Məhkəmə qərarları › İş №1(005)-76/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-76/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-76/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədov Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonu, Susuzluq İnzibati dairəsi, Susuzluq kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Lək kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 22 aprel 2023-cü il tarixdə saat 17-18 radələrində Bərdə rayonu, Lək kəndində yerləşən bibisi X2 məxsus fərdi yaşayış evinin həyətinə düşmüş və evin pəncərə şüşəsini dirsəyi ilə sındırıb, pəncərədən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, yataq otağındakı paltar dolabında asılmış əl çantasından Zərərçəkmiş şəxs Müseyib qızına məxsus 4020 (dörd min iyirmi) manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 4020 (dör min iyirmi) manat dəyərində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan əlavə o, 11 may 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31a/1 ünvanında yerləşən “İstikbal” mebel mağazasının qarşısında “Elvin” adlı şəxsdən 50 (əlli) manat müqabilində 01 ədəd bükümdə şəxsi istehlak miqadarından artıq miqdarda, təmiz çəkisi 1,981 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11 may 2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanının qarşısında özünü şübhəli apardığına görə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 01(bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,981 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə yalnız Azərbaycan respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs Müseyib qızı onun bibisi qızıdır. Onun maddi cəhətdən pula ehtiyyacı olduğu üçün oğurluq etmək niyyətində olmuş, ona görə də 22 aprel 2023-cü il tarixdə saat 17-18 radələrində qonşuluqda yaşayan bibisi Nazilə və bibisi qızı Aytənin evdə olmadıqlarına əmin olduqdan sonra o, həmin evin yataq otağının pəncərəsinin şüşəsini dirsəyi ilə sındırmış və evə daxil olmuşdur. Paltar şkafını açmış, orada bibisi qızı Aytənin əl çantasını görmüşdür. Bu zaman çantanın içində olan əl dəsmalına bükülmüş pulu görmüş və onu götürərək cibinə qoymuş və şüşəsini sındırdığı pəncərədən evi tərk etmişdir. O, oğurluq etdiyi mənzildən bir az uzaqlaşıb pulu saymağa başlamış və 4020 manat pulun olmasını müəyyən etmişdir. O, həmin gün Bakı şəhərinə qayıtmış və narkotik vasitə almağa getmişdir. xx.xx.2023-cü il tarixdə narkitk almağa getdiyi zaman, polis əməkdaşları həmin ünvana gəlmiş, və onları saxlamışdır. Həmin vaxt orada 5 nəfər olmuşlar, bir nəfər qaçmışdır. Lakin, polis əməkdaşları tərəfindən saxlanılarkən hələ narkotik vasitə almamışdı, üzərində heç bir narkotik vasitə olmamışdır. Daimi isitfadəçisi olduğu üçün polis idarəsində onun üzərinə daha çox narkotik vasitə qoya biləcəklərindən qorxduğu üçün videoçəkiliş zamanı onlar tərəfindən təqdim edilmiş narkotik vasitəsini özününmüş kimi təqdim etməsini bildirmişlər. Bu səbəbdən o da, az miqdarda polis əməkdaşları tərəfindən verilmiş narkotik vasitəni videoçəkiliş zamanı özününmüş kimi təqdim etmişdir. Məhkəməni sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmamışdır. Zərərçəkmiş şəxsə vurmuş ziyanı tam şəkildə ödəməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. 22 aprel 2023-cü il tarixdə saat 17-18 radələrində anası Nazilə ona mobil telefon vasitəsilə zəng edərək, yaşadıqları evdən oğurluq olmasını deyib. O, təxminən 20 dəqiqə sonra yaşadığı ünvana çatanda polis əməkdaşlarının yaşadığı ünvanda olduqlarını, baxış keçirtdiklərini görmüşdür. O, təcili əl çantasının iç cibinə qoyduğu 4000 manat pulu yoxlamış, lakin yerində olmadığını oğurlandığını aşkar etmişdir. Bundan başqa çantanın içərisində rəhmətə getmiş əri Ələsgərə məxsus 20 manat pulun da oğurlanmasını aşkar etmişdir. 20 manat pul ona çox dəyərli idi, belə ki, onun əri Ələsgər yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişərkən 20 manat onun üzərində olub. O, yaşadığı ünvanda baş vermiş oğurluq hadisəsindən dayısı oğlu Təqsirləndirilən şəxs şübhələndiyini polis əməkdaşlarına bildirmişdir. Oğurluq hadisəsi törətmiş şəxs yaşadıqları mənzilin yataq otağının pəncərəsinin şüşəsini sındıraraq, qanunsuz olaraq otağa daxil olub, həmin otaqda paltar şkafına qoyduğu əl çantasının iç cibindən 4020 manat pulunu oğurlamışdır. Həmin puldan 4000 manatı onun övladlarının sosial yardım pulu olub. Belə ki, əri rəhmətə gedəndən sonra o, övladlarına görə hər ay 200 manat yardım alırmış. Son olaraq zərərəçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxslə barış əldə edilməsinə dair xx.xx.2024-cü il tarixli natarius tərəfindən təsdiq edilmiş ərizəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 6 ünvanın qarşısında Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim ediblər. Bu zaman həmin şəxs onların suallarından yayınmağa başlamışdır. Ona görə də, həmin şəxsin narkotik vasitədən istifadə etmədə şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətiriblər. Polis şöbəsində həmin şəxsin xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olub. Ona görə də, bu barədə PŞ-nin rəisinin adına raport tərtib ediblər. Nərimanov RPİnin 18-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Vüqar Ələkbərlinin xidməti otağında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin olunmaqla və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə zamanı, ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan “kakos”dur və onu Babək prospektində yerləşən “İstikbal” mebel mağazasının qarşısında tanımadığı şəxsdən 50 manata almışdır. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 6 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid1 və Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş digər şahid və təqsirləndirilən şəxsin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq olunan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək 11 may 2023-cü il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. 13 may 2023-ci il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2023-ci il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan '"kakos'' dur. Üzərindən aşkar edilmiş maddəni Babək prospektində yerləşən “İstikbal” mebel mağazasının qarşısından tanımadığı şəxsdən 50 manata almışdır. 11 may 2023-cü il tarixdə saat 18:00 radələrində isə ünvan 8 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində heç nə yox idi. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli 6/2741 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 224 ’’dairəvi möhür əksi və “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Şübhəli şəxs -imza, iştirak etdilər: iki imza, Tərtib etdi: V.Ələkbərli -imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 1,981 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Naziriyi Respublika Narkloji X4 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli, 5828 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda opioidlərin və kannabinoidlərim birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada son 10 ildə müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan “Baxış və götürmə haqqında” 22 aprel 2023-cü il tarixli protokol və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs Müseyib qızına qarşı oğurluq hadisəsi Bərdə rayonu, Lək kəndində yaşadığı fərdi evdə baş vermişdir. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 may 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərəd tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 15 may 2023-cü il tarixdə saat 17:30-da tutulmuş, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbbiri seçilməsi haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il, 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 il, 03 ay müddətdə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Cəzasının sonu ilə xx.xx.2019-cu il tarixdə qeydiyyat şöbəsində qeydiyyatdan çıxarılmışdır. Məhkəmədə tədqiq olunan “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycsan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi Nərimanov Rayon Polis İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Nərimanov RPİ-nə göndərilmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1,981 qram narkotik vasitə heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,931 qram narkotik vasitə və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut hesab edilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli notairal qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərəçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxslə barışıq əldə edilməsinə və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur (22-ci bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən narkotik vasitənin üzərinə qoyulduğunu, qeyd edilən əməldə özünü təqsirli bilməsə daha çox narkotik vasitənin üzərinə qoyulmasından qorxduğu üçün etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda tam təqsirli bilmiş, həmçinin Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə şübhəli şəxsi qismində tutulmuş və 13 may 2023-cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Eyni zamanda məhkəmədə veridiyi ifadəsində də pul oğurladıqdan sonra Bakıya gələrək narkotik vasitə almağa getdiyini, narkotik vasitə alan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həmçinin məhkəmənin sualına cavab olaraq da polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2023-cü il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə tövsif etdiyindən o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər də mülkiyyət əleyinə cinayət əməli törətməklə məhkum olunmasına baxmayaraq yenidən eyni xarakterli cinayət əməli törətməsi, onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs Müseyib qızına vurmuş olduğu ziyanı ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMin 234.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92.00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 1,931 qram narkotik vasitə məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 04 (dörd) gün (11-13 may 2023-cü il və 15-17 may 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan 1,931 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 92.00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar