Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-54/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mirzəyev küçəsi 99 ünvnaında kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə saat 03 radələrındə, Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” minik markalı ** NP *** dövlət nömrə nişanlı avtomobilini saxladığı ünvan 1 ünvanının qarşısında avtomobilin qapısının açıq olmasından istifadə edib salonuna daxil olaraq oradan sonuncuya məxsus bir ədəd istismar olunmuş 600 manat məbləğində “Oukitek K 600” markalı mobil telefonu, 12 manat dəyərində qara rəngli “Fendı” markalı pul kisəsini, onun içərisində olan 974 manat pulu, 3.40 manat ekvivalentində 2 ABŞ dollarını, 9.9 manat ekvivalentində 390 rus rublunu gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1598.49 (bir min beş yüz doxsan səkkiz manat qırx doqquz qəpik) manat ziyan vurmuşdur Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 29 may 2021-ci il tarixdə gecə saatlarında Nərimanov rayonu ərazisində metal qırıntıları yığan zaman küçələrdə və binaların qarşısında metal axtarmışdır. Belə ki, həmin gün gecə saat 03 radələrində özü tək ünvan 2 ünvanda metal qırıntıları axtararkən bina qarşısında dayanmış olan, qırmızı rəngli “Hyundai Elantra” markalı avtomobilin arxa sağ qapısının tam olaraq bağlanmadığını görmüş, həmin avtomobilin içərisində kiminsə olub olmamasını bilmək üçün əlində olan mobil telefonun işığı ilə baxmış, heç kimin olmadığını görüb, avtomobilin arxa qapısını tam açmışdır. Bundan sonra avtomobilin içərisinə baxış keçirtmişdir. Həmin an avtomobilin sürət qutusu yanında bir ədəd mobil telefonu görüb oğurluq etmək qərarına gəlmiş və daha sonra avtomobildə axtarışlar etməyə başlamışdır. Mobil telefondan başqa avtomobilin solununda olan 390 Rus rublu və iki ədəd 1 ABŞ dolları olan 2 ABŞ dollarlarını götürüb dərhal oradan uzaqlaşmışdır. Səhər açıldıqda həmin mobil telefonu satıb pul əldə etmək üçün bir neçə telefon satılan mağazaya təklif etsə də, həmin telefona 20 manatdan artıq pul verilmədiyindən satmayıb özündə saxlamışdır. Lakin 390 rus rublunu Neftçilər metrostansiyası yaxınlığında tanımadığı şəxsə 7 manata, 2 ABŞ dollarını isə hazırda xatırlamadığı valyuta dəyişmə məntəqələrinin birində 3 manata dəyişdirib ehtiyaclarına xərcləmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixdə əvvəllərdən tanıdığı Şahidla onun yaşadığı Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən Zəfəran aptekin yaxınlığında təsadüfən görüşərkən ondan danışmağa telefon istədikdə, Babək etiraz etməyib, öz telefonunu ona vermişdir. O, Babəkin telefonu ilə danışdıqdan sonra telefonun ekranı qırıq olduğundan oğurlamış olduğu telefonu Babəkə vermişdir ki, istifadə etsin. Babək də həmin telefonu ondan almış və ona demişdir ki, narahat olmasın özünündür. Daha sonrakı günlərdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən şöbəyə dəvət edilmiş, şöbədə izahatında oğurluq etməyini etiraf edib ətraflı məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, Nərimanov rayonu, F.Yusifov küçəsi 23 mənzil 13-də ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşıdır, Bakı şəhərində doğulmuşdur, orta təhsilini Bakı şəhər 82 saylı tam orta məktəbdə rus dilində bitirsə də, Azərbaycan Respublikasında yaşadığından azərbaycan dilini sərbəst bilir və latın qrafikalı əlifba ilə yazıb oxuyur. Daha sonra bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində atasına məxsus, lakin etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” minik markalı ** NP *** nömrə nişanlı avtomobili ilə yaşadığı Nərimanov rayonu, Faiq Yusifov küçəsi 23 saylı binanın önünə gələrək, orada saxlayıb yaşadığı evə getmişdir. 29 may 2021-ci il tarixdə saat 12 radələrində o, avtomobilinə yaxınlaşdıqda avtomobili açarı ilə açaraq avtomobilə əyləşən zaman görmüşdür ki, avtomobilinin içərisi dağınıq vəziyyətdədir və ona məlum olmuşdur ki, oğurluq hadisəsi baş vermişdir. Avtomobilinin içərisindən sürət qutusu yanında istifadəsində olan Oukitel K 600 markalı mobil telefon, saxlanc yerində dəyəri 12 manat təşkil edən qara rəngli “Fendi” markalı pul kisəsi, həmin pul kisəsinin içərisində isə 974 manat nəğd pulu, 2 ABŞ dolları və 390 rus rublu olmuşdur. Bundan dərhal sonra mobil telefonu ilə DİN-nin 102 xidmətinə müraciət etmiş və müraciəti əsasında polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişdirlər. Daha sonra isə o, baş vermiş oğurluq hadisəsi barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edib şikayət etmişdir. Bundan sonra o, hadisə barədə Nərimanov RPİ-nin 17-ci PB-də maraqlandıqda ona bildirilmişdir ki, həmin hadisə Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov 39 ünvanında baş vermişdir. Zərərçəkmiş şəxs ona məxsus “Hyundai Elantra” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin surət qutusunun yanında telefonu qoyduğu yeri göstərmişdir. Hadisə yerində müşahidə kamerası olmadığı üçün videogörüntü götürülmədi. Cinayət işinin 21-ci vərəqində olan “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” 06 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şahid könüllü olaraq bir ədəd “Olcatel” markalı, üzərində ***-***-**-** nömrə ilə işlətdiyi mobil telefonu təqdim etdi və bildirdi ki, həmin telefonu xx.xx.2021-ci il tarixdə tanışı Nuru adlı şəxs ona təmənnasız vermişdir. Mobil telefon işlək vəziyyətdədir, üzərində hər hansı zədə izləri aşkar edilməmişdir. Cinayət işinin 46-cı vərəqində olan “Əşyanın zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında” 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 29 may 2021-ci il tarixdə ünvan 4 ünvanda “Hyundai Elantra” markalı ** NP *** nömrə nişanlı avtomobilin salonundan oğurlanmış OUKİTEK K 600 markalı mobil telefon 1-4-dək nömrələnmiş formada Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmişdir. Tanıyan Zərərçəkmiş şəxs təqdim edilmiş mobil telefonlar içərisindən 2 rəqəmi ilə düzülmüş mobil telefona baxıb göstərərək bildirmişdir ki, həmin telefon ona məxsusdur və avtomobilindən oğurlanmış mobil telefondur. Həmin telefonunun arxa hissəsində çatların olmasına və quruluşuna görə tanımışdır. Cinayət işinin 55-58-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonucu dəfə o, Saratov Vilayət Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Fedarasiya Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsi ilə 04 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmişdir. Cinayət işinin 68-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 9/5125 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına 1 ədəd istifadədə olmuş “Oukitel” sözləri olan, digər göstəriciləri olmayan mobil telefon təqdim edilmişdir. Həmin mobil telefonu işə saldıqda ekran açılır, lakin onun baza məlumatlarını müəyyən etmək mümkün olmur. Hal-hazırda telefon təyinatı üzrə yararsız vəziyyətdədir. Cinayət işinin 80-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 19 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan “Əşyanın şübhəli şəxsə tanınmaya təqdim edilməsi haqqında” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 29 may 2021-ci il tarixdə ünvan 4 ünvanda “Hyundai Elantra” markalı ** NP *** nömrə nişanlı avtomobilin salonundan oğurlanmış OUKİTEK K 600 markalı mobil telefon 1-4-dək nömrələnmiş formada Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmişdir. Tanıyan şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilən telefonlar içərisindən 4 rəqəmi ilə düzülmüş mobil telefona baxıb göstərdi ki, həmin telefonu götürmüşdür. Həmin mobil telefonu arxa hissəsində çatların və cızıqların olmasına görə tanımışdır. Cinayət işinin 130-132-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavanşir Mayılovun xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİnin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 134-135-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 138-144-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında” 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus “Oukitel K 600” markalı mobil telefonun iş üzrə maddi sübut kimii tanınması və təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs iş materialları ilə tanış olduqdan sonra sahibinə saxlanması üçün qaytarılması qərara alınmışdır. Cinayət işinin 152-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2021ci il tarixli qəbzdən görünür ki, o, özünə məxsus olan “Oukitel K 600” markalı mobil telefonu təhvil almışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və fobyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (19-21 sentyabr 2021-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polsin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut olan – “Oukitel K 600” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 13 oktyabr 2021-ci il – 22 iyun 2022-ci il tarixlərdə keçirilmiş 16 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 51 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 51 (əlli bir) iş saatına görə 306 (üç yüz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan - «Oukitel K 600» markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 51 (əlli bir) iş saatına görə 306 (üç yüz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-54/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-54/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver