Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-55/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1979-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Xankəndi şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakına gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakım gizli yolla talamaq məqsədi ilə 23 may 2021-ci il tarixdə, saat 14:00 radələrində müvəqqəti olaraq tanışı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti, ev 4B, 13 saylı 1 otaqlı mənzildən Zərərçəkmiş şəxs yatmağından istifadə edərək sonuncuya məxsus 1 ədəd dəyəri 450 manat olan “Vertu” markalı mobil telefonu, 1 ədəd dəyəri 550 manat olan “Samsung A20” markalı mobil telefonu, 1 ədəd dəyəri 600 manat olan “Samsung A51S” markalı mobil telefonu, 1 ədəd dəyəri 600 manat olan “Samsung A50” markalı mobil telefonu, 1 ədəd dəyəri 220 manat olan “Nokia 810” markalı mobil telefonu, 1 ədəd dəyəri 700 manat olan “Nokia” markalı mobil telefonu, 1 ədəd dəyəri 100 manat olan gümüş kişi üzüyünü, 1 ədəd dəyəri 600 manat olan qızıl kişi üzüyünü, 2 ədəd hər birinin dəyəri 45 manat olan ümumi dəyəri 90 manat təşkil edən kişi şalvarlarını, 8 ədəd hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 160 manat təşkil edən kişi köynəklərini, 1 ədəd dəyəri 150 manat olan kişi şortunu, 1 ədəd dəyəri 210 manat olan kişi şortunu və 2 ədəd hər birinin dəyəri 150 manat olan ümumi dəyəri 300 manat təşkil edən kişi ayaqqabılarını gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4.730 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayında qalmağa yeri olmadığı üçün Zərərçəkmiş şəxs ona təklif etmişdir ki, yaşadığı ünvan 2, 13 saylı 1 otaqdan ibarət mənzildə birlikdə qalsınlar. O razılaşmış və 16 may 2021-ci il tarixdən 23 may 2021-ci il tarixə kimi orada qalmışdır. 23 may 2021-ci il tarixdə o yatarkən Zərərçəkmiş şəxs mənzilə gəlmişdir. Daha sonra oyanmış və həmin vaxtı Zərərçəkmiş şəxs da, hamama girərək çimib çıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs günorta yeməklərinin olması üçün ona 20 manat pul vermişdir ki, bazarlıq etsin. Sonra isə Zərərçəkmiş şəxs yatmışdır. O isə Zərərçəkmiş şəxs yatmasından istifadə edərək Zərərçəkmiş şəxs televizor altlığının üzərinə qoymuş olduğu 1 ədəd ’‘Samsung” və “Nokia” markalı modelini dəqiq xatırlamadığı mobil telefonları oradan götürərək mənzildən çıxmışdır. Bir neçə saat sonra Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil nömrələrinə dəfələrlə zəng elmişdir. O, telefon zənglərinə cavab verməmişdir. Oğurluq nəticəsində əldə etmiş olduğu 2 ədəd mobil telefonu isə Bakı şəhəri Nizami rayonu, 8 km ərazisində üzdən tanıdığı, lakin hər hansı anket məlumatını bilmədiyi yalnız adının Cəbi olmasını bildiyi şəxsə verərək öz istifadəsi üçün narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə travmatik ikincili və ya residivləşən qanaxma nəticəsində dünyasını dəyişdiyi məlum olmuşdur. Odur ki, Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. Belə ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 09:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilə gəlmişdir. O, mənzilə daxil olduğu zaman Nofəl öz yerində yatmışdır. Daha sonra Nofəl oyanmış və həmin vaxtı o da hamama girərək çimib çıxmışdır. Bundan sonra günorta yeməklərinin olması üçün Nofələ 20 manat pul vermişdir ki, bazarlıq etsin. Sonra isə yorğun olduğu üçün yatmışdır. Saat təxminən 16:00 radələrində oyandıqda Nofəlin mənzildə olmadığını və mənzilin qapısına baxdıqda da qapının bağlı olduğunu görmüşdür. Bu zaman o, özünə məxsus olan 450 manat dəyərində “Vertu” markalı mobil telefonu ilə Nofələ zəng etmək istədikdə mobil telefonunun sonuncu dəfə masanın üzərinə qoymuş olduğu yerdə olmadığını görmüşdür. Həmçinin masanın üzərinə qoymuş olduğu digər özünə məxsus 1 ədəd dəyəri 550 manat olan “Samsung A20” markalı mobil telefonun, 1 ədəd dəyəri 600 manat olan “Samsung A51S” markalı mobil telefonun, 1 ədəd dəyəri 600 manat olan “Samsung A50" markalı mobil telefonun, 1 ədəd dəyəri 220 manat olan “Nokia 810” markalı mobil telefonun, 1 ədəd dəyəri 700 manat olan “Nokia” markalı mobil telefonun, 1 ədəd dəyəri 100 manat olan gümüş üzüyün, 1 ədəd dəyəri 600 manat olan qızıl üzüyün, 2 ədəd hər birinin dəyəri 45 manat olan ümumi dəyəri 90 manat təşkil edən şalvarların, 8 ədəd hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 160 manat təşkil edən köynəklərin, 1 ədəd dəyəri 150 manat olan şortun, 1 ədəd dəyəri 210 manat olan şortun və 2 ədəd hər birinin dəyəri 150 manat olan ümumi dəyəri 300 manat təşkil edən ayaqqabılarının yerində olmadığını aşkar etmişdir. Ona məlum olmuşdur ki, ona məxsus olan həmin əşyalar Nofəl tərəfindən oğurlanmışdır. Bundan sonra o, Nofəlin istifadəsində olan 050 ***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə dəfələrlə zəng etsə də, telefon nömrələrinə zəng çatmamışdır. Qeyd etmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 4.730 manat maddi ziyan dəymişdir. Hal-hazırda onun Nofəl barəsində heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 may 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə vermiş olduğu məlumat əsasında əməliyyat qrupu ilə hadisə yerinə gəlmişlər. Hadisə yeri ünvan 2, mənzil 13-dür. Qeyd olunan mənzil binanın 5-ci mərtəbəsində yerləşir. Mənzil 1 otaqdan ibarətdir. Mənzilin giriş qapısından sol tərəfdə mətbəx, sağ tərəfdə isə qonaq otağı yerləşir. Qonaq otağında olan dolabdan gümüş üzük, qızıl üzük və geyim əşyaları oğurlanmışdır. Həmçinin qonaq otağında olan masanın üzərindən də mobil telefonlar oğurlanmışdır. Otağın divarı ağ rəngli boya ilə boyanmışdır. Yer isə laminatla döşənmişdir. Hadisə yerinin foto şəkilləri çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 09 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021 il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5, 127.1, 29. 120.2.1, 66.3 maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə CM-nin 181.2.5ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsə bəraət verilmiş, CM-nin 29, 120.2.1 maddəsindən 128-ci maddəyə tövsif edilmiş, CM-nin 68.1.3, 66.3, 127.1-ci maddələrinə əsasən 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən, cəzadan azad olunmuşdur; Xarkov Şəhər Moskva Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Xarkov Şəhər Kominternov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 01 il 24 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci maddəsi ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami Rayon MKTB-nin 14 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin 704 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Q.Qarayev küçəsi, 47 saylı evin 94 nömrəli mənzilində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami Rayon MKTB-nin 14 Saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Q.Qarayev küçəsi, 47 saylı evin 94 nömrəli mənzilində qeydiyyatsız yaşayır, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və xəbərdarlıq daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin məhkəmədə səsləndirdiyi və zərərçəkmiş şəxsin iş materiallarında olan ifadəi, həmçinin istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti ictimai işlər növündə cəzanın müddətinə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən ictimai işlər cəzasının müddətinə daxil olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 53 saata görə 318 (üç yüz on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 360 saat ictimai işlər növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət bir günə səkkiz saat hesabı ilə hesablanaraq 16 saat ictimai işlər cəzasına bərabər tutulsun və ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 344 saat ictimai işlər cəzası saxlansın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 53 saata görə 318 (üç yüz on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürül Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-55/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-55/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver