Məhkəmə qərarları › İş №1(005)-60/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-60/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-60/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli və 01 azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-5/2023 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında parklanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Jeep Wrangler” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının kilidini vintaçanla açaraq avtomobilin salonundan 01 ədəd 1500 manat dəyərində “Teyes” markalı monitoru, 1 ədədinin qiyməti 200 manat təşkil edən 2 ədəd 400 manat dəyərində qaraj pultlarını, 01 ədəd 300 manat dəyərində “RayBan” markalı günəş eynəyini, 01 ədəd 200 manat dəyərində “Trussardi” markalı ətiri, 01 cüt 100 manat dəyərində “Kinetix” markalı kişi ayaqqabısını, 150 manat dəyərində “Nissan Micra” markalı avtomobilə məxsus pultu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2650 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus “Jeep Wrangler” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı pultla ünvan 2 ünvanında parklanmış Şahid1 adına rəsmiləşdirilmiş “Nissan Micra” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilin salonundan Şahid1 həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus 01 ədəd 1300 manat dəyərində “HP” markalı noutbuku, saxlanc yerindən 2450 manat nağd pulu, 01 ədəd 18 manat dəyərində “Samsung” markalı telefon üçün nəzərdə tutulmuş şarj alətini, 01 ədəd 50 manat dəyərində güzgü-monitoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3818 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işinə əlavə edilmiş protokollar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixə keçən gecə, təxminən saat 01-02 radələrində Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən binaların arasında gəzib oğurluq etmək üçün münasib maşın axtarmışdır. Bu vaxt “Wrangler” markalı avtomobili görüb onun qapsını özü ilə gətirdiyi vintaçanla açmış və salona daxil olduqda salondan 1 ədəd gün eynəyini, 1 ədəd ətiri, eləcə də avtomobilin monitorunu söküb oğurlamışdır. Bundan başqa avtomobilin salonunda olan başqa bir avtomobilə məxsus pultu da götürmüşdür. Daha sonra binaların arası ilə həmin pultu yoxlaya-yoxlaya gəzmiş, pultu vurduqda birdən binanın digər tərəfindən dayanmış Nissan Micra markalı avtomobilin qapısının açıldığını görmüşdür. Həmin avtomobilin salonundan 1 ədəd HP markalı noutbuk, 1 ədəd telefon şarj aləti və alın şüşəsinə quraşdırılmış güzgümonitorunu söküb oğurlamışdır. Oğurladığı HP markalı notutbuku “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən lombarda girov qoyub 420 manat pul götürmüşdür. “Wrangler” markalı avtomobilin monitorunu isə tanımadığı şəxsə satmışdır. Bundan başqa o bildirmişdir ki, “Nissan Micra” markalı avtomobildən 2450 manat pulu, həmçinin “Wrangler” markalı avtomobildəndə ayaqqabını oğurlamamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsələrə vurmuş olduğu maddi ziyanı qismən ödəmiş və barışıq əldə etmişdir. Əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində yuxudan durub işə hazırlaşmış və təxminən 06:45 radələrində işə getmək üçün evdən çıxmışdır. Maşına yaxınlaşanda avtomobilin salonunun dağılmış vəziyyətdə olduğunu görmüşdür. Maşına daxil olduqda başa düşmüşdür ki, naməlum şəxs maşının sağ qapısının klidini sındırıb salondan 1500 manat dəyərində 1 ədəd TEYES markalı monitor, ümumu dəyəri 400 manat təşkil edən 2 ədəd qaraj pultu, 150 manat dəyərində Nissan Micra markalı avtomobilə məxsus 1 ədəd pult, 300 manat dəyərində 1 ədəd RayBan markalı gün eynəyi, 200 manat dəyərində 1 ədəd Trussardi markalı ətir və 100 manat dəyərində 1 cüt Kinetix markalı kişi ayaqqabısını oğurlamışdır. Bundan başqa hadisə nəticəsində avtomobilin şüşəsini, salonda quraşdırılmış registratoru və sağ qapının kilidini sındırmışdır. Nəticədə şüşəyə görə 500 manat, registratora görə 150 manat, sağ qapının kilidinə görə isə 3000 manat ziyan dəymişdir. Hadisəni aşkar etdikdən sonra o, DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlib sənədləşdirdikdən sonra o, işə getmişdir. Təxminən saat 13 radələrində həyat yoldaşı Şahid1 ona zəng edərək bildirmişdir ki, onun idarə etdiyi Nissan Micra markalı, **-UH-*** dövlət nömrə nişanlı avtomobildən də oğurluq olmuşdur. Onlara məlum olmuşdur ki, onun maşınından oğurluq etmiş şəxs maşından götürdüyü pultla həyat yoldaşının idarə etdiyi maşının qapısını açaraq maşından 1300 manat dəyərində 1 ədəd HP markalı noutbuk, avtomobilin saxlanc yerindən 2450 manat nağd pul, 18 manat dəyərində Samsung telefonu üçün 1 ədəd şarj aləti oğurlanmışdır. O, işdə olduğu üçün həyat yoldaşı Aynur bu barədə polisə şikayət etmişdir. Onu da qeyd etmişdir ki, o, özü Naxçıvan MR-da qeydiyyatda olduğu üçün avtomobillərin ikisini də həyat yoldaşı Şahid1 adına almışdır. Faktiki olaraq isə hər iki avtomobil ona məxsusdur və baş vermiş hadisə nəticəsində maddi ziyan ona dəymişdir. O, verilən suallara cavab olaraq hadisə nəticəsində ümumilikdə 6.468 manat dəyərində əmlakının oğurlandığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən oğurlamış əşyalar ona qismən, 01 ədəd HP markalı noutbuk, 01 ədəd monitor və Nissan Micra markalı avtomobilə məxsus 1 ədəd pult geri qaytarılmışdır. Son olaraq o, təqsirləndirilən şəxs tərəfindən ona dəyimiş maddi ziyan tam şəkildə ödənilməsə də onunla barışdığını və ona qarşı hər hansı bir tələbi olmadığını, gələcəkdə də olmaycağını bildirmişdir. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində evdən çıxıb maşına yaxınlaşmış, maşını hərəkətə gətirib sürmək istədikdə baqajın açıq olması barədə işığın yandığını görmüşdür. Başa düşmüşdür ki, maşına kimsə müdaxilə etmişdir. Avtomobili saxlayıb diqqət etdikdə məlum olmuşdur ki, 1300 manat dəyərində 1 ədəd HP markalı noutbuk, avtomobilin saxlanc yerindən isə 2450 manat pul, 18 manat dəyərində Samsung telefonu üçün 1 ədəd şarj aləti və 50 manat dəyərində güzgü-monitor oğurlanmışdır. Onu da qeyd etmişdir ki, həmin 2450 manat pul yadınnan çıxıb maşının saxlanc yerində qalmışdır. O, idarə etdiyi avtomobildən oğurluq olduğunu anlayıb bu barədə Mehdiyə məlumat vermişdir. Daha sonra həmin gün işləri olduğundan polisə bu barədə məlumat verə bilməmiş və 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə 17-ci Polis şöbəsinə gedib hadisə barədə ərizə yazmışdır. O, verilən suallara cavab olaraq hadisə nəticəsində oğurlanan pul və əşyalar həyat yoldaşı Mehdiyə məxsus olduğunu və hadisə nəticəsində Mehdiyə maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının əvvəllərində tanışı Asim adlı şəxsin vasitəsilə Təqsirləndirilən şəxs ilə təsadüfən tanış olmuş, onunla aralarında normal münasibətləri olmuşdur. 2022-ci ilin dekabr ayının sonlarında təxminən günorta radələrində Neftçilər metrostansiyasının yaxınlığında avtomobildə olan zaman Asim adlı tanışı ona zəng vurub bildirmişdir ki, bir nəfər şəxs manitor satır, istəyib-istəməməyini soruşduqda o, da Asimə bildirmişdir ki, baxdıqdan sonra qiymətdə razılaşsaq ala bilər. Təxminən bir saat keçdikdən sonra Tural orada ona yaxınlaşıb, bildirmişdir ki, əvvəl idarə etdiyi avtomobilini satıbdır, həmin avtomobili satmazdan əvvəl üzərində olan özünə məxsus maqnitolaya çıxarıbdır, həmin maqnitolanı 100 manata satır. O, da həmin maqnitolaya baxmış, markasını xatırlamasa da maqnitola andiroid olmuşdur. Bundan sonra Turalla həmin maqnitolanı 80 manata razılaşıb almışdır. İmişli rayonunda avtomobilini ustaya göstərən zaman orada Şahid4 ilə təsadüfən tanış olmuşdur. Həmin zaman Qurban avtomobilində Turalın ona satdığı maqnitolanı görmüş, o, da Qurbana öz avtomobilinə düz gəlmədiyi üçün maqnitolanı qoşdura bilmədiyimi demişdir. Qurban da həmin maqnitolanı öz avtomobilinə qoymaq üçün satmağını istəmiş, bundan sonra Qurbanla 130 manata razılaşmış və Qurbana həmin maqnitolanı 130 manata satmışdır. O, verilən suallara cavab olaraq Tural ona maqnitolanı satarkən həmin maqnitolanın özünə məxsus olduğunu dediyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq iş üzrə digər şahidlər Şahid2 və X3 məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişlər. Şahid2 və Şahid4 ibtidai istintaqda verdiyi ifadələri elan edilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2022-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında ona məxsus avtomobildə oğurluq hadisəsinin olması barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin məlumat vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2022-cü il tarixli ərizədən görünür ki, Şahid1 yaşadığı evin yaxınlığında ona məxsus avtomobildə oğurluq hadisəsinin olması barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-cü il tarixli protokoldan, foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs qarşı oğurluq hadisəsi Nərimanov rayon, F.Yusifov küçəsi, ev 47 saylı binanın qarşısında baş vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Şahid1 tərəfindən Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Şahid1 avtomobilində oğurluq olması faktı ilə etdiyi müraciətində qeyd edilən avtomobil və pul onun həyat yoldaşına məxsusdur və yoldaşının zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Məhkəmədə tədqiq olunan Baş Cinayət Axtarış İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə başlanılmış ********* saylı cinayət işi üzrə təqsirli bilinərək Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş tədbirlər nəticəsində, onun 2022-ci ilin dekabr ayının axırlarında saat təxminən 04 radələrində, Nərimanov rayonu ərazisində yerləşən «Nənəmin təndiri» çörək sexinin arxa tərəfində olan beş mərtəbəli binanın qarşısında dayanmış «JEEP VRANGLER» və həmin binanın yan tərəfində dayanmış ağ rəngli «Nissan Micra» markalı avtomaşınların salonlarından oğurluq etməsi ilə əlaqədar cinayəti könüllü etiraf etmə» barədə alınmış ərizəsi barədə məlumat verilmişdir. Məhkəmədə tədqiq olunan İfadənin yerində yoxlanılması haqqında 04 fevral 2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanı yaxınlığında törətmiş olduğu cinayət əməlini ilə bağlı ifadə verərək bir daha cinayət törətdiyini təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi Binəqədi Rayon Polis İdarəsinin İŞ-ə göndərilmiş, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla istintaqı davam etdirilməsi üçün yenidən Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq Şöbəsinə qaytarılmışdır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərarın 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır və təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbiri seçilməmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-5/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 04 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” qərarın 10-cu bəndindən aydın olur ki, 1 ədəd HP markalı notbukun, 1 ədəd mousun, 1 ədəd adapterin, 1 ədəd notbuka aid çantanın və 1 ədəd Teyes markalı mantorun maddi sübut kimi tanınmaları və saxlanılması üçün sahibinə qaytarılmaları, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi əşyaların Lombarda girov qoyması barədə tərtib edilmiş sənədlər maddi sübut hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-37/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilməklə, 01 il, 06 ay müəddətinə nəqliyyat vasitələrindən idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-367/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4, 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-37/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən (əlavə cəza tam) toplanılmış və qəti olaraq ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-367/2021 saylı hökmü ilə 01 il 09 ay müddətinə azadlıqdan məhurumetmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən 06 ay müddətinə azaldılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-367/2021 saylı hökmü ilə təyin edilmiş və cəzasının çəkilməmiş qalan 05 ay, 19 gün müddətindən şərti vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan qismən ödənilmişdir. Həmçinin təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansısa bir tələbi yoxdur, gələcəkdə də olmaycaqdır. Məhkəmədə tədqiq edilən AZ-İV № 325407 X1 görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cü il təvəllüdlü Salahova Nilay adlı azyaşlı övladı vardır. AZ-İİ № 234255 nömrəli X2 görünür ki, Təqsirləndirilən şəxs atası X4 xx.xx.2022-cü il tarixdə ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, törətmiş olduğu əməli könüllü şəkildə etiraf etməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı hər hansısa bir şikayətinin olmamasını, himayəsində 01 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-367/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 ay, 19 gün müddətindən şərti vaxtından əvvəl azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Buna görədə hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətmiş cinayət əməlinə görə barəsində dəfələrlə azadlıqdan məhrumetə cəzasının təyin edilməsinə baxmayaraq, məhkum cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymamışdır. Həmçinin bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və əvvəllər ona təyin edilmiş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində “Nissan Micra” markalı avtomobildən 2450 manat pulu, həmçinin “Wrangler” markalı avtomobildən ayaqqabını oğurlamaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadəninin özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-474/2023 saylı məhkəmə hazırlıq iclasının nəticələrinə dair qərar ilə həbs qətimkan tədbiri seçildiyi vaxtdan yəni xx.xx.2023cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxsə məxsus 1 ədəd HP markalı notbukun, 1 ədəd mousun, 1 ədəd adapterin, 1 ədəd notbuka aid çantanın və 1 ədəd Teyes markalı mantitorun maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə qaytarılması, həmçinin Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi əşyaların Lombarda girov qoyması barədə tərtib edilmiş sənədlər maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş «Femida»Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 1(005)-474/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxsə məxsus 1 ədəd HP markalı notbukun, 1 ədəd mousun, 1 ədəd adapterin, 1 ədəd notbuka aid çantanın və 1 ədəd Teyes markalı mantitorun maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə qaytarılması, həmçinin Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi əşyaların Lombarda girov qoyması barədə tərtib edilmiş sənədlər maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar