Məhkəmə qərarları › İş №1(005)-53/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-53/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-53/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonunda fərdi yaşayış evində yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 981/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,048 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində ünvan 3 ünvanında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Nərimanov rayonu Murtuz Nağıyev 4A ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək, həmin polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,048 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki narkoitk vasitələrindən istifadə edir. Narkotik vasitələrin Elmar adlı şəxsdən əldə etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin və şüşə adlı narkotik vasitə almışdır. Həmin gün saat 18:30 radələrində ünvan 3 ünvanı yaxınlığında ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin polis əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, həyəcanlanmış və suallardan yayınmağa çalışdığından polis əməkdaşları şübhələnmiş və onu 18-ci Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis Şöbəsində vəkil dəvət edilmiş, üzərinə çəkiliş aparılmaqla baxış həyata keçirilmişdir. Üzərində olan narkotik vasitəni onlara təqdim etmiş, öz istifadəsi üçün aldığını söyləmişdir. Üzərində 2 büküm var idi, aşkar olunmuş narkotik vasitələr qablaşdırılmaqla götürülmüşdür və protokol tərtib edilməklə imzalanmışdır. Bundan sonra o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad olunmuşdur. Bundan sonra o, üzrlü səbəblərdən ibtidai istintaqın çağırışlarına gedə bilməmiş və axtarışla tutulmuşdur. Daha sonra isə o, CM-nin 234.2-ci maddəsi ilə ittiham olunmuş və həbs edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o 25 manat müqabilində 3-4 gün istifadə edə bilməsi üçün narkotik vasitə almışdır. Mobil telefonundan aşkar edilmiş yazışmalarla bağlı qeyd etmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Amma kimdə narkotik vasitə olurdusa bir-birlərinə verirdilər. Bircə dəfə kömək məqsədi ilə başqasına təklif etmişdir. Son olaraq narkotik vasitələrdən istifadə etdiyi üçün peşman olmasının nəzərə alınmasını və narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ilə xidmətdə olduğuqları zaman Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 168 ünvanın qarşısında bir şəxsi hərəkətlərindən, bədən və gözlərinin quruluşundan narkotik vasitə istifadəçisinə bənzətdikləri üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib onu sorğu-suala tutmuşdular. Bu zaman həmin şəxs onların suallarından yayınmağa başladı, sonda isə müxtəlif yerlərin adını çəkərək həmin yerlərdə yaşadığını demişdir. Həmin şəxsi narkotik vasitədən istifadə etməkdə şübhəli bildikləri üçün onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra vəkil dəvət edilməkləüzərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Cibindən 01 ədəd gümüşü rəngli kağızın içərisindəki 01 ədəd sellofan kəsiyinə bükülmüş, içərisində narkotik vasitəyə bənzər, toz halında olan, qəhvəyi rəngli, spesfik qoxuya malik maddəni və 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində kristal halında olan, ağ rəngli, spesfik qoxuya malik maddəni təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi narkotik vasitə “heroin” və “şüşə”dir. Öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə üzərindən aşkar olunmuş maddə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu və imzalarla təsdiq edildi. Axtarış və baxış zamanı hər hansı vəsatət və ya şikayət daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 168 ünvanının qarşısında inzibati ərazidə olarkən bir nəfər şəxsin hərəkətlərindən, bədən və gözlərinin quruluşundan narkotik vasitə istifadəçisinə bənzətdik və həmin şəxsə yaxınlaşıb özümüzü təqdim edib suallar verdik. Bu zaman o, verdiyimiz suallardan yayınmağa başladı. Odur ki, həmin şəxsi narkotik vasitədən istifadə etməkdə şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gətirdik. Polis şöbəsində məlum oldu ki, həmin şəxs xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızın içərisindəki 01 ədəd sellofan kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, toz halında olan spesifik qoxuya malik maddəni və 01 ədəd sellofan kəsiyinə bükülmüş, kristal halında olan rəngli, spesifik qoxuya malik maddəni təqdim etdi. Şübhəli şəxs X3 bildirdi ki, təqdim etdiyi narkotik vasitə “heroindir” və “metamfetsmindir". Həmin narkotik maddəni əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı “Elmar” kimi tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün almışdır. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 168 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Cavanşir Rasim oğlu əynində olan mavi rəngli şalvarın sol yan cibindən istifadə etdiyi "Samsung J2" markalı mobil telefonu, üzərində “Prima” yazısı olan siqareti, alışqanı, 04 manat pulu təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, başqa heç nə aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə zərfə qoyularaq qablaşdırıldı. 224 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 19 aprel 2024cü il tarixli 3-16-16-2-7/2132 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün № 224” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,048 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,281 qram olan şəffaf, rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşusudur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 3088 saylı rəyindən görünür ki, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024cü il tarixli, 2224 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və ya sair psixi xəstəlik əlamətləri akşar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli Klinik Psixiatriya” Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzinə” ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada xx.xx.2023xx.xx.2023, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində “Opioid və psixostimulyatorun birgə qəbulu nəticəsində aslılıq sindiromu” diaqnozu ilə qeyd edilən xəstəxanada könüllü surətdə stasioanar müalicədə olmuşdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilmiş “DVD diskə baxış keçirilməsi” haqqında 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zəngləri, sms mətnləri barədə məlumatları əks etdirən 01 ədəd DVD diskə baxış zamanı ***-***-**-** saylı Təqsirləndirilən şəxs istifadəsində olduğu mobil nömrəsi ilə müxtəlif mobil nömrələrə narkotik satışı ilə məşğul olması məzmununda müxtəlif mesajlar daxil olmuşdur. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən götürülmüş DVD diskin çıxarışından Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə aid mətn yazışmalarında “Xəyal yoldayam 30 dəqiqədi çıxmışam baxda 10 luq şey kim istəyir ya”, “daş pul tapa bilməyib çıxdım lap qabağıma gəlsin temanı orda verim”, “İşin alınmayıbsa yer var gedək alaq”, “Necəsən daş istəsən var gəl”, həmçinin qeyd olunan nömrəyə “Məni burda lomkada qoymusan yasamalın düzündə” kimi yazışmalar aşkar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 981/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 29 iyul 2024-cü il tarixdən hesablanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 3-4 gün müddətinə 25 manat müqabilində öz istifadəsi üçün aldığını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, mobil telefonunda olan mətn yazışmalarına əsasən narkotik vasitə təklif etdiyi şəxsə bir dəfə qazanc yox köməklik məqsədi ilə yazdığına dair ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, satış məqsədi olmasa da kömək etmək niyyəti ilə kimdə narkotik vasitə olurdusa bir-birlərinə veridiklərini bildirmiş, həmçinin telefon yazışmalarından pul müqabilində narkotik vasitə verdiyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, şəxsin törətmiş olduğu cinayət əməli, onun istifadəsində olan mobil telefondan çıxarılmış sms yazışmalarından, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, məhkəmə baxışı zamanı “DVD” diskə baxış keçirilərkən və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Nərimanov RPİ-nin maddi sübutları saxlanılma hissəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,948 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk, eləcə də "xxxx" MMC-dən daxil olan məlumatları özündə əks etdirən və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Müdafiəçi göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiməhkəmədə iştirak etdiyi 90 (doxsan) saata görə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 02 (iki ay), 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN Bakı Şəhər Nərimanov RPİ-nin maddi sübutları saxlanılma hissəsinə təhvil verilmiş 0,948 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk, eləcə də "xxxx" MMC-dən daxil olan məlumatları özündə əks etdirən və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 (doxsan) saata görə 540 (beş yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar