Məhkəmə qərarları › İş №1(005)-75/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-75/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-75/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, Şəhriyar küçəsi ev 39 ünvanında qeydiyyatda olan, ünvan 1anında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1993-cü ildə Samux rayonunun Çobanabadlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək özgənin əmlakını açıq talamaqla soğunçuluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını açıq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, xx xxxx 2020-ci il tarixdə saat 04:36 radələrində, idarə etdiyi “BMW’’ markalı **-TR-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi qəzet köşkünün yanına gəlmiş, aralarında olan razılığa əsasən o, avtomobilin qapısını açıq saxlayıb gözləmiş, Təqsirləndirilən şəxs2 isə avtomobildən düşüb həmin köşkə yaxınlaşaraq dəyəri 3,20 manat olan 1 qutu “Vinston” markalı siqareti, hər birinin qiyməti 3,40 manat olan ümumilikdə 6,80 manat dəyərində 2 qutu “Kent 8” markalı siqaretləri, hər birinin qiyməti 1,0 manat olan ümumilikdə 2,0 manat dəyərində 2 ədəd alışqanları, hər birinin qiyməti 1,20 manat olan ümumilikdə 2,40 manat dəyərində 2 ədəd “Snikers” şokoladlarını götürüb qaçaraq onun idarə etdiyi avtomobilə əyləşdikdə, köşkü işlədən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ardınca qaçıb dayanmasını tələb etsə də, Təqsirləndirilən şəxs1 avtomobili sürətlə idarə edib oradan uzaqlaşaraq özgənin əmlakım açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 14,40 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişlər. Təqsirləndirilən şəxs2 özgə əmlakını açıq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, xx xxxx 2020-ci il tarixdə saat 04:36 radələrində, Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW” markalı **-TR-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi qəzet köşkünün yanına gəlmiş, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 avtomobilin qapısını açıq saxlayıb gözləmiş, o, isə avtomobildən düşüb həmin köşkə yaxınlaşaraq dəyəri 3,20 manat olan 1 qutu “Vinston” markalı siqareti, hər birinin qiyməti 3,40 manat olan ümumilikdə 6,80 manat dəyərində 2 qulu “Kent 8” markalı siqaretləri, hər birinin qiyməti 1,0 manat olan, ümumilikdə 2 manat dəyərində 2 ədəd alışqanları, һəq birinin qiyməti 1,20 manat olan, ümumilikdə 2,40 manat dəyərində 2 ədəd “Snikers” şokoladlarını götürüb qaçaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə əyləşdikdə, köşkü işlədən Zərərçəkmiş şəxs onun ardınca qaçıb dayanmasını tələb etsə də, Təqsirləndirilən şəxs1 avtomobili sürətlə idarə edib oradan uzaqlaşdığından, onlar özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 14,40 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü əvvəlki məhkəmə iclaslarında təqsirli bilməsə də, sonuncu məhkəmə iclasında törətdiyi əməli etiraf edərək ifadəsində göstərmişdir ki, özünə məxsus “BMW” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 təxminən 6-7 ildir tanıyır və yaxın münasibətləri vardır. Elbanə ilə Əhmədli qəsəbəsində tanışının evində birlikdə yaşamışdılar. xx.xx.2020ci il tarixdə təxminən saat 04 radələrində Elbanə ilə birlikdə idarə etdiyi avtomobildə şəhərdə gəzdikləri zaman pulları və siqaretləri olmadığından Elbanə ona təklif etmişdir ki, açıq vəziyyətdə olan münasib köşklərdən birindən siqaret götürüb qaçsınlar. O, Elbanəyə etiraz etməmiş, onunla razılaşaraq açıq vəziyyətdə münasib köşk axtarmağa başlamışlar. Təxminən saat 04:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən qəzet köşkünün açıq olduğunu görmüşlər. O, Elbanəyə düşüb siqaret götürməsini və götürdükdən sonra isə tez avtomobilə əyləşməsini, avtomobilin qapısını açıq qoyacağını, oturan kimi avtomobili sürəcəyini söyləmişdir. Elbanə etiraz etməmişdir. O, idarə etdiyi avtomobili həmin köşkün qarşısında saxlamışdır. Elbanə avtomobildən düşərək köşkə yaxınlaşmışdır. O, idarə etdiyi avtomobildə oturaraq gözləməyə başlamış, hətta idarə etdiyi avtomobilin sağ qabaq qapısını bir qədər açıq saxlamışdır ki, Elbanə köşkdən siqaret götürüb qaçarkən avtomobilə rahat otura bilsin ki, hadisə yerindən uzaqlaşsınlar. Elbanə köşkün qarşısında duran zaman o, Elbanəyə su götürməsini da söyləmişdir. Bir neçə saniyədən sonra Elbanə qaçaraq avtomobilə əyləşmiş və o, dərhal razılaşdıqları kimi avtomobili idarə edərək oradan uzaqlaşmışdır. O, güzgüdən satıcı cavan oğlanın köşkdən bayıra çıxaraq avtomobili saxlaması üçün əl etdiyini görmüş, lakin satıcıya əhəmiyyət verməyərək yoluna davam etmişdir. Yolda gedən zaman Elbanə siqareti açmış və onlar hər ikisi siqaret çəkərək Əhmədli qəsəbəsində yaşadıqları evə gedib gecələmişlər. Növbəti gün yəni, xx.xx.2020-ci il tarixdə o, instaqram səhifəsində etdikləri cinayətin video görüntüsünü görmüşdür. Həmin gün gecə saat 03 radələrində NZS qəsəbəsində yolda Elbanə ilə birlikdə idarə etdiyi “BMW” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobildə olduqları vaxt karantin qaydalarını pozduqlarına görə Bakı səhər Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq 37-ci polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində müəyyən olunmuşdur ki, avtomobilin üzərində olan ** XL *** dövlət qeydiyyat nişanları onun mülkiyyətində olan digər avtomobilə məxsus olmuşdur. 37ci polis şöbəsində olduqları zaman Bakı şəhər Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları şöbəyə gələrək onu və Elbanəni 16-cı polis bölməsinə aparmışlar. Polis bölməsində izahat verərkən bir gün əvvəl etdikləri cinayəti etiraf etmişdir. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən altı ildir Təqsirləndirilən şəxs1 tanıyır və yaxın münasibətləri vardır. xx.xx.2020-ci il tarixdə təxminən saat 04 radələrində Təqsirləndirilən şəxs1 məxsus “BMW” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobildə şəhərdə olduqları zaman pulları və siqaretləri olmadığından o, Elbrusa təklif etmişdir ki, açıq vəziyyətdə olan münasib köşklərdən birindən siqaret götürüb qaçsınlar. Elbrus da etiraz etməmiş, onunla razılaşaraq münasib köşk axtarmağa başlamışlar. Təxminən saat 04:36 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən qəzet köşkünün açıq olduğunu görmüşlər. Elbrus ona düşüb siqaret götürməsini və götürdükdən sonra isə tez avtomobilə əyləşməsini, avtomobilin qapısını açıq qoyacağını, oturan kimi avtomobili sürəcəyini söyləmişdir. O, etiraz etməyərək Elbrusun idarə etdiyi avtomobili həmin köşkün qarşısında saxladıqdan sonra avtomobildən düşərək köşkə yaxınlaşmışdır. Satıcı oğlana 2 qutu “Kent 8” markalı, 1 qutu “Vinston” markalı siqaretləri, 2 ədəd alışqan verməsini bildirmişdir. Satıcı onun dediyi əşyaları verdikdən sonra onun başını qatmaq və arxası ona tərəf olan vaxt qaçmaq məqsədi ilə 2 ədəd də “Snikers” şokoladı da verməsini söyləmişdir. Lakin satıcı arxasını ona çevirmədən əlinin altında olan 2 ədəd “Snikers” şokoladını götürüb ona vermişdir. Satıcının başını qatmaq üçün sərin içki də verməsini xahiş etmişdir. İçki yığılmış butulkalar köşkün çölündə olduğu üçün satıcı köşkdən bayıra çıxmaq istəyərkən o, qaçaraq avtomobilə oturmuşdur. Avtomobilə oturan kimi Elbrus avtomobili sürərək oradan uzaqlaşmışlar. Yolda gedən zaman siqareti açaraq hər ikisi siqaret çəkərək Əhmədli qəsəbəsində yaşadıqları evə getmişlər. Evdə gecələmiş və növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə Elbrusun instaqram səhifəsində etdikləri cinayətin video görüntüsünü görmüşlər. Həmin gün gecə saat 03 radələrində NZS qəsəbəsində yolda Elbrusla birlikdə onun idarə etdiyi “BMW” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobildə olduqları vaxt Bakı şəhər Xətai RPİ-nin PPXB-nin əməkdaşları onları saxlayaraq 37-ci polis şöbəsinə gətirmişlər. Elbrus özünə məxsus ikinci “BMW” markalı avtomobilin ** XL *** nömrə nişanlarını kirayədə qaldıqları evin yaxınlığında sökərək idarə etdiyi “BMW” markalı ** TR *** avtomobilə taxmış, ** TR *** nömrə nişanlarını isə avtomobilin salonuna qoymuşdur. Onları Bakı şəhər Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları gəlib aparmış və polis bölməsində izahat verərkən xx xxxx 2020-ci il tarixdə köşkdən siqaret, şirniyyat və alışqan alıb pulunu ödəmədən qaçdığını etiraf etmişdir. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən qəzet köşkünü icarə əsasında işlədir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 04:36 dəqiqədə tanımadığı bir xanım müştəri yaxınlaşaraq ondan 2 qutu “Kent 8” markalı, 1 qutu “Vinston” markalı siqaretləri, 2 ədəd alışqan və 2 ədəd “Snikers” şokoladı istəmişdir. Alıcının istədiyi siqaret, şirniyyat və alışqanları ona vermişdir. Sonra isə həmin xanım ondan sərin içki istəmişdir. İçkilər saxlanılan soyuducu köşkün qabağında yerləşdiyindən və həm də soyuducu qıfılla bağlı olduğundan o, köşkdən çıxdığı zaman həmin xanım ödəniş etmədən qaçaraq qabaq sağ qapısı açıq olan avtomobilə oturmuşdur. Avtomobil köşkdən uzaqlaşdıqda avtomobilin saxlanılması üçün əl etmişdir. Lakin avtomobili idarə edən şəxs sürüb getmişdir. O, köşkə qayıdıb quraşdırılmış kameranın görüntülərinə baxarkən həmin avtomobilin “BMW” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı olduğunu müəyyən etmişdir. Bundan sonra o, Nərimanov RPİ-nin 16-cı PB-yə gələrək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisədən iki gün keçmiş polis əməkdaşları tərəfindən ondan siqaret və şirniyyat götürüb ödəniş etmədən qaçan xanım köşkün qabağına gətirilmişdir. Həmin xanımın Təqsirləndirilən şəxs2 olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs2 köşkün qarşısında xx xxxx 2020-ci il tarixdə ondan siqaret və şirniyyat alaraq pulunu ödəmədən qaçıb getdiyini etiraf etmişdir. Həmin vaxt onu da öyrənmişdir ki, Elbanənin oturub qaçdığı avtomobilin sürücüsü onun sevgilisi olmuş Elbrus adlı şəxsdir. Həmin şəxsin də polis tərəfindən tutulduğunu polis əməkdaşlarından öyrənmişdir. Elbrus adlı şəxsin şəklini hadisədən sonra internet səhifəsində görmüşdür. Hadisənin baş verməsi internet səhifəsində çıxdığına görə o, Elbrusun və Elbanənin şəkillərini də sosial şəbəkədə görmüşdür. Köşkdə olan ərzaq, şirniyyat və tütün məhsulları onun özünə məxsusdur. Ona dəymiş maddi ziyanın məbləği 14,40 manat təşkil edir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin manqa komandiri Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 03:40 radələrində xidmət əməkdaşları Şahid2 və Sərxan Hüseynovla birlikdə 65-72 çağırışlı avtopatrulla xidmət etdikləri ərazidə olarkən NZS qəsəbəsi, Zakir Yusifov küçəsində qara rəngli “BMW” markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını və sürücünün avtomobilin təkərini dəyişdirdiyini görüb sürücüyə yaxınlaşaraq özlərini təqdim edib qüvvədə olan karantin rejimi ilə əlaqədar icazələri olub-olmadığını soruşmuş və müəyyən etmişlər ki, onun və avtomobilin salonunda oturmuş qadının icazələri yoxdur. Bununla əlaqədar həmin şəxsləri Xətai RPİ-nin 37-ci polis şöbəsinə dəvət edərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə müəyyən edilmişdir ki, avtomobilin üzərindəki dövlət qeydiyyat nişanları başqa avtomobilə məxsusdur. Avtomobilə məxsus ** TR *** dövlət qeydiyyat nömrə nişanları olan nömrələrin isə həmin avtomobilin salonunda olduğu da müəyyən edilmişdir. Sürücünün xx.xx.1993-cü il təvəllüdlü X6, qadının xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 olması müəyyən olunduqdan sonra bu barədə raport yazılaraq şöbənin növbətçi hissəsinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə polis bölməsində xidməti vəzifəsini yerinə yetirərkən saat 05 radələrində növbətçi hissədən verilmiş göstərişə əsasən bölmənin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Bakı şəhər Xətai RPİ-nin 37-ci polis şöbəsinin növbətçi otağında saxlanılan, xx xxxx 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanda soyğunçuluq cinayət hadisəsini törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və X3 onlara məxsus “BMW” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə bölməyə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxsləri Xətai RPİ-nin 37-ci polis şöbəsindən bölməyə gətirdikləri zaman polis şöbəsinin növbətçi hissəsində onlara dövlət qeydiyyat nişanları ** TR *** olan nömrələrini də vermişlər. Həmin nömrələri, “BMW” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16-cı polis bölməsində növbətçi hissəsinə təqdim etmişlər. Göstərilən şəxsləri polis bölməsinə gətirdikləri zaman onlara qarşı hər hansı fiziki, psixoloji təzyiqlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməliyyat müvəkkili Şahid3 iş üzrə digər Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X8, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında baş vermış soyğunçuluq hadisəsi ilə əlaqədar hadisə yerinə gəlib Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Hadisə yerinə baxış zamanı müəyyən olundu ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən “Kiosk Press” adlanan köşkdə baş vermişdir. Həmin köşkün arxa tərəfində hündürmərtəbəli yaşayış binası, qarşısında isə birtərəfli nəqliyyat yolu vardır. Köşk tünd yaşıl rəngli boya ilə boyanmışdır. Köşkün ön hissəsində bir qapı və bir balaca pəncərə vardır. Köşkün ön hissəsi dəmir jalüz ilə bağlanır. Köşkün video müşahidə kamerasından hadisənin baş vermə görüntüsü götürülərək, eyni zamanda hadisə yerinin şəkilləri çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur; “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X8 icraatında olan vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış HK-1-672 saylı materiala əlavə edilməsi üçün 01 ədəd DVD diskdə olan video görüntülərə baxış keçirtmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 04:36 dəqiqədə ünvan 3 ünvanda qara rəngli “BMW” markalı ** TR *** d.q.n-li nəqliyyat vasitəsi qazet köşkünün qabağına gələrək orada saxlamışdır. Maşının qabaq sağ sərnişin oturacağından bir qadın düşərək köşkün ön hissəsinə yaxınlaşıb köşkün içərisində olan satıcıyla bir qədər söhbət edib köşkdən siqaret, snikers şirniyyatı və alışqanı götürərək ödəniş etmədən nəqliyyat vasitəsinə əyləşib oradan uzaqlaşmışdır. Həmin vaxt isə köşkdə işləyən satıcı köşkdən bayıra çıxaraq həmin “BMW” markalı avtomaşının arxasıyca əl işarəsi ilə saxlaması təqdim edilmiş video görüntüdə müşahidə olunmuşdur. Baxış keçirilən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək protokola əlavə olunur; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini icra edən Elgiz Qənizadə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rəfael Cəfərovun xx xxxxxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı Nərimanov RPİnin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini icra edən Elgiz Qənizadə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rəfael Cəfərovun xx xxxxxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı Nərimanov RPİnin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Rəfael Cəfərov, icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanmasını keçirmişdir. Təqsirləndirilən şəxs2 təklif edildi ki, xx xxxx 2020-ci il tarixdə saat 04:36 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında Zərərçəkmiş şəxs qarşı etmiş olduğu soyğunçuluq hadisəsini, istintaq zamanı vermiş olduğu ifadəsində etiraf etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərsin. İfadənin yerində yoxlanması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 təklifinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanı qarşısına gəlmişlər. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs2 Atatürk prospekti ünvanında yerləşən köşkü göstərərək məhz həmin yerdə tanışı Təqsirləndirilən şəxs1lə birlikdə xx.xx.2020-ci il tarixdə saat 04:36 radələrində adını sonradan bildiyi Zərərçəkmiş şəxs işlətdiyi köşkdən 1 qutu “Vinston” markalı siqareti, 2 qutu “Kent 8” markalı siqaretləri, 2 ədəd alışqanları və 2 ədəd “Snikers” şokoladlarını götürərək qaçıb Elbrusun idarə etdiyi “BMW” markalı **-TR-*** qeydiyyat nişanlı avtomobilə minərək oradan qaçdıqlarını göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs2 iş üzrə ifadəsində göstərmədiyi başqa xüsusatları hadisə yerində bildirməsi təklif olundu, lakin Təqsirləndirilən şəxs2 bildirdi ki, işin mahiyyəti üzrə olanları tam olaraq ifadəsində göstərib və hazırda əyani şəkildə təsdiq edir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması barədə” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs qismində tutulmuşdur; “Şəxsin MSY-dən azad edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri qüvvədə saxlanılmaqla MSY-dən azad edilmişdir; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqdim edilmiş, özündə cinayət hadisəsinin görüntülərini əks etdirən bir ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu tərəfindən qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib soyğunçuluq əməlini törətmələri onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-in 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. CM-in 180.2.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını açıq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxxx 2020-ci il tarixdə saat 04:36 radələrində, idarə etdiyi “BMW” markalı **-TR-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi qəzet köşkünün yanına gəlmiş, aralarında olan razılığa əsasən o, avtomobilin qapısını açıq saxlayıb gözləmiş, Təqsirləndirilən şəxs2 isə avtomobildən düşüb həmin köşkə yaxınlaşaraq dəyəri 3,20 manat olan 1 qutu “Vinston” markalı siqareti, hər birinin qiyməti 3,40 manat olan ümumilikdə 6,80 manat dəyərində 2 qutu “Kent 8” markalı siqaretləri, hər birinin qiyməti 1,0 manat olan ümumilikdə 2,0 manat dəyərində 2 ədəd alışqanları, hər birinin qiyməti 1,20 manat olan ümumilikdə 2,40 manat dəyərində 2 ədəd “Snikers” şokoladlarını götürüb qaçaraq onun idarə etdiyi avtomobilə əyləşdikdə, köşkü işlədən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ardınca qaçıb dayanmasını tələb etsə də, E. Balayev avtomobili sürətlə idarə edib oradan uzaqlaşaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 14,40 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanın ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan İsmayıllı şəhər İƏD üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq qəti cəza təyin edilməlidir. Lakin, onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməli və sınaq müddəti müəyyən edilməli, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, şərti məhkumetmənin təyin edilməsi Təqsirləndirilən şəxs1 islah olunması məqsədinə cavab verir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanın ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Asan 4 tərəfindən verilmiş AZE seriyalı 11585976 nömrəli şəxsiyyət vəsiqəsinin surəti); yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq qəti cəza təyin edilməlidir. Lakin, onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməli və sınaq müddəti müəyyən edilməli, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, şərti məhkumetmənin təyin edilməsi Təqsirləndirilən şəxs2 islah olunması məqsədinə cavab verir. İş üzrə maddi sübut - cinayət hadisəsinin görüntüləri əks olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 ibtidaı istintaq dövründə, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 isə məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 50 (əlli) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 30 (otuz) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkil X1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə 32 (otuz iki) iş saatı üçün 192 (yüz doxsan iki) manat məbləğində vəsait Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına, vəkil X7 ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına, vəkillər Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 40 (qırx) iş saatı üçün hər birinə 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablansın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablansın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut - cinayət hadisəsinin görüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. X2 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 32 (otuz iki) iş saatı üçün cəmi 192 (yüz doxsan iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. X9 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar