Məhkəmə qərarları › İş №1(005)-72/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-72/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-72/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa Şahid1 kimi məlum olan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 28 iyul 2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanın yaxınlığında, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPl-nin 17-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə keçirilən baxış zamanı əlində olan qara rəngli pul kisəsinin içərisindəki ağ rəngli pul kisəsinin içərisindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,134 qram və 0.018 qram ümumi çəkisi 1.152 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,402 qram və 0,315 qram ümumi çəkisi 0.717 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27.07.2021-ci il tarixdə bədənində ağrılar olduğu üçün Şahid1 ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Onlar həmin gün saat 16:00 radələrində Nərimanov rayonu, Atatürk prospektində görüşmüşlər. O, Vüqara bədənində ağrılar olmasını bildirmişdir. Vüqar isə onu həkimə aparmağını təklif etmişdir. O, razılaşmayaraq narkotik vasitə və psixotrop maddə istədiyini bildirmişdir. Vüqar ona 2 büküm heroin və 3 büküm metamfetamin vermişdir. Vüqarın ona vermiş olduğu narkotik vasitə və psixotrop maddələrin qarşılığında 100 manat, Vüqarın ona vermiş olduğu hissə-hissə olmaqla ümumilikdə 400 manat pulu da, hesablamaqla ümumilikdə 500 manat verəcəyini bildirmişdir. Vüqardan almış olduğu 3 büküm psixotrop maddə metamfetamindən 1 bükümdə olanını istifadə etmişdir. 28.07.2021-ci il tarixdə ünvan 4 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getmişdir. Şöbəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, başqa çıxış yolunun olmadığını görərək üzərində olan qara rəngli pul kisəsinin içərisindəki ağ rəngli pul kisəsinin içərisindən 5 büküm çıxardaraq könüllü olaraq təqdim etmişdir. Həmin bükümlərin 2 ədədinin içərisində narkotik vasitə heroin, 2 ədədinin içərisində psixotrop maddə metamfetamin və 1 ədədinin içərisi isə boş olmuşdur. Belə ki, həmin boş falqa kağızının içərisində psixotrop maddə metamfetamin olmuşdur. Lakin, o, həmin metamfetamini istifadə etmişdir. Təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Mərimanov RPİ-nin NMBin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 28 iyul 2021-ci il tarixdə, saat 10:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-in CA üzrə kiçik inspektoru Şahid3lə xidməti zərurətlə əlaqədar olaraq ünvan 4 ünvanın yaxınlığında olduqları zaman, bir nəfər şəxsin halsız vəziyyətdə hərəkətdə olduğunu görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib nə üçün halsız vəziyyətdə olduğunu soruşmuşlar. Lakin, həmin şəxsin hərəkətlərində özünü şübhəli apardığını görmüşlər və özünü təqdim etməsini təklif edən zaman həmin şəxs danışarkən suallardan yayınmağa, həmçinin rabitəsiz danışığından psixotrop maddə və ya narkotik vasitələrin təsiri alımda olduğundan və üzərində psixotrop maddə və narkotik vasitə olmasından şübhələnib Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsi kiçik inspektor Şahid3 və o, xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bu barədə raportla şöbənin rəisinə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin 17-ci PŞ-in ləhqiqatçısı Vəzirə Şamilovaya həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan qara rəngli pul kisəsinin içərisindəki ağ rəngli pul kisəsinin içərisindən 4 ədəd bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Bundan başqa o, əlində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd qara rəngli “Alcatel” markalı mobil telefonu, 1 ədəd siqaret qutusunu, 4 manat pulu və 1 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 27.07.2021-ci il tarixdə, saat 16:00 radələrində Nərimanov rayonu, Atatürk prospektində bədənində ağrılar olduğu üçün tanışı Şahid1 alaraq üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə kiçik inspektoru Şahid3 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 12-13-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 17-18-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X6 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 28.07.2021-ci il tarixdə saat 11:45-də xidməti iş otağımda şübhəli şəxs X3 üzərində şəxsi axtarış və götürmə aparmışdır. X2 əlində olan qara rəngli “ALCATEL” markalı mobil telefonu, sol əlində olan qara rəngli pul kisəsindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 4 manat pulu, ağ rəngli “Classik” markalı siqaret qutusunu, 1 ədəd qara rəngli alışqanı və həmin pul kisəsinin içərisindəki ağ rəngli pul kisəsinin içərisindən 2 ədəd adi sollafana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər bükümləri, 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş və 1 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formada bükümləri təqdim etdi və təqdim etdiyi həmin bükümlərin narkotik maddə olan heroin və psixotrop maddə metamfetamin olmasını və həmin narkotik vasitələrin ona məxsus olmasını bildirdi. Vət. Təqsirləndirilən şəxs həmin 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş və 1 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formada olan bükümü, 2 ədəd adi sollafana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər bükümləri 27.07.2021-ci il tarixdə saat 16:00 radələrində əvvəllər tanıdığı Şahid1 Nərimanov rayonu, Atatürk prospektində 500 manat müqabilində şəxsi istifadəsi məqsədilə almasını qeyd etdi. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd adi sollafana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər bükümlər, 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş və 1 ədəd adi sollafana bükülmüş ağ rəngli kristal formada bükümlər özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürləndi. Cinayət işinin 29-32-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 6/3171 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №219” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,134 qram, 0,018 qram ümumi təmiz çəkisi 1,152 olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış maddə - metamfetamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,402 qram, 0,315 qram ümumi təmiz çəkisi 0,717 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 61-63-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 30 iyul 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Kənan Məmmədzadənin 30.07.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 65-66-cı vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 69-cu vərəqində olan 30.07.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs, özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd qara rəngli “Alcatel” markalı mobil telefonu, 1 ədəd ağ rəngli “Classik” markalı siqaret qutusunu, 4 manat pulu və 1 ədəd qara rəngli alışqanı təhvil almışdır. Cinayət işinin 84-86-cı vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 1,152 qram olan psixotrop maddə metamfetamin və 0,717 qram olan narkotik vasitə heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış hissəsinin cinayət işinə əlavə edilməsi və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 97-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 17.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 116-cı vərəqində olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X1 dair 20.08.2021-ci il tarixli, 2990 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs qıznda opioidlərin və psixatrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 127-137-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022ci il tarixli, 1(005)-72/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 16.02.2022-ci il tarixli, 4(005)-210/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 15 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən onun əlində olan qara rəngli pul kisəsinin içərisindəki ağ rəngli pul kisəsinin içərisindən 4 ədəd bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin və 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,152 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin təmiz çəkisi müvafiq olaraq 0,717 qram və 1,152 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,132 qram olan psixotrop maddə metamfetamin və 0,617 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65,00 (altmış beş manat) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar