Məhkəmə qərarları › İş №1(005)-58/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-58/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-58/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırki cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-61/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 18:40 radələrində ünvan 2 ünvanının yaxınlığında olarkən, Nərimanov Rayon Polis X7 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı o, sağ əlində tutduğu bir ədəd üzərində “BLUE CEANS”: yazısı olan ağ rəngli sellofan torbaya qoyulmuş 357,8 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 18:40 radələrində o, Nərimanov rayonu, A.Nemətulla küçəsi 24 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ondan şübhələndiklərinə görə ona yaxınlaşmış və onu Nərimanov Rayon Polis İdarəsinə gətirmişlər. Ona hüquqlarının müdafiəsi üçün vəkil və azərbaycan dilini zəif bildiyi üçün tərcüməçi təqdim olunmuşdur. Orada xidməti otaqda çəkilişlə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, sağ əlində tutduğu bir ədəd üzərində “BLUE CEANS” yazısı olan ağ rəngli sellofan torbaya qoyulmuş yaşıl rəngli spesifik iyi olan narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı o, bildirmişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur, özünün qəbul etməsi üçün xx.xx.2020-ci il tarixdə Yasamal rayonu “Sovetski” deyilən ərazidən üzdən tanıdığı, lakin adını və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 260 manata almışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Əməlindən peşmandır, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis X7 şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:40 radələrində Nərimanov Rayon Polis İdarəsinin ərazisində ünvan 2 ünvanının yaxınlığında Arkadiy adlı şəxsin qanunsuz olaraq üsütndə narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə Nərimanov RPİ-nin Cinayət axtarış şöbəsində əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu A.Nemətulla küçəsi 24 ünvanının yaxınlığına gələrək, Arkadiy adlı şəxsi müəyyən edərək onu Nərimanov RPİ-yə dəvət etmişlər. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş, xidməti otaqda çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində tutduğu bir ədəd üzərində “BLUE CEANS” yazısı olan ağ rəngli sellofan torbaya qoyulmuş yaşıl rəngli spesifik iyi olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ondan götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddəni özü istifadə etmək üçün xx.xx.2020-ci il tarixdə Yasamal rayonu “Sovetski” deyilən ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 260 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə protokol tərtib edilmiş, ondan götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Cinayət axtarış şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 Rafael oğlu iş üzrə digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx xxxxxx 2020ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçrilməsi təklif edilən şəxsin ifşa edilməsini adi təhqiqat üsulları vasitəsi ilə əldə edilməsinin qeyrimümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazimi qabaqlayıcı tədbirlərin görülmədiyi halda Təqsirləndirilən şəxs saxlanılan narkotik vasitənin qısa müddət ərzində realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa oluması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxlanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvercilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, X1 yerin müəyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən aslı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbiləri həyata keçrilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbayxan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkilə tədbirin davam etdirilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır; xx xxxxxx 2020-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2020ci tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X11, Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin şöbənin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 və tərcüməçi X5 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında, 51 nömrəli xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs izah olundu ki, şəxsi axtarış və götürmə zamanı Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru X8 tərəfindən “SAMSUNG A 51” markalı mobil telefon vasitəsi ilə çəkiliş aparılır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2020-ci il tarixdə saat 18:40 radələrində ünvan 2 saylı ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs sağ əlində saxladığı, üzərində “BLUE CEANS” yazısı və qadın şəkilləri olan ağ rəngli sellofan torbanı təqdim edərək bildirdi ki, həmin sellofan torbanın içərisində qurudulmuş ot kütləsindən ibarət olan marixuanadır. Həmin sellofan torba açıldıqda, içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, gurudulmuş ot kütləsi aşkar olundu. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd “NOKİA” markalı mobil telefon aparatını və 01 (bir) ədəd kilid açarını, həmin şalvarın sol yan cibindən üzərində “PRİMA” sözləri yazılmış, içərisində 08 (səkkiz) ədəd siqaret olan 01 (bir) ədəd siqaret qutusunu, 01 ədəd şüşə materialından olan alışqanı, sağ arxa cibindən üzərində “BAKU KARTİ” yazıları olan 02 (iki) ədəd plastik kartları könüllü çıxardıb təqdim etdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, o, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə, təxminən saat 23:30 radələrində Yasamal rayonunda, Sovetski deyilən ərazidə tanımadığı şəxsdən, öz şəxsi istifadəsi üçün 260 manat pul müqabilində alaraq özündə saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd açar, 01 ədəd siqaret qutusu, 02 (iki) ədəd Baku Kartı və 01 (bir) ədəd alışqan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs qaytarıldı. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırıldı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürləndi. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Şəxsi axtarış və götürmə otaq şəraitində, süni və təbii işıqlanmada aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/532 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs:..Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan 01 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi - 357,8 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf olundu, qalıq 357,7 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməisndən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Yavər Məmmədlinin xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “CD-diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X10 icraatında olan ********* saylı cinayət işi ilə əlaqədar iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nə dəvət edilmiş və üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi, qəbulunda şübhəli bilinən 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılarkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks edildiyi 1 ədəd ağ rəngli CD diskə baxış keçirmişdir. Həmin CD diskdə olan fayla baxış keçirilən zaman müəyyən olundu ki, fayldakı görüntülər 10 dəqiqə 15 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün faylın 02-ci dəqiqə 18-ci saniyəsində sağ əlində tutduğu bir ədəd üzərində “BLUE CEANS” yazısı olan ağ rəngli sellofan torbaya qoyulmuş narkotik vasitəyə bənzər bitki mənşəli kütləni təqdim edir və həmin sellofan bükülünün içində narkotik vasitə olduğunu, onu Yasamal rayonunda Sovetski deyilən ərazidən tanımadığı şəxsdən 260 manata aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılır. Baxışla bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə edildi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-697/2020 nömrəli, xx xxxxxx 2020ci il tarixli qərarından görünür ki, “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Bakı şəhəri, Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən Farid Vəliyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 357,8 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, maddi sübut kimi tanınan və tədqiqatdan sonra qalan təmiz çəkisi 357,7 qram narkotik vasitə olan qurudulmuş marixuana Nərimanov Rayon Polis İdarəisnə təhvil verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxxxx 2020-ci il tarixli, 2350 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1708 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma, remissiya vəziyyətində müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə 1997-ci ildən başlayaraq onda psixi gərginlik, yuxu pozuntuları, şübhələr, qorxuların meydana gəlməsi, bununla əlaqədar dəfələrlə Bakı şəhər RƏXD-də müalicələrdə olması, halhazırda yaşayış yeri üzrə poliklinkanın psixiatrik kabinetində qeydiyyatda olmaqla ambulator müalicələr qəbul etməsi, Bakı şəhəri 26 saylı şəhər poliklinkasında “Şizofreniya paranoid forma” diaqnozu ilə 1997-ci il tarixdən qeydiyyatda olması, həmçinin hazırkı müayinələrin nəticələri - təfəkkürünün autiklik elementləri müəyyən edilməsi, emosionaliradı sferasının nisbətən enməsi və sair sübut edir. Cinayət işi materialları, tibbi sənədin və hal-hazırki müayinənin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Belə ki, həmin dövrdə onda müəyyən edilmiş psixi xəstəlik remissiya vəziyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən şizofreniya paranoid forma diaqnozlu xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tərəfindən xx xxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-61/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Məhkəmənin sorğusuna əsasən əldə olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 1-185/2007 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 127.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 357,8 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; cinayətin onun tərəfindən anlaqlılığı istisna etməyən psixi pozuntu halında törədilməsi (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1708 nömrəli rəyi); yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri 120 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı iki gün (17-xx xxxxxx 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan 357,7 qram narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablansın və qəti olaraq ona 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan 357,7 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar