Məhkəmə qərarları › İş №1(005)-63/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-63/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-63/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 128-də qeydiyyatda olan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 63/2022 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində etibarnamə olmadan texniki cəhətdə saz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus idarə etdiyi "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə «Koroğlu» metrostansiyası istiqamətinə 70 km/saat sürətlə hərəkətdə olarkən həmin küçədə yerləşən 2096 ünvanın tuneldən keçərkən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, avtomobilin hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, qarşıda sağdan 3-cü hərəkət zolağında piyadanın dayanmasını və həmin zolaqda «İveco» markalı avtomobilin dayanmış vəziyyətdə olmasını nəzərə alaraq, həmin piyadanın və dayanmış avtomobilin yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli, həmçinin avtomobili yolda müəyyən edilmiş 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli, hadisənin qarşısının almağa texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək yolun sağdan 3-cü zolağında yolun təmizlik işləri ilə məşğul olan piyada X6 avtomobilin qabaq sol hissəsi ilə vurub ehtiyyatsızlıqdan ona açıq kəllə-beyin travması, kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sağ və sol bazunun, sağ və sol əlin, sol baldırın sıyrılmış yaraları, sağ budun açıq, qəlpəli sınığı xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi nəticəsində sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, daha sonra yolun sağdan 3-cü hərəkət zolağında dayanmış «Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin «7 "xxxx" MMC-ə məxsus Şahid2 idarə etdiyi «İveco Xüsusi Təyinat» markalı, Az **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmaqla ehtiyyatsızlıqdan "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında sərnişin kimi oturmuş Zərərçəkmiş şəxs1 sağ diz qapağının az yerdəyişmiş qapalı sınığı, alının dəri sıyrıntıları, sol aşıq-baldır oynağının əziyi xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuş, həmçinin zərərçəkmiş hüquqi şəxs «Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin "xxxx" MMC-ə məxsus «İveco Xüsusi Təyinat» markalı, Az **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2555 manat. Zərərçəkmiş şəxs2 məxsus "xxxx" markalı **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə isə 3788,30 manat maddi ziyan dəyməsinə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə, saat 19:00 radələrində əvvəllər tanıdığı Qorxmaz adlı şəxslə yaşadığı ünvanda görüşmüş, bir müddət Qorxmazla söhbət etdikdən sonra o, çıxıb getmişdir. Təxminən 5-10 dəqiqə sonra oğluna məxsus mobil telefonun Qorxmazın avtomobilində qalmasını bilmiş, buna görə Qorxmaza zəng vursa da, telefonu sönülü olduğundan danışa bilməmişdir. Xeyli sonra Qorxmazla danışdıqda telefonun avtomobildə qaldığını bildirdikdə Qorxmaz isə avtomobildə telefon qalmadığını söyləmişdir. Belə olduqda Qorxmazı geri çağırmış, avtomobilə birlikdə baxmalarını istəmişdir. Qorxmaz xx.xx.2021-ci ildə təxminən saat 01:00 radələrində onun yaşadığı ünvana gəlmiş, avtomobilə baxdıqda telefonu tapa bilməmişdir. Qorxmaz ilk dəfə gələndə onunla birlikdə tanışı Məlik adlı şəxs də olmuş, lakin sonradan gələndə Məlik olmamışdır. Ona görə də telefonu Məlikin götürməsini düşünmüş, Qorxmazdan onun harada olmasını soruşduqda Məlikin Zabrat qəsəbəsində yaşamasını bildirmişdir. Qorxmazın idarə etdiyi "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Zabrat qəsəbəsinə getməyə başlamışlar. Həmin vaxt avtomobili Qorxmaz idarə edirdi, o isə qabaq sağ oturacaqda əyləşmişdir. «Gənclik» adlanan ərazidən keçərkən əvvəldən tanıdığı Namiq adlı şəxsi görmüşdür. Namiqin pis vəziyyətdə olduğunu görüb onu xəstəxanaya aparmağı Qorxmaza demişdir. Hər ikisi avtomobildən düşərək Namiqi avtomobilin ön sağ oturacağına əyləşdirmiş, özü sükan arxasına keçmiş, Qorxmaz isə arxa sağ oturacaqda əyləşmişdir. O, avtomobili idarə etməklə Nərimanov rayonu, Z.Bünyadov prospektinə çıxaraq 60-70 km/saat sürətlə hərəkət edib həmin prospektdə yerləşən üzü «Koroğlu» metrosu istiqamətində olan tunelin girişində iki ədəd işıqlı su avtomobillərinin dayandığını görmüşdür. Həmin avtomobillər yolun sol hissəsində olmuş, avtomobillərdən yola su axmışdır. Tunelə girib yolun sulu hissəsindən keçərkən idarəetməni itirmiş, tunelə girərkən sol tərəfdə 8-10 nəfərin olduğunu görmüşdür. Avtomobildə idarəetməni itirdikdən sonra avtomobil həmin şəxslərin üzərinə getməyə başlamış, həmin şəxslər qaçsa da, bir nəfər arxası avtomobilə tərəf olduğundan qaça bilməmiş, avtomobilin ön hissəsi ilə həmin şəxsi vurmuş və avtomobil yolun solunda dayanmış yük avtomobilinin arxası ilə toqquşaraq dayanmışdır. Bundan sonra onları Sabunçu xəstəxanasına aparmışlar. Avtomobil üzərində idarəetməni itirərkən, yəni təhlükə yaranan anda həmin şəxslərlə arasında məsafə təxminən 60-70 metr olmuşdur. Son olaraq məhkəmədən əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə, 04:00 radələrində ona məlumat verilmişdir ki, oğlu Bakı şəhər, Nərimanov rayonu, Z.Bünyadov prospektində yol təmiri işlərini görərkən avtomobil vurulması nəticəsində ölmüşdür. Bu məlumatı aldıqdan sonra dərhal evdən çıxıb Nərimanov rayon məhkəmə-tibbi ekspertiza şöbəsinə getmiş və həqiqətən oğlu Zaurun yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Özü hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə, saat 03:00 radələrində "xxxx" MMC-yə məxsus Şahid2 idarə etdiyi «İveko» markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil Ziya Bünyadov prospekti 2096 saylı ünvanın qarşısına düşən yolun hərəkət hissəsində, tuneldə dayanmış vəziyyətdə olub işçilər tərəfindən təmizlik işləri aparılan zaman "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil MMC-nin işçisi piyada X6 vurmuş, daha sonra «İveko» markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində Zaur Quliyev hadisə yerində ölmüşdür. Baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə məxsus «İveko» markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2555 manat maddi zərər dəymişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. Belə ki, ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Təqsirləndirilən şəxsla dostluq münasibəti olmuşdur. 23 aprel 2021-ci il tarixdə, saat 21:00 radələrində Nurlanla Yasamal rayonu ərazisində görüşmüşlər. Bundan sonra əvvəldən tanımadığı Qorxmaz adlı şəxs də onların yanına gəlmişdir. Qorxmazın tanışı Nurlanın oğluna məxsus mobil telefonu götürmüşdür. Bu barədə həmin vaxt ona məlum olmuşdur. Nurlanla Qorxmaz adlı şəxs bir neçə saat mübahisə aparmışlar. Nurlan Qorxmaza təklif etmişdir ki, gedib həmin şəxsdən telefonu götürsünlər. O da birlikdə getməyi qərara almışdır ki, aralarında xoşagəlməz hadisə baş verməsin. Birlikdə Qorxmaza məxsus "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Nərimanov rayonu ərazisindəki «Çermet» adlanan yerə getmişlər. Həmin vaxt avtomobili Nurlan idarə edirmiş, o, qabaq sağ oturacaqda, Qorxmaz isə onun arxasında əyləşmişdir. Həmin şəxsi «Çermet» adlı yerdə tapa bilmədikdə Qorxmaz təklif etmişdir ki, həmin şəxsi tanıyan bir nəfər tanışı vardır, gedib Ramana qəsəbəsindən onu götürsünlər, o, həmin şəxsi tapacaqdır. «Çermet» ərazisindən Z.Bünyadov prospektinə çıxmış, yenə də avtomobili Nurlan idarə edirdi. Nurlan avtomobili yüksək sürətlə, təxminən 100 km/saat sürətlə idarə etmiş, həmin prospektdə tunelə daxil olarkən yolun sol hissəsində işıqlı yük avtomobillərini görmüşlər. Onlar divarları yumuş, yol su olmuşdur. Nurlana sürəti azaltmağı təklif etmiş, bu zaman yol sulu olduğu üçün avtomobil sürüşmüş və qəza baş vermişdir. Xəsarət aldığından dəqiq yadında qalmamışdır ki, özləri maşından düşmüş və ya düşürmüşlər. Bundan sonra onlar təcili yardım maşını ilə Sabunçu Xəstəxanasına aparmışlar. 23 aprel 2021-ci ildə Nurlangilin küçəsində narkotik vasitə olan marixuana qəbul etmişlər. Belə ki, ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə o, "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və öz adına sənədləşdirmişdir. xx.xx.2019-cu il tarixdə həmin avtomobili istifadə etməsi üçün qardaşı oğlu Şahid3 vermiş, çünki, Qorxmaz heç bir işlə məşğul olmamış, həmin avtomobili Qorxmaza vermişdir taksi fəaliyyəti ilə məşğul olub çörək pulu qazansın. Qorxmaz taksi fəaliyyəti ilə məşğul olduğu üçün hər dəfə onunla əlaqə saxlayıb işlərinin nə vəziyyətdə olduğunu soruşmuşdur. xx.xx.2021-ci il tarixdə, günorta saatlarında şəxsi işləri ilə məşğul olduğu zaman Qorxmazın tanışının ona məxsus avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməsini bilmişdir. Həmin tanışının adını bilməmiş, ümumilikdə hadisənin hansı şəraitdə, necə baş verməsi barədə məlumatı olmamışdır. Hadisə nəticəsində ona 3788,30 manat maddi ziyan dəymiş, buna baxmayaraq hal-hazırda heç bir mülki tələbi yoxdur, lakin gələcəkdə hər hansı tələbi olarsa bu barədə məhkəmədə bildirəcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Tapdıq oğlu göstərmişdir ki, 8 ildir ki, AAYDA-nin "xxxx" MMC-də sahə rəisi vəzifəsində çalışır. 23 aprel 2021-ci il tarixdə yaşadığı mənzildə olan zaman təxminən saat 03:10 radələrində iş yoldaşı Şahid2 zəng edərək Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadaov prospekti 2096 ünvanda çalışan zaman iş yoldaşı və tanışı X6 avtomaşın vurduğunu və hadisə yerində öldüyünü bildirmişdir. O, dərhal yaşadığı evdən çıxaraq təxminən 15-20 dəqiqə sonra hadisə baş verən ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadaov prospekti 2096 ünvana gəlmiş, hadisə yerinə çatan zaman "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin X6 vurduğunu və hadisə nəticəsində Zaur Quliyevin öldüyünün şahidi olmuşdur. Bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Özü hadisənin şahidi olmamış, hadisə baş verdikdən sonra ona məlumat verilmiş və hadisə yerinə gəldikdən sonra təxminən saat 03:40 radələrində polisə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, təxminən 8 ildir ki, mən AAYDA-nin "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. Həmin "xxxx" MMC-nə məxsus **-JM-*** dövlət qeydiyyat nişanlı «X8» markalı avtomobili idarə edir. 23 aprel 2021-ci iİ tarixdə, saat 23:00 radələrində idarənin göstərişi əsasında o və iş yoldaşları Ziya Bunyadov prospektində yerləşən tunelin orta ayırıcı sütunları yumaq məqsədi ilə qeyd edilən ünvana getmişlər. Orada iş yoldaşları X10, Siruz İslamov, minik avtomobilinin sürücü Şahbaz, su avtomobilinin sürücüsü Əliheydər, digər su avtomobilinin sürücüsü Quliyev İsmayıl, yol-nişan olan avtomobilin sürücüsü Azər və digər fəhlələr olmuşdur. Həmin vaxtdan etibarən yolda işləməyə başlamışlar. 23 aprel 2021-ci il tarixdə, saat təxminən 03:00 radələrində idarə etdiyi **-JM-*** dövlət qeydiyyat nişanlı «X8» markalı avtomobilin sükanında olan zaman avtomaşının arxa hissəsindən başqa bir avtomaşın vurmuşdur. Həmin an avtomobil hərəkətdə olmamışdır. Dərhal avtomobildən düşərək görmüşdür ki, "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil iş yoldaşı X6 vurduqdan sonra onun idarə etdiyi «X8» markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində iş yoldaşı X10 hadisə yerində ölmüşdür. Hadisə baş verdikdən sonra Zaur Quliyevin tanışı eyni zamanda iş yoldaşı Şahid1 baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə baş verən zaman idarə etdiyi avtomobilin sükanında əyləşmiş, bu səbəbdən "xxxx" markalı avtomobilin hansı surət və hərəkət trayektoriyası ilə hərəkət etdiyini görməmişdir. Avtosəbətdən düşən zaman hadisəni törətmiş şəxs idarə etdiyi "xxxx" markalı avtomobilin sükanında olmuş və özü də xəsarət aldığından avtomobildən düşə bilməmişdir. Hadisə zamanı özü heç bir xəsarət almamış və bu səbəbdən tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 23 aprel 2021-ci il tarixdə, saat 21:00 radələrində Nurlanla Namiq rayonu ərazisində görüşmüşlər. Bundan sonra o da onların yanına gəlmişdir. Tanışı Nurlanın oğluna məxsus mobil telefonu götürmüşdür. Bu barədə həmin vaxt ona məlum olmuşdur. Nurlanla bir neçə saat mübahisə aparmışlar. Nurlan ona təklif etmişdir ki, gedib həmin şəxsdən telefonu götürsünlər. O da birlikdə getməyi qərara almışdır ki, aralarında xoşagəlməz hadisə baş verməsin. Birlikdə ona məxsus "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Nərimanov rayonu ərazisindəki «Çermet» adlanan yerə getmişlər. Həmin vaxt avtomobili Nurlan idarə edirdi, Namiq qabaq sağ oturacaqda, o isə onun arxasında əyləşmişdir. Həmin şəxsi «Çermet» adlı yerdə tapa bilmədikdə təklif etmişdir ki, həmin şəxsi tanıyan bir nəfər tanışı vardır, gedib Ramana qəsəbəsindən onu götürsünlər, o, həmin şəxsi tapacaqdır. «Çermet» ərazisindən Z.Bünyadov prospektinə çıxmış, yenə də avtomobili Nurlan idarə edirdi. Nurlan avtomobili yüksək sürətlə, təxminən 100 km/saat sürətlə idarə etmiş, həmin prospektdə tunelə daxil olarkən yolun sol hissəsində işıqlı yük avtomobillərini görmüşlər. Onlar divarları yumuş, yol su olmuşdur. Nurlana sürəti azaltmağı təklif etmiş, bu zaman yol sulu olduğu üçün avtomobil sürüşmüş və qəza baş vermişdir. Xəsarət aldığından dəqiq yadında qalmamışdır ki, özləri maşından düşmüş və ya düşürmüşlər. Bundan sonra onları təcili yardım maşını ilə Sabunçu Xəstəxanasına aparmışlar. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6 və Şahid7 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Rizayev X2 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 016-50766-1221 nömrəli, 03 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək müddətə etibarlı olan) AC 501353 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayonu İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin 02 iyun 2021-ci il tarixli, 48/x nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi surətdə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və X3” X9 xx.xx.2021-ci il tarixli, 50 nömrəli ekspert rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – açıq kəllə - tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sağ və sol bazunun, sağ və sol əlin, sol baldırın sıyrılmış yaraları, sağ budun açıq, qəlpəli sınığı, həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb – kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. X1 bədən səthində və paltarlarında avtomobilin şin izləri aşkar edilmədi. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və X3” X9 xx.xx.2021-ci il tarixli, 282 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər: sağ diz qapağının az yerdəyişmiş qapalı sınığı, alının dəri sıyrıntıları, sol aşıq-baldır oynağının əziyit küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və X3” X9 xx.xx.2021-ci il tarixli, 1194/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində etil spirti aşkar edilmədi. Sidikdə metil, etil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə-kimya şöbəsində tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və ya digər psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və X3” X9 xx.xx.2021-ci il tarixli, 281 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: sağ baldır sümüklərinin yuxarı 1/3-nin qəlpəli, yerdəyişmiş oynaqdaxili açıq sınığı, sağ mil sümüyünün tipik yerinin sınığı, sağ diz oynağının əzilmiş-cırılmış bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2021-ci il tarixli, 8/1032 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə "xxxx" markalı, **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs "xxxx" markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60km/saata qədər məhdudlaşdırılmış yolda 70km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanladığı 3/02-4338 nömrəli, 21 iyun 2021-ci il tarixli məktubdan görünür ki, sözügedən nəqliyyat tunelində yerləşən müşahidə kameralarının yaddaş limiti dolduğuna görə dövri olaraq silinib yeniləndiyindən həmin vaxt baş verən hadisələrin görüntülərini izləmək mümkün deyildir. “Sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, iş üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə məxsus Şahid2 idarə etdiyi “İveco Xüsusi Təyinat” markalı, **-JM-*** qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, qərarın icrasının Nərimanov Polis İdarəsinə həvalə edilməsi və olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 11 aprel 2022-ci il tarixli, 078-6226- 1222 nömrəli məktubundan görünür ki Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(107)-25/2022 saylı qərarına əsasən həbs edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6-cı maddəsində, CMin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-in 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallardan da görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən həmin küçədə yerləşən 2096 ünvanın tuneldən keçərkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 övladının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 03 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs idarə etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə məxsus Şahid2 idarə etdiyi “İveco Xüsusi Təyinat” markalı, **-JM-*** qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – “İveco Xüsusi Təyinat” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin və "xxxx" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 100,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar