Məhkəmə qərarları › İş №1(005)-77/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-77/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-77/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu ödənilmiş, işləməyən, Göyçay rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 100 ünvanında nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospketi 145 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısında həmin vaxt oradan keçən Zərərçəkmiş şəxs cibindən düşmüş “Chanel” markalı 20 manat dəyərində boz rəngli pul kisəsini, pul kisəsinin içərisində olan 520 manat və Azərbaycan manatına məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları məbləğində pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 710 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Nərimanov rayonu, Azadlıq prospekti 145 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısında olan avto dayanacaqda gözətçi işləyir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 17 radələrində o, yolun kənarında dayanmışdır. Bu zamana iki nəfər qadın yolun kənarı ilə keçərkən qadınlardan birinin cibindən pul qabı düşmüşdür. O, bunu görüb həmin pul qabıya tərəf getmişdir. Qadınlar isə bunun fərqinə varmadan oradan bir neçə metr uzaqlaşmışlar. O, qadınların getdiyini görüb ayağı ilə pul qabını kənara itələmiş, daha sonra isə pul qabını götürüb cibinə qoymuş və yolun kənarında olan daşın üzərində oturmuşdur. Bir neçə dəqiqədən sonra həmin qadınlar geri qayıdıb pul qabını axtarmağa başlamışlar. O, isə oradan uzaqlaşmışdır. Yaxınlıqda olan “Spar” supermarketin arxasına gedib pul qabını açıb içərisinə baxdıqda pul qabının içərisində şəxsiyyət vəsiqələri, bank kartları və pul olduğunu görmüşdür. O, pulları götürüb saydıqda 520 manat və 100 ABŞ dolları olduğunu görmüşdür. O, pulu götürüb pul qabının dəyərsiz olmasını görüb yolun kənarına atmışdır. Onu da qeyd etmişdir ki, pul kisəsinin içərisində olan bank kartları, şəxsiyyət vəsiqələri onun üçün maraqsız olduğundan, niyyəti onları oğurlamaq olmadığından onları da pul qabının içərisində atmışdır. Daha sonra oradan uzaqlaşmışdır. Pul qabından götürdüyü pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 17 radələrində rəfiqəsi ilə birlikdə Nərimanov rayonu, Azadlıq prospekti 145 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısından keçib bir neçə metr aralaşdıqdan sonra anidən özünə məxsus pul kisəsinin cibində olmadığını aşkar etmişdir. O geri qayıdıb gəldiyi yolun hər tərəfini, “Kontakt Home” mağazasının qarşısını, orada dayanmış avtomobillərin altını axtarmışdır. Lakin pul qabını tapmamışdır. Bundan sonra o, Nərimanov RPİ-nin 16-cı PB-nə pul qabının itməsi barədə məlumat vermişdir. Lakin polis bölməsindən ona həmin pul qabı yerə düşdükdən sonra bir nəfər şəxsin onu götürüb oradan uzaqlaşdığını bildirmişlər. Hadisə nəticəsində ona məxsus 20 manat dəyərində boz rəngli “Chanel” markalı pul qabı, həmin pul qabının içərisində olan 520 manat, 100 ABŞ dolları məbləğində pul, özünə və övladlarına məxsus şəxsiyyət vəsiqələri, “Access Bank” və “X8”a məxsus bank kartları oğurlanmışdır. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini qeyd edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X1, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmşdir ki, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur: Hadsə yeri Nərimanov rayonu, Azadlıq prospekti 145 ünvanıdır. Sözü gedən ünvan iki tərəfli asfalt örtüklü yolun kənarındadır. Belə ki, pul kisəsi qeyd olunan ünvanda avtomobil yolunun üzərində yolun kənar hissəsindən oğurlanmışdır. Hadisə yerinin yaxınlığında avtomobillərin parklanma yeri və “Kontakt Home” mağazası vardır. “Kontakt Home” mağazası ilə avtomobillərin parklanma yerinin arasında piyada yolu vardır. Avtomobil yolunun əks tərəfində isə otel və yaşayış binaları vardır. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə olunmuşdur. Hadisə yerinə baxış zamanı hər hansı əşya, predmet götürülməmiş, baxış zamanı proses iştirakçıları tərəfindən irad və təkilf daxil olmamışdır. Cinayət işinin 10-cu vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X1, Azərbaycan Respublikası CPM-nin 86 və 51-ci maddələrinin tələblərini rəhbər tutub, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1-890 saylı materiala əlavə edilməsi üçün 01 ədəd DVD Diskdə olan video görüntülərə baxış keçirtmişdir. Belə ki, həmin diskdə olan video görüntüdə baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs yanında olan bir nəfər xanımla Nərimanov rayonu, Azadlıq prospekti 145 ünvanında avtomobil yolunun kənarı ilə piyada gedən zaman onun üzərindən boz rəngli pul kisəsinin yerə düşməsini görən Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq pul kisəsi ilə həmin şəxslərin arasında dayanır. Daha sonra isə həmin xanımlar getdikdən sonra pul kisəsinə yaxınlaşıb ayağı ilə kənara çəkərək pul kisəsini götürüb şalvarının cibinə qoyması təqdim edilmiş video görüntüdə müşahidə olunmuşdur. Baxış keçirilən 01 ədəd Disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən götürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan “Tutma haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-ci vərəqində olan “Təqdim olunmuş CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X2, Azərbaycan Respublikası CPM-nin 85, 51, 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmşdir ki, icratında olan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan video görüntüyə şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs yanında olan bir nəfər xanımla Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 145 ünvanında avtomobil yolunun kənarı ilə piyada gedən zaman Zərərçəkmiş şəxs cibindən ona məxsus boz rəngli pul kisəsi yerə düşür, bunu görən bir nəfər şəxs yaxınlaşaraq pul kisəsi ilə həmin qadınların arasında dayanır. Daha, sonra isə həmin xanımlar getdikdən sonra pul kisəsinə yaxınlaşıb ayağı ilə kənara çəkərək pul kisəsini götürüb şalvarının cibinə qoyur. Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirmişdir. Təqdim edilən diskə baxış xidməti otaqda gündüz vaxtı keçirilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin MYS-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MYS-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqində olan Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müdəinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 85-86-cı vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(004)-237/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu andan, yəni xx xxxxxx 2016-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilişdir. Cinayət işinin 88-91-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakteriə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (19-xx xxxxxxxx 2020-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq zamanı iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar