Məhkəmə qərarları › İş №1(005)-67/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-67/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-67/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə günorta saatlarında istintaqa şəxsiyyəti məlum olmayan Aqşin adlı şəxsdən ünvan 2 ünvanının yaxınlığında 20 AZN müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,268 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 22:30-da ünvan 3 ünvanın qarşısında olarkən, özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, RPİ-nin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,268 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, adını Aqşin kimi tanıdığı şəxsdən Nərimanov rayonu, A.Neymətulla küçəsi 50 ünvanının yaxınlığında 20 manat müqabilində metamfetamin almış və əynində olan cins şalvarın sağ cibinə qoyaraq özündə saxlamışdır. 14 fevral 2022-ci il tarixində, təxminən saat 22:30 radələrində ünvan 4 ünvanın yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını, harada yaşadığını soruşmuşlar. O da onlara öz adını və soyadını demək istəməmişdir. Polis əməkdaşları da onun narkotik maddə istifadə etdiyindən şübhələndiklərini bildirib, onlarla Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O da polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə getmişdir. İdarədə ona bildirilmişdir ki, üzərində narkotik maddə olmasında şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik qoxuya malik ağ rəngli kristallik hissəciklərdən ibarət maddəni könüllü təqdim etmişdir. Bundan əlavə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd 20 AZN pul əskinasını çıxardıb könüllü təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik qoxuya malik ağ rəngli kristallik hissəciklərdən ibarət maddəni zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib edib ucadan oxumuşdur. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Nərimanov rayonu, A.Neymətulla küçəsi 76 ünvanının yaxınlığında olan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli ağardığını görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə, özlərini təqdim edib, həmin şəxsin adını soyadını soruşduqda, həmin şəxs özü haqqında məlumat verərkən, eyni zamanda davranışları ilə, eləcə də verilən suallara qeyri müəyyən cavab verməsi ilə şübhələrini daha da artırmışdır. Bundan sonra onlar həmin şəxsi Nərimanov RPİ-nə dəvət etmişlər. Polis İdarəsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nə gətirilməsi barədə RPİnin rəhbərliyinə raportla məruzə etdikdən sonra, rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs təhqiqatçısı Rafiq Ağəliyevin iş otağına aparılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən hüquqlarını müdafiə edilməsindən ötrü vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması üçün şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik varsa könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Tuxan Həsənli 01 ədəd bükümn içərisində metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Nərimanov rayonu, A.Neymətulla küçəsi 50 ünvanının yaxınlığında adını Aqşin kimi tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 AZN müqabilində aldığını bildirmişdir. Bundan əlavə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd 20 AZN pul əskinasını çıxardıb könüllü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik qoxuya malik ağ rəngli kristallik hissəciklərdən ibarət maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib götürülərək bu barədə protokol tərtib edilib ucadan oxunmuşdur. Tərtib edilmiş protokol onların, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkil tərəfindən imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 (bir) ədəd 20 AZN özünə qaytarılmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 14-15-ci vərəqələrində olan “Tutma haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 21-22-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində ünvan 5 ünvanının yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində spesifik qoxuya malik ağ rəngli kristallik hissəciklərdən ibarət maddə metamfetamindir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd 20 AZN pul əskinasını çıxardıb könüllü təqdim etdi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik qoxuya malik ağ rəngli kristallik maddə üş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırıldı və möhürlə möhürləndi. Cinayət işinin 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2022-ci il tarixli, 6/936 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 44 nömrəli” dairəvi möhür əksləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan zərfdəki bükümdə təmiz çəkisi 0,268 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 75-77-ci vərəqələrində olan “Təqsirləndiriln şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X2 16 fevral 2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 83-84-cü vərəqələrində olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında“ 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetaminin təmiz çəkisi 0,268 qram iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və aparılmış məhkəmə kimyəvi ekspertizası nəticəsində psixotrop maddə metamfetamindən 0,05 qram nəzərə alınmaqla, qalıq - 0,218 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilməsi, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 14 fevral 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 109-111-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 156-159-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-652/2022 saylı qərardan görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 02 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 205-206-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3635 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorlann birgə qəbul edilməsi nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 238-254-cü vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin ayrılaraq əlavə istintaq edilməsi, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham öz təsdiqini tapmadığından sonuncu barəsində həmin maddələr ilə cinayət təqibinə Azərbaycan Respublikası CPMnin 39.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1058/2022 nömrəli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal azad edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elşən Bədəlzadə tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 065-3-13-47/2-3243/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə hazırda həbsdədir və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-43/2023 saylı qərarından görünür ki, təqdimat və vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparıaln ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tairxədək, yəni 4 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbetmənin əvvəlinin təqsirləndirilən şəxsin tutulduğu andan, yəni 23 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş müvafiq olaraq psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 0,268 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə, həmçinin qeyd edir ki, hazırki iş üzrə cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Səbail RPİ-nin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həbsdədir. Lakin, ********* nömrəli cinayət işi üzrə icraatın hazırda davam etdirilməsi nəzərə alınaraq, onun xx.xx.2023-cü il tarixdən hesablanan həbsdə saxlanılma müddətinin hazırki iş üzrə təyin olunmuş cəza müddətinə daxil edilməsi mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0.218 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar