Məhkəmə qərarları › İş №1(005)-580/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-580/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-580/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Yardımlı rayonunun Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmış şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə, saat 18:32-də nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamə və BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «BYD F3» minik markalı, **-FS- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən köməkçi birinci hərəkət zolağı ilə saatda 40 kilometr sürətlə «20 Yanvar» dairəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2096 ünvanında yerləşən “Fab Boya” mağazasının yaxınlığında dairəvi hərəkət təşkil edilmiş yolayrıcında yolun solundan sağına doğru keçən xx.xx.1955-ci il təvəllüdlü piyada X8 avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Ulduz Əliyevin baş beynin ağır dərəcəli əzilməsi, beyinin mədəciklərinə və qişaları arasına qansızma, kəllə qapağı və əsası sümüklərinin kəllə əsasına keçən sınıqları, kəllə daxili hematoma, burun sümüklərinin, alt çənənin, soldan 9-10-11-ci qabırğaların qapalı sınıqları, sol bud və baldır sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınıqları, sol ayaq pəncəsinin, sağ baldırın sıyrılmış yaraları, sağ üst göz qapağının əzilmiş yarası kimi vurulmaya xarakterik xəsarətlər yetirib dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurması səbəbindən xx.xx.2022-ci il tarixdə, saat 07:00-da ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublıkası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə sürücülük vəsiqəsi almışdır. Elə həmin tarixdən avtomobil idarə edir. Özünə məxsus ağ rəngli “BYD F3” minik markalı, **- FS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 08:32 radələrində yuxarıda qeyd etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 yanvar metrostansiyası istiqamətində köməkçi yolla birinci zolaqla saatda 40 km sürətlə hərəkət edərkən Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 ünvanında yerləşən “Fab Boya” mağazasının yaxınlığında sola və geriyə dönmək üçün nəzərdə tutulan dairəyə çatmış, sola tərəf istiqamət götürüb dairənin ortasına çatan zaman ayrıcı zolaqda sol tərəfə üzü olan piyada qəflətən tələsik addımlarla yolun sağına doğru keçməyə başlamış o, piyadanı vurmamaq üçün əyləcə basaraq avtomobili dayandırmaq istəmişdir. Lakin məsafə yaxın olduğundan buna imkan tapa bilməmiş avtomobilin qabaq orta hissəsi ilə piyadanı vurmuşdur. O, idarə etdiyi avtomobili dərhal sağ tərəfə səkinin üzərinə çıxarıb saxlamış və yerə düşərək X16 Briqadasına zəng etmişdir. Vurduğu şəxsin yıxıldığı yerdən böyrü üstə düzəldib baş nahiyəsini əlləri ilə yerdən qaldırıb sabit şəkildə saxlamışdır. X16 Briqadası gəldikdən sonra həmin şəxsi, yəni X11 Tibbi Mərkəzi xəstəxanasına çatdırmışlar. Xəstəxanada həkimlər həmin şəxsə ilkin tibbi yardım göstərib xəstəxanaya yerləşdirmişlər. Həmin vaxtı Nərimanov RPİ-nin əməkdaşları hadisə yerinə gəlib çıxmışlar. Hadisə yerinə baxış keçirib protokol tərtib edilmişdir. Bundan başqa piyada yolu keçməyə başlayanda aralarında təxminən 3-4 metr məsafə olmuşdur. Hadisə zamanı idarə etdiyi ağ rəngli “BYD F3” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək olmuşdur. Hadisə zamanı özü hər hansı bir bədən xəsarəti almamışdır. Avtomobili idarə edən zaman spirtli içki qəbul etməmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 hüquqi varisi X10 bildirmişdir ki, X14 onun doğma qardaşıdır. X15 xx.xx.1955-ci il tarixdə Ağdaş rayonunun Pirkəkə kəndində anadan olmuşdur. Qardaşı Nərimanov rayonu ərazisində yerləşən Dərnəgül tikinti materiallarının satışı bazarında fəhləlik edib çörəkpulu qazanırmış. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində ona X15in Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 ünvanında yerləşən “Fab Boya” mağazasının yaxınlığında piyada yolu soldan sağa keçərkən onu həmin yol ilə hərəkətdə olan “BYD F3” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfi ilə vurduğunu məlumat vermişlər. Qardaşı aldığı xəsarətlərlə əlaqədar olaraq X12 Xəstəxanaya çatdırılmışdır. O, bu məlumatı eşidən kimi dərhal X12 xəstəxanaya gəlmişdir. Həkimlər ona ilk tibbi yardım göstərmişlər, lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdə qardaşı Ulduz xəstəxanada vəfat etmişdir. Bundan sonra onun tərəfindən qardaşı Ulduzun cənazəsi Məhkəmə Tibbi Ekspertizasının Nərimanov rayon şöbəsinə, oradan da qardaşının yaşadığı Ağdaş rayonunun Pirkəkə kəndinə gətirilmiş və orada dəfn edilmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs yaxın qohumları onlara gəlib baş sağlığı vermişlər. Ona görə də onun həmin sürücüdən heç bir şikayəti və tələbi yoxdur. Bundan başqa bildirmişdir ki, X15 heç vaxt ailə həyatı qurmamışdır və övladı yoxdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” 30 may 2022-ci il tarixli, 2/17817 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X5 tərəfindən etibar edilən Təqsirləndirilən şəxs 14 avqust 2020-ci il tarixdə “BYD F3” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etmək üçün etibarnamə verilmişdir. AB seriyalı, 983173 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BYD F3” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. “Şahidin ifadəsinin yerində yoxlanılması barədə” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:32 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 ünvanında yerləşən “Fab Boya” mağazasının yaxınlığında sola və geriyə dönmək üçün nəzərdə tutulan dairəyə (kruqa) çatmış, sola tərəf istiqamət götürüb dairənin ortasına çatan zaman ayrıcı zolaqda sol tərəfə üzü olan piyada qəflətən tələsik addımlarla yolun sağına doğru keçməyə başlamış o, piyadanı vurmamaq üçün əyləcə basaraq avtomobili dayandırmaq istəmişdir. Lakin məsafə yaxın olduğundan buna imkan tapa bilməmiş avtomobilin qabaq orta hissəsi ilə piyadanı vurmuşdur. O, idarə etdiyi avtomobili dərhal sağ tərəfə səkinin üzərinə çıxarıb saxlamış və yerə düşərək X16 Briqadasına zəng etmişdir. Vurduğu şəxsin yıxıldığı yerdən böyrü üstə düzəldib baş nahiyəsini əlləri ilə yerdən qaldırıb sabit şəkildə saxlamışdır. X16 Briqadası gəldikdən sonra həmin şəxsi, yəni X11 Tibbi Mərkəzi xəstəxanasına çatdırmışlar. Xəstəxanada həkimlər həmin şəxsə ilkin tibbi yardım göstərib xəstəxanaya yerləşdirmişlər. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. 03 avqust 2022-ci il tarixli, AZ - İİ seriyalı, 286800 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə baş beynin diffuz travmasından ölmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18 avqust 2022-ci il tarixli məktubundan görünür ki, X2 məlumatına əsasən, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “B,C” kateqoriyalı, AE 051357 seriya və nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixədək aktivdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 8/2331 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, 1.2. BYD F3 markalı, **-FS-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onu həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 13 avqust 2022-ci il tarixli, 88 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – baş beynin ağır dərəcəli əzilməsi, beynin mədəciklərinə və qişaları arasına qansızma, kəllə qapağı və əsası sümüklərinin kəllə əsasına keçən sınıqları, kəllə daxili hematoma, burun sümüklərinin, alt çənənin, soldan 9-10-11-ci qabırğaların qapalı sınıqları, sol bud və baldır sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınıqları, sol ayaq pəncəsinin, sağ baldırın sıyrılmış yaraları, sağ üst göz qapağının əzilmiş yarası həyati olub, xəstəxanaya daxil olmazdan az əvvəl bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol keçən zaman hərəkətdə olan avtomobilin vurması nəticəsində əmələ gələ bilərdi və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb – komatoz vəziyyətlə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 07:00-da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham verilməsi qərara alınmışdır. AE seriyalı, 051357 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 12 sentyabr 2022-ci il tarixli, 8/2331 nömrəli ekspert rəyindən görünür ki, BYD F3 markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı övladının olmasını (əsas: iş materiallarında olan AZ – İİ seriyalı, 616020 nömrəli, AZ – İV seriyalı, 682134 nömrəli və AZ – İİ seriyalı, 616019 nömrəli doğum haqqında şəhadətnamələrin surəti) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X7 hüquqi varisi X10 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 85,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri – 85,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar