Məhkəmə qərarları › İş №1(005)-560/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-560/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-560/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib mobil telefonuna “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərilən hesab nömrəsinə baxmaqla bağlı yalan vəd verib aldatmaqla, 07 avqust 2022ci il tarixdə, saat 14 radələrində sonuncunun işlədiyi ünvan 1 ünvanda yerləşən bərbərxanada 2700 manat dəyərində “iPhone 13 Pro” markalı mobil telefonunu ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərimişdir ki, bir neçə dəfə Zərərçəkmiş şəxs işlədiyi bərbərxanaya müştəri qismində gedəndən sonra onun istifadəsində “iPhone 13 Pro” markalı mobil telefonun olması ona məlum olmuşdur. O, həmin mobil telefonu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ələ keçirmək məqsədi ilə onunla dostluq əlaqəsi yaratmışdır. 07 avqust 2022-ci il tarixdə, saat 14 radələrində o, yenidən Zərərçəkmiş şəxs işlədiyi bərbərxanaya getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs “iPhone 13 Pro” markalı mobil telefonunda nəyəsə baxırmış. Bu zaman o, içəri daxil olduqdan sonra Zərərçəkmiş şəxs onunla söhbət edərkən mobil telefonunu masanın üzərinə qoymuşdur. O, divanda əyləşib Zərərçəkmiş şəxs ilə ümumi olaraq söhbət etmişdir. Bundan bir neçə dəqiqə sonra isə Zərərçəkmiş şəxs yanına tanımadığı müştəri daxil olmuşdur və Zərərçəkmiş şəxs həmin müştəriyə xidmət göstərən zaman ona məxsus “iPhone 13 Pro” markalı mobil telefonu ələ keçirmək üçün Zərərçəkmiş şəxs bildirmişdir ki, bir tanışı pul köçürməyi üçün kart şəkli göndərməlidir. Özünün telefonunun cərəyanı qurtardığını bildirib onun telefonunu istəmişdir. Bu səbəbdən həmin kartın şəkilini Zərərçəkmiş şəxs mobil nömrəsinə göndərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə heç bir problem olmadığını bildirmişdir. Bir neçə dəqiqə sonra onun özü “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs kart hesab nömrəsi yazmışdır. Zərərçəkmiş şəxs həmin hesab nömrəsini ona göstərmiş və istəyi əsasında guya mobil telefonda olan hesab nömrəsinə baxmaq adı ilə telefonu Zərərçəkmiş şəxs aldıqdan sonra bərbərxanadan çıxıb oradan uzaqlaşmışdır. O, bərbərxanadan çıxan zaman Zərərçəkmiş şəxs öz işləri ilə məşğul olmuşdur. Daha sonra həmin telefonu 1700 manata satmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına zərə çəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Bu səbəblə də məhkəmə cinayət işinə şahid Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərə çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07 avqust 2022-ci il tarixdə, saat 14 radələrində işlədiyi bərbərxanaya öncədən Eltun adlı şəxs gəlmişdir. Həmin vaxt o, “iPhone 13 Pro” markalı mobil telefonunda olan fotoşəkillərə baxırmış. Eltun içəri daxil olduqdan sonra o, Eltunla söhbət edərkən mobil telefonunu masanın üzərinə qoymuşdur. Onlar ümumi olaraq söhbət etmişlər. Eltun Rusiya Federasiyasında yaşadığını və qısa müddətlik Bakı şəhərinə gəldiyini, burada isə tanışı olmadığını əsas gətirib onunla münasibət qurmaq istədiyini bildirmişdir. Eltun 20 gün ərzində ona xidmət göstərməyi üçün təxminən 7 dəfə işlədiyi bərbərxanaya gəlmişdir. 07 avqust 2022-ci il tarixdə Eltun bərbərxanaya gələn zaman o, Eltuna xidmət göstərməmişdir. Eltun içəri daxil olduqdan sonra divanda əyləşib onunla söhbət etmişdir. Bundan bir neçə dəqiqə sonra isə onun yanına müştəri daxil olmuşdur və o, həmin müştəriyə xidmət göstərən əsnada Eltun ona bildirmişdir ki, pul köçürməyi üçün kart şəkli göndərməlidirlər. Lakin, telefonun cərəyanı qurtarmışdır. Bu səbəbdən həmin kartın şəklini onun mobil nömrəsinə göndərəcəklərini bildirmişdir. O isə heç bir problem olmadığını bildirmişdir. Bir neçə dəqiqə sonra mobil telefonuna “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə kartın şəkli deyil kart hesab nömrəsi gəlmişdir. O, həmin hesab nömrəsini Eltuna göstərmiş və istəyi əsasında hesab nömrəsinə baxması üçün mobil telefonunu Eltuna vermişdir. Bu zaman o yenə müştərisinə xidmət göstərirmiş. Təxminən 5 dəqiqə sonra ətrafa baxdıqda Eltunun olmadığını görmüşdür. O, bərbərxananın qarşısına çıxıb Eltunu axtarmışdır. Lakin, müsbət nəticə əldə edə bilməmiş və ona məlum olmuşdur ki, Eltun adlı şəxs etibarından sui-istifadə edib ona məxsus 2700 manat dəyərində “iPhone 13 Pro” markalı mobil telefonu ələ keçirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Bu səbəblə də məhkəmə cinayət işinə Şahid iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 avqust 2022-ci il tarixdə, günorta saatlarında işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən “28 Telecom” mağazasına əvvəldən tanımadığı şəxs daxil olmuşdur. Həmin şəxs ona özünə məxsus “iPhone 13 Pro” markalı mobil telefonu satmaq istəməsini bildirmişdir. O, həmin “iPhone 13 Pro” markalı mobil telefonun oğurluq olub-olmamasını soruşmuşdur. Həmin şəxs isə mobil telefonun oğurluq olmaması və bir daha özünə məxsus olmasını bildirmişdir. O, mobil telefonu yoxladıqdan sonra qarşılığında 1700 manat pul verə biləcəyini bildirmişdir. Onlar razılaşmışlar. Adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə mobil telefonu satmağını imzası ilə təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 avqust 2022-ci il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri ünvan 3 ünvandır. Beşmərtəbəli binanın birinci mərtəbəsində bərbərxana fəaliyyət göstərir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. “İfadənin yerində yoxlanılması haqqında” 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərmişdir. Dələduzluq yolu ilə əldə etdiyi “İphone 13 Pro” markalı mobil telefonu satmış olduğu Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən “28 Telecom” mağazasını əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. “Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixində saxlanıldığı MSY-dən dərhal azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CMin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 dəymiş zərəri tam ödədiyindən barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatında Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, cinayət işinin materiallarının 92-99 vərəqələrində olan “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə toplanılmış material üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs artıq bir dəfə 25 fevral 2022-ci il tarixdə cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyinə görə o, təkrar olaraq zərər çəkmiş şəxsin onunla barışması səbəbi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə məsuliyyətdən azad edilə bilməz. Odur məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasnı nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X1 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdiriməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X1 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 gün nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1800 manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar