Məhkəmə qərarları › İş №1(005)-73/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-73/2022

05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-73/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Əİəkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Ermənistan SSR, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, xadimə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında yaşayan qonşusu Zərərçəkmiş şəxs qohumu X4 ilə mübahisə etməsini bəhanə gətirərək onunla qonşu kimi münasibəti olmamasına baxmayaraq heç bir əsaslı səbəb olmadan həmin gün, yəni 03 iyun 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana gedib qapının açıq olmasından istifadə edərək mənzilə daxil olub onun ünvanına nalayiq sözlər demiş və aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyəti ilə qəsdən əlləri ilə Zərərçəkmiş şəxs sol əlinin barmaqlarını tutub arxaya qatlayaraq burmaqla ona həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sol əlin 3-cü və 4-cü barmağının orta falanqasının oynaqdaxili sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı mənzil birmərtəbəli olmaqla iki otaqdan ibarətdir, həmin ev həyət evidir, həyətə giriş ümumi olsa da, hərənin mənzilinin girişi ayrıdır, ondan başqa həyətdə 8 ailə yaşayır. 2016-cı ilin mart ayından 2021-ci ilin iyun ayına kimi onunla eyni həyətdə Zərərçəkmiş şəxs öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Onun ilk əvvəl Leyla ilə münasibəti yaxşı olmuş, lakin sonradan pisləşmiş, buna səbəb Leylanın xəbərçilik etməsi, onun adından ortaq tanışlarına yalan və böhtan xarakterli məlumatlar verməsi olmuşdur. Həmçinin, Leyla ilə yaxın olduqları dövrdə Leyla onunla bəzi ailəvi və şəxsi sirlərini bölüşmüş, sonradan məlum olmuşdur ki, bu məlumatlar başqa şəxslər arasında da yayılmışdır. Leyla bunun günahını onda görmüş, buna görə onu günahlandırmışdır. Halbuki o, bu barədə heç kəsə heç nə deməmişdir. Leylanın anası Şahnaz ilə həmyerli olmaqla bərabər, onunla bilrikdə uzun müddət bir məktəbdə işləmişdir. Leylanı uzun müddətdir danışdırmamış, ancaq uşaqları ilə münasibət saxlamış, hazırda Leyla ailəsi ilə birlikdə həmin ünvandan köçüb getmişdir. 02 iyun 2021-ci il tarixdə günorta saatlarında Leylanın azyaşlı qızı qonşuluqda yaşayan nitq qüsurlu Nurəlinin “Wİ-Fİ”-ni işlətməsinə görə Leyla və həyat yoldaşı Vüsalla Nurəli və bacısı Gülnarla arasında sözlə mübahisə olmuşdur. Həmin mübahisəni görmüş, lakin müdaxilə etməmişdir. Mübahisə zamanı qapısı açıq olduğuna görə səsi eşidib qapının yanında dayanaraq onlara baxmışdır. 03 iyun 2021-ci il tarixdə isə axşam saat 19 radələrində evdə olan zaman yenə həyətdə səs-küy eşitmiş, çölə çıxaraq Şahnazın əlində bel Gülnarın üstünə hücum çəkib onunla mübahisə etməsini görmüş, yenə onların mübahisələrinə müdaxilə etməmişdir. Ancaq qonşular Ülkər və Əsli birtəhər Şahnazı sakitləşdirib beli onun əlindən almışlar. Hətta həmin vaxt Şahnaza həyətdə çay gətirib vermiş, ancaq aralarında mübahisə olmamışdır. Az sonra Şahnaz və qızı öz evlərinə, Gülnar və Nurəli öz evlərinə getmişdir. Sonra Ülkər və Əsli ilə birlikdə qonşusu Nurəlinin səhhətində problem yarandığını eşidərək Gülnargilə getmiş və təxminən saat 23:30-a kimi orada oturub çay içərək söhbət etmiş, sonra isə çıxıb yaşadığı ünvana getmişdir. Həmin gecə Şahnazı və qızı Leylanı görməmişdir. Onu da qeyd etmək istəyir ki, Gülnar və Nurəli onun uzaq qohumudur və uzun müddətdir ki, onlarla eyni həyətdə yaşamışdır. Bir daha qeyd edir ki, Leyla onun barəsində yalan ifadə vermişdir. O, 03 iyun 2021-ci il tarixdə axşam saat 19 radələrində Leylanın evinə getməmiş və onunla mübahisə edib dalaşmamış, eləcə də Leylanın sol əlinin 3-cü və 4-cü barmaqlarını sındırmamışdır. Leyla ona şər atır. Leylanın həyat yoldaşı Vüsala qonşu kimi kömək məqsədilə öz adından iki il əvvəl “Kapital” bankdan 3.600 manat kredit götürüb vermiş, ancaq Vüsal ödəniş etməmiş, məcbur olub onun adından banka ayda 100 manat ödəmişdir. Leyla ona şər atmaqla həmin pulu qaytarmaq istəməmiş, dəfələrlə ondan pulunu tələb etmişdir. Ekspert rəyində göstərilmiş xəsarətlərin Leylaya kimin tərəfindən və nə vaxt yetirilməsindən xəbəri olmamışdır. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 iyun 2021-ci il tarixdə onunla eyni həyətdə yaşayan nitq qüsurlu Nurəli adlı qonşusu onun qızı Fatimənin qolundan tutub sıxmış, ona görə bu barədə anası Şahnaz yaşadığı ünvana gəlmiş və qonşusu Nurəli ilə söhbət edib ona bir daha uşaqları ilə işi olmamasını tapşırmışdır. Sonra isə anası Nurəli ilə birlikdə eyni evdə yaşayan bacısı Gülnarla da görüşüb söhbət etmiş və ondan Nurəli ilə danışıb onu başa salmasını tapşırmışdır. Sonra anası çay içib dincəlmək üçün yaşadığı mənzilə gəlmişdir. Həmin günü yəni, 03 iyun 2021-ci il tarixdə axşam saat 19 radələrində anası və azyaşlı qızları ilə birlikdə mənzildə oturub çay içən zaman qonşuluqda yaşayan, eyni zamanda əvvəllər anası ilə birlikdə eyni məktəbdə işləmiş Təqsirləndirilən şəxs mənzilinin qapısının açıq olmasından istifadə edərək içəri daxil olmuş və içəri girən kimi qonaq otağında oturduğu vəziyyətdə üstünə hücum edib ona qışqırmış və onu nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin vaxt onu əxlaqsız adlandırmış, nəyə görə Nurəlinin bacısı Gülnarla mübahisə etməyini soruşmuşdur. Gülnarla mübahisə etmədiyini Rayaya başa salmağa çalışsa da ona qulaq asmamış və əsəbi halda qışqıraraq danışıb nalayiq ifadələr işlətmişdir. Ondan çıxıb getməsini tələb etsə də, Raya getməmiş və üstünə hücum edib azyaşlı qızlarının və anasının gözləri önündə stol arxasında oturduğu vəziyyətdə sağ əli ilə saçından tutaraq onu özünə tərəf çəkərək dartmağa başlamışdır. Bu zaman özünü müdafiə etmək üçün ayağa qalxmağa çalışmış və sol əli ilə Rayanı özündən kənarlaşdırmaq istəmişdir. Bu zaman Raya sol əlinin barmaqlarını tutub arxaya qatlayaraq burmuş və nəticədə sol əlinin iki barmağını sındırmışdır. Həmin vaxt ağrının şiddətindən qışqıraraq ağlamış və döşəmənin üzərində oturmuşdur. Otaqda olan anası Şahnaz çətinliklə Rayanı evdən çıxarmış və qapını bağlamışdır. Həmin vaxt Raya barmaqlarının sındığını və ağladığını görüb ünvanına nalayiq söyüş söyə-söyə çıxıb getmişdir. Anası mənzilin qapısını kilidlədikdən sonra ona kömək edib ayağa qaldırmış, sonradan isə sol əlinin 3-cü və 4-cü barmaqlarının tədricən şişdiyini görmüşdür. Səhəri günü, yəni 04 iyun 2021-ci il tarixdə sol əlinin 3-cü və 4-cü barmaqlarının şişdiyini və barmaqlarının ağrısının daha da şiddətləndiyini görüb günorta saatlarında anası ilə birlikdə Travmotologiya Xəstəxanasına müraciət etmişdir. Orada həkimlər onu müayinə etmiş və sol əlinin 3-cü və 4-cü barmaqlarının sınmasını bildirmişlər. Sonra həkimlər ona tibbi yardım edib hər iki sınmış barmağını gipsə qoyaraq yola salmışdır. Daha sonra bununla əlaqədar elə həmin günü Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gedib Rayanın barəsində şikayət etmişdir. Həmçinin, əvvəllər Raya ilə qonşu kimi münasibətlər yaxşı olmuş, hətta qonşu kimi bir-birinin mənzilinə gediş-gəliş olmuşdur. 2019-cu ilin yayında Raya məhəllədə onun sudan istifadə etməyinə maneəçilik törətdiyi üçün həmin vaxtdan münasibətləri pozulmuş, onunla demək olar ki, ünsiyyəti kəsmişdir. Raya ilə Gülnar uzaq qohum olmaqla bir həyətdə yaşamış, Gülnar da Raya da onunla eyni həyətdə qonşu olmuşlar. Raya ilə mübahisə zamanı yaşadığı mənzildə anasından və azyaşlı qızlarından başqa kənar şəxslər olmamışdır. Raya hadisə zamanı mənzilinə tək gəlmiş, onun ucadan qışqıraraq danışmasını və onun ünvanına nalayiq sözlər deməsini qonşular eşitmişdir. Lakin Rayanın barmaqlarını sındırıb getməsini həmin vaxt qonşulardan görən olmamış, ancaq hadisədən təxminən 5-10 dəqiqə sonra qonşu Ülkər yaşadığı ünvana gələrək ona yardım edib, barmaqlarını sarımış və soyuq suya qoymuş, həmin vaxt Ülkər barmaqlarını Rayanın sındırmasından xəbər tutmuşdur. Mübahisə zamanı anası Şahnaz xəstə adam olduğuna görə müdaxilə etməmiş, yalnız Rayadan evi tərk etməsini tələb etmişdir. Sonda zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Leyla onun doğma qızıdır. 02 iyun 2021-ci il tarixdə qızı ilə eyni həyətdə yaşayan nitq qüsurlu Nurəli adlı şəxs nəvəsi Fatimənin qolundan tutub sıxdığına görə, 03 iyun 2021-ci il tarixdə qızıgilə getmiş və Nurəli ilə söhbət etmiş, həmin vaxt Nurəli ilə evdə yaşayan bacısı Gülnarla da görüşmüş və ondan Nurəlini başa salmasını xahiş etmişdir. Sonra çay içib bir az dincəlmək üçün qızı Leylanın evinə gedib oturmuşdur. Həmin vaxt, yəni 03 iyun 2021-ci il tarixdə axşam saat 19 radələrində qızının evində azyaşlı nəvələri ilə birlikdə oturub çay içən zaman qızı ilə qonşuluqda yaşayan, eyni zamanda əvvəllər onunla birlikdə bir yerdə işləmiş Raya qəflətən mənzilin qapısının açıq olmasından istifadə edib içəri daxil olmuş və mənzilə daxil olan kimi qonaq otağında qızı Leylanın üstünə qışqırıb nalayiq söyüşlərlə təhqir edib əxlaqsız adlandırmış və ondan nəyə görə Nurəlinin bacısı Gülnarla mübahisə etmələrini soruşmuşdur. Qızı Leyla bir anlıq özünü itirib nə edəcəyini bilməmiş və Rayadan çıxıb getməsini tələb etmiş, Raya daha da əsəbləşərək Leylanın üstünə hücum edib azyaşlı qızlarının və onun gözünün önündə stol arxasında oturduğu vəziyyətdə sağ əli ilə Leylanın saçından tutaraq dartmağa başlamışdır. Bu zaman qızı Leyla özünü müdafiə etmək üçün ayağa qalxmağa çalışmış və sol əlinin barmaqlarını tutub arxaya qatlamış və burmuş, nəticədə isə Leylanın sol əlinin iki barmağı sınmış və Leyla ağrının şiddətindən qışqıraraq ağlamışdır. Həmin vaxt çətinliklə də olsa Rayanı evdən çıxartmış və Raya qızını söyərək çıxıb getmişdir. Mənzilin qapısını kilidləyərək Leylaya kömək edib ona yardım göstərmiş, Leylanın sol əlinin 3-cü və 4-cü barmaqlarının şişməsini görərək səhəri günü, yəni 04 iyun 2021-ci il tarixdə günorta saatlarında onu Travmotologiya xəstəxanasına aparamışdır. Orada həkimlər Leylanın əlini müayinə edərkən sol əlinin 3-cü və 4-cü barmaqlarının sınması bəlli olmuşdur. Bununla əlaqədar elə həmin günü qızı Leyla ilə birlikdə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 iyun 2021-ci il tarixdə onunla eyni həyətdə yaşayan nitq qüsurlu Nurəli adlı qonşu qızı Fatimənin qolundan tutub sıxmış, arvadı Leyla da bu barədə anası Şahnaza zəng edib bildirmiş və ondan gəlib Nurəli ilə və bacısı Gülnarla söhbət etməsini xahiş etmişdir. Buna görə 03 iyun 2021-ci il tarixdə qaynanası Şahnaz yaşadığı ünvana gəlmiş və qonşu Nurəli ilə söhbət edərək ona bir də uşaqları ilə işi olmamasını tapşırmış, sonra isə qaynanası Şahnaz Nurəli ilə birlikdə eyni evdə yaşayan bacısı Gülnarla da görüşüb söhbət etmiş və ona Nurəlini başa salmasını demişdir. Daha sonra qaynanası yaşadığı mənzilə gələrək bir az oturmuş, çay içib dincəlmək istəmişdir. Həmin günü, yəni 03 iyun 2021-ci il tarixdə axşam saat 19 radələrində evdə olmadığı zaman qonşuluqda yaşayan eyni zamanda əvvəllər qaynanası ilə bir məktəbdə işləmiş Təqsirləndirilən şəxs mənzilinin qapısının açıq olmasından istifadə edib içəri daxil olmuş və içəri girən kimi qonaq otağında arvadı Leylanın olurduğu vəziyyətdə üstünə hücum edərək ona qışqırıb nalayiq söyüşlərlə təhqir etmiş və onu əxlaqsız adlandırmış, nəyə görə Nurəlinin bacısı Gülnarla mübahisə etmələrini soruşmuşdur. Həmin vaxt qaynanası Şahnaz və Leyla azyaşlı uşaqları ilə birlikdə mənzilin qonaq otağında oturub çay içirmiş. Leyla heç kəslə mübahisə etmədiyini bildirib Rayanı başa salmağa çalışsa da Raya ona qulaq asmayaraq əsəbi halda qışqırıb nalayiq sözlər işlətməkdə davam etmişdir. Leyla və qaynanası Rayadan çıxıb getməsini tələb etmiş, lakin Raya getməyərək Leylanın üstünə hücum edib azyaşlı qızlarının və qaynanasının gözləri önündə stol arxasında oturduğu vəziyyətdə sağ əli ilə saçından tutaraq Leylanı özünə tərəf dartmağa başlamış, Leyla özünü müdafiə etmək üçün ayağa qalxıb sol əli ilə Rayanı özündən kənarlaşdırmaq istəmişdir. Bu zaman Raya arvadı Leylanın sol əlinin barmaqlarını tutub arxaya qatlayaraq burmuş və nəticədə Leylanın sol əlinin iki barmağı sınmış, həmin vaxt Leyla ağrının şiddətindən qışqırıb ağlamış, sonra qaynanası Şahnaz çətinliklə Rayanı evdən çıxartmış və qapını arxadan bağlamışdır. Həmin vaxt Raya arvadı Leylanın barmaqlarının sındığını və ağladığını görüb ünvanına nalayiq söyüşlər söyə-söyə çıxıb getmiş, qaynanası mənzilin qapısını kilidlədikdən sonra Leylaya kömək edib ayağa qaldırmışdır. Baş vermiş mübahisəni və Rayanın arvadı Leylaya xəsarət yetirməsini görməsə də bu barədə axşam işdən evə gəldikdə xəbər tutmuşdur. Sonradan Leylanın sol əlinin 3-cü və 4-cü barmaqları tədricən şişmiş, buna görə səhəri günü, yəni 04 iyun 2021-ci il tarixdə Leyla sol əlinin 3-cü və 4-cü barmaqlarının bir qədər də şişdiyini və barmaqlarının ağrısının daha da şiddətləndiyini görüb günorta saatlarında qaynanası idə birlikdə Travmotologiya xəstəxanasına müracit etmişdir. Orada həkimlər Leylanı müayinə etmiş, ona sol əlinin 3-cü və 4-cü barmaqlarının sınmasını bildirmiş və Leylaya tibbi yardım edib hər iki sınmış barmağını gipsə qoymuşdur. Sonra isə Leyla həmin günü Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə gedib Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Onu da qeyd etmişdir ki, əvvəllər Raya ilə aralarında qonşu kimi münasibətlər yaxşı olmuş, hətta qonşu kimi bir-birinin mənzilinə gediş-gəlişləri olmuşdur. 2019-cu ilin yayında Raya məhlədə arvadı Leylaya sudan istifadə etməsinə maneçilik törətdiyi üçün həmin vaxtdan münasibətləri pozulmuş, onunla əlaqə və ünsiyyətləri kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Ələddin qızı ifadəsində göstərmişdir ki, qonşu kimi onların hamısı ilə münasibətləri yaxşı olmuşdur. Qoşusu Gülnarla eyni mənzildə nitq qüsurlu qardaşı Nurəli ailəsi ilə birlikdə yaşamış, Raya ilə Gülnarın qohumluq əlaqəsi olmuşdur. Leylanın anası Şahnaz ilə Raya həmyerli olmaqla bərabər uzun müddət onunla birlikdə bir məktəbdə işləmiş, Rayanın və Gülnarın Leyla ilə əvvəllər münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Raya Leylanı danışdırmamış, ancaq Leylanın uşaqları ilə münasibət saxlamışdır. 02 iyun 2021-ci il tarixdə günorta saatlarında Leylanın azyaşlı qızı nitq qüsurlu qonşusu Nurəlinin “Wİ-Fİ”-ni işlətməsinə görə Leyla və həyat yoldaşı Vüsalla Nurəli və Gülnar arasında sözlə mübahisə olmuşdur. Həmin mübahisəni qonşular eşidib görsələr də onlar bir-birlərinə əl qaldırmamış və qonşular bu mübahisəyə müdaxilə etməmişdir. 03 iyun 2021-ci il tarixdə axşam saat 19 radələrində Gülnar işdən gələn zaman Leylanın anası Şahnaz əlində bel onu həyətdə qarşılayıb onun üstünə hücum etmiş, onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt bu mübahisəni qonşular görmüş, bacısı Əsli ilə birlikdə birtəhər Şahnazı sakitləşdirib beli onun əlindən almışlar. Qonşu Raya da orada olmuş, ancaq mübahisəyə müdaxilə etməmişdir. Hətta mübahisədən sonra Raya Şahnaza həyətdə gətirib çay vermiş, ancaq aralarında mübahisə olmamışdır. Şahnazla Gülnar arasında mübahisə olan zaman heç biri, eləcə də kənar şəxslər xəsarət almamış, mübahisədən sonra Şahnaz və qızı Leyla öz evlərinə, Gülnar və qardaşı Nurəli öz evinə getmişdir. Sonradan Raya və bacısı Əsli ilə birlikdə Nurəlinin əsəbləşməsinə görə səhhətində problem yarandığından birlikdə onlara getmiş və saat təxminən 23:30-a kimi orada olub çay içərək söhbət etmişlər. Sonra isə çıxıb hərə öz evinə getmişdir. Rayanın Leylanın mənzilinə getməsini, onunla mübahisə etməsini və ya onun barmaqlarını sındırmasını görməmişdir. Hadisədən sonra Leylanın yaşadığı ünvana tək gedib onunla təxminən 5 dəqiqə söhbət etmiş, onun əlini tutduğunu və ağladığını görmüşdür. Nə baş verdiyini soruşduqda isə Leyla ona “bilmirsən ki, barmaqlarımı Raya sındırıb getmişdir” demişdir. Həmin vaxt Leylanı bir qonşu kimi danlamış, ona “mübahisəyə son qoyun, biz qonşuyuq” demiş, sonra isə çıxıb evinə getmişdir. Həmin vaxt Leylanın mənzilində Leylanın anası Şahnaz və azyaşlı qızları olmuş, Rayanın Leylanı vurub barmaqlarını sındırmağını görməsə də, Leylanın barmaqlarının şişdiyini və səhəri günü Leylanın barmaqlarının gipsə qoyulmasını görmüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dəvət edilərək dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X11 X1 rəisi, məhkəmə-tibb eksperti X5 ifadə verərək göstərmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barələrində sağlamlıq vəziyyətinin təyininə dair ekspertiza aparılmış və qanunvericiliyə müvafiq olaraq hər iki şəxs barəsində ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izi olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş ekspert rəyində göstərilənlərə əsasən, onun bədən səthində aşkar edilmiş sol əlin 3-4-cü barmağının orta falanqasının oynaqdaxili sınığı küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığıa az ağır zərər vurmaya aiddir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs adına ATU-nun X3 tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixdə aparılmış rentgen müayinəsi zamanı onda “hər iki mil-bilək, hər iki əlin biləkarası, bilək-əl darağı, proksimal və distal barmaq falanqalarası oynaqlarının artriti, İİ mərhələ”nin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mütəxəssis müayinəsi zamanı hazırda onda kəskin artrit əlamətlərinin və əl hərəkətlərində hərəkət məhdudluğunun olmadığı müəyyən edilmişdir. Xəstəliyin kliniki gedişini nəzərə alaraq, R.Süleymanovda qeyd olunan xəstəlik olduğu təqdirdə belə o, qərarın təsviri hissəsində göstərilən şəraitdə Zərərçəkmiş şəxs xəsarət yetirə bilərdi. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dəvət edilərək dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o da həmin həyətdə, qonşuluqda yaşayır. Həmin gün qonşu kimi Leylanın evinə getmiş, bu zamaan Leylanın qolunun və ya hər hansı nahiyyəsinin ağrıdığını, ümumiyyətlə, Leylada hər hansı narahatlıq olduğunu eşitməmiş və müşahidə etməmişdir. O, Leylanın evində olan zaman qonşu Ülkər gəlmiş, evə daxil olan zaman Leyla onu evdən qovmuşdur. Cinayət işinin 13-14-cü vərəqələrində olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanı 1 mətbəx, 1 yataq otağı, 1 zal və 1 qonaq otağından ibarətdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs mənzilin qonaq otağında qonşusu Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət almışdır. Cinayət işinin 26-27-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2021-ci il tarixli, 360 nömrəli rəyindən görünür ki, vət Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – sol əlin 3-4-cü barmağının orta falanqasının oynaqdaxili sınığı küt əşyanın təsirindən törənmişdir; qərarın təsviri hissədində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Cinayət işinin 45-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 106-cı vərəqində olan Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 116-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2021-ci il tarixli, 23/360 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət - sol əlin 3-4-cü barmağının orta falanqasının oynaqdaxili sınığı kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarəti şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Cinayət işinin 165-ci vərəqində olan xx.xx.2004-cü il tarixdə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 508055 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2 atası qismində X6, anası qismində isə Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin 177-178-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “M06.0 – Seroneqatv revmatoid artrit” diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X15 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 264/KEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilmədi. Zərərçəkmiş şəxs adına Birliyin Nərimanov rayon Şöbəsində tərtib edilmiş 360 saylı ekspert rəyində göstərilənlərə əsasən, onun bədən səthində aşkar edilmiş sol əlin 3-4-cü barmağının orta falanqasının oynaqdaxili sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığıa az ağır zərər vurmaya aiddir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X15 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 264.1/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına ATU-nun X3 tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixdə aparılmış rentgen müayinəsi zamanı onda ”hər iki mil-bilək, hər iki əlin biləkarası, bilək-əl darağı, proksimal və distal barmaq falanqalarası oynaqlarının artriti, İİ mərhələ”-nin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mütəxəssis müayinəsi zmanı hazırda onda kəskin artrit əlamətlərinin və əl hərəkətlərində hərəkət məhdudluğunun olmadığı müəyyən edilmişdir. Xəstəliyin kliniki gedişini nəzərə alaraq, R.Süleymanovda qeyd olunan xəstəlik olduğu təqdirdə belə o, qərarın təsviri hissəsində göstərilən şəraitdə Zərərçəkmiş şəxs xəsarət yetirə bilərdi. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl düzgün tövsif edilməmişdir. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma (CM-in 127.2.3-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına xəsarət yetirmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Beləliklə, təqsirkarın əməlinin zərərçəkmiş şəxsə qəsdən az ağır bədən xəsarətinin xuliqanlıq niyyəti ilə yetirilməsi üçün xuliqanlıq niyyəti motivinin mövcudluğu mütləqdir. Hər hansı bir cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsinin müəyyən edilməsi üçün təqsirləndirilən şəxsi cinayətkar fəaliyyətə yönəldən motivin, məhz xuliqanlıq olduğu sübuta yetirilməlidir. Xuliqanlıq niyyətinin müəyyən edilməsi üçün isə təqsirkarın cinayətdən əvvəlki, cinayətin törədilmə prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xuliqanlıq niyyəti ilə hərəkət etməsi, onun davranışının əsas hərəkətverici qüvvəsinin xuliqanlıq motivi olması işin tədqiq edilmiş halları ilə müəyyən edilmir. Məhkəmə xüsusilə qeyd edir ki, hər hansı şəxsin əməlində xuliqanlıq niyyətinin mövcud olması qənaətinə gəlmək üçün aşağıdakı halların bütövlükdə mövcudluğu müəyyən edilməlidir:

1. Təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək);

2. Digər motivlərin mövcud olmaması, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməsi;

3. Təqsirləndirilən şəxs şüurlu surətdə ictimai qaydaya qəsd edilməsini dərk etməli, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi onun şüuru ilə əhatə olunmalıdır;

4. Mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamamalı, münaqişəyə zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəb olmalıdır. Əgər münaqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaq və ya hüquqa zidd davranışı ilə başlamışdırsa, təqsirkarı zərərçəkiş şəxs öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Lakin, məhkəmə xüsusilə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq motivinin mövcudluğu qənaətinə gəlmək üçün zəruri olan və yuxarıda sadalanan hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibinin mövcudluğuna dair ittiham tərəfinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, xuliqanlıq motivi CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Lakin, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin subyektiv cəhətinin zəruri elementi olan xuliqanlıq niyyəti işin hallarının məcmusu ilə müəyyən edilmir. Belə ki, istintaq orqanı yalnız zərərçəkmiş şəxsin ifadəsini əsas götürməklə Təqsirləndirilən şəxs “qonşusu Zərərçəkmiş şəxs qohumu X4 ilə mübahisə etməsini” bəhanə gətirərək qərəzli xuliqanlıq hərəkətləri etməsi qənaətinə gəlmişdir. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin İcmalında qeyd olunur: Bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). Beləliklə, məhkəmə, yuxarıda göstərilən müddəaları əsas tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsi ictimai təhlükəli əməli törətməyə sövq edən, hərəkətverici amil rolunu oynayan, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla müəyyən edilmiş dəyərlərə münasibətini, təqsirləndirilən və zərərçəkmiş şəxs arasındakı mənfi münasibətin həqiqi səbəblərini öyrənmədən Təqsirləndirilən şəxs əməlini əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif etmişdir. Lakin, məhkəmə araşdırmasının gedişində işin halları tam, hərtərəfli və müqayisəli şəkildə tədqiq edilməklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayətə sövq edən amil müstəsna olaraq zərərçəkmiş şəxsin onun adından ortaq tanışlarına düzgün olmayan məlumatların çatdırılması və zərərçəkmiş şəxsin onunla paylaşdığı şəxsi-ailə məsələlərinə dair sirlərin başqa şəxslər arasında yayılmasına dair təqsirləndirilən şəxsin şüurunda formalaşan motiv və həmin motiv nəticəsində zərərçəkmişlə münaqişədən törəyən şəxsi münasibətlər olmuşdur. Məhkəmə, zərərçəkmişin belə davranışının həqiqiliyinə münasibət bildirmədən qeyd edir ki, belə düşüncə təqsirkarı cinayətə sövq etməklə hər bir halda onun şüurunda bəhanə kimi yox, ağlabatanlıqla səhv əməl kimi qəbul edilən zərərçəkmişin davranışının nəticəsi kimi qəbul edilmişdir. İstintaq orqanı təqsirləndirilən və zərərçəkmiş şəxs arasındakı mənfi münasibətə ümumiyyətlə qiymət verməmişdir. Halbuki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin münasibəti əvvəllər yaxşı olsa da, sonralar onlar arasında uzun müddət davam edən ədavət yaranmışdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə arasındakı münasibətinin 2019-cu ilin yayında Rayanın məhlədə ona sudan istifadə etməsinə maneçilik törətməsi səbəbindən pozulduğunu, sonuncu dəfə isə Rayanın qohumu olan Gülnarla dalaşdıqdan sonra Rayanın hücum etməsini göstərmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs isə ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə münasibətlərinin pisləşməsinə səbəb Leylanın onun adından ortaq tanışlarına yalan məlumatlar çatdırması olmuşdur. Həmçinin, bildirmişdir ki, zərərçəkmişlə yaxın olduqları dövrdə Leyla bir çox şəxsi və ailə sirlərini onunla bölüşmüş, sonra başqa şəxslər bu söhbətlərdən xəbərdar olduqlarından Leyla bunun günahını onda görmüş, elə bilmişdir ki, həmin söhbətləri o yaymışdır. Həmçinin, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ədavətin yaranmasına səbəb həm də maddi məsələlərlə bağlı mübahisələr olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmişin həyat yoldaşı Şahid2 qonşu kimi kömək məqsədilə öz adından “KapitalBank”dan 3.600 manat kredit götürüb vermiş, ancaq Vüsal ödəniş etməmiş, məcbur olub onun adından banka ayda 100 manat ödəmişdir. Lakin, istintaq orqanı qeyd edilən hala da qiymət verməmişdir. Beləliklə, işin tədqiq edilmiş hallarından aydın olur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında 2 ilə yaxın davam edən mübahisə və ondan irəli gələn ədavət və münaqişəli vəziyyət mövcud olmuş (bu hal iş üzrə dindirilmiş bütün şəxslərin ifadələri ilə təsdiq olunur), qeyd olunan zorakı hərəkətlərin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmişdir. Başqa sözlə, təqsirkarın hərəkətləri konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlərlə şərtlənmişdir. Belə olan halda, ittiham tərəfi yanlış olaraq təqsirləndirilən şəxsin əməlini “heç bir əsaslı səbəb olmadan” törədilən sağlamlığa zərər vurma kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmalında qeyd olunur: Bəzən ibtidai istintaq orqanı və məhkəmələr şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz edirlər. Anlayışların bu şəkildə “əvəzləşdirilməsi” isə icraatı aparan orqanlara həddindən artıq geniş mülahizə sərbəstliyi verməklə təqsirkarın hərəkətlərini şərtləndirən istənilən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirməyə, təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini isə (hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başladığı hallarda belə) nəzərə almamağa imkan yaradır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin onun adından ortaq tanışlarına düzgün olmayan məlumatların çatdırılması və zərərçəkmiş şəxsin onunla paylaşdığı şəxsi-ailə məsələlərinə dair sirlərin başqa şəxslər arasında yayılmasına dair təqsirləndirilən şəxsin özünün şüurunda formalaşan motiv mövcuddur, buna görə də onun əməli “heç bir əsaslı səbəb olmadan” və ya “cüzi səbəbin bəhanə edilməsi” ilə törədilmiş əməl kimi qiymətləndirilə və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif edilə bilməz. Çünki, yuxarıda da qeyd edildiyi kimi xuliqanlıq niyyəti o halda mövcud ola bilər ki, təqsirləndirilən şəxsdə başqa motivlər mövcud olmasın. Hazırki halda isə təqsirləndirilən şəxsin şüurunda onları münaqişəyə sövq edən motivlər mövcuddur. Təqsirləndirilən şəxs həmin əməli törədərkən, bunu xuliqanlıq niyyəti ilə deyil, baş vermiş mübahisə zəminində etmişdir. Təsvir olunan qərarlardan və Qanunun tələblərinə istinad edərək məhkəmə hesab edir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyib və mötəbər sübutlar əldə edilib, qiymətləndirilməyibsə, əməl CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilə bilməz. Məhkəmə, həmçinin törədilmiş əməlin xuliqanlıq niyyəti ilə deyil, təqsirləndirilən və zərərçəkmiş şəxs arasında baş verən qarşılıqlı mübahisə və münaqişə zəmnində baş verməsini onunla əsaslandırır ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında bilavasitə hadisəyə qədərki vəziyyət düzgün qiymətləndirilməmiş, verilmiş ittihamda təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə birtərəfli qaydada münaqişə vəziyyəti yaratması təsvir edilmiş və bu hissədə işin həqiqi halları araşdırılmaq əvəzinə müstəsna olaraq zərərçəkmiş şəxsin ifadəsi əsas götürülmüşdür. Bu səbəbdən, zərərçəkmiş şəxsin həmin hissədə ifadəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir: zərərçəkmiş şəxslərin bəzən özlərinin leyhinə olan xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları mövcuddur. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşmasının olması, verdiyi ifadənin qərəzsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilmiş əməlin ictimai təhlükəlliyini daha da şişirdərək doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə, məhkəmə hazırkı halda hesab edir ki, baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə və heç bir əsaslı səbəb olmadan hərəkət edən təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair ittiham tərəfinin mövqeyi işin tədqiq edilmiş və yuxarıda sadalanan halları ilə uzlaşmır və ağlabatan hesab olunmur. Məhkəmə, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 “təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə birtərəfli qaydada münaqişə vəziyyəti yaratmasına dair” hissədəki ifadələrinin sübutedici əhəmiyyətinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, həmin hissədə Şahid1 ifadəsinin həqiqiliyinə dair şübhələr mövcuddur. Məhkəmə, hesab edir ki, şahidin həmin hissədə ifadəsinə qiymət verilməsi üçün ilk növbədə həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verməsi, barəsində ifadə verdiyi şəxslə və digər proses iştirakçıları ilə aralarında ədavət və ya yaxın qohumluq münasibətinin və ya digər mənfəətin olması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlil edilərək aydınlaşdırılmalıdır. Məhkəmə, şahid qismində dindirilmiş Şahid1 ilə Zərərçəkmiş şəxs arasında yaxın qohumluq (ana və qız olmaları) münasibətinin olmasını nəzərə alaraq hesab edir ki, Şahid1 təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə hərəkət etməsinə dair ifadəsi iş üzrə həqiqəti əks etdirmir. Həmçinin, şahid işin nəticəsində marağı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri – xidməti asılılıq, qohumluq, dostluq və s. münasibətləri ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmasa da, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şahid2 cinayət hadisəsinin bilavasitə şahidi olmamış, hadisə haqqında onda olan informasiya yalnız arvadı Zərərçəkmiş şəxs verdiyi məlumatlar əsasında formalaşmışdır. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz (CPM-in 126.3-cü maddəsi). Bu səbəbdən Şahid2 ifadəsinin sübut kimi qəbul edilməsi ipso jure (qanunun özü tərəfindən) yolverilməzdir. Beləliklə, məhkəmə, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə CM-in 127.2.3-cü maddəsini tətbiq etməsini iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun gəlməyən nəticə kimi qiymətləndirir və hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin deyil, həmin Məcəllənin 127.1-ci maddəsinin tərkibi vardır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 318.1-ci maddəsinə əsasən «məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.». Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmasını müəyyən etmədi. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.

Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar