Məhkəmə qərarları › İş №1(005)-65/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-65/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-65/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və Parntyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 112-də kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 iyun 2022-ci il tarixdə gecə saat 01 radələrində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli müvafiq çıxarışa əsasən xx.xx.2006cı il tarixdə qeydiyyata alınmış tam mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə eyvandan qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs məxsus bir ədəd 50 manat dəyərində “Supermax 26 LED TV” markalı televizor, bir ədəd 150 manat dəyərində “Samsung” markalı kondisioner, bir ədəd 120 manat dəyərində “Ariston 20L” markalı su qızdırıcısı, bir ədəd 300 manat dəyərində “LG” markalı paltaryuyan maşın və bir ədəd 150 manat dəyərində “Dnepr” markalı birqapılı soyuducudan ibarət əmlakı gizli olaraq talayıb oğurlayarkən “Supermax 26 LED TV” markalı televizorla birgə 5-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanından öz ehtiyatsızlığı səbəbindən yerə yıxılması nəticəsində açıq kəllə beyin travması, baş beynin orta dərəcəli əzilməsi, sol təpə-gicgah payın lövhəvari epidural hematoması, sol gicgah sümüyünün kəllə əsasına uzanan xətti sınığı, sağ budun burmalardan keçən yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 770 (yeddi yüz yetmiş) manat dəyərində əmlakı gizli olaraq talayıb oğurlamağa cəhd elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 iyun 2022-ci il tarixdə gecə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən beşmərtəbəli binanın həyətində gəzişən zaman digər mənzillərdən fərqli olaraq həmin binanın beşinci mərtəbəsində yerləşən mənzillərdən birinin işıqlarının yanmadığını görmüşdür. Bu onun diqqətini cəlb etdiyindən həmin mənzildə hər hansı şəxsin yaşamadığını və bu səbəbdən mənzilin işıqlarının yanmadığını düşünüb bir neçə dəqiqə binanın həyətində gəzişməyə davam edərək həyəti və həmin mənzili müşahidə etməyə başlamışdır. Həyətdə sakinlərdən kiminsə gözə dəymədiyini və sakitçilik olduğunu görüb gizlinci beşinci mərtəbədə yerləşən həmin mənzilə daxil olub oğurluq elmək qərarına gəlmişdir. Bu məqsədlə binanın qarşısındakı hündür ağaca dırmaşıb 5-ci mərtəbəyədək qalxaraq həmin mənzilin eyvanına tullanmışdır. Bir-iki dəqiqə eyvanda gözləyib mənzildən səs-küy gəlmədiyini və hər hansı şəxsin olmadığını yəqin etdikdən sonra sakitcə eyvanın açıq vəziyyətdə olan qapısından mənzilə girmişdir. Bundan sonra siqaret yandırmaq üçün adətən cibində gəzdirdiyi alışqanın fənərindən istifadə etməklə 1 (bir) otaqlı həmin mənzili axtarmağa başlamışdır. Bir neçə dəqiqə mənzili diqqətlə axtarsa da, hər hansı məbləğdə pul, habelə qızıl-zinət əşyası tapa bilməmişdir. Bu səbəbdən qərara gəlmişdir ki, mənzildə olan əşyaları, yəni televizoru, paltaryuyan maşını, kondisioneri, su qızdırıcısını və soyuducunu oğurlayıb eyvandan həyətə düşürməklə aparsın. Bu məqsədlə cəld şəkildə kondisioneri, su qızdırıcısını və paltaryuyan maşını söküb yerindən çıxartmışdır. Qapıdan mənzili tərk edib pilləkənlə aşağı düşəcəyi halda bina sakinlərindən kiminsə onu görüb polis çağıracağını düşünərək mənzildə olan həmin əşyaları rahat şəkildə oğurlamaq üçün onları əvvəlcə eyvana yığmaq, daha sonra isə bir-bir həyətə düşürmək qərarına gəlmiş, ilk öncə mənzildəki "plazma" tipli televizoru qucağına götürüb eyvana çıxartmış və eyvanda dayanıb binanın önündəki ağaclardan istifadə etməklə həyətə düşmək üçün əlverişli yer axtarmağa başlamışdır. Bu zaman aşağı boylanarkən ani olaraq müvazinətini itirib beşinci mərtəbədəki həmin mənzilin eyvanından qucağındakı "plazma" tipli televizorla birlikdə əvvəlcə ağacların üzərinə, oradan isə binanın həyətinə yıxılaraq müxtəlif xəsarətlər almış, həmçinin sağ qıçı sınmışdır. Ağrının şiddətindən ayağa qalxaraq oradan qaçıb uzaqlaşa bilməmişdir. Səs-küyə həyətə çıxan bina sakinləri onu yerdə yıxılmış vəziyyətdə aşkar edib polisə və təcili-tibbi yardıma məlumat vermişlər. Bir neçə dəqiqə sonra polis əməkdaşları, habelə təcili-tibbi yardım avtomobili hadisə yerinə gəlmiş, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onu X3 aparmışlar. Məqsədi həmin mənzildən 500-600 (beş yüz altı yüz) manat pul oğurlamaq olmuş, həmin mənzildə ancaq bu qədər pul ola biləcəyini düşünmüş, lakin pul tapa bilmədiyinə görə mənzildəki əşyaları oğurlayıb sataraq gündəlik dolanışığı üçün bir qədər pul əldə etməyi qərara almışdır. Hadisədən sonra hər hansı şəxs tərəfindən ona qarşı zor tətbiq olunmamış və heç bir xəsarət yetirilməmişdir. Əksinə, onun yıxıldığını görən bina sakinləri tibbi yardım üçün dərhal təcili tibbi yardım çağırmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 59 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki 1 (bir) otaqlı 60 nömrəli mənzil ona məxsusdur. Həmin mənzildə yaşamasa da, arabir ora baş çəkir. 05 iyun 2022-ci il tarixdə gecə saat 01 radələrində qonşusu Marif mobil telefonuna zəng vuraraq naməlum şəxsin gizlincə ona məxsus mənzilə daxil olmasını və mənzilindən oğurladığı televizorla birlikdə mənzilin eyvanından, yəni beşinci mərtəbədən yerə yıxıldığım bildirmişdir. Narahat olaraq cəld şəxsi istifadəsində olan avtomobillə həmin ünvana getmişdir. Binanın həyətinə daxil olduqda polis əməkdaşlarının və təcili tibbi yardım işçilərinin həyətdə toplaşdığını görüb onlara yaxınlaşmışdır. Bu zaman bir nəfər 40-45 yaşlarında kişi cinsli şəxsin yerdə müxtəlif xəsarətlər almış vəziyyətdə yıxılıb qaldığını və həkimlərin həmin şəxsə tibbi yardım göstərdiklərini görmüşdür. Həmin şəxsə yaxınlaşan zaman qeyd olunan ünvanda yerləşən mənzilindəki «Supemax» markalı televizorun onun yanında yerdə zədələnmiş vəziyyətdə olduğunu görüb məhz həmin şəxsin oğurluq etmək üçün onun mənzilinə daxil olduğunu başa düşmüşdür. Odur ki, polis əməkdaşlarına özünü təqdim edib qeyd olunan ünvanda 5-ci mərtəbədə yerləşən 60 nömrəli mənzilin mülkiyyətçisi olduğunu və yerdə uzanmış həmin şəxsin yanındakı «Supermax» markalı televizorun ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları oğurluq etmək üçün ona məxsus mənzilə daxil olmuş həmin şəxsi, yəni sonradan araşdırma zamanı tanıdığı Təqsirləndirilən şəxs xəstəxanaya yola saldıqdan sonra onun icazəsi və iştirakı ilə mənziliə baxış keçirib müvafiq sənədləşdirmə aparmışlar. Həmin vaxt polis əməkdaşları ilə birlikdə beşinci mərtəbədə yerləşən mənzilinin qapısını açıb içəri daxil olduqda «Samsung» markalı kondisionerin, «Ariston» markalı su qızdırıcısının, paltaryuyan maşının və soyuducunun sökülərək yerindən çıxarıldığını görüb mənzilə daxil olmuş, həmin şəxsin televizorla yanaşı qeyd olunan əşyaları da oğurlamağa cəhd etdiyini başa düşmüşdür. Həmçinin bu zaman mənzilin eyvana açılan qapısının açıq olduğunu görüb həmin şəxsin məhz eyvandan ona məxsus mənzilə daxil olduğunu yəqin etmişdir. Həmin şəxsin, yəni Təqsirləndirilən şəxs beşinci mərtəbədə yerləşən ona məxsus mənzilin eyvanına necə və hansı şəraitdə qalxdığını bilmir. Eyni zamanda həmin şəxsin eyvandan mənzilə daxil olaraq içəridən televizoru götürdükdən sonra hansı şəraitdə eyvandan yerə yıxılmasını bilmir. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus mənzildən digər hər hansı əmlak, o cümlədən pul vəsaiti və ya qızıl-zinət əşyası oğurlanmamışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, qonşu kimi tanıyır ünvan 3 ünvanında yerləşən yaşadığı 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki 60 nömrəli mənzil Zərərçəkmiş şəxs məxsusdur. Lakin Zərərçəkmiş şəxs daimi olaraq həmin ünvanda yaşamır, yalnız arabir həmin mənzilə gəlib baş çəkir. 05 iyun 2022-ci il tarixdə gecə saat 01:30 radələrində yaşadığı mənzildə öz otağında istirahət edən zaman 5-ci mərtəbədə yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildən səs-küy eşidib nə baş verdiyini aydınlaşdırmaq üçün eyvana çıxmışdır. Bu zaman ani olaraq Zərərçəkmiş şəxs məxsus mənzilin eyvanından təxminən 40-45 yaşlarında tanımadığı kişi cinsli bir şəxsin qucağında tutduğu televizorla birlikdə binanın önündə olan ağaclara toxunaraq yerə yıxıldığını görmüşdür. Həmin şəxsin qonşusu Zərərçəkmiş şəxs məxsus evə oğurluq etmək üçün girdiyini başa düşüb cəld oğlu Turala məxsus mobil telefon nömrəsindən Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs mobil telefon nömrəsinə zəng edib naməlum şəxsin gizlincə ona məxsus mənzilə daxil olduğunu və mənzildən oğurladığı televizorla birlikdə mənzilin eyvanından, yəni beşinci mərtəbədən yerə yıxıldığını bildirmişdir. Daha sonra oğlu Tural və qonşularla birlikdə həyətə düşüb Zərərçəkmiş şəxs məxsus mənzilin eyvanından yıxılmış həmin şəxsə, yəni yaxınlaşmışdır. Bu zaman onun müxtəlif xəsarətlər alaraq yerdə uzandığını və bu səbəbdən ona ünvanlanan suallara adekvat cavab verə bilmədiyini görmüşdür. Bir neçə dəqiqə sonra təcili tibbi yardım işçiləri və polis əməkdaşları hadisə yerinə gəlmişlər və həkimlər həmin şəxsə tibbi yardım göstərməyə başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs də hadisə yerinə gəlmiş və yerdə olan televizoru göstərib həmin televizorun ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə, o cümlədən Zərərçəkmiş şəxs məxsus mənzilə baxış keçirib sənədləşdirmə aparmışlar. Həkimlər Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərdikdən sonra onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 6-8-ci vərəqələrində olan “Baxış keçirilməsi və könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən yaşayış binasıdır. Bina 5 mərtəbəli köhnə tikilidir. Binanın 5-ci mərtəbəsində yerləşən evin giriş qapısı metal qapıdır. Cinayət işinin 67-75-ci vərəqələrində olan Şəmkir Rayon Məhkəməsinin 1(076)- 57/2018 nömrəli, 14 iyun 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3-cü maddəsi 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəlinin həbsə alındığı vaxtdan, yəni 7 noyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 80-M nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər - açıq kəllə beyin travması, baş beynin orta dərəcəli əzilməsi, sol təpə - gicgah payın lövhəvari epidural hematoması, sol gicgah sümüyünün kəllə əsasına uzanan xətti sınığı, sağ budun burmalardan keçən yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən şəraitdə, yəni hündürlükdən, o cümlədən beşinci mərtəbədə yerləşən mənzilin eyvanından yıxılma nəticəsində əmələ gələ bilməsi istisna edilmir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Cinayət işinin 135-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2022-ci il tarixli, 9/4863 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 5 adda əşyaların ümumilikdə xx.xx.2022-ci il tarixə istifadəsi nəzərə alınmaqla orta bazar qiymət təxminən 770,00 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 140-cı vərəqində olan “Axtarışda olan şəxisn tutulması barədə” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 173-175-ci vərəqələrində olan “Təqsirləndirilən şəxisn barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nərimanov RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Rahib Əliyevin vəsatətinin rədd edilməsi, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs dərhal Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 176-178-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 190-201-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Supermax 26 LED TV” markalı televizor, bir ədəd “Samsung” markalı kondisioner, bir ədəd “Ariston 20L” markalı su qızdıncısı, bir ədəd “LG” markalı paltaryuyan maşın və bir ədəd “Dnepr” markalı birqapılı soyuducunun maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə saxlanışa verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-508/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-5681 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Şəmkir Rayon Məhkəməsinin 1(076)-57/2018 nömrəli, 14 iyun 2018-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Şəmkir Rayon Məhkəməsinin 1(076)-57/2018 nömrəli, 14 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 05 iyun 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut - bir ədəd “Supermax 26 LED TV” markalı televizor, bir ədəd “Samsung” markalı kondisioner, bir ədəd “Ariston 20L” markalı su qızdıncısı, bir ədəd “LG” markalı paltaryuyan maşın və bir ədəd “Dnepr” markalı birqapılı soyuducunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - bir ədəd “Supermax 26 LED TV” markalı televizor, bir ədəd “Samsung” markalı kondisioner, bir ədəd “Ariston 20L” markalı su qızdıncısı, bir ədəd “LG” markalı paltaryuyan maşın və bir ədəd “Dnepr” markalı birqapılı soyuducunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar