Məhkəmə qərarları › İş №1(005)-63/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-63/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-63/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 134də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə saat 17:40 radələrində ünvan 1 ünvanın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona küçədə söyüş söyməsinə görə irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək sonuncunun qızı Zəminə Baxışzadənin və bacısı Şahid2 gözləri qarşısında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda xüsusi amansızlıqla ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə üz nahiyəsindən qəsdən vuraraq ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi - qançırı, sol gözaltı nahiyənin, üst dodağın sağ yarısının ön səthinin qançırları kimi həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 5-6 dəqiqə ərzində davam etdirərək orada olan və qonşuluqda yaşayan şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun yaşadığı ev ümumi həyətdə yerləşir, yəni qonşuluqda olan evlər çox yaxındır. 23 aprel 2022-ci il tarixdə saat 17:40 radələrində yaşadığı evdən çıxaraq piyada getməyə başlamışdır. Bu zaman yaşadığı evin yerləşdiyi küçəyə yığdığı taxta parçalarının yerdə olduğunu görmüş və həmin taxta parçalarını yerdən götürərək kənara yığmış, taxta parçaları az olduğu üçün öz-özünə danışaraq digər taxtaların harada olmasını fikirləşmişdir. Bu zaman olduğu yerin arxa hissəsindəki mənzilin pəncərəsindən və orada ilk dəfə idi ki, gördüyü, əvvəllər tanımadığı təhqiqat araşdırması zamanı adı ona məlum olan Şahadin ona demişdir ki, ay köpək oğlu kimə söyüş söyürsən. O, Şahadinə demişdir ki, köpək oğlu özünsən. Bu zaman Şahadin ona demişdir ki, gəl qapının ağzına sənə göstərəcəm. O, bundan sonra yaşadığı evin qapısının qarşısına gəlmişdir. Artıq Şahadin oradaymış. Bundan sonra Şahadin əli ilə onun əynində olan gödəkcədən tutmuş və ona başı ilə zərbə vurmuşdur. Onun başı onun sol üz nahiyyəsinin almacıq hissəsinə sıyırmışdır. O, bu zaman Şahadinin onu yenidən vurmağından ehtiyyat etdiyi üçün Şahadinin üz nahiyəsinə 1 dəfə şillə vurmuşdur. Həmin vaxt Şahidin qızı və bacısı arxadan onun vurmağa başlamışdırlar. Şahadinin bacısının əlində qırmızı rəngli plastik boru olmuşdur. Həmçinin, Şahadində ona bir neçə yumruq zərbəsi vurmuşdur. Bu zaman qonşuluqda yaşayan Nəcibə, daha sonra isə Nəsimi və onun anası Mərziyyə ora gəlmişdir. Həmin şəxslər onları aralamışdırlar. O, bundan sonra istifadəsində olan mobil telefon ilə 102 xidmətinə zəng vurmuş və hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları gəlmişdirlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsinə səbəb Şahadinin heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüş söyməsi olmuşdur. Hadisə zamanı həm Şahadin, həm onun bacısı, həmdə qızı onu vurmuşdur. İttiham aktında müstəntiqin guya onun Şahadinə 2 yumruq zərbəsi vurmasını qeyd etməsi ilə razılaşmır, həmin ifadələri oxumadan imzalamışdır. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qızı Zəminə Bakı şəhərində yerləşən Odlar Yurdu Universitetində oxuyur. Qızının qalmağa yeri olmadığı üçün qızı müvəqqəti olaraq Bakı şəhərində yaşayan bacısı X1 yanında yaşayır. 2022-ci ilin aprel ayının 23-də o, qızını görmək məqsədilə yaşadığı Lənkəran rayonundan Bakı şəhərinə gəlmiş və bacısının yaşadığı evə getmişdir. Orada yerləşən mənzillərin hamısı bir mərtəbədən ibarətdir. O, bacısıgildə olarkən çöldə bir nəfər kişinin ucadan söyüş söydüyünü eşitmişdir. Həmin vaxt bacısı Şəmsiyyə və qızı Zəminə yanında olduğu üçün pəncərəyə yaxınlaşaraq söyüş söyən şəxsə, yəni araşdırma zamanı adı ona məlum olan Akifə demişdir ki, burada insanlar yaşayır və niyə söyüş söyürsən. Bu zaman Akif ona demişdir ki, sən kimsən irad tutursan, çıx çölə səninlə işim var. O, bundan sonra bacısının evindən çölə çıxmışdır. Akif ona yaxınlaşaraq ona demişdir ki, qoçusan göstəriş verirsən. O, Akifə demişdir ki, burada evlər yaxındır, söyüş söyən kimi evdə eşidilir, bu düzgün bir şey deyil, çünki evdə qadın və uşaq olur. Onun bu sözündən sonra gözləmədiyi halda Akif onun yaxasııuladan tutaraq öz tərəfinə çəkib əli ilə başını aşağı endirmişdir. Akif bundan sonra yumruq və dizi ilə onun üz nahiyyəsindən və başından çoxlu sayda zərbələr vurmuşdur. Akifin ona vurduğu zərbələr onun burun, göz və dodaq nahiyyələrinə dəymişdir. Həmin vaxt onun burnu sındığı üçün burnundan qan gəlməyə başlamışdır. Bunu görən bacısı qışqırmağa başlamış və onları aralamaq istəmişdir. Bu zaman səhv etmirsə qonşuluqda yaşayan tanımadığı şəxslər onların yanlarına gəlib Akifi ondan aralayaraq oradan uzaqlaşdırmışlar. Bundan sonra bacısı Şəmsiyyə istifadəsində olan mobil telefon ilə Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng vuraraq onun döyülməsi barədə məlumat vermişdir. Hadisə zamanı onun burnu sındığı üçün burnundan çoxlu qan gəldiyindən əynində olan bütün paltarlar qan olmuşdur. O, bacısıgildə əynini dəyişmişdir. Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları gəlmişdirlər. Polis əməkdaşları onu və Akifi polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən o, olanlar barədə ərizə və izahat yazmışdır. Həmçinin aldığı xəsarətlər ilə bağlı ekspert müayinəsindən keçmişdir. Əlavə qeyd etmişdir ki, baş vermiş hadisə zamanı o, Təqsirləndirilən şəxs vurmamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. Atası Lənkəran rayonu, Biləsər kəndində yaşayır. O, Bakı şəhərində yerləşən Odlar Yurdu Universitetində oxuyurvə qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq bibisi Şəmsiyyə ilə birlikdə yaşayırmış. 2022-ci ilin aprel ayının 23-də atası Şahadin onu görmək məqsədilə yaşadığı Bakı şəhərinə gəlmişdir. Bibisinin yaşadığı məhlədə yerləşən mənzillərin hamısı bir mərtəbədən ibarətdir. Onlar həmin gün evdə olarkən çöldə bir nəfər kişinin ucadan söyüş söydüyünü eşitmişlər. Həmin vaxt atası pəncərəyə yaxınlaşaraq söyüş söyən şəxsə, yəni sonradan adının Akif olduğunu bildiyi şəxsə demişdir ki, burada insanlar yaşayır və söyüş söyürsən. Bu zaman Akif atasına demişdir ki, sən kimsən irad tutursan, çıx çölə səninlə işim var. Onlar atasına demişdir ki, çölə çıxma Akif problemli adamdır. Atası bibisinin sözünə baxmadan evdən çölə çıxmışdır. Bibisi də atasının arxası ilə çölə çıxmışdır. O, da bibisinin arxası ilə çölə çıxmışdır. Akif atasına yaxınlaşaraq demişdir ki, qoçusan göstəriş verirsən. Atası isə Akifə demişdir ki, burada evlər yaxındır, söyüş söyən kimi evdə eşidilir, bu düzgün bir şey deyil, çünki evdə qadın və uşaq olur. Atasının bu sözündən sonra Akif onun yaxasından tutaraq öz tərəfinə çəkib əli ilə atasının başını aşağı endirmişdir. Akif bundan sonra yumruq və dizi ilə atasının üz nahiyyəsindən və başından çoxlu sayda zərbələr vurmuş və atasının ünvanına nalayiq söyüşlər söymüşdür. O və bibisi bundan sonra qışqırmağa başlamışdırlar. O və bibisi onları aralamaq istəsələr də gücləri çatmamışdır. Bu zaman onların qışqırığına ilk öncə qonşuluqda yaşayan şəxslər gəlmişdirlər. Onların köməkliyi ilə birtəhər onları ayırmışdırlar. Bundan sonra bibisi istifadəsində olan mobil telefon ilə Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng vuraraq atasının Akif adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hadisə zamanı atasının burnu sındığı üçün burnundan qan gəlirmiş və buna görədə atasının bütün paltarı qan olmuşdur. Atası bibisinin yaşadığı evdə əynini dəyişdir. Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları gəlmişdirlər. Polis əməkdaşları atası və Akifi polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. O, Lənkəran rayonu, Biləsər kəndində yaşayır. Qardaşının qızı Zəminə isə Bakı şəhərində yerləşən Odlar Yurdu Universitetində oxuyur. Qardaşı qızının qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq onunla birlikdə yaşayırmış. 2022-ci ilin aprel ayının 23-də qardaşı Şahadin qızını görmək məqsədilə yaşadığı Lənkəran rayonundan Bakı şəhərinə gəlmişdir. Onlar həmin gün evdə oturarkən çöldə bir nəfər kişinin ucadan söyüş söydüyünü eşitmişdir. Həmin vaxt qardaşı pəncərəyə yaxınlaşaraq söyüş söyən şəxsə, yəni Akifə demişdir ki, burada insanlar yaşayır niyə söyüş söyürsən. Bu zaman Akif qardaşına demişdir ki, “sən kimsən irad tutursan, çıx çölə səninlə işini var.”. O, qardaşı Şahadinə demiş ki, çölə çıxma Akif problemli adamdır. Qardaşı onun sözünə baxmadan evdən çölə çıxmışdır. O, da qardaşı Şahadinin arxası ilə çölə çıxmışdır. Akif qardaşına yaxınlaşaraq demişdir ki, qoçusan göstəriş verirsən. Qardaşı Şahadin isə Akifə demişdir ki, burada evlər yaxındır, söyüş söyən kimi evdə eşidilir, bu düzgün bir şey deyil, çünki evdə qadın və uşaq olur. Şahadinin bu sözündən sonra Akif onun yaxasından tutaraq öz tərəfinə çəkib əli ilə Şahadinin başını aşağı endirmişdir. Akif bundan sonra yumruq və dizi ilə Şahadinin üz nahiyyəsindən və başından çoxlu sayda zərbələr vurmuş və qardaşını nəlayiq söyüşlərlə söymüşdür. O, bundan sonra qışqırmağa başlamışdır. Həmçinin Şahadinin qızı da çölə çıxdığı üçün atasını görüb qışqırmağa başlamışdır. O və Zəminə onları aralamaq istəsələrdə gücləri çatmamışdır. Bu zaman onun qışqırığına ilk öncə qonşuluqda yaşayan Nəcibə, daha sonra Nəsimi və anası Mərziyyə gəlmişdir. Nəsiminin köməkliyi ilə onları birtəhər ayırmışdır. Bundan sonra o, istifadəsində olan mobil telefon ilə Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng vuraraq qardaşının Akif adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hadisə zamanı qardaşının burnu sındığı üçün burnundan qan gəlirmiş və buna görədə qardaşının bütün paltarı qan olmuşdur. Qardaşı yaşadığı evdə əynini dəyişmişdir. Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları gətmişdirlər. Polis əməkdaşları qardaşını və Akifi polis bölməsinə aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində yaşadığı mənzildə olarkən həyətdən bir neçə şəxsin qışqırıq səslərini eşitmişdir. O, dərhal evdən çölə çıxmış və görmüşdür ki, yaşadığı evin qarşısında qonşuları Akif ilə Əsgərin adını bilmədiyi arvadı, onun yanında olan bir nəfər qız və bir nəfər orta yaşlı kişi dava edirlər. Belə ki, həmin qadınlar yaşlısı, yəni Əsgərin arsadı Akifi vururmuş. Həmin qadının əlində qırmızı rəngli boru parçası olmuş və o, həmin boru ilə Akifin baş və bel nahiyəsinə vururmuş. Akif isə kənara sıxılmışdır. O, onlara yaxınlaşmış və Akif həmin qadından uzaqlaşdırmışdır. Lakin buna baxmayaraq onlar öz sözlü mübahisələrini davam etdirir və bir-birinin ünvanlarına nalayiq söyüşlər söyürmüşlər. Bu zaman Akif istifadəsində olan mobil nömrə ilə Daxili İşlər Nazirliyinin "102 Xidməti Zəng Mərkəzinə” zəng vuraraq hadisə barədə məlumat verdi. Təxminən 15-20 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. Polis əməkdaşları Akifi və digər orta yaşlı kişini polis bölməsinə aparmışdırlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid5 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid5 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Bundan əlavə, Şahid4 xx.xx.2022-ci il tarixdə məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, 1(005)-2022 saylı cinayət işi üzrə şahid qismində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, səhhətilə əlaqədar ev şəraitində müalicə aldığı üçün məhkəmə iclaslarına iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. Cinayət işinin 16-18-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baş vermiş hadisə yeri vətəndaş Zərərçəkmiş şəxs bildirdiyinə görə Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 134A ünvanının qarşısıdır. Hadisə yerinin sağ və sol tərəflərində yaşayış mənzilləri yerləşir. Cinayət işinin 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2022-ci il tarixli, 407 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi - qançırı, sol gözaltı nahiyəsinin, üst dodağın sağ yarısının ön səthində qançırları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü - özünə yetirilinəsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Cinayət işinin 43-cü vərəqəsində olan 35 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 44-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı şəhəri Əzizbəyov rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Cinayət işinin 105-114-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.2, 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 137-138-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ikinci dərəcə əlilliyə görə 268,62 (iki yüz altmış səkkiz manat altmış iki qəpik) manat əmək pensiyası alır. Təyinatın başlama tarixi xx.xx.1992, bitmə tarixi isə müddətsiz qeyd edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe bundan ibarətdir ki, xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsin sağlamlığına onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda zərər vurmada da ifadə oluna bilər. Yaxın adamlar zərərçəkmiş şəxsi özlərinə əziz sayan, onu dəyərli insan kimi özünün yaxını hesab edən şəxslərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində isə göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ikinci dərəcə əlill olmasını, hökm çıxarılanadək altmış beş yaşına çatmış olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmənin, təqsirləndirilən şəxsə cəza təyin edilməsinə dair mövqeyi aşağıdakılardan ibarətdir: Əvvəla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsi onun qızı və bacısının gözləri qarşısında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda xüsusi amansızlıqla ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə qanunla qorunan həm şəxsiyyətin sağlamlığının qorunmasına dair ictimai münasibətlərə, həm də ictimai qaydanın qorunmasını təmin edən ictimai münasibətlərə ciddi xələl gətirmiş, cinayət törətdikdən sonra da zərərçəkmiş şəxslə barışığa nail olmağa cəhd göstərməmiş, ümumiyyətlə törətdiyi əməli etiraf etməkdən boyun qaçırmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla belə, məhkəmə, cinayət törətmiş şəxsi xarakterizə edən halların məcmusunu, xüsusilə onun ikinci dərəcə əlil olmasını və hökm çıxarılanadək altmış beş yaşına çatmış olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun hesab edir və hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar mövcuddur. Doğrudur, təqsirləndirilən şəxsin ikinci dərəcə əlil olmasını və hökm çıxarılanadək altmış beş yaşına çatmış olmasını qanunvericilik müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinə mane olan hallar kimi müəyyən etmir. Lakin, qanunvericilik bir sıra cəza növləri üzrə təqsirləndirilən şəxsin əlilliyini, hökm çıxarılarkən altmış beş yaşa çatmış olmasını həmin cəzaların tətbiq edilməsini istisna edən hallar kimi müəyyən edir (CM-in 47.4.1; 57.2 maddələri). Bu isə belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsi səciyyələndirən qeyd edilən hallar özlüyündə cəza siyasətinin müəyyən edilməsi zamanı qanunverici tərəfindən nəzərə alınan əhəmiyyətli hallardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 127.2.2, 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi keçirilmiş 9 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar