Məhkəmə qərarları › İş №1(005)-71/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-71/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-71/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun «Ədalət» Vəkil Bürosunun Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə faktiki yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 02.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ın 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 03 il 06 ay müddətinə endirilməsinə və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 01 ədəd C-4661 №-li, ilkin variantda keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJB-46 modelli, çaxmaqsız, hamar qoşalüloli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib üzərində gəzdirərək, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius”:markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa saxlanc yük yerində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 14:25-də yuxarıda qeyd edilən ünvanda etibarnamə əsasında idarə etdiyi Toyota Prius" markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 17:12-dən etibarən avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yük yerindən onun qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşıyaraq saxladığı texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 01 ədəd C-4661 №-li, ilkin variantda keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJB-46 modelli, çaxmaqsız. hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi şahidl ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 19 avqust 2024-cü il tarixdə saat 14:25 radələrində işdən çıxıb evə gedərkən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanında yerləşən “Azneft” dairəsinin yaxınlığında, idarə etdiyi "Toyota Prius” markalı, **-HK-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşmışdır. Həmin şəxslər üzərinə baxış keçirmədən onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. DİN-in BMCMİ-nin inzibati binasında olarkən barəsində narkotik maddə ilə bağlı ittiham irəli sürüləcəyini və ya silahı üzərinə götürməklə etiraf etməsini bildirmişlər. Lakin o, həmin ittihamı qəbul etmədiyindən ona qarşı təzyiq və təsir olunmuşdur. Belə ki, BMCMİ-nin 9 əməkdaşı ona fiziki təzyiqlər göstərmişdir. Diz nahiyyəsinə və qoluna xəsarətlər yetirmişlər. Hələ də dizlərində xəsarətin izləri vardır. O, məcbur qalaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamı boynuna almalı olmuşdur. Əslində isə o, heç bir cinayət əməli törətməmişdir. Silaha əli belə dəyməmişdir. Axırıncı dəfə hərbi xidmətdə olduğu zaman silah görmüşdür. 19 avqust 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmağıma baxmayaraq çəkiliş 20 avqust 2024-cü il tarixində baş tutmuşdur. Çəkilişin istədikləri kimi baş tutması üçün dəfələrlə videoçəkiliş aparılmışdır. Çəkiliş zamanı məcbur olduğundan ona polis əməkdaşları tərəfindən necə etməyini demişlərsə o cür etmişdir. İbtidai istintaq zamanı verdiyi etirafedici izahatını təzyiq altında vermişdir. Təzyiqlər nəticəsində səhhəti pisləşdiyindən polis əməkdaşı tərəfindən xəstəxanaya aparılmışdır. Avtomobildən aşkar edilmiş silahın ona aid olmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, avtomobilində silah olmamışdır. Aşkar edilmiş silah barədə heç bir məlumatı yoxdur. Təzyiqlərə məruz qalması haqqında heç bir quruma müraciət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçildiyi zaman məhkəmə iclasında təzyiqlərdən çəkindiyi üçün bu barədə məlumat verməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayının sonlarında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə getmişlər Həmin tarixdə günün ikinci yarısında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ərazisində “Toyota Prius” markalı, **-HK-*** qeydiyyat nişanlı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və gəzdirməsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və Baş İdarənin inzibati binasına dəvət etmişlər O da etiraz etmədən onlarla DİN-in BMCMİ-nin inzibati binasına gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin baş təhqiqatçısı Arif Rzayev tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 20 avqust 2024-cü il tarixdə Baş İdarənin inzibatı binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra o şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirib əynində olan qara rəngli idman şalvarının ciblərindən 02 ədəd mobil telefon, pul vəsaiti və avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş və pul vəsaiti ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Toyota Prius" markalı, **-HK-*** qeydiyyat nişanlı avtomobildə “obrez” kimi adlandırdığı silah saxladığını və həmin silahın özünə məxsus olduğunu deyərək avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius" markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük hissəsində "obrez" kimi adlandırdığı silah saxladığını bildirib avtomobilin arxa yük hissəsini açaraq ehtiyat təkər saxlanılan yerdə rəngli sellofanın içərisində 01 ədəd silah olduğunu bildirmişdir Daha sonra həmin rəngli sellofana tərəfindən baxış keçirilmiş və baxış zamanı sellofanın içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar predmetin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmeti təxminən 1 həftə əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi, sosial şəbəkə vasitəsi ilə danışdığı şəxslə görüşüb aldığını, həmin silahdan istifadə etmədiyini, heç kimə vermədiyini, özündə saxlamasında heç bir məqsədinin olmadığını və onda silahın olması barədə hər hansı bir şəxsin məlumatının olmadığını, həmin silahı marağı olduğu üçün ov etmək məqsədi ilə özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük hissəsindən aşkar olunaraq götürülmüş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixoloji təzyiq edilməmişdir. Məhkəmə iclasında müddafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs atası şahid X4 ifadə verərək bildirmişdir ki, oğlu taksiçilik fəaliyyəti ilə məşğul olur. Hər gün təxminən eyni vaxtlarda, yəni saatda təxminən 14:00 radələrində nahar yeməyi üçün evə gəlirmiş. xx.xx.2024-cü il tarixdə isə oğlu evə gəlməmişdir. Bundan narahat olmuş və onun taksi fəaliyyəti ilə məşğul olan yoldaşları ilə əlaqə saxlamışlar. Onlar bildirmişlər ki, Anarı mülki geyimli şəxslər aparıblar. Fikirləşmişdir ki, bəlkə kiminləsə mübahisə etmişdir və bu səbəndən də onu qisas məqsədilə oğurlayıblar. X2 və 102 xidmətinə müraciət etmişlər. İş yoldaşları bildirmişlər ki, Anarın maşınında cps qurğu var və bununla onun yerini müəyyənləşdirə bilərlər. Onlar da şirkətin rəhbərliyinə müraciət etmişlər. Onlara bildirmişlər ki, maşın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətindədir. Oraya yaxınlaşdıqda isə ona bildirmişlər ki, oğlun barədə yüngül iş var, məhkəmədə həmin işin nə olduğunu bilərsən, oğlun pis adam deyil, sadəcə pis oğlanlarla oturub durur kimi məlumatlar vermişlər. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü əsasında dindirilmiş ekspert X5 ifadə verərək bildirmişdir ki, Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xüsusilə mühüm işlər üzrə baş inspektor kriminalisti vəzifəsində işləyir. Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 21 avqust 2024-cü il tarixli 24/1373 nömrəli rəyi qanunvericiliyin müddüəaları nəzərə alınmaqla tərəfindən tərtib olunmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, nəzəriyyədə silahlar çaxmaqlı və çaxmaqsız olaraq iki yerə ayrılır. Silahın çaxmaqsız silahlar kateqoriyasına aid olması onun tamamilə çaxmaqsız olmasına dəlalət etmir. Ümumiyyətlə belə bir təsnifat çaxmağın silahın daxilində və ya xaricində yerləşməsindən asılı olaraq müəyyənləşdirilmişdir. Yəni, çaxmaqlı silahlarda çaxmaq silaha baxan zaman xarici görüntü olaraq təzahür edir. Çaxmaqsız silahlarda çaxmaq silahın daxilində olur. Yəni zahiri cəhətdən görmək mümkün olmasa belə həmin silahlarda da çaxmaq mövcuddur. Silahın çaxmaqsız silahlar kateqoriyasına aid olmasıl istifadəyə yararsız olması demək deyildir. Belə silahlar da istifadəyə yararlıdır. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 20 avqust 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 24:25 radələrində cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 avqust 2024-cü il tarixli qərar əsasında şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və DVD diskdən görünür ki, 20 avqust 2024-cü il tarixli qərara əsasən DİN-in BMCMİ-nin inzibatı binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 20 avqust 2024-cü il tarixdə saat 16:26-də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonla 10 manat pulu, həmin şalvarın sol yan cibindən isə “Redmi” markalı mobil telefonla avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər iki mobil telefonun ona məxsus olmasını, “Redmi” markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu, “İphone” markalı mobil telefonun içərisində olan mobil nömrəni xatırlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 10 manat pul onun özünə geri qaytarılmışdır. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Toyota Prius" markalı, **-HK-*** qeydiyyat nişanlı avtomobildə “obrez” kimi adlandırdığı silah saxladığını və həmin silahın özünə məxsus olduğunu deyərək avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış vo götürmə 20 avqust 2024-cü il tarixdə saat 16:33-də başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Şəxsi axtarış videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməsə də. şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HK-*** qeydiyyat nişanlı avtomobildə “obrez” kimi adlandırdığı silah saxladığını və həmin istintaq hərəkəti zamanı avtomobilində qanunsuz olaraq əldə etdiyi odlu silah olduğunu etiraf etmişdir. Odur ki, həmin xüsusat cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən və protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” 20 avqust 2024-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HK-*** qeydiyyat nişanlı avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Toyota Prius" markalı, **-HK-*** qeydiyyat nişanlı avtomobilə 20 avqust 2024-cü il tarixdə saat 17:12-də baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə keçirilən baxış zamanı ona təklif edilmişdir ki, idarə etdiyi “Toyota Prius” markalı, **-HK-*** qeydiyyat nişanlı avtomobildə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük hissəsində “obrez” kimi adlandırdığı silah saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin yük hissəsinin qapısını açaraq həmin silahın ehtiyyat təkər saxlanılan yerdə rəngli sellofanın içərisində olduğunu bildirmişdir. Daha sonra həmin rəngli sellofana təhqiqatçı tərəfindən baxış keçirilmiş və baxış zamanı sellofanın içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar predmetin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmeti təxminən 1 həftə əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi, sosial şəbəkə vasitəsi ilə danışdığı şəxslə görüşüb aldığını, həmin silahdan istifadə etmədiyini, heç kimə vermədiyini, özündə saxlamasında heç bir məqsədinin olmadığını və onda silahın olması barədə hər hansı bir şəxsin məlumatının olmadığını, həmin silahı marağı üçün ov etmək məqsədi ilə özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HK-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsindən aşkar olunaraq götürülmüş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd qara rəngli sellofan bağlamada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir Baxış keçirilməsi 20 avqust 2024-cü il tarixdə saat 17:27-də başa çatmışdır. Baxış və götürmə videoçəkilış ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 21 avqust 2024-cü il tarixli 24/1373 nömrəli rəyində qeyd edilmişdir ki, Tədqiqata təqdim edilmiş 01 ədəd, lüləaltı yastığında C-4661 Ne-si olan silah, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İjB-46 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəgi olub. Lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal hazırda lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 525 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli çaxmaqsız, hamar qoşa lüləli, odlu yivsız ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1048/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Maddi sübut hesab edilməsi haqqında” 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd C-4661 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJB-46 modelli, çaxmaqsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyi maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü DİN-in BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli tutulduğu gündən, yəni 29 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs özü və müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində olan 04 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Salyan Rayon Məhkəməsinin 7(057)-319/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, cəzasının çəkilməmiş qalan 01 (bir) il, 06 (altı) ay, 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 xx.xx.2024-cü il tarixli 440/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sağ baldırın sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin müxtəlif şəraitlərdə və həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilməsi inkar edilmir. - sağ əlin əzilmiş-cırılmış yara izi olan çapığı bərk küt əşyanın təsirindən müayinədən təxminən 1-2 ay əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Qeyd olunan xəsarət müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşdırıla bilər. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd C-4661 №-li, 16 kalibrli, İJB-46 modelli, çaxmaqsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyinin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCM-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs DİN BMCMİ-in əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması barədə Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində aparılmış araşdırma ilə polis əməkdaşlarının işgəncələrə və digər qanunsuzluqlara yol vermədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikasının CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində silah olmadığını, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığından silahın özünün olduğunu və etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından, eləcə də məhkəmədə dinlənilən şahid ifadələrindən, üzərinə və avtomobilə baxış keçirilərkən aparılmış video çəkilişdən aydın olur ki, saxlanıldığı gündən Təqsirləndirilən şəxs etirafedici ifadələr vermiş, təzyiqə məruz qalması ilə bağlı heç bir dövlət qurumuna müraciətlər etməmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında təqdimata baxılarkən, eləcə də Bakı İstintaq Təcridxanasına daxil olarkən həkim müayinəsi aparılan zaman xəsarətinin olub-olmaması dəqiqləşdirilərkən bu barədə məlumat verməmiş və tibbi kitabçaya “zədə almadığını bildirir” kimi qeyd aparılmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş və 21 avqust 2024cü il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 X11 xx.xx.2024-cü il tarixli Rəyinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müayinədən keçirilərkən, şikayətinin olmadığını bildirmiş və rəydə aşkar edilmiş xəsarətlərin tarixi 6,8 gün və 1-2 ay əvvələ uyğun gəldiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxsə polis şöbəsində fiziki zor tətbiq edilmişdisə Təqsirləndirilən şəxs ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs bu barədə yalnız məhkəmə iclasında bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ilkin izahatında polis əməkdaşları tərəfindən 19 avqust 2024-cü il tarixdə saxlanıldığını bildirsə də, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərarda, eləcə də axtarış və götürmə keçirilməsi haqqında protokollarda və DVD disk görüntülərində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldığı müəyyən edilir, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş təqsirləndirilən şəxsin atası Ədalət Muradov məhkəmə iclasında verdiyi ifadəsində oğlundan 20 avqust 2024-cü il tarixində xəbər almadığını söyləmişdir. Bu hallar da təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadənin məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığı qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi üzərində odlu silahın olmaması, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra ona verilərək özününmüş kimi təqdim etməsinə məcbur edilməsi ilə bağlı ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri, şahid ifadələri, şəxsin ifadəsinə uyğun olaraq müvafiq orqanlardan sorğu əsasında əldə edilən cavab məktubları ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini 20 avqust 2024-cü il tarixdə, yəni Salyan Rayon Məhkəməsinin 06 iyul 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 (bir) il, 06 (altı) ay, 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti azad edildiyi dövrdə törətdiyindən cəzadan şərti olaraq azad etmə ləğv edilməli və belə olan halda Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı üzrə məhkumluğu ödənilməməklə onun əməlində cinayətin residivi olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Salyan Rayon Məhkəməsinin 06 iyul 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş və cəzanın çəkilməmiş qalan 01 (bir) il, 06 (altı) ay, 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti azad olunduğu müddət ləğv edilməli, həmin cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 20 avqust 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı və 01 ədəd C-4661 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJB-46 modelli, çaxmaqsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il, 06 (altı) ay, 23 (iyirmi üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd C-4661 №-li, ilkin variantda keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJB-46 modelli, çaxmaqsız. hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İşdə mülki iddia yoxdur. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar