Məhkəmə qərarları › İş №1(005)-62/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-62/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-62/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qohumu Şahid1 xx.xx.2024-cü ildə tanışı «Lite» aptekinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə tədarük etdiyi tibbi ləvazimatların pulunun ödənilməməsi səbəbindən mübahisə edərkən Zərərçəkmiş şəxs onun və nəslinin ünvanına nalayiq söyüş söyməsini özünə edilmiş söyüş kimi qəbul edib barışmazlıq göstərərək, həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxsla Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli və Mirəli Qaşqay küçələrinin kəsişmələrində yerləşən «Bakı sağlamlıq» mərkəzinin yaxınlığında görüşüb yaranmış mübahisəli münasibətlərə aydınlıq gətirərkən qəsdən onu əli və ayağı ilə döyərək Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə nəzərdə tutulan nəticələrə səbəb olmayan sağ qulaq sırğalığının əzilmiş cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sol diz oynağının ön səthinin sıyrığı kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan və sifətin sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-alt çənə sinirinin qopması və dişlərin travmatik laxlaması ilə müşayiət olunan alt çənə sümüyünün sol yarısının qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qohumu Şəhriyar tibbi ləvazimatların satışı ilə məşğul olur. Onun tibbi ləvazimatlar satdığı şəxslərdən biri də «Lite» aptekinin müdiri Zərərçəkmiş şəxsdur. xx.xx.2024-cü ildə o, Şəhriyar və ailə üzvləri evdə olarkən Şəhriyarın Elvinlə səsli mesajla danışdıqlarını, Şəhriyar mesajı qəbul edərkən Elvinin onun və nəslinin ünvanına nalayiq söyüşlər işlətdiyini eşitmişdir. Elvin hətta onun torpağına da söyüş söymüşdür. Onlar Şuşa şəhərindəndirlər. Şuşanın azad edilməsi üçün çoxlu sayda şəhid olmuşdur. Elvin Şəhriyarı münasibətlərinə aydınlıq gətirmək üçün işlədiyi aptekə gəlməsini tələb edirdi. Şəhriyar təxminən saat 22-23 radələrində Elvinlə görüşmək üçün öz avtomobilində yola düşmüşdür. O da Şəhriyar tək getməsin deyə, öz avtomobilində onun avtomobilinin arxasınca yola düşmüşdür. Avtomobilləri «Bakı Sağlamlıq Mərkəzi» hospitalının yaxınlığında saxlamışlar. Onlar ora çatanda Şəhriyarın tanışı Tərlan da gəlmişdir. Aptekə tərəf piyada hərəkət edərkən və hospitaldan çıxan tanışı Anarı görmüşdür. Onun yanında tanımadığı bir neçə nəfər olmuşdur. Anarla görüşüb və yolu gedə-gedə söhəbt etmişlər. Anar ona «sən hara, bura hara» sualını verəndə, bir nəfərlə görüşəcəyini demişdir. Onlar söhbət edə-edə yolu keçmişlər. Anarın tanışları da onun arxasınca yolu keçmişdilər. O, Şəhriyara orada qalmasını özünün Elvinlə söhbət edəcəyini demişdir. Tanışı Anar, onunla olan şəxslər və Şəhriyar orada qalmışdılar. Daha sonra o, Elvinlə birlikdə hospitalın yan tərəfinə keçmişlər. Həmin yerə heç kimin olmamasına görə getmişlər. Hospitalın arxasında dayanmış və o, Elvinə sakit danışmağı təklif etmişdir. Elvin isə ona «gəl görüm nə deyirsən»-cavab vermişdir. O, Elvinə «əgər Şəhriyarla mübahisən varsa, onu söy, niyə nəslini söyürsən. Sənin söyüşlərini ailə üzvləri eşitdi» deyə bildirmişdir. Elvin Şəhriyarın ona qarqış etməsini, ona görə yaxşı edib söyməsini demişdir. Onun bu sözlərindən sonra əlinin içi ilə onu vurmuş, Elvin yerə yıxılmış və tez ayağa qalxmışdır. Bu an Şəhriyar və post patrul xidmətinin əməkdaşları gəlmiş, onu və Şəhriyarı polisə aparmışlar. Orada sorğu-sual aparılmış, Elvindən ərizə alınmış bundan sonra buraxılmışlar. Sonda Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurduğu ziyanı tam olaraq ödəməsini söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, aptekdə müdir vəzifəsində işləyir. Aptek ayrı-ayrı vətəndaşlardan tibbi avadanlıq alıb satışı ilə məşğul olur. Vətəndaşlar tərəfindən satış üçün təqdim olunan tibbi avadanlıqları özü qəbul edir. 29 yanvar 2024-cü ildə aptekə Şəhriyar tərəfindən tibbi avadanlıq gətirilmişdir. Həmin tibbi avadanlıqları özü qəbul etmədiyi üçün nədən ibarət olmasını və sayını dəqiq bilməmişdir. Hadisə olana qədər ona heç kim müraciət etməmiş və satış üçün təhvil verdiyi tibbi avadanlığa görə hər hansı narazılığını bildirməmişdir. 31 yavar 2024-cü ildə iş yerində olarkən Şəhriyar tərəfindən onun «WhastApp»ına «bir də sizə mal verməyəcəyəm, nə qazanırsız dərmana xərcləyəsiniz, haramınız olsun» məzmunlu mesaj göndərilmişdir. O da öz növbəsində Şəhriyara «şərəfsiz, niyə qarqış edirsən» cavabını yazmışdır. Həmin şəxs cavabında bütün əməkdaşların ünvanına nəlayiq və təhqiramiz ifadələrlə səsli mesaj göndərmişdir. Bundan sonra həmin şəxs əlavə yazaraq gəlib söhbət edəcəyini, münasibətlərə aydınlıq gətirəcəyini bildirmişdir. O isə Şəhriyara «gəl söhbət edək» yazmışdır. Təxminən saat 21-22 radələrində iş yerində olarkən tanımadığı şəxs aptekə daxil olub ona yaxınlaşmış və «Şəhriyar gəlib səni aptekin qarşısında gözləyibdemişdir. O, həmin şəxsə işini qurtarıb çıxacağını söyləmişdir. Aptekdə işini qurtardıqdan sonra aptekdən çıxanda təxminən 10 nəfərdən çox şəxsin onu gözlədiklərini görmüşdür. İlk olaraq onlardan biri sonradan adının Ağa olduğunu bildiyi şəxs yaxınlaşıb Şəhriyarın qardaşı, Sumqayıt uşağı olduğunu bildirib onunla söhbət etmək istədiyini bildirərək «Bakı sağlamlıq» mərkəzi istiqamətinə getməyi təklif etmişdir. Onlar həmin mərkəzin sağ tərəfinə çatdıqdan sonra Ağabala ondan nə üçün nəslini söydüyünü soruşmuşdur. O isə ona söyüş işlətmədiyini bildirmiş və söhbət edərkən Ağabala adlı şəxs yaxınlıqda dayanmış vəziyyətdə olan «Mercedes» markalı avtomobilin qapısını açaraq avtomobilin salonundan qabaq hissədən görmədiyi hansısa predmet götürmüş və söhbəti davam etdirərkən Ağabala ilə gələn digər şəxslər də artıq onlara yaxınlaşmışdılar. Bu an tanımadığı uzun saqqalı olan və özünü ağsaqqal kimi təqdim edən şəxs söhbətə müdaxilə etmiş və nəlayiq söyüşlərlə danışmağa başlamışdır. Həmin şəxsə cavab vermək istəyən an Ağabala çənə və sifətinin digər nahiyələrindən zərbələr endirmişdr. Zərbənin təsirindən o yerə yıxılmış və yıxılan kimi qalan şəxslər də ona hücum edib, təpiklə zərbələr endirməyə başlamışlar. O, ayağa qalxanda Post Patrul Xidmətinin əməkdaşları avtomobildə yaxınlaşıb və iki nəfəri saxlamış, qalan şəxslər avtomobillərinə oturub qaçmışlar. Münaqişə təxminən 1-2 dəqiqə davam etmiş və ətrafa kənar şəxslər toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisi və direktorudur. Müəssisənin əsas fəaliyyəti topdan satışdır. Müəssisə həm də tibbi ləvazimatların satışı ilə məşğul olur. Tibbi ləvazimatlar Azərbaycan Respublikasında fəaliyyət göstərən apteklərə və aptek depolara satılır. Rəhbərlik etdiyi müəssisədən «Lite» aptekinə də tibbi ləvazimatlar satılmışdır. Həmin aptekin müdri kimi Elvini tanımışdır. 31 yanvar 2024-cü ildə evdə ailə üzvləri ilə və qonaqları ilə olarkən Elvin «Whats App» proqramı vasitəsi ilə zəng edib «sənə mal sifariş vermişəm, nə üçün bu vaxta qədər gətirməmisən»-deyə bildirmişdir. O, Elvinə xx.xx.2023-cü ildə sifarişin yerinə yetirildiyi barədə məlumat vermişdir. Bu sözdən sonra Elvin telefonu qapamış və bir neçə dəqiqədən sonra yenidən zəng edib 6000 manat yox, 5500 manat dəyərində mal verilməsini demişdir. O isə «haramçılıq etməyin, kim mənim haqqımı yeyirsə haramı olsun, dərmana xərcləsin»-deyə cavab vermişdir. Bu sözlərdən sonra Elvin onun nəslinin ünvanına və torpağına nəlayiq söyüşlər işlətmişdir. Onun sözlərini yanında olan qohumu Ağabala eşitmişdir. Elvin hətta ondan münasibətlərinə aydınlıq gətirmək üçün aptekə gəlməyini tələb etmişdir. Bununla əlaqədar o, ümumi tanışları Tərlanla telefon əlaqəsi yaradıb aptekin sahibi Eldarın telefon nömrəsini öyrənmək və Eldara zəng edərək iradını bildirmək istəmişdir. Tərlan telefonu verə bilməyəcəyini bildirib və nə baş verdiyini soruşmuşdur. O, Elvinin heç bir səbəb olmadan onun və nəslinin ünvanına nəlayiq ifadələr işlətməsini və münasibətlərinə aydınlıq gətirmək üçün aptekin qarşısına gedəcəyini bildirmişdir. X4 söyüşlərini eşitdiyindən o da öz avtomobili ilə həmin yerə getmişdir. Həmin yerə çatanda Tərlan artıq gəlmişdir. Avtomobilləri saxlayıb o, Tərlan və Ağabala «Bakı sağlamlıq» mərkəzinin qarşısı ilə aptekə tərəf hərəkət edərkən, sağlamlıq mərkəzindən çıxan bir neçə nəfər Ağabalanı görüb onunla görüşüb və söhbət etmişlər. Ağabaladan nə üçün gəlməsini soruşmuşdular. Ağabala bir nəfərlə söhbəti olduğunu demişdir. Yolu keçəndə həmin tanımadığı şəxslər də Ağabala ilə birlikdə yolu keçmişdilər. O və Ağabala aptekə tərəf yönəlmiş, bu vaxt Elvin aptekdən çıxmış və onlara «peysərlər siz gəlmisiniz gedək söhbət edək» deyə müraciət etmişdir. Onun bu sözündən sonra Ağabala Şəhriyara «sən qal, gözlə mən özüm söhbət edəcəyəm» deyə bildirmişdir. Elvinin işlədiyi yerə gələndə onu döymək, ona xəsarət yetirmək niyyətləri və bu barədə razılaşmaları olmamışdır. Məqsədləri onunla sakit söhbət etmək, düz hərəkət etmədiyini başa salıb, üzür istəməyinə nail olmaq idi. Ağabala və Elvin ikisi yolu keçib söhbət etmək üçün getmişdilər. O isə Ağabalanın tanışları və Tərlanla aptek tərəfdə gözləmişlər. Bir müddət gözləyəndən sonra Ağabala ilə Elvinin dalaşmasından ehtiyat edib Tərlanla birlikdə onlar gedən tərəfə getmiş və ora çatanda post patrul xidməti avtomobili yaxınlaşmışdır. Onu, Ağabalanı və Elvini polis şöbəsinə aparmışlar. Ağabalanın Elvini vurmasını, əlində hansısa predmet olmasını görməmişdir. Onlara çatanda artıq polis əməkdaşları orada idilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «Elit» aptekində əczaçı vəzifəsində işləyir. Şahid1 və Zərərçəkmiş şəxs tanyır. Belə ki, Şəhriyar apteklərə tibbi ləvazimat tədarük edir. Zərərçəkmiş şəxs isə «Lite» aptekinin müdridir. Tərlan əvvəllər onunla işləmişdir. xx.xx.2024-cü ildə Şəhriyar onunla telefon əlaqəsi yaratmış və Elvinin ona qarşı nəlayiq söyşlər işlətməsi barədə məlumat verib, ondan şikayət etmək üçün Elvinin müdiri olduğu aptekin sahibinin, Eldarın telefon nömrəsini istəmişdir. O isə nömrəni verməmişdir. Şəhriyar bildirmişdir ki, Elvindən satdığı tibbi ləvazimatların pulunu istəyəndə, o heç bir səbəb olmadan onun və nəslinin ünvanına nəlayiq söyüşlər söyüb və münasibətlərinə aydınlıq gətirmək üçün onun gəlməsini tələb etmişdir. Şəhriyar gedib onunla görüşəcəyini demişdir. Onunla telefonla danışdıqdan sonra o, Şəhriyar və Elvinin dalaşmalarından ehtiyat edib, qarşısını almaq üçün özü də Elvinin işlədiyi aptekə getmişdir. Ora çatandan sonra Şəhriyar və onun arxasınca Şəhriyarın qohumu əvvəllər tanımadığı Ağabala gəlmişdilər. Ağabala ilə onu Şəhriyar «Bakı sağlamlıq mərkəzinin» qarşısında tanış etmişdr. Tərlan və Şəhriyar baş vermiş narazıçılıq barədə söhbət edə-edə Elvinin işlədiyi aptekə gedərkən, arxadan gələn Ağabala xəstəxananın qarşısında kiminləsə görüşüb və söhbət etməyə başlamışdır. Onun görüşdüyü şəxs də Ağabala ilə yolu keçmişdir. Aptekə yaxınlaşanda Elvin aptekdən çıxmış və Şəhriyar ona tərəf gedəndə Ağabala özünün onunla söhbət edəcəyini bildirmiş, Ağabala və Elvin yolu keçib «Bakı sağlamlıq» mərkəzinə tərəf getmişlər. O, Şəhriyar və Ağabalanın tanımadığı tanışları isə aptek tərəfdə qalmışlar. Bir müddət keçəndən sonra Tərlan və Şəhriyar narahat olub Elvin və Ağabalan tapmaq üçün yolu keçmişlər. Onları tapıb yaxınlaşan anda ƏÇPA-nın iki əməkdaşını onların yanında görmüşdür. Elvin Ağabalanın onu döyməsini bildirmişdir. Elvin polis əməkdaşlarına Şəhriyarın onu döyənin qohumu olmasını demişdir. Polis əməkdaşları Şəhriayrı, Ağabalanı xidməti avtomobilə otuzdurub aparmışlar. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 130 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sifətin sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-alt çənə sinirinin qopması və dişlərin travmatik laxlanması ilə müşayiət olunan alt-çənə sümüyünün sol yarısının qapalı sınığı, sağ qulan sırğalarının əzilmiş-cırılmış yarası, sol diz oynağının ön səthinin sıyrığı küt əşyanın təsirindən yaranmış dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CMnin 177.2.2, 177.2.3, 69.4 maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilmədən saxlanılıb. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən apelyasiya baxışına təyin edilmişdir. Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən apelyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilib cərimə cəzası 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib, həbsdə olduğu müddət nəzərə alınaraq üzərində 02 il 05 ay 27 gün cəza saxlanılıb. Qusar Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə 221.2.2, 315.2, 66.3, 66.5 maddələri 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri 54 saylı notariat ofisində təsdiq edilmiş 03 fevral 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş zərərin tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəkmiş şəxslə barışıq əldə etmiş və vurulmuş ziyanı tam ödəmişdir. Bu səbəbdən, sözügedən işə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs qarşılıqlı surətdə barışmaları nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş ziyanın tam ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar