Məhkəmə qərarları › İş №1(005)-72/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-72/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-72/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Hacıqabul şəhəri, Şirvan küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs 69 ton pambıq məhsulunun "xxxx" MMC logistika şirkətinin vasitəsilə üç ədəd tırlarla Ağcabədi rayonundan X1 şəhərinə daşınmasına dair yalan vəd verib aldadaraq, 2024-cü ilin fevral ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Caspian Shop” ticarət mərkəzinin arxasında, Nərimanov rayonu, X5 küçəsi 85 ünvanında 6.580 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, fiziki şəxs kimi VÖEN əsasında logistika işi ilə məşğuldur. Müştərilərdən pulları həm nağd, həm də köçürmə ilə qəbul edir. Tanışı Zərərçəkmiş şəxs pambıq məhsullarının Türkiyə Cümhuriyyətinə göndərilməsi ilə məşğul olduğu üçün 2024-cü ilin fevral ayının ortalarında ona bildirmişdir ki, əgər pambıq məhsulunun çatdırılması ilə bağlı işi olsa özünə müraciət etsin, ona daşınma üçün müəyyən logistika şirkətlərindən avtomobil təyin edə bilər. Xalid də ona bildirmişdir ki, 69 ton pambıq məhsulu var, həmin məhsulu X1 şəhərinə çatdırmaq lazımdır. Həmin vaxt Xalidə demişdir ki, həmin məhsulun daşınması üçün bir logistika şirkəti ilə danışıb tırlar təyin etdirib deyəcəkdir. Bundan sonra "xxxx" logistika şirkəti ilə danışıb ümumilikdə 69 ton pambıq yükünün üç avtomobillə X1 şəhərinə çatdırılması barədə razılaşmışdır. Razılıqlarına əsasən həmin yüklərin çatdırılması üçün şirkətə 3600 ABŞ dolları yəni, 6120 manat pul ödənilməli idi. Onları inandırmışdır ki, yüklər Türkiyəyə yola düşsün, bir neçə gün ərzində çatdırılmanın pulunu şirkətə ödəyəcəkdir. Daha sonra Xalidə zəng vurub bildirmişdir ki, bir logistika şirkəti ilə danışıb razılaşmış, 69 ton pambığın daşınması üçün üç ədəd tır veriləcəkdir, yüklər həmin tırlarla ünvana çatdırılacaqdır. Xalidlə 69 ton pambıq məhsulunun X1 şəhərinə çatdırılması üçün 6.580 manata razılaşmışdır. Lakin, əsil məqsədi həmin pulu şirkətə ödəmək deyildi. Belə ki, həmin ərəfədə digər şəxslərə borcu var idi və borclarını qaytarmalı idi. Buna görə də, qərara almışdır ki, Xaliddən yükün daşınması üçün alacağı 6.580 manat pulu öz şəxsi ehtiyacları üçün sərf etsin. Düşündüyü kimi də etmiş və 2024-cü ilin fevral ayının ortalarında Xalidlə Bakı şəhəri, Nərimanov rayon ərazisində görüşüb ondan 6.580 manat pul almışdır. "xxxx" logistika şirkəti tərəfindən ayrılmış üç ədəd tırlar Ağcabədi rayonundan pambıq məhsulunu tırlara yükləyib yola düşmüşlər. Lakin, daşınma pulunu şirkətə ödəməmişdir. Bir neçə gün keçdikdən sonra həmin pambığı daşıyan tırlar Türkiyədəki adresə çatmış, "xxxx" logistika şirkəti onunla əlaqə saxlamışdır ki, daşınma pulunu ödəyin yükü boşaltsınlar. Bir neçə gün guya pulu ödəyəcəyi ilə bağlı onları yubatmış, daha sonra Xalid ona zəng vurub bildirmişdir ki, məhsulları daşıyan tırlar çatdırılma ilə bağlı pul ödənilmədiyi üçün məhsulları boşaltmırlar. Həmin zaman vaxt udmaq üçün Xalidə guya məsələni özünün həll edəcəyini demiş, lakin, şirkətin pulunu ödəməmişdir. Xalid də məcbur olub özü daşıma şirkətinin pulunu yenidən həmin şirkətə ödəyərək məhsulları boşaltdırmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Yekunda barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərpambıq MMC-də gömrük işləri üzrə böyük mütəxəssis işləyir. Təxminən 5 ildir ki, Türkiyə vətəndaşı olan Fəxrəddinlə aralarında tanışlıqları vardır. Fəxrəddinin Türkiyədə pambıq şirkəti vardır, Bakı şəhərində müxtəlif MMC-lərdən pambıq alıb Türkiyədəki öz şirkətinə göndərir. Fəxrəddin bir neçə dəfə Bakı şəhərindən aldığı pambıq məhsullarını onun vasitəsi ilə Türkiyəyə göndərmişdir. Sonuncu dəfə 2024-cü ilin fevral ayının ortalarında Fəxrəddin ona bildirmişdir ki, Bakı şəhərində Р/Agro MMC- dən pamıq alıbdır, həmin pambığın Türkiyədə Kahramanmaraş şəhərindəki şirkətinə daşınmasını ondan xahiş etmişdir. Bu işlə məşğul olduğu üçün həmin ərəfədə tanışı Təqsirləndirilən şəxs ona zəng vurub bildirmişdir ki, əgər lazım olsa ona daşınma üçün müəyyən şirkətlərdən avtomobil təyin edə bilər. Özü də ona bildirmişdir ki, onun üçün problem deyil, lazım olan məbləği nağd şəkildə ödəyəcəkdir, məhsul adresə çatdırılsın. Həmçinin həmin zaman Elçinə bildirmişdir ki, 69 ton pambıq məhsulu var, həmin məhsulu Ağcabədi rayonundan X1 şəhərinə çatdırmaq lazımdır. Elçin bildirmişdir ki, pambığın Türkiyəyə həmin adresə çatdırılması üçün logistika şirkətləri ilə danışıb ona bir söz deyəcəkdir. Daha sonra Elçin ona zəng vurub bildirmişdir ki, bir logistika şirkəti ilə danışıb razılaşıbdır, 69 ton pambığın Türkiyəyə çatdırılması üçün üç tır təyin edəcəkdir, bunun üçün 6.580 manat pul lazımdır. Bundan sonra 2024-cü ilin fevral ayının ortalarında Elçinlə Bakı şəhəri, Nərimanov rayon ərazisində “Caspian” ticarət mərkəzinin arxasında 69 ton pambığın üç tırla Türkiyənin Kahramanmaraş şəhərinə çatdırılması üçün 6.580 manat pul vermişdir. Həmin zaman yanlarında heç kəs olmamışdır. Təxminən 5-6 gün keçdikdən sonra həmin pambığı daşıyan tırlar Türkiyənin Kahramanmaraş şəhərindəki adresə çatmış, oradan ona məlumat vermişlər ki, avtomobillər yükü boşaltmırlar ki, daşınma üçün şirkətə hər hansı bir məbləğdə pul ödənilməyibdir. Bundan sonra Elçinə zəng vurub bu barədə demiş, Elçin logistika şirkəti ilə danışıb bir iki saata məsələni özünün həll edəcəyini demişdir. Lakin, aradan 4-5 saat keçməsinə baxmayaraq, ona yenə də, Türkiyədən xəbər etmişlər ki, yükü boşaltmaq lazımdır, lakin pul ödənilmədiyi üçün sürücülər yükü boşaltmırlar. Bundan sonra özü yükü daşıyan logistika şirkətinin hansı şirkət olmasını öyrənmiş və həmin "xxxx" logistika şirkəti ilə əlaqə saxladıqda ona bildirmişlər ki, yükün daşınması üçün həmin şirkətə hər hansı bir məbləğdə ödəniş edilməmişdir. Bundan sonra məcbur olub yükün boşaldılması üçün "xxxx" logistika şirkətinə 6120 manat pul ödəmiş və yük boşaldılıb təhvil verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Elçin onun etibarından sui-istifadə edib onu aldadaraq 6580 manat pulunu ələ keçirmişdir. Daha sonra Elçindən ona verdiyi 6.580 manat pulunu tələb etməyə başlamış, lakin Elçin müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Buna görə də, məcbur olub bu barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Həmidov X3 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək, 3.000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Səbail RPİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1650 manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Səbail RPİ-nin xx.xx.2024cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə toplanılmış material üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 72 – 73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən bir dəfə azad edilməsinə baxmayaraq barəsində olan hazırki cinayət işi üzrə də cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Səbail RPİ-nin toplanılmış material üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından əvvəl, yəni 2024-cü ilin fevral ayının ortalarında törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunan əmələ görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11,40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar