Məhkəmə qərarları › İş №1(005)-73/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-73/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-73/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X9 oglunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun müdafiəçisi Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs – X11 və onun müdafiəçisi Bakı şəhəri 16 Vəkil Bürosunun vəkili X4 X2 qızının iştirakları ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Özbəkistan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi döngə 3, dalan 1, ev 7də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X11(Mamedov Vugar) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Belə ki, X18 (Mamedov Vugar) 04 iyul 2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X27 küçəsi ilə Faiq Yusifov küçəsinin kəsişməsində yerləşən yaşayış binalarının söküntüsü ilə əlaqədar "xxxx" MMC-nin sifarişi əsasında həmin ərazidə D89 mm-lik aşağı təzyiqli qaz xəttlərinin D57 mm-lik qaz xəttinə demontaj olunaraq yerlərinin dəyişdirilməsi işini görən zaman ünvan 1 ünvanında yaşayan sakin Zərərçəkmiş şəxs binanın qaz xəttinə qanunsuz olaraq müdaxilə etdiyini bildirib əlindəki mobil telefonla videoçəkiliş edərək X7 (Mamedov Vugardan) işi dayandırmasını tələb etmiş, bir neçə dəfə generatorun elektrik xəttini enerjidən ayırmış, bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusif küçəsi 43 saylı binanın həyətində Zərərçəkmiş şəxs ilə X12 (Mamedov Vugarın) aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncu əlindəki dəmir alətlə Zərərçəkmiş şəxs sol əlindən vuraraq ona, sol əlin İ İ İ barmağın dırnaq falanqasınm iç səthin çapıq toxuması (əzilmiş yaranın izi) ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Bununla da, X17 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X17 özünü ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin iyun- iyul ayından "xxxx" ASC-də fəhlə olaraq işləyir. İşlədiyi "xxxx" ASC “Azəriqaz” İstehsalat Birliyinin podratçı şirkəti olmaqla Birliyə daxil olmuş müraciətlər üzrə Bakı şəhərində və digər rayonlarda qaz xəttlərinin çəkilməsi, yerinin dəyişdirilməsi və s. işlərini görürlər. xx.xx.2024-cü il tarixdə saat 14:20 radələrində müdir Ruslan müəllimin göstərişi əsasında tanışı Azərlə birlikdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində “Gold Məkan“ MMC-nin müraciəti əsasında sərəncamla həmin MMC-yə ayrılmış ərazidə tikinti işlərinin aparılması məqsədilə ərazidən keçən qaz xəttinin söküntü ərazisinə düşməməsi üçün yerinin dəyişdirilməsi işini görmüşdür. Həmin gün özünə məxsus “VAZ 2104” markalı 90- SY-457 dövlət qeydiyyat nişanlı avtomaşınla qeyd olunan yerə gedib işləyən zaman səhər saatlarından başlayaraq adının sonradan Adilə olduğunu bildiyi qadın yanlarına gəlib işləri dayandırmağı tələb etməyə başlamışdır. Özü isə, layihə sənəd əsasında gəldiklərini və nə sözü varsa MMC-nin rəhbərliyinə bildirməsini xahiş etmişdir. Lakin, Adilə buna məhəl qoymayaraq, təkidlə işləri dayandırmağı tələb edir, onunla kobud şəkildə danışaraq əlindəki mobil telefonla onu videoçəkiliş edirdi. Həmçinin Adilə adlı qadın onun iş gördüyü qaynaq aparatına elektrik enerjisi ötürən generatorun kabelini tokdan çıxarmışdır. Özü isə işlədiyi yerdən enib gedib yenidən generatoru işə salıb işini davam etdirməyə başlamışdır. Lakin, Adilə yenə də ondan əl çəkməyərək əlindəki mobil telefonla onu videoçəkiliş edir, nalayiq sözlər deyir və bir neçə dəfə qaynaq aparatına elektrik enerjisi ötürən generatorun kabelini tokdan çıxarıb gedirdi. Adilə bu kimi hərəkətləri ilə onu təhrik edib mübahisəyə cəlb etmək istəsə də, bir təhər ona baş qoşmayaraq işini davam etdirmişdir. Lakin, Adilə yenə də gəlib onu videoçəkiliş edib ondan sənəd tələb etməyə başlamışdır. Həmin vaxt Adilə yenə də generatora müdaxilə etmək istəyərkən, ona tərəf gedib əlini elektrikə vurmamasını deyib elektrik xəttinin yanından kənarlaşdırmışdır. Həmin vaxt Adilənin telefonu yerə düşüb ekranı sınmışdır. Bundan sonra Adilə guya ona hücum edib vurduğunu bildirərək, yenidən səs-küy salmağa başlamış və qonşular oraya toplaşmışdır. Həmin zaman ləvazimatlarını toplayıb həmin yerdən kənarlaşaraq çöl hissədə işlərini davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə isə gəlib işlərini yekunlaşdırmışlar. Hadisə zamanı əlində dəmirdən çəkic formasında alət olsa da, o həmin vaxt Adiləni həmin alətlə vurmamış və onun mobil telefonunu yerə salıb sındırmamışdır. Hadisə zamanı orada tanımadığı bir neçə nəfər binanın sakinləri və tanışı Azər var idi. Hadisə bir iki saniyə ərzində baş verib qurtarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 58, mənzil 12 ünvanında yerləşən çıxarışa əsasən 57 kvadradmetr, faktiki olaraq 110 kvadratmetr olan mənzil və ünvan 2 ünvanında yerləşən çıxarışa əsasən 65 kvadratmetr, faktiki olaraq 110 kvadratmetr qeyri-yaşayış sahəsi özünün xüsusi mülkiyyətində olmaqla qeyd olunan ünvanda yaşayır. Qeyri-yaşayış sahəsini isə, icarəyə vermişdir. xx.xx.2023-cü il tarixdən "xxxx" MMC tikinti şirkəti onun mənzilinin və qeyriyaşayış sahəsinin yerləşdiyi binaların sökülərək yerində yeni hündürmərtəbəli binaların tikiləcəyi adı ilə binaların ətrafını qeyri-qanuni şəkildə hasarlamışdır. Lakin, nə onunla, nə də, digər binalarda olan qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar aparılmadan və müqavilə bağlanmadan 1,6 ha torpaq sahəsinin hasarlanması həyata keçirilmişdir. Binaların ətrafının hasarlanması nəticəsində həyətə giriş-çıxış məhdudlaşdırılmış, sakinlərin müraciətlərindən sonra giriş hissə qismən açılmış, lakin obyektlərin qarşısı 03 metrlik hasarla bağlı qalmışdır. xx.xx.2024-cü il tarixdə qonşusu Fuad ona zəng edərək, yaşadığı binaya müdaxilə edildiyini bildirmişdir. Həmin vaxt qazın verilməsi də dayandırılmış, qonşularla çıxıb həmin 3 nəfər şəxsdən sənəd istədiklərində həmin şəxslər onlara hər hansı sənəd təqdim etməmişlər. Onlar **-SY-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı, sarı rəngli avtomaşınla gəlmişdilər. Bununla bağlı, “Azəriqaz”-ın qaynar xəttinə zəng etmişlər, oradan əməkdaşların onların binasının ətrafında iş görülmədiyini, qazın kəsilmə səbəbinin yaxın ərazidə qəza olduğunu bildirmişlər. Həmin şəxslərin binaya müdaxilə etmələrinə icazə verməmişlər, lakin onlar əşyalarını götürüb digər tərəfdən yenidən qaz borusuna qaynaq etməyə davam etmişlər. Daha sonra həmin üç nəfər şəxslərdən təkrar sənəd istədikdə, adını bilmədiyi usta əlində armaturdan düzəldilmiş çəkiclə üzərinə hücum çəkib armaturu başına vurmaq istədikdə, qonşusu Fuad qaşısına keçib ona mane olmuş, lakin həmin şəxs armaturdan düzəldilmiş çəkiclə sol əlindən vurmuş və daha sonra yerə düşən mobil telefonunun ekranına vurub sındırmışdır. Həmin zaman sol əlinin İİİ barmağından xəsarət almışdır. Eyni zaman özünə məxsus Samsung A 52 markalı mobil telefonunun ekranı sınmışdır. Qeyd olunan mobil telefonunun ekranının sınması nəticəsində ona 750 manat maddi ziyan dəymişdir. Hadisənin olduğunu görüb adını bilmədiyi şirkət nümayəndəsi ustalara yaxınlaşıb nəisə dedikdən sonra polis əməkdaşları gələnədək həmin şəxs qaçıb getmişdir. Sonradan bilmişdir ki, onu vuran şəxs Özbəkistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Nazım oğludur. Hadisə zamanı orada özü, onu vuran şəxs, qonşuları Şahid3, Şahid2, "xxxx" MMC şirkətinin rəhbəri Mahir Eyvazov olmuşdur. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil özünün mülkiyyətindədir. Həmçinin həmin ünvanda yerləşən 172 nömrəli avtomobil qarajı isə həyat yoldaşı Şahid2 mülkiyyətində və istifadəsindədir. xx.xx.2023-cü il tarixdən "xxxx" MMC tikinti şirkəti mənzilinin və qarajlarının yerləşdiyi binaların sökülərək yerində yeni hündürmərtəbəli binaların tikiləcəyi adı ilə binaların ətrafını qeyri-qanuni şəkildə hasarlamışdır. Lakin, sakinlərlə heç bir danışıqlar aparılmadan və müqavilə bağlanmadan 1,6 ha torpaq sahəsinin hasarlanması həyata keçirilmişdir. Həmin MMC-nin tikinti və söküntü sənədləri, layihələri olmadığından məhkəməyə müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə binaya qazın verilməsi dayandırılmış, qonşularla çıxıb baxdıqda həyətdə üç nəfər şəxsin işlədiyini, qaz xəttlərinə müdaxilə etdiklərini görmüşlər. Onlar **- SY-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı, sarı rəngli avtomaşınla gəlmişdilər. Bununla bağlı, “Azəriqaz”-ın qaynar xəttinə zəng etmişlər, oradan binanın ətrafında iş görülmədiyini, qazın kəsilmə səbəbinin yaxın ərazidə qəza olduğunu bildirmişlər. Həmin şəxslərin binaya müdaxilə etmələrinə icazə verməmişlər, lakin onlar əşyalarını götürüb digər tərəfdən yenidən qaz borusuna qaynaq etməyə davam etmişlər. Bununla bağlı aidiyyəti qurumlara müraciət etmişlər, lakin heç kəs gəlməmişdir. Bir neçə qonşusu, həmçinin Adilə aşağıda həmin qaz borusuna qaynaq edən şəxsə yaxınlaşıb sənəd istəmişdir. Özü isə yaşadığı evin pəncərəsindən həmin prosesi izləmişdir. Qonşusu Adilə sonradan adını bildiyi Özbəkistan Respublikası vətəndaşı olan Vugar adlı şəxsə yaxınlaşıb sənəd istəmiş, Adilə əlində telefonlda videoçəkiliş etmişdir. Həmin vaxt Vugar adlı şəxs əlindəki çəkicə bənzər dəmir alətlə Adilənin əlindən vurmuş və daha sonra yerə düşən mobil telefonunun ekranını vurub sındırmışdır. Bundan sonra dərhal aşağı düşüb hadisə yerinə yaxınlaşmışdır. Çünki həyat yoldaşı Asif də, orada idi. Hadisənin olduğunu görüb adını bilmədiyi şirkət nümayəndəsi ustalara yaxınlaşıb nə isə dedikdən sonra polis əməkdaşları gələnədək həmin şəxs qaçıb getmişdir. Lakin, sonradan xx.xx.2024-cü il tarixdə həmin şəxslər gəlib işləri tamamlamışlar. Hadisə zamanı orada qonşusu Adilə, həyat yoldaşı Asif, qonşusu Fuad, Adiləyə xəsarət yetirən Vugar adlı şəxs, "xxxx" MMC-nin adlarını bilmədiyi bir neçə nəfər əməkdaşları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən çıxarışa əsasən 68 kvadratmetr olan mənzil xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixindən "xxxx" MMC tikinti şirkəti onun mənzilinin yerləşdiyi binaların sökülərək yerində yeni hündürmərtəbəli binaların tikiləcəyi adı ilə binaların ətrafını qeyri-qanuni şəkildə hasarlamışdır. Lakin, həmin MMC-nin tikinti və söküntü sənədləri, layihələri olmadığından məhkəməyə müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə binaya qazın verilməsi də dayandırılmış, qonşularla çıxıb baxdıqda həyətdə üç nəfər şəxsin işlədiyini, qaz xəttlərinə müdaxilə etdiklərini görmüşlər. Həmin şəxslərdən sənəd istədiklərində onlar hər hansı sənəd təqdim etməmişlər. Onlar **-SY-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı, sarı rəngli avtomaşınla gəlmişdilər. Həmin şəxslərin binaya müdaxilə etmələrinə icazə verməmişlər, lakin onlar əşyalarını götürüb digər tərəfdən yenidən qaz borusuna qaynaq etməyə davam etmişlər. Daha sonra həmin üç nəfər şəxslərdən təkrar sənəd istədikdə, əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Vugar adlı usta əlində çəkicə bənzər dəmir alətlə qonşusu Zərərçəkmiş şəxs üzərinə hücum çəkib həmin dəmir aləti onun başına vurmaq istədikdə, özü qarşısına keçib ona mane olmuş, lakin həmin şəxs əlindəki dəmir alətlə Adilənin əlindən vurmuşdur. Həmin vaxt Adilənin mobil telefonu yerə düşmüş, Adilə həmin vaxt əlindəki həmin mobil telefon ilə videoçəkiliş etdiyi üçün Vugar adlı şəxs yerə düşən mobil telefonu əlindəki dəmir alətlə vurub sındırmışdır. Hadisənin olduğunu görüb adını bilmədiyi şirkət nümayəndəsi ustalara yaxınlaşıb nə isə dedikdən sonra polis əməkdaşları gələnədək həmin şəxs qaçıb getmişdir. Hadisə zamanı orada qonşuları Adilə, Asif, Adiləyə xəsarət yetirən Vugar adlı şəxs, "xxxx" MMC-nin adlarını bilmədiyi bir neçə nəfər əməkdaşları olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022ci ildə "xxxx" adı ilə təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. Nərimanov rayon icra hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 164 nömrəli sərəncamı əsasında Nərimanov rayonu, X27, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən 1.6 ha torpaq sahəsində yerləşən qəzalı vəziyyətdə olan köhnə yaşayış binalarının və qeyri-yaşayış evlərinin sökülərək yerində hündürmərtəbəli binaların tikintisini həyata keçirirlər. 2023-cü ilin oktyabr ayından cəmiyyətə ayrılmış ərazidə yerləşən 04 ədəd köhnə beş və dörd mərtəbəli binaların sakinləri ilə danışıqlar apararaq müqavilələr bağlanıb köçürülmələr həyata keçirilir. Hazırda da sakinlərlə danışıqlar aparılır və tam köçürülmə aparıldıqdan sonra söküntü və tikinti işləri aparılacaqdır. Orada yerləşən qəzalı vəziyyətdə olan binanın qaz xəttinin kənar ərazidən çəkilməsi işlərinin görülməsi ilə bağlı rəsmi şəkildə Azərqaza müraciət etmişlər. Azərqaz tərəfindən həmin işin görülməsi podratçı şirkət olan "xxxx" MMC-nə həvalə olunmuş, həmin MMC- ilə də, öz şirkətləri arasında müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin göndərdiyi əməkdaşlar tərəfindən binanın qaz xəttinin kənar ərazidən çəkilməsi işləri görülən zaman orada olan sakinlərin işi görən fəhlələrə maneçilik törətməsi barədə ona məlumat verilmişdir. Bundan sonra hadisə yerinə getmiş, həmin vaxt görmüşdür ki, sakinlərdən Zərərçəkmiş şəxs qaz işini görən fəhlələrlə mübahisə edib onların işlədiyi aparatları söndürür, əl-qol ataraq işlərinə mane olmağa çalışırdı. Həmin vaxt Adilə xanıma "xxxx" MMC-nin əməkdaşları tərəfindən hər hansı bir xəsarət yetirilməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, hadisə zamanı onlar ofisdə olmuş, sonradan bilmişlər ki, hadisə baş verib. Onlar həmin hadisə yerinə gəlmiş və görmüşlər ki, zərərçəkmiş şəxs işlərin gedişatına maneçilik törədir. O Vugarın zərərçəkmiş şəxsi vurmasını görməmiş, əksinə Adilə və Fuad birləşib Mamedov Vugara hücum edib onu təpikləmişlər. Vugar özünü qoruyub, belə ki ona hücum olunub, o dəmirlə heç kimə xəsarət yetirməyib. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2019-cu ildən icraçı direktorudur. "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən verilmiş 15 sentyabr 2016-cı il tarixli, İN/L-1892/2016 nömrəli lisenziya əsasında “maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması” işlərini icra edir. Verilmiş lisenziya əsasında “Azəriqaz” İB-dən daxil olmuş müraciətlər üzrə Bakı şəhərində və respublikanın digər şəhər, rayonlarında qaz xəttlərinin çəkilməsi, yerlərinin dəyişdirilməsi və s. işləri icra edirlər. “Azəriqaz” İB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 14-2-2-2/3-7-4054/2024 nömrəli məktubla Nərimanov rayonu, X27, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində (koordinatlar: 40.406077: 49.871997) "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarının tikinti ərazisinə düşən D57 mm-lik və D89 mm-lik aşağı təzyiqli qaz xəttlərinin demontaj olunaraq D 57 mm-lik qaz xətti ilə yerinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" MMC-yə daxil olmuş məktub və sxem əsasında həmin MMC ilə 01 iyul 2024-cü il tarixli “Qaz xəttində dəyişiklik üzrə Podrat” müqaviləsi bağlayaraq qeyd olunan işin icrasını götürmüşlər. X18 "xxxx" MMC-nin işçisi olmuş və yardımçı fəhlə kimi işləyir. Vugarın "xxxx" MMC-də işləməsi ilə bağlı əmək müqaviləsi vardır. Vugarın iyulun 1-dən ərizəsi alınıb işçi kimi, lakin sistemə salınmamışdı. Qeyd etdiyi işlə bağlı, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Vugar Mamedovu qaz xəttinin yerinin dəyişdirilməsi üçün "xxxx" MMC-nin tikinti ərazisinə göndərmişdir. Həmin gün günorta saatlarında Nərimanov qaz idarəsindən ona zəng edilmiş və "xxxx" MMC-nin ərazisində nə hadisə olduğunu soruşduqlarında məlumatsız olduğunu deyib həmin ünvana getmişdir. Oraya çatdıqda tikinti ərazisində insanların toplaşdığını görüb nə baş verdiyini soruşduqda, tanımadığı bir qadın telefonunu göstərib işçisi Vugar tərəfindən itələndiyini, mobil telefonunun sındırıldığını demişdir. Digər şəxslər isə, belə bir hadisənin olmadığını demişlər. Həmin qadın ondan sənəd tələb etməyə başlamış, daha sonra gedib sənədləri gətirdikdə orada olmadığını görmüşdür. Vugardan nə baş verdiyini soruşduqda, həmin qadını vurmadığını, nədə ki, telefonuna zərər yetirmədiyini deyib onun şər atdığını bildirmişdir. Həmin hadisə vaxtı orada işçilərdən yalnız Vugar olmuşdur. Hadisə zamanı orada olmadığı üçün hadisənin necə baş verdiyini bilmir. xx.xx.2024-cü il tarixdə işçilər gəlib həmin işlərini yekunlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Vugarın iyulun 1-dən ərizəsi alınıb işçi kimi, lakin sistemə salınmamışdı. Hadisəyə qədər Adilə xanımı tanımamış, onların şirkətlə vətəndaş arasında olan münasibətdən məlumatları olmamış, kimin kimə xəsarət yetirməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Vugar Mamedov onunla qonşuluqda yaşayır. xx.xx.2024-cü il tarixdə qonşusu Vugar ilə məhəllədə görüşən zaman sabah Nərimanov rayonu ərazisində işinin olduğunu deyib onunla birlikə getməyini təklif etmişdir. Vugara onunla birlikdə gedə biləcəyini demiş, Vugar müxtəlif yerlərdə qaz xəttinin çəkilməsi, yerinin dəyişdirilməsi işlərini görür. Özü də, işsiz olduğundan onunla birlikdə gedib köməklik edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Vugarla birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Gold Məkan“ MMC-nin söküntü işləri apardığı yerə getmişlər. Vugar həmin ərazidə qaz xəttinin yerinin dəyişdirilməsi işini görməyə başlamışdır. Özü də həmin vaxt Vugarın yanında olmuşdur. Həmin vaxt əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Adilə adlı xanım yaxınlaşıb işi dayandırmağı tələb etmiş, həmçinin Vugarın elektriklə iş gördüyü generatorun kabelini tokdan çıxarmışdır. Lakin, Vugar yenidən generatoru yandırıb işini davam etmişdir. Adilə adlı xanım isə Vugara yaxınlaşıb ona kobud sözlər deyərək dəfələrlə onun iş gördüyü generatoru söndürmüşdür. Həmçinin əlindəki mobil telefonla Vugarı videoçəkiliş etmişdir. Vugar da ona dəfələrlə bildirmişdir ki, onluq bir iş yoxdur, özü şirkət tərəfindən göndərilibdir. Vugar Adiləyə dəfələrlə işinə maneçilik törətməməsini, generatoru söndürməməsini və onu videoçəkiliş etməməsini bildirməsinə baxmayaraq, həmin xanım buna məhəl qoymamış və gedib-gəlib Vugarı qeyd olunan hərəkətləri ilə təhrik edib əsəbləşdirmişdir. Sonuncu dəfə Adilə adlı xanım generatorun kabelini dartıb çıxaran zaman Vugar əsəbləşib onun üzərinə tərəf getmiş, bu zaman həmin qadın Vugarın onu vurduğunu deyib səs küy salmağa başlamışdır. Həmin zaman Vugarın əlində dəmir parçası olsa da, Vugar həmin qadının üstünə gedən zaman onu vurduğunu görməmişdir. Hadisə zamanı orada özü, Vuqar, Adilə adlı xanım və bir iki nəfər orada yaşayan tanımadığı qonşular olmuşdur. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o Nərimanov rayonu Faiq Yusifov 43, mənzil 11-in sakinidir. Əvvəllər təqsirləndirilən şəxs Mamedov Vugarı tanımırdı. Onların həmin ərazidə evləri var. Hadisənin birbaşa şahidi o özüdür. Hadisə günü Fuad müəllim, Adilə xanım və bir nəfər də adını bilmədiyi şəxs Vugar Mamedova hücum etmişlər. Hadisə binanın önündə olsa da Adilə xanımın niyə ora gəlməsini bilmir. Hadisə vaxtı təqsirləndirilən şəxs Mamedov Vugar zərərçəkmiş şəxs Adiləni vurmamışdır. Əksinə zərərçəkmiş şəxs Vugarı vururdu. Adilə xanım Vugarı turba ilə vururdu, sakinlərə təhqiredici sözlər deyirdilər. Qaz xətti dəyişən bina onun yaşadığı binadır, Adiləyə heç aidiyyatı yoxdur. Hadisə vaxti Adiləyə heç bir xəsarət yetirilməyib. 80 nəfər sakin Adilə xanınım əlindən beziblər. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 35 ildir ki həmin məhlədə yaşayır. Vugar Mamedovu əvvəllər tanımırdı. Onun yaşadığı bina sökülüb. X22 çağırıb ki, gəlib qaz xəttini düzəltsin. Yəni qaz xəttin kəsib başqa xətt çəkib qazı düzəltsin. Hadisə vaxtı onu görmüşdür ki, Adilə xanım əlində rezin şlanq təqsirləndirilən şəxsin üzərinə hücum çəkib. Adilə xanım deyirdi ki, onlar qanunsuz iş görürlər. Aparatı da dartıb qırmaq istəyirdi. Onların binası sökülür deyə mütəmadi olaraq şirkətə gedib gəlirlər. Sakin olaraq onlar hamısı binanın tikilməsini istəyirlər. Adilə xanım telefonunu özü sındırmışdı. O özü şəxsən bunun şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İstintaq zamanı Zərərçəkmiş şəxs içərisində video fayl olan 01 ədəd CD diski istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanda yerləşən binanın həyətində qaz xəttinə qaynaq edən X14 (Mamedov Vugara) sənədlərini təqdim etməsini bildirir, Zərərçəkmiş şəxs orada olan generatora yaxınlaşan zaman X18 (Mamedov Vugar) əlində olan dəmir alətlə onun üstünə gedir, bu vaxt Zərərçəkmiş şəxs çəkiliş apardığı əlini qaldırıb qabağa edir, həmin vaxt çəkiliş edən mobil telefon yerə düşür. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 20 iyul 2024-cü il tarixli 822 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət – sol əlin İİİ barmağın dırnaq falanqasının iç səthinin çapıq toxuması (əzilmiş yaranın izi), küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X18 (Mamedov Vugar) barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X18 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan “əmək müqaviləsi bildirişindən” görünür ki, Mamedov Vugar "xxxx" MMC-yə yardımçı fəhlə kimi işə düzəlmiş, işə başlama tarixi xx.xx.2024-cü il, bildirişin imzalanma tarixi xx.xx.2024-cü il tarix göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, Mamedov Vugar iş yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin baş verməsinə dair 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X17 tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi özü etiraf etməsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, proses iştirakçıları arasında Bakı şəhəri, Nərimanov rayonu, X27 və Faiq Yusifov küçələrinin kəsişməsində baş vermiş mübahisə məhz Zərərçəkmiş şəxs Vugar Mamedovun qaynaq işi görməsilə bağlı yaxınlığında olan generatorun elektrik xəttini bir neçə dəfə enerjidən ayırması kimi qanunsuz hərəkətlərindən qaynaqlanmış və X23 Fətullayevaya yaxınlaşıb əlindəki dəmir alətlə sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirilməsi ilə nəticələnmişdir. Yəni tərəflər arasında mübahisə şəxsi münasibətlər zəminində yaranmışdır. Cinayət Vugar Mamedov tərəfindən subyektiv cəhətdən bir birbaşa qəsdlə törədilmiş, cinayətin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Cinayət hadisəsi zamanı ictimai qayda pozulmamış, cəmiyyətə açıq hörmətsizlik ifadə edilməsi hallarına yol verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 əməli CM-in 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X11 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X15 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, iş yeri üzrə müsbət xasiyyətnaməsini İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X15 (Mamedov Vugar) cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X11 (Mamedov Vugar) cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X17 CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X11 CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X15 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 35 iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X17 (Mamedov Vugar) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli X11 aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. İslah işləri cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X17 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - hadisənin baş verməsinə dair 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxs X11 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar