Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-62/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə saat 13:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə eldiyi “Daevoo Nexia” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona yol verməməsini cüzi bəhanə gətirərək, ünvan 1 ünvanın qarşısında yolun ortasında avtomaşını saxladıb çox sayda insanların toplaşmasına və nəqliyyat vasitələrinin intensiv hərəkətinə maneə yaranmasına məhəl qoymayaraq heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən Zərərçəkmiş şəxs avtomobilinin salonunun qabaq oturacağında olan mobil telefonu silah qismində istifadə edərək sonuncunun sifət nahiyəsinə qəsdən çırpmaqla ona sol göz qapaqlarının və göz almasının kontuziyası ilə müşayiət olunan, sol göz qapaqlarının və göz ətrafı yumşaq toxumaların şişkinlik halında əzilmiş-hematoması, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 13 aprel 2021-ci il tarixdə Nərimanov rayon polis idarəsinə müraciət edərək ərizəsində göstərmişdir ki, 13 aprel 2021ci il tarixdə saat 13 radələrində idarə etdiyi «Daevoo Nexia» markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomaşınla Nərimanov rayonu, Azadlıq prospekti 130 ünvanında hərəkətdə olduğu zamanı «Toyota Prius» markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol boyu onu sıxdığı üçün aralarında sözlə mübahisə yaranmış, bu zaman həmin şəxs maşının qapısının şüşəsinin açıq olmasından istifadə edərək qabaq sağ oturacağın üzərində olan ona məxssu mobil telefonu onun üzərinə ataraq ona xəsarət yetrimişdir. Həmin müraciət üzrə araşdırmanın aparılması rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Namiq Salmanova həvalə edilmişdir. 16 aprel 2021-ci ildə toplanmış material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmiş və araşdırmanın aparılması şöbənin müstəntiqi Hüseyn Nuriyevə tapşırılmışdır. Müstəntiq hadisə ilə bağlı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs izahatlarını və təyin etdiyi məhkəmə tibbi ekspertizasının rəyini alaraq 24 aprel 2021-ci il tarixdə müraciətlə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Müstəntiq öz qərarını onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs göstərdikləri yalnız öz ərizə və izahatları ilə təsdiq edilir, lakin materialda digər sənədlərlə öz təsdiqini tapmır. Ekspert rəyində göstərilən xəsarətlərin Zərərçəkmiş şəxs məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dəlalət etmir. İttihamın sübut olunmasında yaranmış şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və təqsirləndərilən şəxsin xeyrinə həll edilir. 09 iyun 2021-ci il tarixdə həmin qərar rayon prokurorunun müavini Elgiz Qənizadə tərəfindən ləğv edilərək, tərəflər arasındakı mübahisənin şəxsi münasibətlər zəminində baş verdiyi qənaətinə gəlinərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün rayon polis şöbəsinin istintaq şöbəsinə göndərilmiş və iş üzrə istintaqın aparılması eyni material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş şöbənin müstəntiqi Hüseyn Nuriyevə tapşırılmışdır. Bununla da, müstəntiqə və təhqiqatçıya etirazın nəzərdə tutulduğu Azərbaycan Respublikası CPM-nin 113-cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, həmin məcəllənin 113.1-cü maddəsində göstərilir ki, müstəntiqə və ya təhqiqatçıya etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Nəzərə almaq lazımdır ki, CPM-nin 113-cü maddəsində 109.1-ci maddəsində göstərilənlərlə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Lakin yeganə istisna prokurora münasibətdə məhz 109.1.6-cı maddə təşkil etmişdir. Həmin məcəllənin 113.3-cü maddəsinə görə bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, müstəntiq və ya təhqiqatçı özüözünə etiraz etməlidir. CPM-nin 113.4-cü maddəsində isə müstəntiqə və ya təhqiqatçıya etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilməsi nəzərdə tutulmuşdur. CPM-nin 109.1-ci maddəsində göstərilir ki, hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun. Həmin əsaslar CPM-nin 109.1.1-109.1.8-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin məcəllənin 109.1.1-109.1.5, 109.17, 109.1.8-ci maddələrində nəzərdə tutulan əsaslara görə müstəntiq Hüseyn Nuriyev cinayət prosesində müstəntiq qismində iştirakını istisna edən hallar yoxdur. Lakin CPM-nin 109.1.6-cı maddəsinə görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş Hüseyn Nuriyev tərəfindən cinayət işi başlandıqdan sonra özü-özü etiraz edilməli idi və ona etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilməli idi. Çünki CPM-nin 109.1.6-cı maddəsinə görə hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir) hakimin cinayət prosesində iştirakı istisna olunur. Yəni bu o, deməkdir ki, müstəntiq ibtidai araşdırmanın ilkin araşdırma mərhələsində eyni material üzrə araşdırma apardıqda, onun cinayət işi üzrə ibtidai istintaq aparmasına qanun icazə vermir. Konkret halda Hüseyn Nuriyev eyni məsələ ilə bağlı iki müxtəlif qərar qəbul edir. Hər iki qərar eyni materiallara əsaslanır. O, ilkin araşdırma zamanı müraciət müəllifi olan Zərərçəkmiş şəxs, şikayət olunan Təqsirləndirilən şəxs izahatlarına, 14 aprel 2021-ci il tarixli, 219 nömrəli məhkəmə tibbi ekspertizasına əsaslanaraq cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edir, cinayət işinin istintaqı zamanı eyni materiallara, yəni yenə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ifadələrinə və eyni məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanaraq Təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edir. İstintaq zamanı edilən yeganə əlavə istintaq hərəkəti zərərçəkmişin ifadəsinin yerində yoxlanılması və iş üzrə əslində qanunla sübut kimi qəbul edilməsinə yol verilməyən Nərimanov Rayon polis idarəsinin 16-cı PB-nin sahə müvəkkili Şahid ifadəsi alınmışdır. Çünki həmin şəxs hadisənin şahidi olmamış və ifadəsində üçüncü şəxslərin sözlərinə əsalanmışdır. CPM-nin 126.3-cü maddəsinə görə isə şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Buna baxmayaraq göstərilən şəxsin ifadəsi təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut kimi ittiham aktında göstərilmişdir. Sonda cinayət işi üzrə ittiham aktı tərtib edir və iş baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilir. Belə bir misal çəkmək yerinə düşər. Apellyasiya məhkəməsində işə baxaraq qərar qəbul etmiş hakimin qərarı (hətta tərkib) Ali Məhkəmə tərəfindən ləğv olunaraq əlavə baxışa göndərildikdə işə baxılması başqa tərkibə tapşırılır. Hətta elə hallar mümkündür ki, bir neçə dəfə iş əlavə baxışa qaytarıldıqda Apellyasiya Məhkəməsinin digər kollegiyalarının hakimləri həmin işə baxır. Eyni qayda məhkəməyədək icraat zamanı tətbiq olunur. Bütün bünlar o, deməkdir ki, müraciət üzrə ilkin araşdırma apararaq cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş Hüseyn Nuriyev tərəfindən ibtidai istintaq mərhələsində iş üzrə istintaq aparıla bilməzdi. Bundan əlavə, Təqsirləndirilən şəxs müdafiə hüquqları pozulmuşdur. Belə ki, ona öz müdafiə hüquqlarını həyata keçirmək üçün kifayət qədər vaxt və imkan verilməmişdir. Ona 05 oktyabr 2021-ci il tarixdə ibtidai istintaqın qurtarması barədə məlumat verilmiş və ona öz müdafiəsni qurmaq üçün vaxt veriləmyərək növbəti gün istintaq materialları tanış olmaq üçün ona təqdim olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs orta məktəbdə rus dilində təhsil almış və Azərbaycan dilində olan bəzən müəyyən ifadələri başa düşməkdə çətinlik çəkir. Ona tərcüməçi təyin olunmamaqla müdafiə hüququ pozulmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq və öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq hüquqlarına malikdir. Lakin göründüyü kimi, Təqsirləndirilən şəxs müdafiə hüququ da əhəmiyyətli dərəcədə pozulmuşdur. Bundan başqa, cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin və müdafiəçinin tanış olması barədə 06 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə 06 oktyabr 2021-ci ildə saat 10.20-dən saat 12.25-dək 116 vərəqədən ibarət cinayət işinin materilları ilə tanış olmuş və təqsirləndirilən şəxs cinayət işi üzrə icraata xitam verilməsi barədə şifahi vəsatət vermişdir. Həmin protokolda göstərilir ki, müdafiəçi X1 aşağıdakı məzmunda şifahi vəsatət vermişdir. Lakin həmin vəsatətin nədən ibarət olması yazılmamışdır. Bu hal təqsirləndirilən şəxsin müdafiə hüqununun pozulmasının bariz nümunəsidir. Eyni zamanda, elan edilmiş ittihamda özünü təqsirli bilməyən təqsirləndirilən şəxsin səmərəli müdafiəsinin həyata keçirilməsi təmin edilməmişdir. Qeyd kdildiyi kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs rus dilində təhsil almış və azərbaycan dilində öz fikirlərini bəzi hallarda dəqiq ifadə edə bilmir və müəyyən terminlərini, ifadələri başa düşmür. Onun barəsində olan cinayət işi üzrə ittiham aktı onun daha yaxşı başa düşdüyü dildə və eyni zamanda kirill əlifbası ilə verilməmişdir. Beləliklə, cinayət işi üzrə istintaq özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılmış, təqsirləndirilən şəxsə ittiham aktı bildiyi dildə tərcümə olunmuş halda və kirill qrafikalı əlifba ilə verilməmiş, təqsirləndirilən şəxs cinayət işinin materilları ilə tanış olması zamanı CPM-nin tələbləri pozulmuş, ona müdafiəsini hazırlmaq və həyata keçirmək üçün kifayət qədər vaxt və imkan verilməmiş, müdafəçinin vəsatətinin iş materilları ilə tanış olma barədə protokola qeyd edilməməklə təqsirləndirilən şəxsin müdafiə hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur. Bütün bu hallar cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq üçün kifayət qədər əsas verir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlə məkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını zərurəti yaranmışdır. Belə ki, cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin izahatından da görünür ki, şəxs rus dilində təhsil almışdır. Buna görə də cinayət mühakimə icraatının aparıldığı dili tam başa düşmür. Cinayət işinin materiallarından da göründüyü kimi ibtidai istintaq zamanı şəxs tərcüməçi ilə təmin olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin ibtidai istintaqı həyata keçirən müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətə münasibətdə bildirmişdir ki, qeyd edilən vəsatət Təqsirləndirilən şəxs icraatın aparıldığı dili bilməməsi və tərcüməçi ilə təmin olunmaması hissəsində əsaslıdır. Lakin, ibtidai istintaqın öz-özünə etiraz etməli şəxs tərəfindən aparılmasına dair hər-hansı pozuntu mövcud deyil. Hazırki halda ibtidai araşdırmanı həyata keçirən müstəntiq öz-özünə etiraz edilməli şəxslərin dairəsinə aid edilə bilməz. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs vəsatətlərin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən verilmiş vəsatətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, ibtidai istintaq zamanı onun hüquqları əsaslı şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılmalıdır. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nuriyev tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı CPM-in tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Belə ki, məhkəmə ilk növbədə hesab edir ki, istintaq orqanı məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnu pozmaqla və təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətini verməməklə kobud pozuntu hesab edilən nöqsanlara yol vermişdir. İş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan dilində danışa bilsə də, orta məktəbi rus dilində bitirmişdir. Bu səbəbdən də Azərbaycan dilində olan bəzi çətin sözləri başa düşmür, xüsusən də Azərbaycan dilinin latın qrafikasında olan təzə hərfləri dəqiq seçə və oxuya bilmir. Belə olan halda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayət prosesinə cəlb edildiyi andan tərcüməçi ilə təmin edilməli olduğu halda tərcüməçi ilə təmin olunmamış, sonrakı mərhələdə, yəni təqsirləndirilən şəxsi iş materialları ilə tanış etmə və ittiham aktının təsdiq edilməsi və təqsirləndirilən şəxsə təqdim olunması mərhələsində Təqsirləndirilən şəxs cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuş və ittiham aktının, onun başa düşdüyü dilə tərcümə olunmuş nüsxəsi ona təqdim olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı 12 oktyabr 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Eyni tarixli məktub və ona əlavə edilmiş qəbzlərdə cinayət işinin məhkəməyə göndərilməsi barədə təqsirləndirilən şəxsə və müdafiəçisinə məlumat verilməklə ittiham aktının təsdiq edilmiş surətinin onlara təqdim edildiyi göstərilsə də, lakin ittiham aktı təqsirləndirilən şəxsin başa düşdüyü dilə tərcümə olunaraq ona təqdim edilməmişdir. Başqa sözlə, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan dilinin kiril qrafikasına çevrilmiş ittiham aktının surətinin Təqsirləndirilən şəxs verilməsini təsdiq edən sənədlər, kiril qrafikasına çevrilmiş ittiham aktının təqsirləndirilən şəxs tərəfindən alınmasını təsdiq edən qəbzlər və kiril qrafikasına çevrilmiş ittiham aktının surəti cinayət işinin materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək və ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Həmin Məcəllənin 91.5.11, 95.5.12-ci maddələrinə əsasən ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək təqsirləndirilən şəxsin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 292.4-cü maddəsinə əsasən cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ibtidai istintaq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə aparılmışdır. Belə ki, təqsirləndirilən şəxsin tərcüməçi ilə təmin edilməməsi və qətimkan tədbirinin seçilməsi barədə qərarın, başqa yerə getməmək haqqında iltizamın və digər mühüm prosessual sənədlərin təqsirləndirilən şəxsin başa düşdüyü dilə tərcümə olunmaması həmin sənədlərin formal olaraq imzalandığını təsdiq edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs iş materialları ilə formal olaraq tanış olsa da, həmin sənədlərin məzmununu başa düşmədiyi üçün müdafiə imkanından da məhrum olmuşdur. Başqa sözlə, məhkəməyədək icraat zamanı istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin mühüm prosessual hüququ olan müdafiə hüququ pozulmuşdur. Nəzərə alınmalıdır ki, müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlara dair məlumatlanmaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar tərcüməçi ilə təmin olunmaq hüququ ilə əlaqəli olduğundan həmin hüququn pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəməyədək icraatı öz-özünə etiraz etməli olan şəxs tərəfindən aparılmışdır ki, bu da mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Belə ki, cinayət işinin 1-2-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsinə dai qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nuriyevin 29.04.2021-ci il tarixli qərarının əsasız və qanunsuz olduğuna görə ləğv edilməsi və fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması, cinayət işinin ibtidai istintaqın aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 26-28-ci vərəqələrində olan Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nuriyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Cinayət işinin 35-36-cı vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Hüseyn Nuriyev tərəfindən qəbul edilmiş “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına qəbul edilməsi və ibtidai istintaqın aparılması qərara alınmışdır. Göründüyü kimi, hazırkı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nuriyev tərəfindən cinayət işinin başlanması rədd edilmiş, qeyd edilən qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilərək cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, daha sonra qeyd edilən cinayət işi müstəntiq Hüseyn Nuriyev tərəfindən icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. CPM-in: 109.1.2-ci maddəsinə əsasən hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda hakimə etiraz əsaslı sayılır. 109.1.6-ci maddəsinə əsasən hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etməsi (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir) hakimə etiraz üçün əsaslardan biri hesab olunur. CPM-in 113.1-ci maddəsinə əsasən müstəntiqə və ya təhqiqatçıya etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. CPM-in 113.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, müstəntiq və ya təhqiqatçı özü-özünə etiraz etməlidir. Beləliklə, CPM-in 109.1.6-cı maddəsinin məhkəməyədək icraat zamanı mövcud olan münasibətlərə tətbiqinə dair həmin Məcəllənin 113.3-cü maddəsində imperativ norma nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunvericiliyin tələbinə əsasən hakimlə yanaşı müstəntiq və ya təhqiqatçı cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında əvvəllər iştirak etdikdə özü-özünə etiraz etməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ibtidai istintaqı aparmış Nərimanov RPİnin İŞ-nin müstəntiqi Hüseyn Nuriyev cinayət işinə baxılması üçün lazımi səlahiyyətlərə malik olmadığından özü-özünə etiraz etməli olduğu halda bunu etməyərək cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və digər prosessual hərəkətləri aparmaqla CPM-in tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə, qeyd edilən xüsusatları nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.2, 303.3.3 və 303.3.7-ci maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (sübutların mümkünlüyü). İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125-ci maddəsi). Digər tərəfdən, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə müəyyən istintaq hərəkətləri aparılaraq sübutlar toplanmış olsa da, sonuncu barəsində aparılan istintaq, prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən həyata keçirildiyindən iş üzrə aparılmış istintaq hərəkətləri sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı CPM-in yerinə yetirilməsi məcburi olan imperativ tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb olur (CPM-in 9.2-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir; 303.3.2, 303.3.3, 303.3.7-ci maddələrinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması, məhkəməyədək icraatın etiraz edilməli və ya özüözünə etiraz etməli olan şəxs tərəfindən aparılması, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi kobud pozuntular hesab olunur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs tərcüməçinin köməyindən istifadə etmək hüququnun təmin olunmadığı və ittiham aktının tərcümə olunmuş (kiril qrafikasına çevrilmiş) nüsxəsinin təqdim olunmadığı, həmçinin cinayət işinin materiallarına əlavə edilmədiyi, bununla da onun ibtidai istintaq zamanı cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilmişdir. Həmçinin, cinayət işi üzrə məhkəməyədək icraat özü-özünə etiraz etməli şəxs tərəfindən aparılmışdır. Bu da Azərbaycan Respublikası CPM-nin 303.3.2, 303.3.3 və 303.3.7-ci maddələrinin tələbləri üzrə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsas yaratmışdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, müstəntiq tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 300.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı məhkəmə, məhkəməyədək icraat zamanı həmin məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qənaətinə gəlindiyindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş ibtidai istintaqı həyata keçirmiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına dair qərar çıxarır. Qətimkan tədbirinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Hazırda həmin qərarla təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi üçün müəyyən olunmuş əsaslar, həmçinin CPM-in 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar aradan qalxmadığından, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatətlər təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-62/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-62/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver