Məhkəmə qərarları › İş №1(005)-63/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-63/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-63/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçı (şahid) – X6, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Babalı oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, X3 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, o və Təqsirləndirilən şəxs1 az miqdarda ilkin ödəniş etməklə yalandan icarəyə lazer aparatını əldə edib girov qoymaqla və ya satmaqla pul əldə etmələri barədə aralarında razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs1 və X1 Təranə Ələddin qızının etibarından suiistifadə edib sonuncuya məxsus lazer aparatını icarəyə götürmək adı ilə yalan vəd verib aldadaraq, T.Mahmudovudan xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi 12-də yerləşən obyektdə 12000 manat dəyərində 01 ədəd «3D Max» markalı lazer aparatını ələ keçirib Təqsirləndirilən şəxs2 vasitəsi ilə X11 5000 manat pulun müqabilində sataraq Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən X8 özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, o və Təqsirləndirilən şəxs1 az miqdarda ilkin ödəniş etməklə yalandan icarəyə lazer aparatını əldə edib həmin lazer aparatını girov qoymaqla pul əldə etmələri barədə aralarında razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs1 və X2 Xəyalə Mübariz qızının etibarından suiistifadə edib sonuncuya məxsus lazer aparatını icarəyə götürmək adı ilə yalan vəd verib aldadaraq, X. Şərifovadan xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “N Studio” qadın salonunda 28000 manat dəyərində 01 ədəd «Epiray Mantis» markalı lazer aparatını ələ keçirib həmin lazer aparatını Şahid6 5000 manat pulun müqabilində sataraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, X7 özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, o və Təqsirləndirilən şəxs1 az miqdarda ilkin ödəniş etməklə yalandan icarəyə lazer aparatını əldə edib girov qoymaqla pul əldə etmələri barədə aralarında razılığa gəldikdən sonra. Təqsirləndirilən şəxs1 və X4 Nuranə Məmməd qızının etibarından sui-istifadə edib sonuncuya məxsus lazer aparatını icarəyə götürmək adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədzadə küçəsi ev 57, 36 saylı mənzilin qarşısında 16000 manat dəyərində 01 ədəd «3D Max» markalı lazer aparatını ələ keçirib istintaqa məlum olmayan şəxsə 4000 manat pulun müqabilində girov qoyaraq Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.2-ci maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, o təhsilini rus dilində almışdır. Rus dilini mükəmməl bilir və sərbəst danışır, lakin Azərbaycan dilində danışa bilsə də, bu dildə yaxşı qavramır, hər şeyi olduğu kimi başa düşmür. Buna görə də ifadəsi alınarkən, iş materialları ilə tanış olarkən onun tərcüməçiyə ehtiyacı olmuşdur. Buna baxmayaraq müstəntiq onu dindirərkən, başqa istintaq hərəkətləri apararkən, guya iş materialları ilə tanış edərkən tərcüməçi, vəkil iştirak etdiyini protokolda qeyd etmişdir. Lakin bunların heç biri reallıqda olmamışdır. O, tərcüməçi qismində dəvət edilmiş Camal Bədəlovu polis idarəsində görməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı onun və tərcüməçinin istifadələrində olan mobil telefon nömrələrinin antenn dairə məlumatlarının əldə edilməsi zamanı görünər ki, dindirmə zamanı tərcüməçinin iştirakı təmin edilməmişdir. İbtidai istintaq dövründə polisin çağırış vərəqəsi ilə polis idarəsində iştirakı iki dəfədən artıq deyildir. Tərcüməçi isə israrla bildirir ki, üç dəfədən artıq polis idarəsinə dəvət edilmişdir. Burada olan ziddiyətdən məlum olur ki, onun tərcüməçiyə ehtiyacı olan şəxs kimi onun iki dəfə ibtidai istintaq zamanı iştirak etdiyi prosessual hərəkətdə tərcüməçinin üç dəfə iştirak etməsi mümkün deyildir. Müstəntiq tərəfindən tərtib olunan sənədlərə tərcüməçinin iştirakı olmadan və sənədlər ona başa düydüyü dildə tərcümə olunmadan imzalamışdır. Müstəntiq formal tərcüməçi və vəkilin iştirakını protokollarda formal qeyd etməklə, faktiki olaraq tərcüməçi və vəkil dəvət etməməklə onun Azərbaycan Respublikası CPM-nin 91-ci, 91.5.4, 91.5.12-ci maddələrində nəzərdə tutulan hüquqlarını kobud surətdə pozmuşdur. Cinayət işinin materiallarında tərcüməçinin iştirakının olması qeyd olunsa da bu hal formal xarakter daşımış, onun iştirakı ilə keçirilən heç bir istintaq hərəkətlərində tərcüməçi dəvət olunmamış, tərcüməçinin köməyindən istifadə etməmişdir. Bu səbəblə də Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmasına dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərcüməçinin iştirakından imtina edilməsi ilə bağlı heç bir ərizə təqdim etməmiş, müraciəti olmamışdır. İbtidai istintaq zamanı tərcüməçi qismində iştirak etmiş X13 məhkəmə iclasında iştirak edərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə tərcüməçinin iştirakı ilə həyata keçirilən prosessual hərəkətlərdə iştirak etmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi zamanı orada olmuş və bütün hərəkətləri və aparılan danışıqları tərcümə etmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, müəllimə işləyir, Azərbaycan dilində sərbəst danışa bilir və aparılacaq növbəti prosessual hərəkətlərdə onun iştirakına zərurət yoxdur. Daha sonra aparılan prosessual hərəkətlərdə müstəntiqin xahişi ilə formal olaraq iştirak etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, istifadəsində olan +**********98 mobil telefon nömrəsidir. Həmin dövrü əhatə edən müddətlə bağlı telefon məlumatlarının götürülməsi ilə bağlı sorğu verilərsə, təqsirləndirilən şəxslə eyni zaman, məkan və müddətlə bağlı fərqli cavablar görünə bilər. Buna səbəb isə həmin nömrəni daimi olaraq istifadə etməməsi və həmin mobil telefonun evdə qalmasıdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə ona tərcümə edilən sənəd olmamışdır. Buna səbəb isə təqsirləndirilən şəxsin ona hər şeyin aydın olması və Azərbaycan dilində başa düşdüyü olmasıdır. Təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olma mərhələsində üç saat iştirak etmişdir. Tərcüməçi xidməti üçün ona ayrılan vəsaitlə bağlı məlumatlı deyildir. Cinayət işinin ibtidai istintaqının əvvəllcədən hansı müstəntiqə həvalə edildiyi ona məlum deyildir. Təqsirləndirilən şəxsin müstəntiqə tərcüməçiyə ehtiyacının olmadığını bildirməsi səbəbindən müstəntiqin xahişi ilə formal olaraq iştirak etməsi olmuşdur. Zərərçəkmiş şəxsləri üzdən tanısa da, adlarını və ifadələrini tam olaraq xatırlamır. Cinayət işinin mahiyyəti ilə bağlı cinayət hadisəsinin dələduzluq faktı ilə bağlı olduğunu bilir. Məhkəmə iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətin rədd edilməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsini və təqsirləndirilən şəxslərin məhkəməyə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxsin vəsatəti ilə razı olduğunu və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə həyata keçirilən istintaq hərəkətlərində tərcüməçi faktiki olaraq iştirak etməmiş, bununla da, təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuşdur. Qeyd edilən hallar isə bir daha təsdiq edir ki, müstəntiq Elşən Zamanov təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən istifadə etmək hüququnu pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Həmin Məcəllənin 26.2.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək, ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etməkdən ibarət hüquqlarını təmin etməlidir. Məcəllənin 26.4-cü maddəsinə əsasən inayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq; onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq; tərcüməçinin köməyindən pulsuz istifadə etmək kimi hüquqlara malikdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası vətəndaşı olmaqla, milliyyətcə azərbaycanlı olsa da, rusdillidir və bu səbəbdən hətta məhkəməyə ərizə ilə müraciət edərək rus dilində təhsil aldığı səbəbindən həmin dildə başa düşüb fikrini izah edə bilməsini əsas gətirərək məhkəmə prosesinin gedişatında onunla rus dilində danışılmasına və özünün də rus dilində izahat vermək üçün şəraitin yaradılmasını, ibtidai araşdırma zamanı isə bu xüsusatın nəzərə alınmadığına qiymət verilməsini xahiş etmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Həmin qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə həmçinin ibtidai istintaq zamanı tərcüməçi qismində iştirak etmiş C.Bədəlovun ifadəsinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, C.Bədəlov bildirmişdir ki, ibtidai istintaq dövründə tərcüməçinin iştirakı ilə həyata keçirilən prosessual hərəkətlərdə iştirak etmiş, təqsirləndirilən şəxsin dindirilməsi zamanı orada olmuş, bütün hərəkətləri və aparılan danışıqları tərcümə etmişdir. Daha sonra aparılan prosessual hərəkətlərdə müstəntiqin xahişi ilə formal olaraq iştirak etmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı tərcüməçi qismində iştirak etmiş C.Bədəlov özü də etiraf edir ki, təqsirləndirilən şəxslə aparılan istintaq hərəkətlərində müstəntiqin xahişi ilə formal olaraq iştirak etmişdir. Halbuki, X17 Məhkəməsi öz qərarlarında (Kamasinski Avstriyaya qarşı, § 74; Ermi İtaliyaya qarşı [BP], § 70; Güngör Almaniyaya qarşı (qər.); Protopapa Türkiyəyə qarşı) dəfələrlə bildirmişdir ki, tərcüməçi köməyi təqsirləndirilən şəxsin ona qarşı açılmış iş barədə məlumatlı olmasına və məhkəmədə hadisələri öz versiyası ilə təqdim etmək imkanı qazanmaqla özünü müdafiə etməsinə şərait yaratmalıdır. Bundan başqa C.Bədəlov ifadəsində zərərçəkmiş şəxsləri üzdən tanısa da, adlarını və ifadələrini tam olaraq xatırlamadığını bildirmişdir. Bu hal tərcüməçinin peşəkarlığına dəlalət etməyən, lakin müəyyən hallarda faktiki tərcümənin lazımi keyfiyyətdə aparılması ilə bağlı şübhələrin yaranmasına rəvac verir. Halbuki X17 Məhkəməsi yuxarıda adları çəkilən qərarlarda həmçinin qeyd edilmişdir ki, 6-cı maddənin 3-cü bəndinin (e) yarımbəndinin təmin etdiyi hüququn səmərəli və praktiki şəkildə həyata keçirilməsi üçün səlahiyyətli orqanlar təkcə tərcüməçinin təyin edilməsi ilə kifayətlənməməli, həmçinin müvafiq xəbərdarlıq halında tərcümənin keyfiyyətini yoxlamalıdırlar. Həmçinin verilmiş suallara cavab olaraq C.Bədəlov bildirmişdir ki, istifadəsində olan telefonunda ********** mobil nömrə olsa da, həmin dövrü əhatə edən müddətlə bağlı telefon məlumatlarının götürülməsi ilə bağlı sorğu verilərsə, təqsirləndirilən şəxslə eyni zaman, məkan və müddətlə bağlı fərqli cavablar görünə bilər. Buna səbəb isə həmin nömrəni daimi olaraq istifadə etməməsi və həmin mobil telefonun evdə qalmasıdır. Məhkəmə, C.Bədəlovun ifadəsini qeyd edilən hissədə də inandırıcı hesab etmir. Belə ki, hazırki cinayət işi məhkəməyə daxil olduqdan sonra məhkəmə hazırlıq iclası müxtəlif səbəblərdən təxirə salınmış və hər dəfə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə C.Bədəlova istifadəsində olan ********** mobil nömrə ilə əlaqə saxlanılaraq məlumat verilmişdir. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanımışdır. Məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilməli və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulmalıdır. Konvensiyanın 6-cı maddənin 3 e yarımbəndi təqsiləndirilən şəxsin məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək hüquq vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin e yarımbəndinə əsasən, təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin istifadə olunan dili başa düşmürsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək hüququnu ehtiva edir. Bundan başqa, təqsirləndirilən şəxsin tərcümə hüququnun pozulması İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kobud pozuntu hesab olunur və Məcəllənin 303.1-ci maddəsində göstərilmiş qərarın qəbul edilməsi üçün əsas təşkil edir. Qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Həmin qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284 - 286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1.,178.2.2. və 178 .2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin yaxırada qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci və 306.2-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs2 cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından və buna dair sübutlar ittiham tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs2 vəsatəti təmin edilsin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Eduardovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Eduardovanın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar