Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-64/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1999-cu ildə Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Böyük Qışlaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Dəmiryolu, döngə 1 ünvanında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tanışı Samedov Vəkilxan Gabil oğlundan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,173 qram çəkidə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısına salınmış narkotik vasitə olan heroini 20 manat müqabilində əldə edib saxlamaqla daşıyarkən, 28 iyun 2022-ci il tarixdə saat 07 radələrində Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında Samedov Vəkilxan Gabil oğlunun etibarnamə əsasında idarə etdiyi «KİA RİO» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomaşında şübhəli şəxs qismində saxlanılıb, Nərimanov rayon Polis İdarəsinə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibindən siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş 01 ədəd bükümdə, 0,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan təxminən 6-7 ay olar ki, “kakos” adı ilə tanıdığı narkotik vasitə istifadəni çəkmə yolu ilə qəbul edir. İstifadə etdiyi narkotik vasitəni Səmədov Vəkilxan Qabil oğlundan pul müqabilində alaraq istifadə edirdi. Vəkilxanı kirayədə qaldığı köhnə məhlədən tanıyır. 28 iyun 2022-ci il tarixdə saat 13 radələrində tanışı X6 ilə zəngləşib «Masazır dairəsi»ndə görüşüb, aralarında danışıblar ki, Vəilxandan narkotik vasitə alıb qəbul etsinlər. O, Vəkilxana zəng vurub demişdir ki, gəlib onları götürsün, gedib «mal» alsınlar. Vəkilxan telefon danışığı zamanı narkotiki vasitəni tapmağa söz vermişdir. Vəkilxan idarə etdiyi "Kia Rio” markalı avtomobillə gəlib onları «Masazır dairəsi» adlanan ərazidən götürmüşdür. O, Rza ilə birgə Vəkilxanın avtomobili ilə “Koroğlu” metrostansiyası adlanan ərazinin qarşısına gəlmişlər. O, maşında qabaqda əyləşmiş, Rza isə arxada əyləşmişdir. Daha sonra Nərimanov rayonu, «Baksol yolu» küçəsi istiqamətində gedərkən maşının içində sükan tərəfdən onun Vəkilxana verdiyi 20 manat pulun müqabilində bir büküm narkotik vasitə olan (kakos) heroin vermişdir. Vəkilxan oradan sürüb ünvan 3 ünvanda yerləşən “Arzu” marketin qarşısında saxlayıb dükandan su almaq istəyirdi ki, bu zaman mülki geyimdə olan, tanımadıqları 2 nəfər onlara yaxınlaşıb bir neçə dəqiqə onlarla danışandan sonra onun və digər şəxslərin narkotik vasitə istifadə etməyindən və üzərində saxladığından şübhələndiklərini deyib onlarla Nərimanov RPİ-nə getmələrini xahiş etdilər. O, Rza və Vəkilxan həmin şəxslərlə Nərimanov RPİ-nə Vəkilxanın idarə etdiyi “Kia Rio” avtomobillə gəlmişlər. Polis idarəsində ona bildirmişlər ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə tanımadığı iki nəfər qadın hal şahidlərinin və qadın polis əməkdaşının iştirakları ilə axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib vəkil siyahısı təqdim etdilər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilər. O da təqdim olunmuş siyahıdan X2 hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşı vəkili idarəyə dəvət etmişdir. Vəkil gəldikdən sonra onun, qadın polis əməkdaşının, hal şahidlərinin və onları Nərimanov RPİnə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O, 28 iyun 2022-ci il tarixdə 20 manat pul müqabilində Vəkilxan adlı şəxsdən alaraq əynində olan şalvarının qabaq sağ cibinə qoyaraq özündə saxladığı, içərisində kakos adı ilə tanıdığı narkotik vasitə heroin olan 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü könüllü təqdim etmişdir. Bundan əlavə əynində olan cins şalvarın qabaq arxa sol cibində olan 01 ədəd “Samsung A6” modelli mobil telefonu da könüllü təqdim etmişdir. Polis əməkdaşı könüllü təqdim etdiyi içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib edib ucadan oxumuşdur. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nin baş kiçik inspektoru polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 28 iyul 2022-ci il tarixdə saat 07:00 radələrində Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 4 ünvanın yaxınlığında 3 nəfər şəxsin “Kia Rio" markalı avtomobildə əyləşdiklərini, hərəkətlərindən və özlərini şübhəli aparmalarından şübhələnib onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib, onlara da özünü təqdim etməsini təklif etmişlər. Onların danışarkən suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmaqlarını, həmin şəxslərin gözlərinin axması ilə şübhələrini daha da artıraraq oradan uzaqlaşmağa cəhd göstərmişlər. Onlar həmin şəxsləri saxlayaraq Nərimanov RPİ-nə gətirib növbətçi hissəyə təqdim etmişlər. Orada müəyyən olunmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digərləri isə Samedov Vəkilxan Gabil oğlu və X3r. Təhqiqat araşdırması aparılması üçün raportla idarənin rəhbərliyinə müraciət etmiş, araşdırmanın aparılması baş təhqiqatçı Sərraf Cəfərova tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl həmin şəxsə hüquq və vəzifələrini izah edib vəkil dəvət etmiş və baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o da əynində olan cins şalvarın qabaq sağ cibindən siqaretin gümüşü kağız parçasına bükülmüş 01 ədəd bükülünü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünü açıb içərisinə baxdıqda içərisində həqiqətən də qəhvəyi rəngli, spesifik iyiyə malik toz halında olan maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi içərsində qəhvəyi rəngli, spesifik iyiyə malik toz halında kakos olan 01 ədəd bükülünü xx.xx.2022-ci il tarixdə Samedov Vəkilxan Gabil oğlundan avtomaşında 20 manata özü qəbul etmək üçün alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükülü zərfə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nin baş kiçik inspektoru Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 11-12-ci vərəqələrində olan “Tutma haqqında” 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 20-21-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X5 tərəfindən həmin protokol ona görə tərtib olunmuşdur ki, Azərbaycan Respublikası CPM-nin 52, 86 və 246.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq müdadiəçinin və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxs, üzərində olan qanunsuz əşya və maddələri könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əyində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş, içərisində toz halında qəhvəyi rəngli, spesfik qoxuya malik maddə olan 01 ədəd bükülünü könüllü olaraq polis əməkdaşlarına təqdim edib bildirmişdir ki, təqdim etdiyi həmin bükülünün içərisində “Kakos” adı ilə tanıdığı narkotik vasitə heroin var. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni 28 iyun 2022-ci ildə saat təxminən saat 04:20 radalərində Bakı şəhəri ünvan 3ndə tanışı Vəkilxan adlı şəxsdən 20 manat pul müqabilində öz şəxsi isdifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş, içərisində toz halında qəhvəyi rəngli, spesfik qoxuya malik maddə olan 01 ədəd bükülü sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi götürülərək polis əməkdaşları tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 44 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin 29-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 6/3577 nömrəli rəyindən görünür ki, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün N° 44» dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,173 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Cinayət işinin 53-54-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 66-67-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 82-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 6/3904 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi Tədqiqat Obyekti №59” ştamp əksi ilə möhürlənmiş paketdəki, vət. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə heroin, vət. Samedov Vəkilxan Gabil oğlunun üzərindən və onun idarə etdiyi avtomobildən götürülmüş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 29 iyun 2022-ci il tarixli 6/3577 saylı, Samedov Vəkilxan Gabil oğlunun üzərindən və onun idarə etdiyi avtomobildən götürülmüş heroinlərin təmiz şəkiləri 28 iyul 2022-ci il tarixli 6/3904 saylı ekspert rəyində göstərilmişdir. Cinayət işinin 91-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində tutularaq həmin günü saat 15:00-da Nərimaov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan “Şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad olunması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 99-cu vərəqində olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən Arayışdan görünür ki, X10 12 yanvar 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 239 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Ata qrafasında X7, ana qrafasında isə Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin 100-cü vərəqində olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı, 711086 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 12 yanvar 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 239 nömrə ilə qeyd olunmuşdur. Ata qrafasında X7, ana qrafasında isə Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi “Ambulator Məcburi – X9” tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli, 4986 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 106-111-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,173 qram çəkidə (tədqiqatdan sonra qalıq qalan 0,123 qram) narkotik vasitə olan heroinin iş üçün müstəsna əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,173 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin ikinci abzasına görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi keçirilmiş 10 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,123 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsın hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-64/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-64/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver