Məhkəmə qərarları › İş №1(005)-64/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-64/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-64/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim xxxxxxxxxxxxxxxxxxxxxxxxx sədrliyi, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri xxx saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri xxx saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası, Cəlilabad rayonunun Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən nömrəsiz evdə kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3. maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 16 iyul 2020-ci il tarixdə səhər saat 05:20 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, “Cəbrayıllılar” məhəlləsi adlanan yaşayış sahəsi hesab edilən nömrəsiz evin qapısının açıq vəziyyətindən istifadə edib içəri qanunsuz daxil olaraq qonaq otağındakı masanın üzərində olan, hər birinin içərisində 2 manatlıq danışıq balansı olan 6 manat dəyərində ***-***-**-** “Azercell” nömrəsi və 10 manat dəyərində ***-***-**-** “Bakcell” nömrəsi ilə istifadə olunan 450 manat dəyərində “Nokia” 5.1 Plus Black” markalı mobil telefonu gizli yolla talamaqla oğurluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3 maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 15 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Böyük Şor qəsəbəsində yaşayan dostu Fəxrəddingilə getmiş, sonra isə tanışı Təqsirləndirilən şəxs1 həmin evə çağırmışdır. Nigar təxminən gecə saat ikinin yarısı ora gəlmiş və onlar səhərə qədər Fəxrəddinin evində olmuşlar. Səhər saat 5-ə işləmiş Nigarla evdən çıxıb gəzərək “Baksol” yoluna çıxmışlar. Oğurluq baş verən ünvanın yerləşdiyi ərazidə Nigarla birlikdə gəzə-gəzə avtobus dayanacağına tərəf getmişlər. O, eləcə də Nigar kiminsə evinə girməmiş və mobil telefon oğurlamamışlar. İstintaq zamanı ona təzyiq olduğu üçün etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin hadisə yerinin videogörüntülərilə bağlı bildirmişdir ki, 16 iyul 2020-ci il tarixdə səhər saat 05 radələrində hadisənin baş verdiyi ünvanda müşahidə kamerasına qeyd etdiyi kimi Nigarla gəzən zaman düşmüşlər. Belə ki, piyada avtobus dayanacağına getmişlər, sonra səhvən dalana girmiş və həmin dalandan çıxış yolu olmadığını görüb geri qayıdaraq yollarına davam etmişlər. Mobil telefonu oğurlanan şəxsə dəyən ziyan atası tərəfindən ödənilmiş, onun bundan xəbəri olmamışdır. Atası tərəfindən ödənilən pulun məbləğini də bilmir. Ona qarşı əsassız olaraq oğurluq etməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Buna görə də məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, 15 iyul 2020ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək Böyük Şor qəsəbəsində yaşayan dostu Fəxrəddinin narkomaniyadan əziyyət çəkdiyindən ona dəstək olmaq üçün evinə gəlməyini xahiş etmişdir. Orada 3-4 saat oturduqdan sonra 16 iyul 2020-ci il tarixdə səhər saat 05:00-ə işləmiş o, Azadla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu istiqamətində piyada avtobus dayanacağına gedərkən səhvən dalana girmişlər, yanlış yolla getdiklərini gördükdə oradan çıxaraq yenidən yollarına davam etmişlər. Dayanacağa çatıb avtobusa minmiş və evə getmişlər. Bir neçə gün sonra onu tanışı Şahid3 17-ci Polis Bölməsinə aparmış, bölmədə ona qarşı təzyiq edilmiş, hətta zor tətbiq edərək məcbur etmişlər ki, guya Azad onu mobil telefon oğurlamağa məcbur etmişdir, izahat və ifadəsini təzyiq altında, qorxudan vermişdir. O, əvvəl şahid qismində dindirmiş və ifadəsini yerində yoxlamağa aparmışlar. Hadisə yerində diqtə altında oğurluq olan evin qapısını və telefonun oğurlandığı yerləri göstərmiş, fotoşəkillər çəkilmişdir. Şahid qismində dindirildiyi vaxt polis əməkdaşları tərəfindən ona əslində şübhəli şəxs olduğu bildirilmişdir. Azad ona heç bir zaman oğurluq etməyi təklif etməmişdir. O, mobil telefon oğurlamadığını bildirsə də, Nərimanov rayon 17-ci polis bolməsində təzyiq göstərildiyi üçün Təqsirləndirilən şəxs2 qarşı ifadə verməyə məcbur olmuşdur. Oğurluq etmədiyi üçün məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 16 iyul 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, “Cəbrayıllılar” məhəlləsi adlanan ünvanda yerləşən evlərində müvəqqəti yaşayan dayısı oğlu Şahid2 özünə məxsus mobil telefonunun masanın üstündə olmadığını görmüş, evdə bir qədər axtarış aparılsa da, telefon aşkar edilməmişdir. Yay fəsli və havanın isti olması səbəbindən evin giriş qapısı səhərədək açıq qaldığından hesab etmişlər ki, evə oğru daxil olmuş və telefon oğurlanmışdır. Şahid2 işə yubanmamaq üçün getmiş, o isə axtarışın bir nəticə vermədiyini görüb 102 xidmətinə zəng edərək məlumat vermişdir. Az sonra mənzilə polis əməkdaşları gələrək yaxınlığındakı mağazanın kamera görüntülərinə baxdıqda, səhərə yaxın iki nəfər şəxsin onların küçəsinə daxil olduqlarını görmuş və o, oğurluq barədə polisə ərizə təqdim etmişdir. Hazırda onlara dəymiş zərər Təqsirləndirilən şəxs2 valideyni tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, müvəqqəti olaraq Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, Cəbrayıllılar məhəlləsi adlanan ərazidəki evdə bibisinin ailəsi ilə birgə yaşayır. 16 iyul 2020-ci il tarixdə səhər saatlarında işə gedən zaman hər birinin içərisində 2 manatlıq balansı olan 6 manat dəyərində “Azercell“ nömrəsi və 10 manat dəyərində “Bakcell“ nömrəsi istifadə olunan 450 manat dəyərində “Nokia 5.1 Plus Black” markalı mobil telefonun masanın üstündə olmadığını görmüş evdə bir qədər axtarış aparılsa da, telefon aşkar edilməmişdir. Havanın isti olması səbəbindən evin giriş qapısı səhərədək açıq vəziyyətdə qaldığından hesab etmişlər ki, evə oğru daxil olmuş və telefon oğurlanmışdır. O, işə yubanmamaq üçün getmiş, qohumu Zərərçəkmiş şəxs 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra hadisə ilə bağlı polisə ərizə ilə müraciət etdiyi üçün zərərçəkmiş kimi Coşqun qeydə alınmışdır. Telefon, qohumu Şahid1 tərəfindən kreditə götürülsə də, ödənişi özü həyata keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, tanışı, Nərimanov RPİ-nin 17-ci polis bölməsində əməliyyat müvəkkili işləyən X4 onun telefonuna videogörüntü göndərərək həmin şəxsləri tanıyıb-tanımadığı ilə maraqlandıqda o, videogörüntüdə tanışı Təqsirləndirilən şəxs1 görmüş, eyni zamanda sonuncunun vasitəsilə Təqsirləndirilən şəxs2 da tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanı bildiyi üçün onun polis bölməsinə aparılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1 polis bölməsində dindirilərkən təzyiq olunduğunu, sillə vurulduğunu, zor tətbiq edildiyindən məcbur olub oğurluq etməsini etiraf etdiyini ona bildirmişdir. Bundan sonra ifadənin yerində yoxlanılmasına Təqsirləndirilən şəxs1 ilə birlikdə getmiş, orada polis əməkdaşlarının diqtəsi ilə Nigar əlini telefon oğurlanmış ev istiqamətində uzatmış və bundan sonra fotoşəkillər çəkilmişdir. Həmçinin Nigar evin içində yenə də diqtə ilə telefonu haradan götürdüyünü göstərmiş və bundan sonra da fotoşəkillər çəkilmişdir. Daha sonra Nigar ona bildirmişdir ki, polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub Azadın təkidi ilə oğurluq etdiyi barədə ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci polis bölməsində əməliyyat müvəkkilləri işləyən X4, X7, X8 və Nərimanov RPİ-nin müstəntiqi X12, həmin idarənin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili X13 və post-patrul xidməti bölüyünün polis nəfəri X5 ifadə verərək göstərmişlər ki, 16 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu “Cəbrayıllılar” məhəlləsi adlanan ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı keçirilmiş istintaq əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı təzyiq olunmamış və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan və ittihamın əsasını təşkil edən aşağıdakı sübutlar tədqiq edilmişdir: Məhkəmə baxışı zamanı hadisənin videogörüntüsünü əks etdirən və iş üzrə maddi sübut olan 1 ədəd DVD formatlı, diskə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 6 ədəd videofayl vardır. Həmin videogörüntünün birinci faylında Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 “Baku Bus” avtobusuna daxil olurlar. Videogörüntünün ikinci faylından görünür ki, onlar ara məhəllələrə tərəf piyada gedirlər, üçüncü fayldan görünür ki, onlar bir yerdə gedirlər və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 qoluna girmişdir. Dördüncü və beşinci fayllardan görünür ki, onlar dəmir armaturlar tökülən yerə gedirlər, altıncı fayldan isə görünür ki, onlar yol kənarı ilə gedirlər. (cild 1, iş vər.174). Cinayət işinin materiallarında olan 25 iyul 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3. maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs kimi tutulmuşlar (cild 1, iş vər.51,79). İş materiallarındakı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli, 1(005)-873/2020 nömrəli və 27.07.2020-ci il tarixli, 1(005)-874/2020 nömrəli qərarlarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 25 iyul 2020-ci il tarixdən hesablanmışdır (cild 1. İş vər.144-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 tərəfindən verilmiş 21.09.2020-ci il tarixli, 1873 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2. İş vər. 27-29). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 tərəfindən verilmiş 21.08.2020-ci il tarixli, 1597 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vər. 35-37). İş materiallarında olan Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 20.09.2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs1 qeyd olunan ünvanda 01.06.2002-ci ildən anası ilə birgə yaşayır, subaydır, onun barəsində heç bir şikayət MKİS-ə daxil olmamışdır (cild 2. İş vər. 2-3). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.09.2020-ci il tarixli, 3/999 nömrəli məhkəmə ballistik ekspertizası, “Odlu silah və döyüş sursatlarının, qaz, pnevmanik və soyuq silahların tədqiqi” rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi küt, bir tərəfi kəsici xassəyə malik olan məişət təyinatlı turist bıçaqıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir (cild 2. İş vər. 30-32). İş materiallarında olan 05.10.2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərara əsasən oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, Cəbrayıllılar məhəlləsində yerləşən nömrəsiz evin yaxınlığında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı bir ədəd DVD disk və Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd zavod üsulu ilə istehsal edilmiş məişət təyinatlı turist bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 2. iş vər. 70-79). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmədiyi üçün onların hər birinə həmin ittiham üzrə bəraət verilməlidir. Belə ki, məhkəmə istintaqında müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 24 iyul 2020-ci il tarixdə Nərimanov rayon Polis İdarəsində izahat yazmış, 25 iyul 2020-ci il tarixdə şahid, 27 iyul 2020-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Hər üç halda Təqsirləndirilən şəxs1 16 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 hədələrinin təsiri altında saat təxminən 05 radələrində Baksol yolu ərazisində gəzdikləri zaman qapısı açıq olan həyət evinə daxil olaraq oradan telefon oğurlamasını etiraf etmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 izahat və ifadəsində göstərilənləri təkzib etmiş, orada qeyd edilənləri polis əməkdaşlarının təzyiqi altında verdiyini, hətta polis əməkdaşlarının ona zor tətbiq etdiklərini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 10 noyabr 2020-ci il tarixli, 17/38-8570 nömrəli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 30.07.2020-ci il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibb- sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə olunarkən bədəninin dəri səthinə baxış keçirilərkən hər iki ətrafın said nahiyəsində, göbəkdən yuxarı və aşağı nahiyədə kəsikdən sonrakı çapıq toxuma müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 da məhkəmə iclasında verdiyi ifadəsində istintaq zamanı ona təzyiq olmasını, buna görə də oğurluq etməsi barədə etirafedici ifadə verməyə məcbur olmasını göstərmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, 20 saylı vəkil bürosunun vəkili X9 rayon prokurorluğuna müraciət edərək, Nərimanov RPİnin İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs2 ona Nərimanov RPİ-də işgəncələrə məruz qalmasını, etirafedici ifadələr alınması üçün elektroşok vasitəsilə təzyiqlər edilməsini dediyini bildirmişdir. Araşdırmanın nəticəsi olaraq Təqsirləndirilən şəxs2 işgəncəyə məruz qalması faktı əsasında toplanmış 385-C-20 №-li material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 istintaq zamanı təzyiq altında ifadə verməsi Nərimanov rayon prokurorluğunda aparılan araşdırma zamanı öz təsdiqini tapmasa da, onun üzərində təqsirləndirilən şəxs qismində ifadə verdiyi gündən bir gün sonra, yəni 28 iyul 2020-ci il tarixdə istintaq təcridxanasına gətirildiyi zaman xəsarətlər aşkar olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 05 noyabr 2020-ci il tarixli, 20-12/380 nömrəli məktubundan görünür ki, CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 28.07.2020-ci il tarixində 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçirilmişdir. Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda həbs zamanı xəsarət aldığını bildirib. Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində, hər iki saitdə çoxlu sayda, qarnında iki ədəd çapıq toxuma aşkar olundu. Həmçinin cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 25 iyul 2020-ci il tarixdə polis idarəsində verdiyi ilkin izahatında 16 iyul 2020-ci il tarixdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaşadığı evdən edilmiş oğurluq hadisəsi ilə onun heç bir əlaqəsi və həmin cinayətdən xəbəri olmadığını bildirmişdir. Qeyd edilənlər əsasında məhkəmə təqsirləndirilən şəxslərin istintaq zamanı etirafedici ifadələrini sərbəst şəkildə verməsini şübhəli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən onların İstintaq təcridxanasına daxil olarkən üzərlərində xəsarətlərin olmasını, həmçinin Şahid3 ifadəsini əsas götürür. Belə ki, Təqsirləndirilən şəxs1 polis idarəsinə təqdim edən və şahid qismində dindirilmiş Şahid3 da ifadəsində Nigarın polis idarəsindən çıxandan sonra polis əməkdaşlarının ona zor tətbiq etdiyini, təzyiq altında oğurluq etməsini etiraf etməyə məcbur olduğunu, həmçinin ifadənin yerində yoxlanılması zamanı da Nigarın mobil telefonun oğurlandığı yerin diqtə ilə göstərdiyini bildirmişdir. Həmçinin də, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə də hüquqi qiymət verərək məhkəmə hesab edir ki, həmin ifadələr eyni mənbədən olmaqla, xidməti vəzifələrinin icrası zamanı məlum olan halları əks etdirərək maraqlı tərəfin ifadələridir, mötəbər sübut kimi istifadə edilə bilməz. X16 Məhkəməsinin presedentlərinə nəzər salsaq, bir çox işlərdə təqsirləndirilən şəxslərin kövrək vəziyyəti hüquqi yardımın alınması ilə yaxşılaşa bilər və bununla müdafiəçinin vəzifəsi, o cümlədən təqsirləndirilən şəxsə özünə qarşı ifadə verməmək üçün dəstək göstərilməsindən ibarətdir. Həmin hüquqa əsasən cinayət işində ittiham tərəfi təqsirləndirilən şəxsə qarşı mövqeyini sübut etmək üçün sonuncunun iradəsinə zidd olaraq məcburiyyət və ya təzyiq vasitəsilə əldə edilmiş sübutlardan istifadə etməməlidir (bax: “Yallo Almaniyaya qarşı” (Jalloh v. Germany [GC], no. 54810/00, § 100, ECHR 2006-...) və “Kolu Türkiyəyə qarşı” (Kolu v. Turkey, no. 35811/97, § 51, 2 August 2005) Məhkəmə təkrar edir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)) Məhkəmə, həmçinin təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı təqsirlərini etiraf etmələri barədə ifadələri ilə bağlı olmadıqlarını da qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət prosessual qanunvericiliyi təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini boynuna alması və ya almaması ilə bağlı olmadığını təsbit edir (CPM-in 324.3.4-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinin və CPM-in 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir. Məhkəmə, eyni zamanda cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 şahid qismində dindirilməsi və ifadəsinin yerində yoxlanılması haqqında 25 iyul 2020-ci il tarixli protokollara münasibətdə aşağıdakıları qeyd edir: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 25 iyul 2020-ci il tarixdə şahid qismində dindirilmiş və həmin gün də onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Sonradan həmin tarixdə də şübhəli şəxs qismində tutularaq, həmin qisimdə ifadəsi alınmışdır. 27 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, aparılmış istintaq zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 faktiki olaraq şübhəli şəxs qismində olmasına baxmayaraq, şahid qismində dindirilmiş, onun etirafedici ifadəsi alınmış və şahid qismində verdiyi ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirmiş, elə həmin gün də onu şübhəli şəxs qismində dindirərək ifadəsini almışdır. İfadələrin yerində yoxlanılması istintaq hərəkətinin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, əvvəllər ifadəsi alınmış şəxsdən cinayət hadisəsi ilə bağlı yerin və obyektlərin göstərilməsi, habelə hər hansı bir hərəkətin nümayiş etdirilməsi ilə müşaiyət olunmaqla araşdırılan hadisəyə dair əvvəllər haqqında ifadə verilmiş dəqiq məlum olan yerdə ifadə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 polis idarəsində verdiyi ilkin izahatında törədilmiş oğurluq hadisəsini etiraf etmiş, yəni faktiki olaraq artıq şübhəli şəxs vəziyyətində olmuşdur. Faktiki olaraq şübhəli şəxs qismində olan Təqsirləndirilən şəxs1 şahid qismində dindirilərək etirafedici ifadəsinin alınması və verdiyi ifadənin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçirilməsi onun hüquqlarının əsaslı şəkildə pozulmasına gətirib çıxartmışdır. Belə ki, faktiki şübhəli şəxs qismində olmuş şəxsin şahid qismində dindirilməsi zamanı həmin şəxsin ifadə verməkdən imtina etmək hüququ olmur və bütün suallara cavab verməli olur. Həmçinin onun müdafiə olunmaq, müdafiəçi ilə təmin olunmaq hüququ da pozulur. Məhz bu baxımdan da faktiki şübhəli şəxsin şahid qismində dindirilməsi zamanı əldə edilən ifadələri, eləcə də, bu ifadələrə əsaslanan sübutlar, o cümlədən ifadənin yerində yoxlanılması protokolunu məhkəmə yolverilməz hesab edir və cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirir. Bununla əlaqədar X16 Məhkəməsinin mövqeyinə əsasən, ədalətli məhkəmə hüququnun təcrübədə tətbiq olunan və səmərəli olduğu üçün Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi bir qayda olaraq tələb edir ki, hüquqi yardım almaq hüququ əgər onun məhdudlaşdırılmasına iş üzrə məcburedici səbəblər mövcud deyilsə, şübhəli şəxsin polisdə ilkin dindirilmədən başlayaq təmin olunmalıdır. İşdə olan məcburedici səbəblər hüquqi yardım almaq hüququnun məhdudlaşdırılmasını əsaslandırırsa belə bunu kimi məhdudiyyət Konvensiyanın 6-cı maddəsi üzrə təqsirləndirilən şəxsin hüquqlarına xələl gətirməməlidir Prinsip etibarı ilə vəkilin iştirakı olmadan polisdə dindirmə zamanı ifşaedici ifadələrin verilməsi müdafiə olunmaq hüququna ciddi xələl yetirir (Salduz Türkiyəyə qarşı, 55-ci bəndi). İstintaq orqanının əldə etdiyi və sübut kimi qiymətləndirdiyi videogörüntünün olduğu diskə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Göstərilən diskə baxış keçirilməsi protokolundan müəyyən olunur ki, həmin diskdə 6 ədəd videofayl vardır. Həmin videogörüntünün birinci faylında Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 “Baku Bus” avtobusuna daxil olurlar. Videogörüntünün ikinci faylından görünür ki, onlar ara məhlələrə tərəf piyada gedirlər, üçüncü fayldan görünür ki, onlar bir yerdə gedirlər və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 qoluna girmişdir. Dördüncü və beşinci fayllardan görünür ki, onlar dəmir armaturları tökülən yerə gedirlər, altıncı fayldan isə görünür ki, onlar yol kənarı ilə gedirlər. Göründüyü kimi, videogörüntü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq hadisəsinin baş verdiyi evin yerləşdiyi ərazidə gəzmələri, ara məhəllələrə tərəf piyada getdikləri və s. aydın olur. Yəni göstərilən videogörüntü oğurluq hadisəsinin hər hansı təfərrüatını əks etdirmir, yəni videogörüntüdən təqsiləndirilən şəxslərin oğurluq edilən ünvana daxil olması, oradan mobil telefon oğurlaması və s. müəyyən olunmur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq baş verən ünvanın yerləşdiyi ərazidə və vaxtda olmaları məhz oğurluğun onlar tərəfindən törədilməsini hər hansı şəkildə təsdiq etmir. Belə ki, göstərilən şəxslər ifadələrində həmin ünvanda olduqlarını, lakin səhvən hadisə yeri olan evin yerləşdiyi dalana daxil olduqlarını və yanlış gəldiklərini görüb sonradan geri dönüb çıxdıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, sözügedən sübut törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilib-törədilməməsini, onların təqsirli olub-olmamasını, yəni ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hər hansı halı müəyyən etmir, buna görə də təqsirləndirilən şəxslərin təqsirliliyinin müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilə bilməz. Mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın predmeti ilk növbədə əmlakdır. Hansı formada törədilməsindən asılı olmayaraq. Talama özgənin əmlakını götürmədən və ya özünün, yaxud başqasının xeyrinə keçirmədən ibarətdir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab olunur. Hazırki cinayət işi üzrə istintaq orqanı tərəfindən talamanın predmeti mobil telefonun təqsirləndirilən şəxslər tərəfindən oğurlanmasını birbaşa təsdiq edən sübut əldə edilməmişdir. Yəni, istintaq orqanı tərəfindən talanan əmlakın yeri və hazırda kimin istifadəsində olması ümumiyyətlə müəyyən edilməmiş və bu istiqamətdə hərəkətsizlik göstərilmişdir. Talanan əmlakın mobil telefon olduğu nəzərə alınaraq, istintaqı aparan şəxs tərəfindən həmin əmlakın harda, kimə, necə satılmasını müəyyən etmək məqsədilə mövcud mobil operator şirkətlərinə sorğular verməli, həmin telefonun işlək vəziyyətdə olduğu halda kimin istifadəsində olmasını aydınlaşdırmalı, bununla da göstərilən hallar müəyyən edilməklə talama predmeti olan əmlakın məhz kimin tərəfindən oğurlamasını birbaşa təsdiq edən edən sübutlar əldə olunmalı idi. Cinayət işinin materiallarından göründüyü kimi, mövcud mobil operator şirkətlərinə sorğular verilsə də, həmin sorğuların cavabları alınmamış və talanmış əmlak müəyyən edilərək maddi sübut qismində tanınmamışdır. Yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin əmlakı oğurlamaqla öz sərəncamlarına keçirmələrini təsdiq edə biləcək mötəbər sübutlar əldə edilməmişdir. İbtidai araşdırma orqanının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmalarına dair topladığı sübutlara dair məhkəmə qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər“cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə ittihamın əsasını təşkil edən və yuxarıda təsvir olunan sübutları qeyri-mötəbər sübutlar kimi qiymətləndirir və hesab edir ki, həmin sübutlar CPMin tələblərinə əməl edilməklə əldə olunmadığından baş vermiş cinayət hadisəsində şəxslərin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübutlar hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq etməsinin sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutların həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisəsinin baş verdiyi ünvanın yerləşdiyi ərazidə olsalar da, onlar tərəfindən oğurluq edilməsi məhkəmə istintaqında öz təsdiqini tapmamış, ittiham tərəfindən mötəbər sübutlar əldə olunmamış, əldə edilən sübutlar isə qeyri-mötəbər və şübhəli olduğundan şəxslərin təqsirliliyinin müəyyən olunmasında istifadə oluna bilməz. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. Azərbaycan Respublikası CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25-ci maddəsinə əsasən hakimlər“ cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamış, toplanmış sübutlar isə onların təqsirsizliyini təsdiq edir (CPM-in 42.2.4-cü maddəsi). Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3 maddələri ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlarla ümumiyyətlə, göstərilən maddələrdə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyini müəyyən etmək mümkün olmadığından, təqsirləndirilən şəxslərə həmin maddələrlə təqsirliliyi sübuta yetməməsi əsası ilə bəraət verilməli, onların hər biri Azərbaycan Respublikası adından təqsirsiz elan edilməlidir. Məhkəmə, CPM-in 507.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onlar məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Oğurluq etmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüquqları onlara izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkilə ödəniləcək pul vəsaiti ilə bağlı məsələni həll edərkən təqdim olunmuş hesabatı, habelə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, dövlət büdcəsindən hər iş saatına görə 6 (altı) manat hesab edilməklə vəkil X3 75 (yetmiş beş) iş saatı üçün 450 (dörd yüz əlli) manat Bakı şəhəri 14 saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizası, “Odlu silah və döyüş sursatlarının, (qaz, pnevmatik və soyuq silahlar) tədqiqat metodikası”nın dəyəri 64 (altmış dörd) manat dövlət büdcəsinə aid edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 1 ədəd bıçaq Təqsirləndirilən şəxs2 qaytarılmalı və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346, 347, 349, 350, 352, 353, 356, 357 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3. maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3 maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X3 75 (yetmiş beş) iş saatı üçün 450 (dörd yüz əlli) manat Bakı şəhəri xxxx saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının dəyəri 64 (altmış dörd) manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübutlar Bakı şəhəri Nərimanov rayon Polis idarəsində saxlanılan 1 ədəd bıçaq Təqsirləndirilən şəxs2 qaytarılsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüquqlarının olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayəti törətmiş şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim xxxxxxxxxxxxxxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar