Məhkəmə qərarları › İş №1(005)-58/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-58/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-58/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “20 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs – xx xxxxxx 1993-cü ildə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tanışı Samedov Vəkilxan Gabil oğlundan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,225 qram çəkidə narkotik vasitə olan heroini 20 manat müqabilində əldə edib saxlamaqla daşıyarkən, 28 iyun 2022-ci il tarixdə saat 07:00 radələrində Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında Samedov Vəkilxan Gabil oğlunun etibarnamə əsasında idarə etdiyi «KİA RİO» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomaşında şübhəli şəxs qismində saxlanılıb, Nərimanov rayon Polis İdarəsinə dəvət edilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının qabaq sol cibindən siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş 01 ədəd bükümdə 0,225 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün məhkəmədə verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 (bir) il olar ki, “kakos” adı ilə tanıdığı narkotik vasitədən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən müxtəlif vaxtlarda pul müqabilində alaraq istifadə etmişdir. Hadisə günü 27 iyun 2022-ci il tarixində saat 21:00-22:00 radələrində əvvəllər tanıdığı Əfsanə və Vəkilxan adlı şəxslərlə görüşüb və Vəkilxanın idarə etdiyi “Kia Rio” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə narkotik əldə etmək üçün gedən zaman, Nərimanov rayonu “Baksol” yolu küçəsi adlanan ərazidə marketin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşmış, üzərlərində narkotik vasitə olduğundan şübhələndiklərindən onları Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt Vəkilxanın idarə etdiyi avtomobildə narkotik vasitənin olduğunu bilməmiş, həmçinin nə hadisə vaxtı, nə də əvvəllər Vəkilxandan narkotik vasitəsi almamışdır. O, bildirmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, 28 iyun 2022-ci il tarixində polis əməkdaşlar tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları polis bölməsində ona şiddət və təzyiq göstərərək içərisində kakos olan bükümü onun üzərinə qoyaraq videoçəkiliş ilə axtarış apararkən özününmüş kimi təqdim etməsini və narkotik vasitəni Vəkilxandan 20 manat müqabilində öz istifadəsi üçün 28 iyun 2022-ci il tarixində aldığı barədə ifadə verməsini tələb etmişlər. Həmçinin ona bu formada demesinin Vəkilxanın xeyrinə olduğu bildirilmişdir. O, isə qorxduğundan onların tələb etdiklər kimi ibtidai istintaqa ifadə vermişdir. Həmçinin məhkəmənin sualına cavab olaraq o, bildirmişdir ki, polis əməkdaşlarından qorxub çəkindiyi üçün döyülməsi barədə heç bir quruma məlumat verməmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində kiçik inspektor vəzifəsində çalışır, polis serjantı rütbəsini daşıyır. 28 iyul 2022-ci il tarixdə saat 07:00 radələrində Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 3 ünvanın yaxınlığında 3 nəfər şəxsin “Kia Rio” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiklərini hərəkətlərindən və özlərini şübhəli aparmalarından şübhələnib onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib, onlara da özünü təqdim etməsini təklif etmişlər. Onların danışarkən suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmaqlarından şübhələnmişlər. Onlar həmin şəxsləri saxlayaraq Nərimanov Rayon Polis İdarəsinə gətirmişlər. Onların üzərində şəxsi axtarış və təhqiqat araşdırması aparılması üçün raportla idarənin rəhbərliyinə müraciət edilmiş, baş təhqiqatçı Sərraf Cəfərov, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl həmin şəxsə hüquq və vəzifələrini izah edib vəkil X5 dəvət etmiş və baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, da əynində olan şalvarın cibindən 01 ədəd bükülünü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünü açıb içərisinə baxdıqda içərisində həqiqətən də qəhvəyi rəngli, spesifik iyə malik toz halında olan maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi içərsində qəhvəyi rəngli, spesifik iyə malik toz halında kakos olan 01 ədəd bükülünü xx.xx.2022-ci il tarixdə Samedov Vəkilxan Gabil oğlundan avtomaşında 20 manata özü qəbul etmək üçün alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükülü zərfə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özümün iştirakı ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir şiddət və təzyiq olmamışdır. Məhkəmədə dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Samedov Vəkilxan Gabil oğlu ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Hadisə günü 28 iyun 2022-ci il tarixində axşam radələrində idarə etdiyi “Kia Rio” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs və X6 ilə birlikdə olarkən polis əməkdaşları tərəfindən narkotik vasitələlərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmışlar. Onlar polis əməkdaşlarına müqavimət göstərməmiş və polis idarəsinə getmişlər. O, bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onlarla birlikdə olsa da, onun üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs həmin vaxt ağrıları var idi, əgər üzərində narkotik vasitəsi olsaydı istifadə edərdi. Maşında narkotik vasitə olması barədə Təqsirləndirilən şəxs məlumatı olmamışdır. Nə əvvəllər, nə də hadisə günü Təqsirləndirilən şəxs narkotik vasitəsi satmamışdır. Məhkəmə iclasına əlavə şahid qismində dindirilməsi məqsədi ilə dəvət edilməsinə baxmayaraq məhkəmənin çağırışlarına gəlməyən və heç bir məlumat verməyən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir, o, nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6-7 ay olar ki, “kakos” adı ilə tanıdığı narkotik vasitə qəbul edir. İstifadə etdiyi narkotik vasitəni Səmədov Vəkilxan Qabil oğlundan pul müqabilində alaraq istifadə etmişdir. Səmədov Vəkilxan Qabil oğlunu kirayədə qaldığı köhnə məhlədən tanıyır. 28 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində tanışı Təqsirləndirilən şəxs ilə zəngləşib «Masazır dairəsi»ndə görüşüb, aralarında danışıblar ki, Vəkilxandan narkotik vasitə alıb qəbul etsinlər. X6 Vəkilxana zəng vurub demişdir ki, gəlib onları götürsün, gedib «mal» alsınlar. Vəkilxan telefon danışığı zamanı narkotik vasitəni tapmağa söz vermişdir. Vəkilxan idarə etdiyi “Kia Rio” markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobillə gəlib onları Xırdalan şəhəri, «Masazır dairəsi» adlanan ərazidən götürmüş, Rza ilə birgə Vəkilxanın avtomobili ilə “Koroğlu” metrostansiyası adlanan ərazinin qarşısına gəlmişlər. Daha sonra Nərimanov rayonu, «Baksol yolu» küçəsi istiqamətində gedərkən maşının içində sükan tərəfdən X3 Vəkilxana verdiyi 20 manat pulun müqabilində bir büküm narkotik vasitə olan (kakos) heroin vermişdir. Vəkilxan Oradan sürüb ünvan 4 ünvanda yerləşən “Arzu” marketin qarşısında saxlayıb dükandan su almaq istəyirdi ki, bu zaman mülki geyimdə olan, tanımadıqları 2 nəfər onlara yaxınlaşıb bir neçə dəqiqə onlarla danışandan sonra X3 və digər şəxslərin narkotik vasitə istifadə etməyindən və üzərində saxladığından şübhələndiklərini deyib onlarla Nərimanov Rayon Polis İdarəsinə getməyi xahiş etmişlər. X6, Rza və Vəkilxan həmin şəxslərlə Nərimanov RPİ-nə Vəkilxanın idarə etdiyi “Kia Rio” markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobillə getmişlər. Üzərində axtarış və götürmə aparılmasında iştirak etmələri üçün hal şahidləri dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuş və müdafiəçi dəvət edilmişdir. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. X6 28 iyun 2022-ci il tarixdə 20 manat pul müqabilində Vəkilxan adlı şəxsdən alaraq əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibinə qoyaraq özündə saxladığı, içərisində kakos adı ilə tanıdığı narkotik vasitə heroin olan 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü könüllü təqdim etmişdir. Narkotik vasitə heroin olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürülmüşdür. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 iyun 2022-ci il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində ünvan 5 ünvanın yaxınlığında üç nəfər şəxs “Kia Rio” markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobildə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş üç nəfər şəxslərdən biri olan Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etsin. Səmədov Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının qabaq sol cibindən siqaretin gümüşü kağız parçasına bükülmüş, içərisində toz halında, qəhvəyi rəngli, spesifik qoxuya malik maddə olan 01 (bir) ədəd bükülünü könüllü təqdim edib bildirdi ki, təqdim etdiyi həmin bükülünün içərisində “Kakos” adı ilə tanıdığı narkotik vasitə heroin var. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2022-ci il tarixli 6/3579 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 44 nömrəli dairəvi möhür əks olan, Təqsirləndirilən şəxs imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,225 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2022-ci il tarixli 6/3906 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi Tədqiqat Obyekti №59”- li ştamp əksi ilə möhürlənmiş paketdəki, vət. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə heroin, vət. Samedov Vəkilxan Gabil oğlunun üzərindən və onun idarə etdiyi avtomobildən götürülmüş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 29 iyun 2022-ci il tarixli 6/3579 saylı, Samedov Vəkilxan Gabil oğlunun üzərindən və onun idarə etdiyi avtomobildən götürülmüş heroinlərin təmiz çəkiləri 29 iyun 2022-ci il tarixli 6/3578 və 6/3576 saylı ekspert rəylərində göstərilmişdir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X8 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2022-ci tarixli, 3916 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 17 avqust 2023cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi 0,225 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış. Maddi sübüt kimi tanınan və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,145 qram narkotik vasitə olan heroin Nərimanov Rayon Polis İdarəsinə həvalə edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 29 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin 27 iyun 2022-ci il tarixdə saat 21:00-22:00 radələrindən 28 iyun 2022-ci il tarixdə saat 02:00-dək anten dairəsi barədə məlumatlar "xxxx" MMC-dən götürülməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 17:56 radələrində və 18:15 radələridə Bakı şəhəri, Nərimanov rayonu, 4 köndələn, küçə 3 ünvanında olması barədə telefon siqnalı mövcud olmuşdur. Məhkəmədə iclasında təqsirlədirilən şəxsin ifadəsinə əsasən, həmçinin şəxsin üzərinə axtarış keçirilməsinə dair videogörüntü tədqiq edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaqda hər hansı şiddət və döyülməyə məruz qalmasının araşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixində Nərimanov Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğuya xx.xx.2023cü il tarixli cavab məktubundan və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, Təqsirləndirilən şəxs polis idarəsinə dəvət edilən zaman üzərindəki geyim cırıq vəziyyətində olmuş, polis əməkdaşları tərəfindən şiddət və təzyiqlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyündən və təzyiqlərə məruz qaldığından etirafedici ifadələrə verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilibedilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini, heç bir xəsarət almadığını və polis bölməsində döyülmədiyini bildirmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş və 29 iyun 2023cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxsə polis bölməsində döyülərək və ona fiziki zor tətbiq edilərək özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqda hər hansı şiddət və döyülməyə məruz qalmasının araşdırılması üçün verilmiş sorğu əsasında Bakı şəhəri Nərimanov rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs polis idarəsinə dəvət edilən zaman üzərindəki geyimin cırıq olması, ekspertiza rəyinə əsasən hər hansı şiddət və təzyiqlərə məruz qalmaması müəyyən edilmiş və material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşları tərəfindən saxlanılma vaxtının xx.xx.2022-ci il tarixdə saat 07 radələrində deyil, 27 iyun 2022-ci il tarixdə 21:00-22:00 radələrində qeyd edilməsi ilə bağlı ifadəsinin özünü müdafiə xarakterli olması cinayət işinə əlavə edilmiş protokollarla, eləcə də məhkəmə istintaqı zamanı əldə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş çıxarışla, məhkəməyə dəvət edilmiş şahid ifadələri ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 iyun 2022-ci tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulan vəzifələri qoyur və CM-nin 52-1.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri qoya bilər. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (28-29 iyun 2022-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,145 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş iki ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 228.00 manat Təqsirləndirilən şəxs alınaraq X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, HesabN: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Bakı şəhəri “20 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-nin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 66 (altmış altı) iş saatına görə 396 (üç yüz doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “20 saylı” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (28-29 iyun 2022-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Baş Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,145 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 228,00 (iki yüz iyirmi səkkiz) manat təqsirləndirilən Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 66 (altmış altı) iş saatına görə 396 (üç yüz doxsan altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar