Məhkəmə qərarları › İş №1(005)-70/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-70/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-70/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-0,337 qram çəkidə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısına salınmış narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıyarkən, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq həmin polis şöbəsinə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın qabaq sağ cibindən selofana bükülmüş 01 ədəd bükümdə 0,337 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq Əhmədli metrostansiyasının yaxınlığına gedib, orada əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi şəxsdən 20 manata 1 ədəd adi sellofana bükülmüş narkotik maddə heroin əldə etmiş, xx.xx.2022-ci il tarixdə günorta saatlarında tanışı ilə görüşmək üçün Nərimanov rayonuna gəlmiş, A.Nemətulla küçəsi, 42 saylı binanın qarşısında piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirib, ondan şübhələndikləri üçün polis şöbəsinə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞnə gəldikdən sonra şöbənin xidməti otaqlarının birində üzərinə baxış keçirəcəklərini birdirib, hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmişlər. Vəkil gəldikdən sonra polis əməkdaşları üzərində hər hansı əşya varsa təqdim etməyini təklif etdikləri üçün əynində olan qara rəngli şalvarımın sol cibindən 1 ədəd “Kingston” markalı siqaret qutusunu, sağ cibindən isə 1 ədəd adi sellofan bükülüsünü təqdim edib, həmin bükümün içərsində heroin olmasını və həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd sellofana bükülmüş narkotik maddəni götürərək zərfə qoyub protokol tərtib etmişlər. Zərf onun və polis əməkdaşlarının iştirakı ilə möhürləndikdən sonra imzaları ilə təsdiq edilmişdir. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1lə birlikdə ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb onu narkotik vasitə istifadəçisinə bənzədib, ona yaxınlaşaraq özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində onun şəxsiyyəti müəyyənləşdirilmiş, onun Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra onun üzərində şəxsi axtarış və təhqiqat araşdırması aparılması üçün raportla şöbənin rəhbərliyinə müraciət etmişdir. Araşdırmanın aparılması şöbənin təhqiqatçısı Həmid Ağayevə tapşırılmş və təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl həmin şəxsə hüquq və vəzifələrini izah edərək onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edib, baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunduqdan sonra o, əynində olan qara rəngli şalvarın qabaq sol cibindən 1 ədəd siqaretin qutusunu, şalvarın sağ cibindən isə 1 ədəd adi selofana bükülmüş qəhvəyi rəngdə spesifik iyə malik narkotik maddəyə bənzər kütləni təqdim edib, masanın üzərinə qoymuş və təqdim etdiyi həmin kütlənin narkotk maddə olan heroin olmasını və narkotik maddənin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükülü zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 20-21-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 22-23-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibindən 1 ədəd “Kingston” markalı siqaretin qutusunu, şalvarının sağ cibindən isə 1 ədəd adi sellofana bükülmüş qəhvəyi rəngdə spesifik iyə malik narkotik maddəyə bənzər kütləni təqdim etdi və təqdim etdiyi həmin kütlənin narkotik maddə olan heroin olmasını və həmin narkotik maddənin ona məxsus olmasını bildirdi. Vət.Təqsirləndirilən şəxs içərisində qəhvəyi rəngdə spesifik iyə malik narkotik maddəyə bənzər kütlə olan 1 ədəd adi sellofandan ibarət bükümü xx.xx.2022-ci il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi məqsədilə almasını qeyd etdi. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd adi sellofana bükülmüş qəhvəyi rəngdə spesifik iyə malik narkotik maddəyə bənzər büküm özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyularaq 219 №-li möhürlə möhürləndi. Vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması Nərimanov RPİ-nin kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti polis kapitanı Emil Yusubov tərəfindən “PANASONİC” markalı video kamera vasitəsilə qeydə alındı. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli, 6/5039 nömrəli rəyindən görünür ki, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün 219» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,337 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Cinayət işinin 62-64-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 65-66-cı vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərar alınmışdır. Cinayət işinin 79-83-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 dair xx.xx.2022-ci il tarixli, 5461 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 101-105-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,337 qram çəkidə narkotik vasitənin (tədqiqatdan sonra qalıq qalan 0,287 qram çəkidənarkotik vasitə olan heroin) maddi sübut kimi tanınması və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-533/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs yeri müəyyən edildikdə onun dərhal tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-473/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 3 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) günün (13-15 may 2022-ci il və 24-26 may 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən onun əynində olan şalvarın qabaq sağ cibindən selofana bükülmüş narkotik vasitə heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,337 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 1(006)-86/2017 saylı hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 1(006)-86/2017 saylı hökmü ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 09 sentyabr 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-473/2023 saylı hökmü üzrə məhkumluğunun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(005)-473/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (09-11 sentyabr 2022-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-473/2023 saylı hökmü ilə müəyyən edilmiş 06 dekabr 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(005)- 473/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-473/2023 saylı hökmü ilə müəyyən edilmiş 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,287 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar