Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-73/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Laçın rayonunun Şeylanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını binaya qanunsuz daxil olmaqla gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında yerləşən “Dərnəgül Tikinti Malları” bazarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs işlətdiyi ofisin arxa pəncərəsinin kilidini yerdən tapdığı dəmir parçası ilə sındırıb qanunsuz içəri daxil olaraq ofisin içərisində olan dəmir seyfin kilidini həmin dəmir parçası ilə sındıraraq seyfin içərisindəki 1400 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 04:30 radələrində o, Dərnəgül bazarına getmişdir. Ətrafı gəzən zaman bir obyekt görmüşdür. Həmin obyektə yaxınlaşıb pəncərəsindən içəri baxdıqda içəridə seyf olduğunu aşkar etmişdir. Düşünmüşdür ki, seyfdə pul olar, buna görə də həmin obyektdən oğurluq etmək qərarına gəlmişdir. Yerdən dəmir parçası tapıb obyektin pəncərəsini açmış və həmin pəncərədən içəri daxil olmuşdur. Obyektin içərisini axtarsa da heç nə tapmamışdır. Sonra pəncərəni açdığı dəmir parçası ilə seyfin qapısını açmışdır. Seyfin içərisində iki ədəd kağız parçasına bükülmüş pul tapmışdır. Həmin pulları götürüb saydıqda 1400 manat olduğunu müəyyən etmişdir. Bundan sonra obyektə daxil olduğu pəncərədən çıxmış və əli ilə pəncərəni bağlayıb oradan uzaqlaşmışdır. Səhər açıldıqda oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Sonda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, ünvan 3 ünvanda yerləşən Dərnəgül bazarında icarə əsasında işlətdiyi obyektdə dəmir və taxta satışı, icarəsi ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində obyekti bağlayıb evə getmişdir. Bir neçə gün əvvəl ofisdə olan seyfə iki ədəd kağız parçasına bükülmüş, ümumilikdə 1400 manat pul qoymuşdur. Seyfin açarı isə onun önündə olur. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində o, işə gəlib ofisin qapısını açan zaman ofisin arxa pəncərəsinin açıq olduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, ofisə oğru daxil olmuşdur. Ətrafı axtardıqdan sonra ofisdə olan seyfi yoxlamış və seyfin qapısının açıq olduğunu görmüşdür. Seyfin içərisinə baxdıqda ona məlum olmuşdur ki, seyfdə olan 1400 manat məbləğində pulu oğurlanmışdır. Bundan sonra o, ofisdə olan təhlükəsizlik kameralarına baxan zaman gecə saatlarında bir nəfər cavan oğlanın ofisin arxa pəncərəsini açaraq içəri daxil olduğunu, daha sonra əlində olan dəmir parçası ilə seyfin qapısını açaraq oradan pulları götürüb pəncərədən çıxaraq getdiyinin şahidi olmuşdur. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, seyfdən 1400 manat pul oğurlanmışdır. Bundan başqa ofisin arxa pəncərəsinin kilidi və seyfin kilidi sındırılmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 3 ünvanda yerləşən “Dərnəgül” bazarının içərisində olan ofisdir. Hadisə yeri dəmir konstruksiyalı ofisdir. Hadisə yerindən zəruri əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Tutma haqqında” 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbir seçilməsi barədə” 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və dərhal MSY-dən azad olunması qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi barədə” 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir. Bir nəfər şəxs seyfin qapısını əlində olan əşya ilə açır, içərisindən kağız bükülünü götürüb cibinə qoyur, daha sonra kağız bükülünü açıb pulları sayır və yenidən cibinə qoyur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-539/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması və qərarın icrasının Bakı şəhəri Nərimanov Polis İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 1(005)-539/2022 nömrəli qərar üzrə axtarış elan olunaraq barəsində 60750/22 saylı axtarış işi açılan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-3634/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixinədək, 27 iyul 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 28 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 02 sentyabr 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək və 27 iyul 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 28 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-73/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-73/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver