Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-74/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, mikrorayon 10, ev 41, mənzil 4 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə verilən ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 0,643 qram psixorop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13 avqust 2023-cü il tarixdə saat 12:35 radələrində Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən “Sky” adlı hoteldə saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan boz rəngli pul kisəsinin içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,400 qram və 01 ədəd şəffaf rəngli sellofan paketdə təmiz çəkisi 0,243 qram olmaqla ümumi çəkisi 0,643 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, ibtidai istintaq orqanının mövqeyinə əasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, mikrorayon 10, ev 41, mənzil 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdə Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Narkotik vasitəni istifadə etməyə başlayanda Bakı şəhəri, Xətai rayonu ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda ondan ala bilər. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Xətai rayonu ərazisinə gedərək həmin şəxsi tapıb sonuncudan almışdır. Narkotik vasitəni aldıqdan sonra münasib yer taparaq orada istifadə etmişdir. 12 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisinə gedərək həmin şəxsi taparaq həmin şəxslə görüşmüşdür. Orada həmin şəxsə 50 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs ona 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini gətirib vermişdir. Bundan sonra o, almış olduğu psixotrop maddə metamfetamini bir neçə hissəyə bölərək istifadə etmiş və qalan 02 ədəd bükümü isə özünə məxsus pul kisəsinə qoymuşdur ki, lazım olan zaman istifadə edər. 13 avqust 2023-cü il tarixdə saat 12:35 radələrində ünvan 4 ünvanında yerləşən “SKY” adlı oteldə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan narkotik vasitə istifadə edib etmədiyini soruşmuşlar. O da polis əməkdaşlarına bir qədər əvvəl psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər.O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əlində olan boz rəngli pul kisəsini içərisindən 01 ədəd şəffaf rəngli sellofan kümümü və 03 ədəd şəffaf rəngli sellofan paketi çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, 01 ədəd şəffaf rəngli sellofan büküm və 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində psixotrop maddə olan metamfetamin, digər 02 ədəd şəffaf rəngli sellofan paketlərin boş olduğunu, həmin maddəni öz istifadəm üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra boz rəngli pul kisəsinə baxış keçirilən zaman pul kisəsindən içərisində şamlar olan 01 ədəd paket, içərisində müxtəlif bijuteriya əşyaları olan 01 ədəd lampa formasında qab, 02 ədəd alışqan, 01 ədəd krem, 01 cüt qulaqcıqlar, 01 ədəd ətir qabı, 02 ədəd kosmetik fırçalar, 01 ədəd 100 manatlıq pul əsginası, 01 ədəd 50 manatlıq pul əsginası, 08 ədəd 1 manatlıq pul əsginasları, 01 ədəd 20 qəpiklik və 01 ədəd 10 qəpiklik dəmir pullar, 01 ədəd 4098- 5844-9609-1388 nömrəli “Leobank” kartı aşkar edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın arxa sol cibindən 01 ədəd “Poco” markalı mobil telefon aşkar edilmişdir. Üzərindən aşkar edilmiş mobil telefon ona izahat edilməklə götürülsə də, qalan əşyalar və 158,30 manat pul özümə geri qaytarılmışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin 1 ədəd büküm və 03 ədəd paket götürülərək zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. Narkotik və psixtrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmiş və bu əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. xx.xx.2023-cü il tarixdə təyin olunmuş marşrut üzrə AP6966 çağırış avtopatrulla Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində xidmət aparmışdır. Həmin gün saat 12:35 radələrində ünvan 4 ünvanında yerləşən “SKY” hoteldə bir nəfər cinsi azlığın nümayəndəsinin narkotik vasitənin təsiri altında olması barədə məlumat daxil olmuşdur. Buna görə də, Şahid1 ilə birlikdə ünvan 4 ünvanında yerləşən “SKY” adlı otelə gedərək həmin cinsi azlığın nümayəndəsinə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar İsmayıldan narkotik vasitə istifadə edib-etmədiyin soruşmuşlar. İsmayıl da narkotik vasitə istifadə etdiyini bildirmişdir. Buna görə də İsmayılı saxlayıb əşyaları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.1990-cı ildə ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Nəbi Daşdəmirova həvalə edilmişdir. Nəbi Daşdəmirov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə İsmayılın üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl İsmayıla üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. İsmayıl da əlində olan boz rəngli pul kisəsini içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və 03 ədəd şəffaf rəngli sellofan paketi çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı İsmayıl 01 ədəd şəffaf rəngli sellofan büküm və 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində psixotrop maddə olan metamfetamin, digər 02 ədəd şəffaf rəngli sellofan paketlərin boş olduğunu, həmin maddələri öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra İsmayıla məxsus boz rəngli pul kisəsinə baxış keçirilən zaman pul kisəsindən içərisində şamlar olan 01 ədəd paket, içərisində müxtəlif bijuteriya əşyaları olan 01 ədəd lampa formasında qab, 02 ədəd alışqan, 01 ədəd krem, 01 cüt qulaqcıqlar, 01 ədəd ətir qabı, 02 ədəd kosmetik fırçalar, 01 ədəd 100 manatlıq pul əsginası, 01 ədəd 50 manatlıq pul əsginası, 08 ədəd 1 manatlıq pul əsginasları, 01 ədəd 20 qəpiklik və 01 ədəd 10 qəpiklik dəmir pullar, 01 ədəd 4098- 5844-9609-1388 nömrəli “Leobank” kartı aşkar edilmişdir. Sonra İsmayılın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. İsmayılın üzərindən aşkar edilmiş mobil telefon sonuncuya izahat edilməklə təhqiqatçı tərəfindən götürülmüş, qalan əşyalar və 158,30 manat pul İsmayıla geri qaytarılmışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə İsmayılın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və İsmayıl tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq şahid həmçinin bildirmirdir ki, saxlanılarkən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında olması barədə ilkin məlumat daxil olmuş, onun ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin satılmasını təsdiq edən sübutlar əldə etmək mümkün olmamış, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdə saat 12:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 13 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 17-ci PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan boz rəngli pul qabının içərisindən 02 ədəd bükümdə psixotrop maddə metamfetamin və 02 ədəd üzərində metamfetaminin izləri olan boş paket aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan boz rəngli pul kisəsinin içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,400 qram və 01 ədəd şəffaf rəngli sellofan paketdə təmiz çəkisi 0,243 qram olmaqla ümumi çəkisi 0,643 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4352 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində ‘Azərbaycan Respublikası DİN Arayışlar üçün №219” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülən əşya və maddələr; Şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza, iştirakçılar: üç imza, təhqiqatçı: N.Daşdəmirov-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi- 0,400 qram, 01 ədəd paketdə təmiz çəkisi-0,243 qram, ümumi təmiz çəkisi-0,643 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd boş paketlərin içərisində metamfetaminin izləri vardır.Həmin paketlərdə metamfetamin iz şəklində olduğu üçün onun çəkisini və digər metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,643 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıd 0,603 qram. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 15 avqust 2023-cü il tarixli qərarına əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1240/2023-cü il nömrəli, 15 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 13 avqust 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini 2 nömrəli X2 alınmış xx.xx.2023-cü il tarixli, 1/4170 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Respublika Psixiatriya Xəstəxanası” X5 alınmış xx.xx.2023-cü il tarixli, 11341 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Sumqayıt şəhəri, mikrorayon 10, ev 41, mənzil 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 6485 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3 maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3 maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının 01 il 03 ay 01 gününü çəkmiş, 01 il 02 ay 25 gün hissəsi çəkilməmiş qalmışdır. "xxxx" MMC tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli, 3-13-50/2-25352 saylı məktubunuzun icrası olaraq bildirilir ki, qeyd etdiyiniz ********* saylı nömrənin qərarda göstərilən müddətdə Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Nömrə xx.xx.2021-ci il tarixindən etibarən deaktivdir, həmin nömrənin müqaviləsinə xitam verilmişdir. “CD diskə baxış keçirilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli protokola əsasən CD diskə baxış keçirilərkən “HÜSEYNOV ELŞAD MALİK OĞLU” adlı “Excell” formatlı fayl açıldı. Həmin faylın içərisindən sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilmədi. “Mobil telefona baxış keçirilməsi haqqında” 17 oktyavr 2023-cü il tarixli protokola əsasən mobil telefona baxış keçirilsə də sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilmədi. “Sübutların qiymətləndirilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,643 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,603 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş və iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı psixotrop maddənin məhz satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edərək məhz satış məqsədi ilə saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs psixotrop maddələri satmaq məqsədi ilə üstündə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar boz rəngli pul kisəsinin içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,400 qram və 01 ədəd şəffaf rəngli sellofan paketdə təmiz çəkisi 0,243 qram olmaqla ümumi çəkisi 0,643 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olsa da, sonuncunun həmin maddəni məhz satış məqsədi ilə üzərində saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə ilə ötürülən məlumatlara baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halın aşkar olunmaması müəyyən edilmişdir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşı belə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı onun tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təsdiq edən sübutlar əldə etmədiklərini bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilən şəxsi axtarış zamanı, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərində daşıdığı psixotrop maddəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İş materiallarında olan ambulator X1 12 oktyabr 2023-cü il tarixli 6485 nömrəli rəyi ilə də müayinə zamanı Təqsirləndirilən şəxs tiryəkdən və psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olması öz təsdiqini tapır. Həmçinin iş materiallarında olan əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə etməsi göstərilsə də, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 17-ci bəndindən görünür ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol verilmir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, boz rəngli pul kisəsinin içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,400 qram və 01 ədəd şəffaf rəngli sellofan paketdə təmiz çəkisi 0,243 qram olmaqla ümumi çəkisi 0,643 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlaması qənaətinə yalnız bükümlərin sayına görə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması faktının müəyyən edilməsi üçün bükümlərlə yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Yəni, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs üzərində daşıdığı psixotrop maddələri satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı başqa sübutlar da mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məqsədinin psixotrop maddələri satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun narkotik vasitələri əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında Təqsirləndirilən şəxs CM-in 234.2ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini məhkəmə mümkün hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, boz rəngli pul kisəsinin içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,400 qram və 01 ədəd şəffaf rəngli sellofan paketdə təmiz çəkisi 0,243 qram olmaqla ümumi çəkisi 0,643 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 19-cu qrafasına əsasən narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram, İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,643 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti, yəni psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etməsi və bu əməlindən peşman olmasını, İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 84/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 02 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 02 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli(CM-67.1, 68.1.1-1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 02 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla- CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 13 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 0,603 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-74/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-74/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver