Məhkəmə qərarları › İş №1(005)-572/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-572/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-572/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” vəkil bürosunun vəkili Müdafiəçi tərcüməçi: X2 iştirakları ilə, xx.xx.1972-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 23 avqust 2022-ci il saat 13:10 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə gətirilmiş və həmin polis bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,415 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə olan heroin qəbul edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, ’’Papanin” adlanan ərazidə əvvəldən tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən “kakos” adı ilə tanınan narkotik vasitə heroini öz istifadəsi üçün 10 manat pul verərək almış, heroin siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olmuş və onu əynində olan tünt boz rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 13:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi 57 ünvanın qarşısında hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərinin Nərimanov polis idarəsinin 16-cı polis bölməsinin əməkdaşları olmalarını bildirmiş və ona xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra onun şəxsiyyəti barədə maraqlanmışlar. O üzərində heroin olması səbəbindən onların suallarından tez-tez cavab verib oradan uzaqlaşmaq istəmiş, lakin onlar onun bu hərəkətindən şübhələnərək narkotik vasitə istifadə edib etmədiyini soruşmuşlar. Bu zaman oradan uzaqlaşmaq istədikdə onların şübhəsi dahada artmış və onu polis şöbəsinə dəvət etmişlər. Saat təxminən 13:30-da birlikdə 16-cı PB-nə gəldikdən sonra üzərinə baxış keçirləcəyini bildirib hüquq vəzifələrini ona elan etdikdən sonra polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Polis əməkdaşları ondan üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etməyini xahiş etmişdirlər. O əynində olan tünd boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan bükümü təqdim etmişdir. Həmin bükümün içində narkotik vasitə olan heroin olmuşdur. Bundan başqa üzərində heçnə aşkar edilməmişdir. Daha sonra həmin içində heroin olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü onun iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Onun bu barədə heç bir şikayəti və tələbi olmamışdır. O qeyd etmişdir ki, həmin narkotik vasitəni satmamış və ya kiməsə verməmişdir. Bundan əlavə o polis əməkdaşları tərəfindən saxlanılan, PB-nə gətirilən, PB-də olan və üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır.Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:10 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə gəzintidə olarkən Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi 57 ünvanın qarşısında 1 nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görüb bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin 16-cı PBnin əməkdaşları olmalarını bildirmiş, bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişdirlər. Həmin şəxs danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Onlar həmin şəxsin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasında şübhələnib Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. İdarədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1972-ci il tarixdə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Bu barədə raportla PB-nin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasındakı xidməti otaqlardan birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti video çəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan kiçik cibindən içərisindən spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki maddə “kakos” adı ilə tanınan narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı, adını bilmədiyi şəxsdən 10 manata alaraq siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içində olan spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli “heroin” adlı maddəni tünd boz rəngli cins şalvarın sağ yan kiçik cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Axtarış və baxış zamanı hər hansı vəsatət və ya şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə eyni xarakterli ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi 57 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində saat 13:30 radələrində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olundu. Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Nərimanov RPİ-nin 16-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid1 və "Yusifbəyli və Partnyorlan" vəkil bürosundan vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki olan maddə "heroin" adı ilə tanınan narkotik vasitədir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Papanin” adlanan ərazidə tanımadığı, adını bilmədiyi şəxsdən 10 manata alaraq siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içində olan qəhvəyi rəngli, toz şəkilli "heroin" adlı maddəni tünd boz rəngli cins şalvarın sağ yan kiçik cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması’' haqqında 23 avqust 2022-ci il tarixli istintaq hərkətinin video çəkilişi əks etdirilmiş 1 ədəd “CD" formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 6/4476 nömrəli rəyindən görünür ki, tədqiqata təqdimedilmiş üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs ” yazı və imzalar olan zərfdə 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0.415 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 0,415 qr, tədqiqata sərf edilən ümumu miqdar- 0,05 qram, qalıq-0,365 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-918/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanıma haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, bir ədəd zərfdə olan təmiz çəkisi 0,415 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - heroin maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalan qalıq, yəni 0,365 qram heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı 2 gün tutulması nəzərə alınmaqla qəti olaraq 02 (iki) il 5 ay 26 gün məhdudlaşdırılması cəzası saxlanılmışdır; Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı 2 gün tutulması nəzərə alınmaqla qəti olaraq 02 (iki) il 5 ay 26 gün məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin hökmü və onun icasına dair göstəriş xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldıgından və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-918/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən sonuncunun probasiyanın nəzarətinə götürülməsi mümkün olmamış və bu səbəbdən də cəza çəkilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 dair 01 sentyabr 2022-ci il tarixli 4866 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X5 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,415 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, (CM-67.1, 68.1.1-1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - heroinin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Femida” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla yəni -1 il 2 ay 28 gün CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 23 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 0,365 qram olan heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar