Məhkəmə qərarları › İş №1(005)-68/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-68/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-68/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmuş, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 iyun 2020-ci il tarixdə saat 10 radələrində tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaşadıqları evin həyətində hasar çəkmək səbəbindən şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən dəmir yolu xəttinin kənarında əli ilə Zərərçəkmiş şəxs üz və bədən nahiyəsindən qəsdən bir neçə dəfə zərbə vuraraq, ona alt dodağın selikli qişa səthinin əzilmiş yarası, döş qəfəsinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyun 2020-ci il tarixdə saat 10 radələrində əvvəllər tanıdığı və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında hasar çəkmək üstündə mübahisələri baş vermişdir. Həmin vaxtı o, Zərərçəkmiş şəxsla yaxınlıqda yerləşən dəmir yolunun kənarına getmişdir. Orada mübahisə zamanı onlar biri-birinə əl qol atmış, bu vaxt onun əli Zərərçəkmiş şəxs sifət nahiyəsinə dəymişdir. O, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış, tutduğu əməldən isə səmimi peşmandır. Sonradan Zərərçəkmiş şəxs ilə aralarında yenidən mübahisə düşmüş və o, İsanı bıçaqlamışdır. Hazırda Nərimanov RPİ-də həmin işin istintaqı aparılır. Buna baxmayaraq bu iş üzrə Zərərçəkmiş şəxs onu bağışlamışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittihamda ona qarşı irəli sürülmüş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 iyun 2020-ci il tarixdə saat 10 radələrində əvvəllər tanıdığı və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə aralarında hasar çəkmək üstündə mübahisə yaranmışdır. O, Təqsirləndirilən şəxsla yaxınlıqda yerləşən dəmir yolunun kənarına getmiş, orada Təqsirləndirilən şəxsla aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuş və bunun nəticəsində o, xəsarət almışdır. Təqsirləndirilən şəxs onu sonradan bıçaqlasa da, bu iş üzrə onun Fəxrəddinə qarşı heç bir şikayət və tələbi yoxdur. Sonda Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Excelsior” otelin arxa hissəsində yerləşən bağ evlərinin birində mühafizəçi kimi işləyir və həmin ünvanda Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi yaşayır. Zərərçəkmiş şəxs 2-3 il olar qonşuluqdan tanıyır. O, Zərərçəkmiş şəxsla əvvəllər qeyri-rəsmi birlikdə yaşamış və sonra ondan ayrılıb Təqsirləndirilən şəxs ilə birlikdə yaşamağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, İsa ilə Fəxrəddin arasında yol kəsmək üstündə mübahisə baş vermiş və Fəxrəddin İsanı vurmuşdur. O, həmin vaxtı orada olmamış, hadisənin daha dəqiq necə baş verməsindən məlumatsız olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2020-ci il tarixli protokoldan görünür ki, DİN-nin DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin baş təhqiqatçısı X4, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Nərimanov rayonu, Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yerləşən fərdi evin kənarından keçən dəmir yol xəttinin kənarıdır. Məlum oldu ki, həmin yer Nərimanov rayonu, Nərimanov stansiyasına məxsus dəmir yol xəttinin üzəridir, DYNPİ-nin Sabunçu XPŞ-nin inzibati ərazisidir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 06 iyul 2020-ci il tarixli, 992 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın selikli qişa səthinin əzilmiş yarası, döş qəfəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən 14.06.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə, həmin xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 iyul 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Nərimanov RPİ-nin 23.09.2019-cu il tarixli qərarı ilə barəsində CM-in 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən xitam verilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X1 “Material üzrə cinayət təqibinə xitam verilməsi haqqında” 23 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 06 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-325/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilmişdir; Bakı şəhər Probasiya İdarəsinin 21-1/210430-9 nömrəli, 12 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-325/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli hökmü, hökmün icrası barədə 19.11.2020-ci il tarixli göstərişi Bakı şəhər Nərimanov rayon icra və probasiya şöbəsinin icraatına 30.11.2020-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilməklə məhkum şöbənin qeydiyyatına götürülmüşdür. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasının heç bir hissəsini ödəməmişdir; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-906/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli hökmündən görünür ki, apellyasiya protesti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-142/2021 saylı, 17 mart 2021-ci il tarixli qərarı ləğv edilmişdir. Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1.000 (bir min) manat cərimə cəzası təyin edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi cinayət əməlini etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in: 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 14 iyun 2020-ci il tarixdə, yəni Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 325/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-906/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Buna görə də qeyd olunan məhkəmə aktları ilə Təqsirləndirilən şəxs təyin edilmiş və icra olunmamış cərimə cəzaları CM-in 66.2, 66.5-ci maddələrinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tam toplanılmalı, cərimə cəzası CM-in 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-325/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-906/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş və icra edilməmiş cərimə cəzaları hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2, 66.5), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalı (CM-68.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-325/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-906/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzası hazırki hökmlə təiyn edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tam toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 2000 (iki min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar