Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-541/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsində yerləşən “Xutor” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə, xalis çəkisi 0,422 qram olan, narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli nöqtələri və ağ yarpaqları olan şortun sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, xalis çəkisi 0,422 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə heroin istifadə edir. O, üzərindən aşkar olumuş narkotik vasitəni «Xutor» adlanan ərazidən adını və soyadını bilmədiyi şəxsdən 10 manata almışdır. Qeyd olunan yerdən aralaşıb özü tək piyada olaraq ünvan 4 ünvanın bərabərliyinə gəlib çatdıqda orada ona bir neçə nəfər polis əməkdaşı yaxınlaşmışdır. Daha sonra polis əməkdaşları onu Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə aparmışlar. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 24 avqust 2022-ci il tarixdə saat 16 radələrində ünvan 5 ünvanın qarşısında polis yoldaşı Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər əvvəllər tanımadıqları şəxsin hərəkətlərindən narkotik vasitə təsiri altında olmasından şübhələnib ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməsini xahiş etmişlər və həmin şəxs özünü 14 avqust 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olmasından şübhələndiyini bildirib onlarla birlikdə Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin inzibati binasına gəlməsini xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlara etiraz etməyib birlikdə 16-cı Polis bölməsinin inzibati binasına gəlmiş, birlikdə polis bölməsinə gəldikdə həmin şəxsin Təqsirləndirilən şəxs həqiqətən də olması müəyyən olunmuşdur. Bundan sonra, polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu müdafiəçiyə etirazının olmadığını, onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Polis bölməsinin xidməti otağında tərəflərindən videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli nöqtəli və ağ yarpaqlı şortusunun sol yan cibindən 01 ədəd kağız bükülüyə bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində el arasında “kakos" adlanan narkotik vasitə heroindir, heroini 24 avqust 2022-ci il tarixdə Nərimanov rayonu, “Xutor” adlanan ərazidən üzdən tanıdığı, lakin ad, soyad, ata adı və digər anket məlumatlarını, eləcə də əlaqə nömrəsini bilmədiyi şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya pay vermək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisində olan küllə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt bu barədə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra düzgün yazıldığı iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kağız bükümün içərisindəki narkotik vasitə heroini satmaq niyyətində olub-olmaması barədə onlara məlumat daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli nöqtəli və ağ yarpaqlı şortunun sol yan cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə gümüşü rəngli siqaret kağızına bükülmüş 01 (bir) ədəd bükümü könüllü olaraq təqdim etmişdir və üzərinə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi, Xutor adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını, həmin narkotik maddəni əynindəki boz rəngli nöqtəli və ağ yarpaqlı şortunun sol yan cibində öz istifadəsi üçün saxladığını, 24 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Nərimanov rayonu, 2-ci Şimal Şitili küçəsində narkotik vasitəni aldığı ərazidə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış və 218 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2022-ci il tarixli, 6/4517 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,422 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nuriyev tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin X2 azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 26 avqust 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilməsi və xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli nöqtələri və ağ yarpaqları olan şortun sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, xalis çəkisi 0,422 qram olan narkotik vasitə heroin aşkar edilərək götürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 29 sentyabr 2022-ci il tarixli, 5646 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə ilə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi – 0,422 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış – 0,372 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətini cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,372 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,372 qram heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-541/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-541/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver