Məhkəmə qərarları › İş №1(005)-57/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-57/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-57/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 33, mənzil 61-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə, 84 nömrəli fərdi həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə texniki cəhətdən saz və atəşə yararlı, ГЛ-2824 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1971-ci il tarixdə istehsal olunmuş 7,62 mm kalibrli odlu yivli silah hesab edilən, təyinatı üzrə kustar üsulla hər hansı bir dəyişikliyə məruz qalmamış, 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomatı, həmçinin zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli “Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi hesab olunan, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd darağı (sandıqçanı) və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 30 ədəd patronları qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq öz idarə etdiyi «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyun 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:45-də ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobili ilə birgə DİN-in ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 20:55-dən etibarən onun üzərində şəxsi axtarış aparılmış, həmçinin ardınca saat 21:42-dən etibarən qeyd edilən idarənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı həmin avtomobilə baxış keçirilərkən həmin odlu silah olan 01 ədəd avtomat, onun komplekt hissəsi olan həmin 01 ədəd darağı (sandıqçası) içərisindəki döyüş sursatı hesab edilən 30 ədəd patronlarla birgə Təqsirləndirilən şəxs «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlanc yerindəki geyim əşyalarının alt hissəsindən təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbanın içərisində aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, hadisə iyun ayının 13-ü saat təqribən 5-ə işləmiş baş vermişdir. Həmin gün işlədiyi dükana müştəri yaxınlaşıb. Müştərinin istədiyi malların bəziləri digər mağazada olduğundan götürməyə getmişdir. Malları gətirdiyi zaman görüb ki, sonradan əməliyyatçının olduğunu bildiyi avtomobildə olan şəxslər ona baxırlar. Malları gətirib müştəriyə vermiş, daha sonra pulu alıb mağazaya qoymaq istədikdə görüb ki, həmin maşında sürücünün yanında oturan şəxs onun arxasıyca gəlir. Pulu verib qayıdanda həmin şəxslə üz-üzə gəlmişdir. Daha sonra dükanı bağlayıb evə gəldikdə yenə həmin maşını görmüşdür. Evdə olarkən yoldaşına maşının onu izlədiyini deyib məsələni aydınlaşdırmaq üçün çölə çıxmışdır. Dəmiryolu vağzalı kruqu tərəfə gəldikdə bir-neçə qara rəngli maşının burada dayandığını görmüşdür. Maşından düşən əməliyyatçılar onun əlindən telefonu alıb başqa maşına otuzdurmuşdur. Maşınına nəsə qoymaqlarından şübhələnərək baxdığı zaman sonradan adını öyrəndiyi Üzeyir adlı əməliyyatçı ona “arxaya baxma” demişdir. Daha sonra onu bir qədər irəlidə düşürdüb öz maşınına otuzdurmuşlar. Ona həbs olunacağını dedikləri zaman bildirib ki, fəhlə işləyən adamdır, heç kimlə işi yoxdur, azyaşlı uşaqları, yaşlı valideynləri var. Daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Ona burada bildirilib ki, ya narkotiklə, ya da silah saxlamaqla ittiham olunacaq. Ona hörmət edərək sanksiyası daha yüngül olduğundan silah saxlamaqda ittiham olunacağı deyilib. O, əməkdaşların dedikləriylə razılaşmışdır, izahatını onların dedikləri əsasında yazmışdır. Çəkiliş zamanı özü vəkil tutmaq istədiyini bildirsə də, ona icazə verilməyib. Odur ki, hazırda özünü təqsirli bilməyərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilməklə, verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi, məhəllə 76, nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. 2013-cü ildə X1 ilə rəsmi nikahla ailə həyatı qurmuş, bu nikahdan 2017-ci il təvəllüdlü qızı Həvva, 2018-ci il təvəllüdlü oğlu Səid və 2021-ci il təvəllüdlü qızı İsra doğulmuşdur. Həyat yoldaşı Gülnar evdar qadındır, heç yerdə işləmir, özü də rəsmi heç yerdə işləmir, yaşadığı Sumqayıt şəhərində «daş bazarı» adlanan ərazidə inşaat materialları satılan məntəqədə satıcılıq etməklə məşğul olur, bu yolla ailəsini dolandırır. Atası Hümmət yaşlıdır, fərdi qaydada sürücülük etməklə məşğul olur, anası Mahirə evdar qadındır, təqaüdçüdür. Həmçinin, anası Mahirənin adına olan, özünə məxsus «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili özü yaşadığı Sumqayıt şəhəri ərazisində idarə edir. Özü əvvəllər 2010-cu ildə oğurluq cinayətinə görə məhkum olunmuş, 2014-cü ildə cəzadan azad edilmişdir. Təxminən üç gün qabaq özü Sumqayıt şəhərində su kanalı olan yerin kənarından qara sellofan torbaya bükülü vəziyyətdə 01 ədəd Kalaşnikov markalı avtomat silahı və onun yanında da içərisində 30 ədəd patronları olan 01 ədəd darağını tapmışdır. Heç bir pis, kriminal niyyəti olmasa da sadəcə marağa düşdüyündən patronlu darağı ilə birgə həmin avtomat silahı elə tapdığı şəkildə də götürüb öz idarə etdiyi «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına, yəni arxa yük yerinə qoymuşdur. Fikirləşmişdir ki, kiminsə əlinə keçər, bir hadisə törədər. Özlüyündə həmin silah-sursatı hansısa bir yolla polis orqanına təhvil verməyi də düşünmüşdür. Lakin bir iki gün şəxsi işləri ilə başı qarışdığı üçün onlar avtomobilin baqaj yerində elə də qalmışdır. 13 iyun 2024-cü il tarixdə saat təxminən 18:45 radələrində özü ünvan 1 ünvanın yaxınlığında idarəçiliyində olan həmin «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman kənardan özünə tərəf mülki geyimli üç nəfər şəxs yaxınlaşaraq onu saxlamışdır. Həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirəndən sonra ona təklif etmişlər ki, özünü təqdim etsin. Öz anket məlumatlarını bildirəndən sonra həmin polis əməkdaşları ona demişlər ki, onun qanunsuz odlu silah və döyüş sursatı saxlamağı və daşımağı barədə özlərində əməliyyat məlumatı vardır, onunla bağlı əməliyyat axtarış tədbiri keçirilir. Polis əməkdaşları özlərində olan bu barədə qərarı elan etmişlər, həmçinin onda bu kimi qanunsuz əşyaların olub-olmadığını soruşanda özü artıq yalan danışmağın heç bir mənası olmadığını, polis əməkdaşlarının məlumatlı olduqlarını başa düşüb səmimi etiraf edib bildirmişdir ki, üzərində yox, lakin «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində 30 ədəd patronlarla darağı ilə birgə avtomat silah var. Polis əməkdaşları onu özləri ilə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib həmin avtomobili ilə birlikdə qeyd edilən idarəyə gətirmişlər, «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin idarənin inzibati binasının həyətində saxlanılmış, özünü isə orada polis əməkdaşları şübhəli şəxs kimi tutmuş və ona hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edib təqdim etmişlər, özü heç bir etiraz etməmişdir. Sonra isə ona hüquq və vəzifələri izah olunmuş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı, həmçinin avtomobilinə də baxış keçiriləcəyi bildirilmiş, özü etiraz etməmişdir. Həmin idarədə otaqların birində vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə özünün üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı əvvəlcə ona təklif etmişdir ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə, odlu silah, döyüş sursatı varsa çıxarıb təqdim etsin. Özünün üzərində qanunsuz heç bir əşya, predmet olmamış, bu barədə polis əməkdaşlarına da bildirmiş, həmçinin təklifə əsasən üzərində olan əşyalarını, yəni əynindəki qara idman şalvarının sol yan cibində olan özünə məxsus 01 ədəd «Redmi» markalı mobil telefonu, həmin avtomobilin açarını, şalvarının sağ yan cibindən isə 575 manat şəxsi pulunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Eləcə də, mobil telefonunun arxalığında saxladığı 01 ədəd «Birbank» plastik kartını və «Ordubad Superstore» yazılı plastik kartını da çıxarıb baxışa təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşı ondan silah-sursat barədə soruşduqda bildirmişdir ki, avtomat silah patronlu darağı ilə birgə «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin baqaj yerindədir, təqdim edə bilər. Şəxsi axtarış prosesi zamanı polis əməkdaşı onun 575 manat pulunu, «Ordubad Superstore» yazılı plastik kartını və qeyd edilən avtomobilinin açarını özünə qaytarmış, 01 ədəd «Redmi» markalı mobil telefonu və 01 ədəd «Birbank» plastik kartı isə iş üzrə əhəmiyyət kəsb etdiyi bildirilərək götürülmüşdür, özü avtomobilinə baxış keçirilməsinə də heç bir etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, özü imzası ilə təsdiq etmişdir. Daha sonra idarənin inzibati binasının həyətində saxlanılmış özünə məxsus «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün və vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilməyə başlanmış, özü açarla avtomobilinin arxa yük yerini açmış və orada geyim əşyalarının altında olan, qara sellofana bükülü vəziyyətdə avtomat silahı və patronlu darağını polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onları həmin sellofan torbadan çıxarıb baxış keçirmiş, avtomatın nömrəsinə baxmışlar, həmçinin daraqda olan 30 ədəd patronları da çıxarıb saymışlar, sonra isə hamısını birlikdə elə sellofan torbada qablaşdıraraq götürmüşlər. Polis əməkdaşı onları haradan əldə etdiyini də ondan soruşmuş, özü bildirmişdir ki, iki gün qabaq Sumqayıtda su kanalının kənarından tapmışdır, heç bir pis niyyəti olmayıb, heç vaxt da həmin silahdan istifadə etməmişdir. Sonda avtomobilə baxış prosesinə dair də polis əməkdaşı tərəfindən protokol yazılmış, özü protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, qeyd edilən avtomat silahdan və ya patronlardan özü heç istifadə etməmiş, heç bir hadisə və ya cinayət törətməmiş, sadəcə yadından çıxdığı üçün onlar elə avtomobilin baqaj yerində qalmışdır, özü həmin avtomatı, darağı və patronları ilə birgə polis orqanlarına təhvil verməyi planlaşdırmış, elə tapanda da bu məqsədlə götürüb avtomobilin baqaj yerinə qoymuşdur ki, kiminsə əlinə keçməsin, bir hadisə törədilməsin. Başqa heç bir məqsədi və ya kriminal niyyəti olmamışdır. Sadəcə bir iki gün şəxsi işlərinə başı qarışdığı üçün onlar yadından çıxaraq avtomobilin baqaj yerində elə də qalmışdır. Özünün istifadə etdiyi mobil nömrələri 099-989- 39-39 və ***-***-**-** nömrələrdir, başqa nömrəsi yoxdur. Saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, orada olarkən özünə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Özü heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış, əziyyət çəkməmiş və belə xəstəliklərdən hazırda da əziyyət çəkmir, özündə həmin patronlarla birgə daraqlı avtomat silahın olduğu barədə heç kimin xəbəri və məlumatı olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2020-ci ildən bəri Sumqayıtda daş bazarı tərəfdə dükanda satıcı işləyir. İşlədiyi müddətdə hadisə günü dükanın qabağında avtoqəza baş vermişdir. O da həmin yerdə mal yüklədiyindən, mane olduqlarını bildirərək maşını kənara çəkmələrini demiş, aralarında mübahisə yaranmışdır. Başqa heç kimlə ədavəti olmayıb. Daha əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2010-cu ildə işi olub. Son dövlərdə idarənin əməkdaşlarıyla heç bir məsələsi olmayıb. Onu hazırda niyə ittiham etmələrinin səbəbini bilmir. İdarəyə öz maşını ilə gətirmişlər. Onu təqib etmələri yarım saatla 45 dəqiqə aralığında çəkmişdir. Onlar tərəfindən izləndiyini evinə gəldikdə hiss etmişdir. Silahı maşınına idarədə əməkdaşlar özləri qoymuşlar. Saxlanıldığı zaman yanında Üzeyir adlı əməkdaş olmuşdur. Birinci narkotik götürəcəyini, ya da silah saxlamaqla ittiham olunacağını və bu halda 5-6 aya çıxacağını bildirmişlər. Qoyduqları silah avtomat olmuşdur. Silahda 27 patron saymışlar. Silahı maşına qoyduqları zaman vəkili də görmüşdür. Həbs qətimkan tədbiri seçilərkən məhkəmə zalında ailəsinə təzyiq etmələrindən qorxduğu üçün heç nə deməmişdir. İdarədə olarkən ona xəsarət yetirilməyib. Həbsdə olduğu zaman 16 avqustda onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Elçin adlı əmakdaş ekspertizanın rəyini gətirib ona qol çəkdirmişdir. Həmin vaxt yanında başqa heç kim olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, onun üzərində şəxsi axtarış və götürmə aparılması, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq özü iştirak etmişdir. Belə ki, 13 iyun 2024-cü il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması, habelə üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatı özü Baş İdarənin rəhbərliyinə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik özünə həvalə olunmuşdur. Bundan sonra əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs olduğu yer barədə əldə etdikləri əməliyyat məlumatı üzrə hərəkət edib Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi 13 iyun 2024-cü il tarixdə saat 18:45-də ünvan 1 ünvanın yaxınlığında onun idarə etdiyi «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edib dərhal saxlamışlar. Həmin şəxsi saxlayaraq xidməti vəsiqələri göstərməklə özlərini ona təqdim etmişlər, sorğu sual zamanı həmin şəxs də onların təklifinə əsasən öz anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər və izah etmişlər ki, onun qanunsuz odlu silah və döyüş sursatları əldə edib saxlaması, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı var, əgər üzərində və ya idarə etdiyi avtomobildə bu kimi qanunsuz əşya və predmetlər varsa məlumat versin. Həmin vaxt Təqsirləndirilən şəxs səmimi şəkildə bildirmişdir ki, üzərində qanunsuz heç nə yoxdur, lakin idarə etdiyi «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerində 30 ədəd patronlu darağı ilə birgə 01 ədəd avtomat silah vardır. Təqsirləndirilən şəxs özləri ilə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib qeyd edilən avtomobillə birlikdə həmin idarəyə gətirmişlər, «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil Baş idarənin inzibati binasının həyətinə yerləşdirilmişdir. Baş İdarəyə gələndən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilib təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı, həmçinin avtomobilinə də baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Baş İdarədə xidməti otaqda müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş edilməklə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə, odlu silah, döyüş sursatı varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunsuz heç nə olmadığını bildirmiş, eyni zamanda üzərində olan əşyalarını, yəni əynindəki qara idman şalvarının sol yan cibində olan özünə aid 01 ədəd «Redmi» markalı mobil telefonunu, həmin avtomobilinin açarını, şalvarının sağ yan cibindən 575 manat şəxsi pulunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin, mobil telefonun arxalığında olan 01 ədəd «Birbank» plastik bank kartını və «Ordubad Superstore» yazılı plastik kartını da çıxarıb baxış üçün təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs silah-sursat barədə soruşulduqda bir daha bildirmişdir ki, avtomat silah patronlu darağı ilə birgə «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin baqaj yerindədir, təqdim edə bilər. Şəxsi axtarış prosesi zamanı aşkar olunmuş 575 manat pul vəsaiti, «Ordubad Superstore» yazılı plastik kartı və qeyd edilən avtomobilinin açarı Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, 01 ədəd «Redmi» markalı mobil telefonu və 01 ədəd «Birbank» plastik kartı isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə də heç bir etirazı olmadığını demişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra BMCMİ-nin inzibati binasının həyətində saxlanılmış həmin «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs özündə olan açarla avtomobilin arxa yük yerini açaraq oradakı geyim əşyalarının altında, qara sellofana bükülü vəziyyətdə gizlətdiyi 01 ədəd avtomat silaha bənzər predmeti və onun patronlu darağını təqdim etmişdir. Belə ki, avtomat silaha bənzər həmin predmet sellofan torbadan çıxarılaraq baxış keçirilmiş, onun nömrəsinə baxılmış, həmçinin darağında olan 30 ədəd patronları da çıxarılıb sayılmış, sonra isə hamısı birlikdə elə sellofan torbada qablaşdırılmaqla götürülmüşdür. Baxış prosesi zamanı Təqsirləndirilən şəxs həmin predmetləri haradan əldə etdiyi barədə soruşulduqda o, bildirmişdir ki, onları iki gün qabaq özü Sumqayıt şəhərində su kanalının kənarından tapıb götürmüşdür və marağı olduğu üçün avtomobildə saxlamış, həmin silahdan ümumiyyətlə istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı digər şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması, üzərində daşımaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:45-də ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobili ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 20:55dən etibarən onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ona məxsus 01 ədəd «Redmi» markalı mobil telefon, həmin avtomobilin açarı, 575 manat şəxsi pul vəsaiti, 01 ədəd «Birbank» plastik kartı və «Ordubad Superstore» yazılı plastik kartı aşkar edilmiş, aşkar edilənlərdən 575 manat pul vəsaiti, «Ordubad Superstore» yazılı plastik kartı və qeyd edilən avtomobilin açarı onun özünə qaytarılmaqla 01 ədəd «Redmi» markalı mobil telefonu və 01 ədəd «Birbank» plastik kartı iş üzrə əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq götürülmüşdür. Ardınca həmin gün saat 21:42dən etibarən qeyd edilən idarənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə «Mercedes Benz» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı həmin avtomobilə baxış keçirilərkən onun avtomobilin arxa yük saxlanc yerindəki geyim əşyalarının alt hissəsindən təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbanın içərisində 01 ədəd darağında 30 ədəd patrona bənzər predmetlərlə birgə üzərində “1971 ГЛ 2824” yazılar olan 01 ədəd avtomat silaha bənzər predmet aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 iyun 2024-cü il tarixli 24/1065 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş 01 ədəd ГЛ-2824 nömrəli silah 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1971-ci ildə istehsal olunmuş, AKM modelli, “Kalaşnikov” konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliyə məruz qalmamışdır. - Tədqiqata təqdim olunmuş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdın, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 817/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Sumqayıt şəhər prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkantədbiri ilə əvəz edilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyul 2021-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs əməli CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilmiş və CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. AA3780080, seriyalı, 8ZYH4KE nömrəli, AA5735663 seriyalı, 8JcG4L2 nömrəli və AA4821575 seriyalı, 8AQ1MSU nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X3, X4 və X2 adında 3 azyaşlı övladları vardır. “Sübutların qiymətləndirilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanmış, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 13 iyun 2024-cü il tarixli protokollara əlavə edilmiş, müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər, ekspertiza tədqiqatından sonra qablaşdırılmış halda ГЛ-2824 nömrəli, 7,62 mm kalibrli odlu yivli silah hesab edilən 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat, həmin kalibrli “Kalaşnikov” Konstruksiyalı avtomatların komplekt hissəsi hesab olunan 01 ədəd daraq (sandıqça) və 7,62x39 mm kalibrli olmaqla döyüş sursatı hesab edilən 27 ədəd patronların iş üzrə maddi sübut kimi tanınması və materiallara əlavə edilməsi və s. qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdikləri xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi özü tərəfindən inkar olunsa da, məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımdan tamamlayan və təkzibedilməz mötəbər dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 13 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş ГЛ-2824 nömrəli, 7,62 mm kalibrli odlu yivli silah hesab edilən 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat, həmin kalibrli “Kalaşnikov” Konstruksiyalı avtomatların komplekt hissəsi hesab olunan 01 ədəd daraq (sandıqça) və 7,62x39 mm kalibrli olmaqla döyüş sursatı hesab edilən 27 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 13 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş ГЛ-2824 nömrəli, 7,62 mm kalibrli odlu yivli silah hesab edilən 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat, həmin kalibrli “Kalaşnikov” Konstruksiyalı avtomatların komplekt hissəsi hesab olunan 01 ədəd daraq (sandıqça) və 7,62x39 mm kalibrli olmaqla döyüş sursatı hesab edilən 27 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar