Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-78/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki cavabdeh "xxxx" MMC-nin vəkili X3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Dəmiryolu binası, ev 26, mənzil 4-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarixdə, saat 19:30 dəqiqədə “ABC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Saipa Saina EX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunun Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 81-dən keçən hissəsində yerləşən yeraltı tuneldə üzü Nərimanov rayonu, Həsənoğlu küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında’' Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə əsasında nəqliyyat vasitəsini idarə etməli, sürücü olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili müəyyən edilmiş sürət məhdudiyyətindən artıq olan sürətlə idarə etməməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməli olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq adına etibarnamə olmadan markası və dövlət qeydiyyat nişanı qeyd olunan avtomobili saatda 70 kilometr sürətlə idarə etdiyindən, idarəetməni itirmiş və avtomobil yolun kənarındakı maneəyə çırpılmış, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi onun idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs burun sümüklərinin qapalı yerdəyişən sınığı (repozisiya əməliyyatından sonrakı vəziyyət), burnun sol yan səthindən yanağa kimi əzilmiş yara, hər iki göz ətrafının şişkinli hematoması, hər iki göz qapaqlarının daralması və ödemi, sol baldırın şişkinli hematoması, üst dodağın şişkinliyi, iş selikli qişasının qansızması, sol əlin arxa səthinin şişkinli hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına və mülkiyyətində olan avtomobilin zədələnməsi ilə bağlı "xxxx" MMC-ə 3481 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Saipa Saina EX” minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Həmin avtomobili Şahid göstərilən MMC-dən lizinqə götürərək 24 avqust 2020-ci il tarixdə, saat 10 radələrində aralarındakı şifahi razılıq əsasında etibarnaməsiz ona vermişdir. Şahidlə aralarındakı razılaşmaya əsasən o, avtomobili sonuncudan əldə edərək 2 gün sonra depozit şəklində ona 400 və hər gün 25 manat pul ödəməyi boynuna götürmüşdür. Şahid həmin avtomobili qəbul edəndən sonra, sürücülük hüququ olmaqla həmin avtomobili idarə edib mobil telefon nömrəsi ilə “Bolt” proqramına qoşulmuş və avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 24 avqust 2020-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi avtomobillə Yasamal rayonu, Bakıxanov prospektində hərəkətdə olan zaman olduğu yerin yaxınlığında müştərinin olması barədə qoşulduğu “Bolt” proqramı vasitəsilə mobil telefonuna sifariş gəldiyindən, o, həmin müştərini təyinat nöqtəsinə, yəni Nərimanov rayonu ərazisində yerləşən “Metropark” Ticarət Mərkəzinin yaxınlığına çatdırmaq məqsədilə həmin yerə getmişdir. Orada sonradan tanıdığı Zərərçəkmiş şəxs avtomobilə götürəndən sonra, sonuncu avtomobilin sağ arxa oturacağında oturmuş və o, “Nərimanov” metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt ikisindən başqa avtomobildə digər heç kim olmamışdır. Saat 19:30 dəqiqədə avtomobil yolunun Nərimanov rayonu, Təbriz küçəsi 81-dən keçən hissəsində yerləşən yeraltı tuneldə K.Rəhimov küçəsindən Həsənoğlu küçəsi istiqamətində aydın və quru havada 2 zolaqlı hərəkət yolunun sağ tərəfdən birinci zolağında təxminən 60-70 km/saat sürətlə hərəkətdə olan zaman arxadan hərəkət edən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin tanımadığı sürücüsünün ondan yol istəməsini zənn edib azacıq avtomobili sağ tərəfə meylləndirmiş və bu vaxt idarəetməni itirdiyindən, avtomobil öncə sağ, daha sonra əks istiqamətli hərəkət zolağına çıxaraq sol tərəfdə olan maneəyə çırpılmış, nəticədə yolnəqliyyat hadisəsi baş verərək, o, hər hansı xəsarət almasa da, avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs xəsarətlər almışdır. Mülki iddia ilə bağlı bildirmək istəyir ki, mülki iddia qismən təmin edilərək ondan 900 manat məbləğində zərər tutulmalıdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 avqust 2020-ci il tarixdə, saat 19 radələrində Yasamal rayonu, Bakıxanov prospektində olan zaman yaşadığı 15 saylı mənzilin olduğu Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 3 saylı evin qarşısına getmək üçün “Bolt” proqramı vasitəsilə taksi sifariş vermiş, az sonra, sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa Saina EX” minik markalı ** PM *** dövlət qeydiyyat nişanlı avtomobillə olduğu yerə yaxınlaşandan sonra, o, avtomobilin arxa sağ oturacağında oturmuş və Təqsirləndirilən şəxs idarə eldiyi avtomobillə üzü “Nəriman Nərimanov” metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt ikisindən başqa avtomobildə digər heç kim olmamışdır. Saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə avtomobil yolunun Nərimanov rayonu, Təbriz küçəsi 81-dən keçən hissəsində yerləşən yeraltı tuneldə K.Rəhimov küçəsindən Həsənoğlu küçəsi istiqamətində aydın və quru havada 2 zolaqlı hərəkət yolunun sağ tərəfdən birinci hərəkət zolağında təxminən 60-70 km/saat sürətlə hərəkətdə olan zaman gözlənilmədən idarəetməni itirdiyindən, avtomobil öncə sağ, daha sonra əks istiqamətli hərəkət zolağına çıxaraq sol tərəfdə olan maneəyə çırpılmış, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək, o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alsa da, digər hər hansı xəsarət alan olmamışdır. Daha sonra, bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onu təyinat yerinə aparan zaman avtomobilin sürətini bir neçə dəfə artırıb-azaldaraq narahatlıq yaratmış, sonuncuya iradını bildirsə də, eyni qaydada hərəkətini davam etdirmişdir. Eyni zamanda qeyd etmişdir ki, baş vermiş məlum yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər aldığı üçün ona 5000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan dəymişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil "xxxx" MMC-nin mülkiyyətində olduğundan və avtomobili idarə edən şəxsin isə “Bolt” taksi xidməti altında fəaliyyət göstərən "xxxx" MMC-nin tapşırığı ilə onun yanına gəldiyindən hesab edir ki, ona dəymiş 5000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan Təqsirləndirilən şəxs, "xxxx" MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada alınaraq ona ödənilməlidir və bu səbəbdən mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X1 Nigar Naseh qızı ilə eyni məzmunlu ifadə verərək mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs və mülki cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində bildirmişdir ki, “Saipa Saina EX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla 15750 manat dəyərində qiymətləndirilib daxili lizinq müqaviləsi əsasında əlavə 19,8% ödənişlə 42 ay müddətinə X8 təqdim edilmiş və onun razılığı ilə sürmək üçün etibarnamə əsasında Şahid həvalə olunmuşdur. Onlar hər ay 375 manat olmaqla ümumilikdə 15750 manat pulu ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin şərtlərinə uyğun olaraq, Elçin Seyidov cədvəl üzrə avtomobilə dair 1 aylıq ödənişi vaxtında ödəsə də, müqavilənin son tarixinədək lizinq şirkətinə 15375 manat pul əlavə ödəməlidir. Daha sonra, qeyd etmişdir ki, həmin avtomobilin idarə olunması üçün "xxxx" MMC-dən Təqsirləndirilən şəxs adına etibarnamə və ya hər hansı digər sənəd verilməmişdir. Baş vermiş məlum yol-nəqliyyat hadisəsinə gəlincə isə vurğulamışdır ki, 24 avqust 2020-ci il tarixdə, saat 19:30 dəqiqədə Şahid aralarındakı şifahi razılıq əsasında Təqsirləndirilən şəxs verdiyi və sonuncunun taksi kimi idarə etdiyi həmin avtomobillə avtomobil yolunun Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 81-dən keçən hissəsində yerləşən yeraltı tuneldə K.Rəhimov küçəsindən Həsənoğlu küçəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən, avtomobil maneəyə çırpılmış, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək həmin avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs xəsarətlər almışdır. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar "xxxx" MMC-nin mülkiyyətində olan “Saipa Saina minik EX” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə əlaqədar həmin MMC-ə ümumilikdə 3481 manat ziyan vurulmuşdur. O, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, MMC-nin mülkiyyətində olan **-PH-*** dövlət qeydiyyat nişanlı “SAİPA SAİNA” markalı minik avtomobilinə cinayət hadisəsi zamanı dəymiş ziyan tam ödənilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Mülki iddiaya gəldikdə isə hesab edirlər ki, "xxxx" MMC tərəfindən “Saipa Saina EX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Təqsirləndirilən şəxs adına etibarnamə və ya hər hansı başqa bir sənəd verilmədiyindən, onlar mülki cavabdehlik daşımırlar. Bu səbəbdən mülki iddianın "xxxx" MMC-yə aid hissədə təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında mülki cavabdeh "xxxx" MMC-nin vəkili X9 ifadəsində bildirmişdir ki, onlar "xxxx" MMC olaraq ümumiyyətlə daşıma və ya taksi fəaliyyəti ilə məşğul olmurlar. "xxxx" aqreqatordur. Onlar “Bolt EU” şirkətinin yerli təmsilçisi olaraq şirkətlə müştərilər arasındakı əlaqələrin qurulması və onların nizamnamədə nəzərdə tutulmuş əsaslara görə tənzimlənməsi məsələləri ilə məşğuldurlar. Nizamnamədə şirkətin fəaliyyət dairəsi və vəzifələri göstərilmişdir. Bunlara bazar tədqiqatları, marketinq fəaliyyəti, dünya bazarlarında tələblərin nədən ibarət olduğunun araşdırılması və onun hüquqi tərəfinin öyrənilməsi və s. fəaliyyətləri aiddir. Ancaq nizamnamədə birbaşa taksi və ya daşıma fəaliyyəti ilə məşğul olmaq göstərilməmişdir. Məhz buna görə "xxxx" MMC-nin mülki cavabdeh kimi tanınması məqsədəmüvafiq deyildir. Məhkəmədən xahiş edirlər ki, sadaladıqları əsaslara görə "xxxx" MMC-nin mülki cavabdeh qismində tanınmasına xitam verilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, məlum-yol nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuş “Saipa Saina EX” minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili 13 avqust 2020-ci il tarixdə dostu X7 razılığı və iştirakı ilə onun adına "xxxx" MMC-dən ayda 375 manat pul ödəmək şərtilə 42 ay müddətinə lizinqə götürmüş, həmin avtomobil göstərilən MMC-nin mülkiyyətində olmaqla indiyədək 1 ayın, yəni 375 manat ödənişi həyata keçirsə də, MMC-ə 15375 manat borcu qalmışdır. Sonra bildirmişdir ki, 24 avqust 2020-ci il tarixdə, saat 10 radələrində həmin avtomobili aralarındakı şifahi razılıq əsasında Təqsirləndirilən şəxs vermiş, sonuncu ilə aralarındakı razılaşmaya əsasən o, avtomobili qəbul edəndən 2-3 gün sonra ilkin olaraq depozit şəklində ona 400 manat pul ödəməyi və taksi fəaliyyəti ilə məşğul olub hər gün 25 manat pul verməyi boynuna götürmüşdür. Lakin, Təqsirləndirilən şəxs avtomobili ondan qəbul edən gün yol-nəqliyyat hadisəsi törətdiyindən, ona hər hansı ödəniş etməmişdir. Baş vermiş məlum yol-nəqliyyat hadisəsinə gəlincə isə qeyd etmişdir ki, 24 avqust 2020-ci il tarixdə, saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs taksi kimi idarə etdiyi markası və dövlət qeydiyyat nişanı qeyd olunan avtomobillə Yasamal rayonu, Bakıxanov prospektindən “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığına müştəri aparan zaman avtomobil yolunun Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 81-dən keçən hissəsində yerləşən yeraltı tuneldə K.Rəhimov küçəsindən Həsənoğlu küçəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən, avtomobil maneəyə çırpılmış, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək həmin avtomobildə sərnişin xəsarətlər almışdır. Cinayət işinin 5-11-ci vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 24.08.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X14, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə müvafiq olaraq həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi: hava şəraiti aydın və günəşli olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, Təbriz körpüsüdür. Yolun işlək hissəsi düzdür. Yol örtüyü asfaltdır. Yol örtüyünün vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 14.40 metr, işlək hissəsinin eni 12 metr, ehtiyyat hissəsinin eni 2 metr, ayırıcı zolağın eni 0,40 metr, hərəkət zolaqlarının sayı 4-dür. Ehtiyat hissədən sağda və solda tunelin divarları yerləşir. Hadisə yerinin sxemi çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 21-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 03 sentyabr 2020-ci il tarixli, 600 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- burun sümüklərinin qapalı yerdəyişən sınığı (repozisiya əməliyyatından sonrakı vəziyyət), burunun sol yan səthindən yanağa kimi əzilmiş yara, hər iki göz ətrafının şişkinli hematoması, hər iki göz qapaqlarının daralması və ödemi, sol baldırın şişkinli hematoması, üst dodağın şişkinliyi, iç selikli qişasının qansızması, sol əlin arxa səthinin şişkinli hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd edilən 24.08.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 29-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 94-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2020-ci il tarixli, 8/1673 nömrəli rəyindən görünür ki, 1-2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Saipa Saina EX” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürədtən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 14 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə “Saipa Saina EX” minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 128-129-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 138-ci vərəqində olan Yevlax şəhəri 2 saylı MTİS-in rəisi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs "xxxx" MMC-nin 10.03.2021-ci il tarixli, 043 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair icraatda olan 1(005)-78/2021 saylı cinayət işi üzrə bildirilir ki, mülkiyyətlərində olan **-PH-*** dövlət qeydiyyat nişanlı “SAİPA SAİNA” markalı minik avtomobilinə cinayət hadisəsi zamanı dəymiş ziyan tam ödənilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Avrasiya” Hospital, “Medistyle” Hospital, “Medera” Hospital və “Bakı Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən müayinə ilə əlaqədar ümumilikdə 753 manat 44 qəpik ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Həmin Qanunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CMnin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Həmin Qərarın 22-ci bəndinin üçüncü abzasında qeyd edilir ki, CM-nin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız CM-nin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxs "xxxx" MMC-yə vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) İş üzrə maddi sübut olan - “Saipa Saina EX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia verərək, ona dəymiş 5000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyanın Təqsirləndirilən şəxs, "xxxx" MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». İş materiallarından və tərəflərin məhkəmə iclasında verdikləri ifadələrindən də görünür ki, "xxxx" MMC tərəfindən “Saipa Saina EX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Təqsirləndirilən şəxs adına etibarnamə və ya hər hansı digər sənəd verilməmişdir. "xxxx" MMC isə ümumiyyətlə daşıma fəaliyyəti ilə məşgul olmur. Məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığının bərpası üçün müayinə və müalicələrə xərclədiyi 5000 manat maddi ziyana münasibət bildirərək qeyd edir ki, təqdim olunmuş sübutlardan mülki iddiaçının xəsarət alması müəyyən edilsə də, müalicəyə çəkilən xərclərin həcmi ilə bağlı sübut qismində cəmi 753,44 (yeddi yüz əlli üç manat qırx dörd qəpik) manat məbləğində ödənilmiş qəbzlər məhkəməyə təqdim olunmuşdur. Mülki iddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, mülki iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 500 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 753,44 (yeddi yüz əlli üç manat qırx dörd qəpik) manat maddi ziyan və 500 (beş yüz) manat mənəvi ziyan tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi2 18 noyabr 2020-ci il – 22 iyul 2021-ci il tarixlərdə keçirilmiş 16 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 753,44 (yeddi yüz əlli üç manat qırx dörd qəpik) manat maddi ziyan və 500 (beş yüz) manat mənəvi ziyan tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut olan - “Saipa Saina EX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-78/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-78/2021
22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver