Məhkəmə qərarları › İş №1(005)-76/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-76/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-76/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, qızı Şahid Xüsusi Dövlət Mühafizə Xidmətinin kapitan rütbəsi ilə həkim olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə 2021-ci ilin may ayının sonlarında ünvan 3 ünvanında yerləşən M.L.Axundov adına parkda 300 manat, həmin gündən iki gün sonra ünvan 4 ünvanında yerləşən istirahət parkının qarşısında 300 manat, 3 gün sonra Zərərçəkmiş şəxs qızı Şahid Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında 300 manat, sonuncu dəfə 10.06.2021-ci il tarixdə saat təxminən 16 radələrində ünvan 4 ünvanında yerləşən istirahət parkının qarşısında 110 manat, cəmi 1010 manat pulunu ələ keçirib, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Şahid təxminən 2021-ci ilin may ayında təsadüfən məclisdə tanımışdır. O, Nuranəyə özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin kapitan rütbəsində olan əməkdaşı kimi təqdim etmişdir. Onlar tanış olduqdan sonra Nuranə ona işini dəyişmək istədiyini bildirmişdir. O da Nuranəyə onu Xüsusi Dövlət Mühafizə Xidmətinə həkim olaraq işə düzəldə biləcəyini demişdir. Nuranə də ona bu barədə atasına bildirib xəbər verəcəyini demişdir. 2021-ci ilin may ayının ortalarında o, Nuranənin atası Arif və Nuranə ilə Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən Atatürk parkında görüşmüşlər. Həmin vaxt o, Nuranənin atası Arifə də Nuranəni Xüsusi Dövlət Mühafizə Xidmətinə kapitan rütbəsi ilə həkim olaraq işə düzəldə biləcəyini demiş və bunun üçün 1000 manat pul istəmişdir. Arifdə onunla razılaşmışdır. 2021-ci ilin may ayının sonlarında Arif onunla Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında M.F.Axundov adına parkda görüşmüş, əvvəlcədən razılaşdığı kimi ilkin olaraq 300 manat və Nuranəyə məxsus sağlamlıq haqqında arayış, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin surətlərini ona vermişdir. Həmin gündən təxminən 2 gün sonra Arif yenidən onunla Nərimanov rayonunda yerləşən Nərimanov istirahət parkının qarşısında görüşüb ona 300 manat da vermişdir. Daha sonra həmin gündən təxminən 3 gün sonra Nuranənin özü Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında yerləşən Atatürk parkında onunla görüşüb 300 manat da pul vermişdir. Sonuncu dəfə 10.06.2021-ci il saat təxminən 16 radələrində Arif onunla Nərimanov rayonunda yerləşən Nərimanov istirahət parkının qarşısında görüşüb 110 manat da pul vermişdir. O, Arifə bir ay müddətinə Nuranənin işini həll edəcəyini demişdir. Təxminən bir ay sonra Arif və Nuranə ona zəng edib işin həll olunması ilə bağlı maraqlandıqda o, hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızı Nuranə 2021-ci ilin may ayının əvvəllərində ona Kamal adlı tanışının onu Xüsusi Dövlət Mühafizə Xidmətinin kapitanı, həkim olaraq işə düzəldəcəyinə söz verdiyini demişdir. Qeyd etmişdir ki, qızı Tibb Universitetini bitirdikdən sonra ona leytenant rütbəsi verilmişdir. Lakin uzun müddət həmin rütbədən istifadə etməmişdir. Kamal adlı şəxs həmin rütbəni arxivdən çıxardıb işini həll edəcəyini bildirmişdir. Hazırda qızı həkim kardioloqdur. O da qızı ilə razılaşmış və 2021-ci ilin may ayının ortalarında Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında o və qızı Nuranə Kamal ilə görüşmüşlər. Həmin vaxt söhbət zamanı Kamal qızının hərbi biletini arxivdən çıxardacağını və Nuranənin Xüsusi Dövlət Mühafizə Xidmətinin kapitanı, həkim olaraq işə düzəldəcəyini demişdir. Bunun üçün ondan 1000 manat pul istəmişdir. O da Kamal ilə razılaşmış və oradan getmişlər. Həmin gündən bir neçə gün sonra, yəni 2021-ci ilin may ayının sonlarında o, Kamal ilə Sabail rayonu, Lermantov küçəsində yerləşən M.F.Axundov adına parkda görüşüb əvvəlcədən razılaşdıqları kimi ilkin olaraq 300 manat və qızı Nuranənin şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının surətini və Nuranənin sağlamlıq haqqında arayışını Kamala vermişdir. Həmin gündən təxminən 2 gün sonra o, yenidən Kamal ilə Nərimanov rayonunda yerləşən Nərimanov istirahət parkının qarşısında görüşüb Kamala 300 manat da vermişdir. Həmin gündən təxminən 3 gün sonra qızı Nuranəyə 300 manat pul vermişdir ki, həmin işin həlli ilə əlaqədar Kamala versin. Qızı da həmin gün Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında Kamal ilə görüşüb həmin 300 manat pulu da Kamala vermişdir. Sonuncu dəfə 10.06.2021-ci il saat təxminən 16 radələrində o, Kamal ilə Nərimanov rayonunda yerləşən Nərimanov istirahət parkının qarşısında görüşüb ona 110 manat pul da vermişdir. Bundan sonra o, dəfələrlə Kamala zəng edib işin nə vaxt həll olacağını soruşduqda Kamal müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Daha sonra o, Kamalın onun etibarından sui-istifadə edib pulunu ələ keçirdiyini başa düşüb baş vermiş hadisə barəsində polisə müraciət edərək məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhhətində yaranmış narahatlıqlarla əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X2 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 102 ünvanda yerləşən Nərimanov parkıdır. Vətəndaş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə qeyd olunan ünvanda 110 manat pulu vermişdir. Parkın 4 tərəfindən nəqliyyat yolu keçir. Parkın yaxınlığında Nəriman Nərimanov metrostansiyasının çıxış hissəsi var. Cinayət işinin 44-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 24.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 54-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması və üzərinə baxış keçirilməsinə dair” 19.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.10.2021-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Cinayət işinin 67-ci vərəqində olan “Tutma haqqında” 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-89-cu vərəqələrində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad etmə və qətimkan tədbirinin seçilməsi barədə” 21 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 93-cü vərəqində olan Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21.10.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(005)-76/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” 28.04.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.04.2022-ci il tarixdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından 16.05.2022-ci il tarixdə daxil olmuş 17/40- 1971 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28.04.2022-ci il tarixdə tutularaq 30.04.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 16 may 2022-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 41 (qırx bir) iş saatına görə 246 (iki yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 41 (qırx bir) iş saatına görə 246 (iki yüz qırx altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar