Məhkəmə qərarları › İş №1(005)-531/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-531/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-531/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib, saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanın qarşısında olarkən, Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nə gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,685 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,800 qr və 0,885 qr) kustar üsulla hazırlanmış qəhvəyi rəngli toz şəkilli maddə olan narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,781 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,949 qr və 0,832 qr) kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı ünvanın yaxınlığında dəqiq xatırlamadığı ünvandan keçərkən yerdə 01 ədəd şəffaf sellofan görüb həmin sellofanı götürmüşdür. Sellofanı açıb içinə baxdıqda həmin sellofanda 04 (dörd) ədəd şəffaf sellofan büküm görmüşdür. Həmin bükümlərə baxdıqda 2 bükümdə metamfetamin, digər 2 bükümdə isə heroin olmasını aşkar etmişdir. Özüdə istifadə etdiyi üçün həmin bükümlərdə nə olmasını bilmişdir. O həmin bükümlərdə olan narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq özündə saxlamışdır. O, həmin gün öz şəxsi işləri ilə məşğul olmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsi 7E saylı ünvanın yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Nərimanov rayon polis idarəsinin əməkdaşları olmalarını bildirmiş, özlərini təqdim etmiş və ondan özünü təqdim etməyini xahiş etmişdirlər. O da onlara özü barədə məlumat verməmək üçün suallardan yayınmağa çalışdıqda onlarda onun narkotik vasitə qəbul etdiyindən şübhələndiklərini bildirib onu Nərimanov RPİ-nə dəvət etmişdirlər. O da polislərə heç bir şey demədən onlarla birlikdə Nərimanov RPİ-nə gəlmişdir. İdarədə ona üzərində narkotik vasitə olub-olmamasını yoxlamaq üçün üzərinə baxış keçirəcəklərini bildirmişdirlər və onun hüquqlarını müdafiə etmək üçün vəkil seçməyini bildirmişdirlər. O da onlara vəkil tutmaq üçün maddi vəziyyətinin yaxşı olmadığını qeyd etmişdir. Onlar ona vəkillərin siyahısını təqdim edərək dövlət hesabına vəkil seçməyini xahiş etmişlər. O da siyahıdan X6 adlı vəkili seçmişdir. Vəkil gəldikdən sonra onun üzərinə polis əməkdaşları və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Polis əməkdaşları ondan üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etməyini xahiş etmişlər. O, artıq polis idarəsində olduğu, heç nəyi gizlədə bilməyəcəyini bildiyi üçün məcbur olub əynində olan cins şalvarın sağ yan cibindən içində 04 bükümdə narkotik vasitə və psixotrop maddə olan 01 ədəd şəffaf sellofanı çıxararaq təqdim etmişdir. Bundan başqa əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung Duos” markalı mobil telefonu, 01 ədəd 5 manatlıq əskinası təqdim etmişdir. Bundan başqa üzərində heçnə aşkar edilməmişdir. Daha sonra həmin bükümlər onun iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkili Şahid2 ilə birlikdə inzibatı ərazidə xidmətdə olarkən Nərimanov rayonu, A.M.Cümə küçəsi 7E ünvanının yaxınlığında olan zaman bir nəfər şəxsin hərəkəti və davranışı ilə özünü şübhəli aparmasını müşayiət etmişdirlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin davranışı və hərəkəti, eləcə də, verilən suallara qeyri-müəyyən cavab verməsi ilə şübhələrini daha da artırmışdır. Onlar həmin şəxsi ərazi üzrə polis idarəsinə dəvət etmişdirlər. Polis idarəsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onlar raportla polis idarəsinin rəhbərliyinə müraciət edərək Təqsirləndirilən şəxs narkotik vasitə və digər güclü təsiredici maddələrin istifadəsində şübhəli olmasını nəzərə alaraq barəsində müvafiq tədbirlər görülməsi üçün göstəriş verilməsini xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi ilə əlaqədar məlumat verildikdən sonra müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən, şəffaf rəngli sellofana bükülmüş 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümdən 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində spesifik qoxuya malik, ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin, digər 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə narkotik vasitə olan heroini çıxararaq təqdim etmişdir. Bundan başqa o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd “Samsung Duos” markalı mobil telefon aparatı və 01 (bir) ədəd 5 AZN pul əskinazını könüllü təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış və möhürlə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin İ cildinin 17-ci vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 26-27-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 09 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüş kağız kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakos”dur. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə onlayn qaydada 30 manata alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən Təhsil Nazirliyinin yaxınlığında ağaclardan birinin dibindən götürmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən bir ədəd “İNOİ” markalı mobil telefon, sol ayağında qara rəngli qolbağ aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürü ilə möhürləndi. Cinayət işinin İ cildinin 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli, 6/3264 nömrəli rəyindən görünür ki, tədiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün № 224” möhür əksi və “Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,488 ram maddə kütləsi kstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin İ cildinin 51-ci vərəqində olan “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin 01 ədəd ağ rəngli CD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyulmuş və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, “********.mp4” yazısını görmək mümkündür. Fayldakı görüntülər 04 dəqiqə 20 saniyə davam etmişdir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 01 dəqiqə 13 saniyəsində əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefon və sağ yan cibindən içində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim edir və həmin bükümün içində “kakos” olmasını bildirmişdir. Cinayət işinin İ cildinin 74-78-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-686/2022 nömrəli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndiirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 09 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 118-119-cu vərəqələrində olan “Tutma haqqında” 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 125-126-cı vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən, şəffaf rəngli sellofana bükülmüş 04 (dörd) ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümdən 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində spesifik qoxuya malik, ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin, digər 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə narkotik vasitə olan heroindir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd qara rəngli ‘‘Samsung DOUS” markalı mobil telefon aparatını və 01 (bir) ədəd üzərində A39633448 saylı 5 AZN pul əskinasını könüllü təqdim etmişdir. Cinayəti işinin İ cildinin 136-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 aprel 2022-ci il tarixli, 6/2176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza) aşkar olunmuş” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə təmiz çəkisi 1,685 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,800 qr və 0,885 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,781 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,949 qr və 0,832 qr) ağ rəngli kristllardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin İ cildinin 165-166-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin RPİ-nin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 aprel 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 176-177-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ tərəfindən istintaq olunan ********* nömrəli cinayət işi baxılması üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin İ cildinin 188-194-cü vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-71/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək tutulduğu cəmi (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması və təyin olunmuş cəzadan çıxılaraq ona qəti 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Cinayət işinin İ cildinin 213-214-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X1 dair xx.xx.2022-ci il tarixli, 2362 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 14-96-cı vərəqələrində olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BKC/LGL-10979/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskdə olan göndərilən və qəbul edilən SMS mətnləri əks etdirən müvafiq çıxarışlardan müəyyən edilir: “Vugus 14 mantm vqr kola emele geler”; “Vuqaar pul duzeldi yene verde onnanda onnanda”; Ayy Buqar ağzımda dedimaxi xanim ağrıyır indi senen siçan pisik oynayaq axi soz danisdiq”; “Ala yeke kisisen ağrıdayam hec olmamsa bidene cet ver ağrıdan çıxım...ac telefonu”; “Menem kamran yetim sey lazimdi srocnu” və oxşar məzmunlu çoxsaylı yazışmalar aşkar edilmişdir. Cinayət işinin İİ cildinin 142-ci vərəqində olan Bakı şəhəri İcra Hakimiyyəti 20 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin İİ cildinin 167-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 6/4156 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Ekspert rəyi 6/2176...16 aprel 2022ci il... Nərimanov RPİ TŞ...” və s. qeydli kağız paketdəki 02 bükümdə olan heroin kütlələrinin biri digərindən və həmçinin “Ekspert rəyi 6/3264...10 iyun 2022-ci il... Nərimanov RPİ 18-ci PŞ...” və s. qeydli kağız paketdəki heroin kütləsindən kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. Cinayət işinin İİ cildinin 177-195-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Tutma Protokolu”nun düzgün tərtib edilmədiyi və əsassız olduğu üçün Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPMnin 39.2-ci maddəsi ilə xitam verilməsi, Təqsirləndirilən şəxsun 16 aprel 2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdə təmiz çəkisi 1,685 qram (ayrıayrılıqda təmiz çəkisi 0,800 qr və 0,885 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,781 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,949 qr və 0,832 qr) ağ rəngli kristllardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 1,485 qram olan heroin və 1,681 qram olan metamfetamin saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, “Şübhəli şəxsin üzərində şəxsi axtarış götürmə aparılması” haqqında 16 aprel 2022-ci il tarixli istintaq hərkətinin videoçəkilişi etdirilmiş 1 ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsi, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-10979/22 nömrəli məktubla daxil olmuş -***-***-**-** saylı telefon nömrəsi ilə bağlı telefon danışıqlar, SMS yazışmalar, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3- 112902-22 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2023-cü il tarixə hesablanmışdır. Nərimanov Rayon Məhkəməsinin 4(005)-688/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə cəzasının 16 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 05 ay 10 gün təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan 02 ədəd bükümdə narkotik vasitə heroini və 02 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu (Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-71/2022 nömrəli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-71/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, Müdafiəçi 26 oktyabr 2022 – 19 dekabr 2022-ci il tarixində keçirilmiş 5 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-71/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,485 qram narkotik vasitə heroin və 1,681 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114,00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar