Məhkəmə qərarları › İş №1(005)-66/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-66/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-66/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrirdə ünvan 2 ünvanda Daxili İşlər Nazirliyinin X9 Alayının 1-ci Partul Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətiriləndən sonra, üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan içəri cibindən “LD” markalı siqaretin qutusu içərisində olan üzərində “вода для инъкций” yazısı olan şüşə ampulanın içərisində təmiz çəkisi 0,330 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,230 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında öz istifadəsi üçün “Papanin” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manata bir büküm narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin фlmışdır. Daha sonra isə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən apteklərin birindən 02 ədəd su ampulası alaraq “LD” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Almış olduğu heroini isə ampulanın içərisində baş nahiyəsini qıraraq qarışdırmış və üzərinə siqaretin üz qabığı olan qara rəngli kardon kağız keçirtmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 16:50 radələrində ünvan 3 ünvanda qarajların arasında olarkən polis əməkdaşları ona yaxınlaşmış, o, üzərində psixotrop maddə olduğundan həyəcanlanmış və getmək istədikdə polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək onlarla birlikdə polis bölməsinə getməyi təklif etmişlər. O, etiraz etməyib onlarla birlikdə 16-cı Polis Bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. O da xx xxxxxx 2020-ci il tarixdə 5 manata almış olduğu və siqaretin qutusu içərisinə qoyduğu psixotrop maddə olan metamfetamini və şüşə ampulada qarışdırdığı maddəni əynində olan tünd göy rəngli qolsuz gödəkçəsinin içəri sağ yan cibindən çıxararaq könüllü təqdim etmişdir. Həmin metamfetamini və şüşə ampula içərisində olan narkotik vasitə heroini təqdim edərkən polis əməkdaşları tərəfindən videoçəkliş də aparılmışdır. Təqdim etdiyi metamfetamin və heroin polis əməkdaşları tərəfindən qablaşdırılıb üzəri möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, onun və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra isə onun üzərindən aşkarlanmış metamfetaminin və heroin ekspertizaya göndərilmişdir. Əməlindən peşmandır, yekunda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X9 Alayının Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində post yoldaşı, polis nəfəri Şahid2 ilə xidmət aparan zaman ünvan 4 ünvanda bir nəfər şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından və polis əməkdaşlarını görüb qaçdığından ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyrimüəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmışdır. Buna görə də onun yayınaraq getməsinə imkan verməmiş, onu Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-yə dəvət etmişlər. Həmin şəxs narazılıq və hər hansı etiraz bildirmədən onlarla birlikdə müşayiətləri altında ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı PB-yə gəlmişdir. Polis Bölməsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra müvafiq raport yazandan sonra, araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Novruz Novruzova həvalə edildiyindən, müşayiətləri ilə Təqsirləndirilən şəxs xidməti otağa aparmışlar. Xidməti otaqda təhqiqatçının dəvəti ilə vəkil gələndən sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan içəri cibindən bir ədəd “LD” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin təqdim edilmiş siqaretin qutusunun içərisinə təhqiqatçı tərəfindən baxılarkən müəyyən edilmişdir ki, onun içərisində qapaq hissəsi qırılmış vəziyyətdə üzərinə karton keçirilmiş şüşə ampulasının divarlarına yapışmış olan spesifik qoxuya malik maddə və siqaretin gümüşü kağızına bükülmüş spesifik qoxuya malik toz şəkilli maddə vardır. Həmin maddələrin nə olduğu Təqsirləndirilən şəxs soruşulmuş, o, bükümün və şüşə ampulasının içərisində olan maddənin narkotik vasitə olduğunu bildirib onları xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 5 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X9 Alayının Patrul Bölüyünün polis nəfəri Şahid2 və Nərimanov RPİ-nin 16-cı PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2020-ci tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Nərimanov RPİ-nin 16-cı PB-nin baş leytenantı X2 ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid1, Şahid2, Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və “Yusifbəyli və Patnyorları” Vəkil Bürosunun vəkili X4, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib etmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2 tərəfindən Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 23 saylı ünvanın həyətində Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində saat 17:30 radələrində 16-cı PB-yə gətirilmişdir. 16-cı PBdə ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olundu. ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid1, Şahid2 Nərimanov RPİ 16-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və “Yusifbəyli və Patnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli qolsuz gödəkçəsinin sağ yan içəri cibindən 01 ədəd boz rəngli “LD” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində şəffaf rəngli, toz şəkilli maddə olan 01 ədəd büküm, qapaq hissəsi sınmış, qara rəngli kartonla örtülmüş və şüşəsinin divarına yayılmış vəziyyətdə spesifik qoxuya malik, qara rəngli maddə olan orta ölçülü ampula və şüşəsinin divarına yayılmış vəziyyətdə spesifik qoxuya malik, qara rəngli maddə olan 02 ədəd sınmış şüşə parçaları vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi siqaret qutusunun içərisində olan 01 ədəd ampulanın içəri ətraf hissəsinə qara rəngli yayılmış və digər şüşə qırıqlarının üzərinə yayılmış qara rəngli maddələr “kakos” adı ilə tanınan heroinin qalıqlarıdır. Həmçinin bildirmişdir ki, digər siqaretin gümüşü rəngli kağızına bükülmüş maddə isə limon duzudur. Təqsirləndirilən şəxs üzərindəki ampulanın içərisindən dağılmış vəziyyətdə aşkar edilmiş narkotik vasitəni xx.xx.2020-ci il axşam saatlarında “Papanin” adlanan yerdən 5 manata aldığını bildirmişdir. Həmin narkotik maddəni ampulalarla birlikdə istifadə etmək üçün “LD” markalı siqaret qutusunun içərisinə qoyaraq həmin qutunu əynində olan tünd göy rəngli qolsuz gödəkçəsinin sağ yan içəri cibində öz istifadə üçün saxlamışdır. xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanın qarşısına gəlmişdir. Saat 17:00 radələrində orada yerləşən binaların arasında narkotik maddəni istifadə etmək üçün hazırlayarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş maddələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmadı. Şəxsi axtarış aparılması günorta vaxtı, otaq şəraitində, süni işıqlanmada aparıldı, saat 19:00-da başladı və 19:30-da başa çatdırıldı. Axtarış aparılan zamanı “Panasonic HC-V770” video kamerası vasitəsilə çəkiliş aparıldı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1677 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 1 üzərində “вода для инъкций” yazısı olan şüşə ampulanın içərisində təmiz çəkisi 0,330 qram qəhvəyi rəngli yumşaq maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,230 qram çəkidə ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və şüşə ampulanın qırıntılarının üzərində narkotik vasitə olan heroinin izləri vardır. Qeydə əsasən heroinin təmiz çəkisi 0,330 qr., tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 0,280 qr. Metamfetaminin təmiz çəkisi 0,230 qr, tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 0,180 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir; “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video çəkilişi özündə əks etdirən diskin baxışını aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Nərimanov RPİ-nin 16-cı PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30-da protokola əlavə edilmiş 1 ədəd diskin baxışı aparılmışdır. Həmin diskə baxış keçirilərkən aydın oldu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki göy rəngli qısaqol gödəkçəsinin sağ iç yan cibindən üzərinə “LD” yazılmış siqaret qutusunu təqdim edir və həmin siqaret qutusunun içərisində isə bir ədəd şüşə ampulası və həmin ampulanın baş nahiyəsində karton, kartonu açdıqda isə içərisində maddə olması məlum olur. Bundan başqa digər şüşə qırıqları vardır ki, həmin şüşə qırığının içərisində maddə olması görünür. Daha sonrra isə digər bir ədəd bükümü açdıqda içərisində ağ rəngli maddə olması aydın görünür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman digər əşya, sənəd və ya şübhəli maddə aşkarlanmır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Cavanşir Mayılovun xx xxxxxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd “LD” markalı siqaret qutusunun içərisində olan üzərində “вода для инъкций” yazısı olan şüşə ampulanın içərisində təmiz çəkisi 0,330 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təimz çəkisi 0,230 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,280 qram heroin və 0,180 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmişdir; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nazim oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinə əlavə edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxxxxxx 2020-ci il tarixli, 2559 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Nazim oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui- istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(005)- 351/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 17/405047 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə saxlanılması üçün adı çəkilən müəssisəyə gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin və İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,330 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,230 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində iki azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan Astara RİHB-nin Astara şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış); qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (26-xx xxxxxx 2020-ci il), həbsdə saxlanıldığı 04 ay (xx xxxxxx 2020-ci il-xx xxxxx 2021-ci il), cəmi 04 (dörd) ay 02 (iki) gün, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli (CPM-162.1.2), iş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalıq çəkiləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (CM-in 93.1.2). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 30 (otuz) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 15 (on beş) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X4 iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (26-xx xxxxxx 2020-ci il), həbsdə saxlanıldığı 4 (dörd) ay (xx xxxxxx 2020-ci il-xx xxxxx 2021-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (4 (dörd) ay 2 (iki) gün = 8 (səkkiz) ay 4 (dörd) gün) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,280 qram narkotik vasitə heroin və 0,180 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X1, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar