürmə 06 may 2023-cü il tarixdə saat 19:01-də başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY" markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Cinayət işinin 41-42-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2023-cü il tarixli, 7/664 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd kibrit qutusunda təmiz çəkisi 7.7 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2023-cü il tarixli, 6/2650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar olunan...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1,132 qram olan tünd qəhvəyi rəngli qatranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək. Cinayət işinin 84-86-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-659/2023 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 06 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan “Maddi sübut hesab etmə haqqında” 09 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 1,132 qram çəkidə narkotik vasitə tiryəkin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq 7,65 qram çəkidə qurudulmuş marixuananın və 1,032 qram çəkidə tiryəkin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2008-ci ildə cəzasını tam çəkib qurtarmışdır. Cinayət işinin 148-ci vərəqində olan Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 X16 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 164-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 4826 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 166-175-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 01 ədəd DVD diskin cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xioami” və 01 ədəd “Samsung” markalı mobil telefonların müdafiəçisi X5 qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 193-cü vərəqində olan Şirvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı 365479 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə Şirvan şəhərində anadan olmuşdur. Bu haqda doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 896 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X4 göstərilmişdir. Cinayət işinin 194-cü vərəqində olan Şirvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı 683664 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə Şirvan şəhərində anadan olmuşdur. Bu haqda doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 79 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X6 göstərilmişdir. Həmçinin Şirvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı 365478 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Şirvan şəhərində anadan olmuşdur. Bu haqda doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 895 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X4 göstərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd bükümdə narkotik vasitə tiryəkin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 06 may 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələr qurudulmuş marixuana və tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 7,65 qram qurudulmuş marixuana və 1,032 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar