Məhkəmə qərarları › İş №1(005)-78/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-78/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-78/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə saat 23:54-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan **-DY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı avtomobillə saatda 35 kilometr surətlə Bakı şəhəri Nərimanov rayonu, M.Məmmədzadə küçəsi ilə hərəkətdə olub həmin küçənin H.Məmmədov küçəsi ilə kəsişməsinə daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-ci hissəsinin tələblərini pozmuş, yəni eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir kimi tələblərinə riayət elməyib, sağından gələn nəqliyyat vasitəsinə yol vermədən qeyd olan küçələrin kəsişməsinə daxil olaraq həmin yolayrıcına hərəkət istiqamətinin sağından H.Məmmədov küçəsi ilə daxil olan Şahid1 etibarnamə ilə idarə eldiyi **-HL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” minik markalı avtomobillə toqquşmuş, bundan sonra idarə etdiyi avtomobil M.Məmmədzadə küçəsinin sol hissəsində dayanmış **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C300” minik markalı avtomobilin arxa hissəsinə dəymiş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs3 sol təpə, gicgah nahiyəsinin dərialtı hematoması, baş beyinin əzilməsi və subaraxnoidal qansızması ilə müşayiət olunan qapalı kəllə beyin travması nəticəsində baş vermiş komatoz vəziyyət, soldan İİ, İİİ, İV, V, Vİ qabırğaların ön qoltuqaltı xətt üzrə, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların onurğayanı xətt üzrə döyənəkləşmiş sınıqları və sağ körpücük sümüyünün sınığı, daxili qanitirmə ilə müşayiət olunan dalağın subkapsulyar hematoması və cırılması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurınava aid xəsarətlər yetirməklə xx.xx.2021-ci il tarixdə müalicə aldığı Azərbaycan Respublikası Səhivyə Nazirliyinin 3 saylı Şəhər kliniki Xəstəxanasında ölməsinə, hundan başqa “Kia forte” minik markalı avtomobilin zədələnməsindən mülkiyyətçisi Zərərçəkmiş şəxs2 3550 manat, **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” minik markalı avtomobilin zədələnməsindən mülkiyyətçisi Zərərçəkmiş şəxs1 2105 manat, **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C300” minik markalı avtomobilin zədələmnəsindən mülkiyyətçisi Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobili Təsərrüfatına 2060 manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayının 27-si başlamış 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. 2-ci Qarabağ müharibəsində iştirakı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasınına görə” medalları ilə təltif olunmuşdur. **-DY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı avtomobili 26 fevral 2021-ci il tarixdən etibarnamə ilə idarə edir. Belə ki, həmin avtomobili aylıq icarə əsasında Zərərçəkmiş şəxs2 idarə etmək üçün ona vermişdir. Həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs2dur. O, “Kia Forte" minik markalı avtomobili icarəyə götürdükdən sonra həmin avtomobillə “Bolt” şirkəti vasitəsilə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. xx.xx.2021 -ci il tarixdə saat 23:40 radələrində Binəqədi rayonu, A.Kunanbayev küçəsindən Nizami rayonu, keşlə məscidinin yanına sifariş olması barədə ona məlumat verilmişdir. O, qeyd olunan ünvana yaxınlaşaraq sonradan şəxsiyyəti məlum olan müştəri Zərərçəkmiş şəxs3 götürmüşdür. Müştəri idarə etdiyi avtomobilin sağ arxa oturacağında əyləşmişdir. O, hərəkətə başlamış və Nərimanov rayonu, M.Məmmədzadə küçəsinə gəlmişdir. O, idarə etdiyi avtomobili saatda təxminən 35 kilometr sürətlə Nərimanov rayonu M.Məmmədzadə küçəsi ilə H.Məmmədov küçələrinin kəsişməsi istiqamətinə hərəkətini davam etdirib dayanmadan həmin küçələrin kəsişməsinə daxil olmuşdur. O, həmin küçələrin kəsişməsinə daxil olarkən hərəkətinin sağından, yəni H.Məmmədov küçəsi ilə hərəkətdə olan sonradan şəxsiyyəti ona məlum olan Şahid1 idarə etdiyi “Mercedes Benz” minik markalı avtomobili ilə həmin küçələrin kəsişməsinə daxil olmuş və bu zaman Turalın idarə etdiyi avtomobilin qabaq hissəsi onu idarə etdiyi avtomobilin sağ qapı hissəsi ilə toqquşmuşdur. Bundan sonra o, tormoz əyləcinə bassa da avtomobilin idarə etməsini itirmiş, nəticədə idarə eldiyi avtomobilin sol arxa hissəsi yolun solunda dayanmış vəziyyətdə olan DYPŞ-nə məxsus avtomobilin arxa hissəsinə dəyib dayanmışdır. O, bu zaman dərhal idarə etdiyi avtomobilin arxasında əyləşmiş müştəriyə baxmışdır. İdarə etdiyi avtomobildə olan müştərinin artıq sağ tərəfdə deyil, sol tərəfdə huşunu itirmiş vəziyyətdə olduğunu görmüşdür. O, dərhal avtomobildən düşmüş, lakin idarə etdiyi avtomobilin sürət qutusunu parkinq rejiminə qoymadığı üçün avtomobil yenidən hərəkətə başlayaraq M.Məmmədzadə küçəsində yolun sağında dayanmış avtomobilə toxunaraq dayanmışdır. Bundan sonra o, özünə məxsus mobil telefonla 103 xidmətinə zəng vurub yol nəqliyyat hadisəsinin baş verməsi və xəsarət alanın olması barədə məlumat vermişdir. Hadisə Nərimanov RPİ-nin inzibati binasının yanında olduğu üçün polis əməkdaşları hadisə yerinə dərhal gəlmişdirlər. Təxminən 15-20 dəqiqə sonra hadisə yerinə X11 Briqadası gəlmiş və hadisə zamanı xəsarət almış X3 ilkin tibbi yardım göstərilmişdir. Daha sonra X11 Briqadası Zərərçəkmiş şəxs3 X11 avtomobilinə mindirərək 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Bundan sonra təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, protokol, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı onu və Turalı sərxoşluq müayinəsinə aparmışdır. Orada onlar müayinə olunduqdan sonra yenidən Nərimanov RPİ-nə gəlmişlər. Bundan sonra təhqiqatçı tərəfindən onun izahatı alınmışdır. X5 03 may 2021-ci il tarixdə müalicə aldığı xəstəxanada ölmüşdür. X5 xəstəxanada müalicə alarkən tərəflərindən onun bütün müalicə xərcləri qarşılanmışdır. X5 öldükdən sonra isə onun dəfn və yas xərcləri tərəflərindəndən qarşılanmışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun anasıdır. Məlum hadisə olana qədər anası Bakı Metropolitenin “Dərnəgül” stansiyası yaxınlığında yerləşən “Don kaliano" restoranında qabyuyan işləmişdir. Adətən anasının iş saatı səhər 09:00-da başlamış və axşam saat 23:30-da başa çatmışdır. xx.xx.2021-ci il tarixdə axşam 23:30 radələrində anası işdən çıxaraq yaşadıqları evə gəlmək üçün taksi sifariş vermişdir. Onlar həmin vaxtı anası ilə birlikdə Nizami rayonu Keşlə qəsəbəsində ünvanını dəqiq bilmədiyi evdə kirayə yaşamışdırlar. Anasının sifariş verdiyi taksi, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə gələrək anasını iş yerinin yanından götürmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yanı ilə hərəkətdə olan zaman sürücü Şahid1 idarə etdiyi avtomobillə toqquşmuşdur. Yol nəqliyyat-hadisəsi nəticəsində anası xəsarət almış və 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdir. Yol nəqliyyat hadəsi barədə məlumatı ona 26 mart 2021-ci il tarixdə saat 01 radələrində telefon vasitəsilə Nərimanov RPİ-nin əməkdaşı vermişdir. O, anasının yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildikdən sonra dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişdir. Anası 03 may 2021ci il tarixədək həmin xəstəxanada stasionar müalicə almışdır. Lakin müalicələrə baxmayaraq anasının səhəti pisləşdiyindən 03 may 2021-ci il tarixdə müalicə aldığı xəstəxanada ölmüşdür. Anası xəstəxanada müalicə alarkən sürücülərdən yalnız Təqsirləndirilən şəxs müalicə xərclərini qarşılamışdır. Sürücü Şahid1 isə anasının heç bir müalicə xərcini qarşılamamışdır. Həmçinin anası öldükdən sonra yalnız Azadın qohumları tərəfindən dəfn xərcləri qarşılanmışdır. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X6 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, onun vəzifəsi Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobili Təsərrüfatının fəaliyyəti, Daxili İşləri Nazirliyinin baş idarə, idarə, ərazi polis idarə, şöbə və bölmələrinin avtomobillərlə təminatı, təchizatını təmin etməkdən və bununla bağlı fəaliyyətlərlə məşğul olmaqdan ibarətdir. xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu inzibati ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobili Təsərrüfatına məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C300” minik markalı avtomobil zədələnmiş və avtomobilə 2060 manat maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, **-DY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı avtomobil qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur. O, həmin avtomobili etibarnamə əsasında aylıq icarə ilə sürmək üçün tanışı Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Azad onun verdiyi etibarnamə əsasında idarə etdiyi "Kia Forte” minik markalı avtomobil ilə Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə ona məxsus olan avtomobilə maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nərimanov RPİ-nin DYPŞ-nin baş inskpektoru vəzifəsində işləyir, polis baş leytenantıdır. **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” minik markalı avtomobil onun xidməti avtomobilidir. xx.xx.2021-ci il tarixdə xidməti zərurət ilə əlaqədar Nərimanov RPİ-nin Növbətçi Hissəsinə gəlmişdir. Xidməti avtomobili idarənin inzibati binasının qarşısında yolun sol kənarında saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində idarənin inzibati binasında olarkən çöldən avtomobillərin toqquşması səsi gəlmişdir. O, idarənin inzibati binasından çölə çıxarkən görmüşdür ki, “Kia" markalı avtomobillə “Mercedes" markalı avtomobil toqquşmuşdur. Toqquşma zamanı “Kia" markalı avtomobil idarə etməsini itirərək avtomobilin sol tərəfi idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobilin arxa hissəsinə dəymiş, nəticədə idarə etdiyi avtomobil zədələnmişdir. Hadisə zamanı “Kia" markalı avtomobildə olan sərnişin xəsarət aldığı üçün hadisə yerinə X11 Stansiyasının həkimi briqadası gəlmişdir. Xəsarət alana ilkin tibbi yardım göstərilmiş və xəstəxanaya aparılmışdır. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs1 və şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs1 və şahid qismində göstərilmiş Şahid1 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 4-7-ci vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov ilə M.Məmmədzadə küçəsinin kəsişməsidir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü alfaltbeton, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 18 metr, işlək hissəsinin eni 8 metr, ehtiyat hissəsinin eni 10 metrdir. Yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri 1.4 və 1.14 üfüqi nişanlama xətləridir. Yolun işlək hissəsi sağdan və soldan səki ilə birləşir, ehtiyat hissədən sonra sağdan Asan Xidmətin inzibati binası, soldan Nərimanov RPİ-nin inzibati binası yerləşir. Toqquşma yerində bufer, fara və plasmas hissələri aşkar olunmuşdur. Cinayət işinin 44-45-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “Mercedes Benz C300” minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa baqaji, arxa sağ işığı, arxa buferinin zədələnməsi müəyyən edilmişdir. Cinayət işinin 47-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “Mercedes Benz E220 CDİ” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol hissəsi, ön kapot və ön hissədə olan detalların zədələnməsi və bəzilərinin yararsız hala düşməsi müəyyən edilmişdir. Cinayət işinin 89-cu vərəqində olan müstəqil ekspert Ə.Əhmədov tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli, 400 nömrəli arayışdan görünür ki, X2 məxsus “Mercedes Benz” markalı ** HL *** dövlət nömrə nişanlı 2001-ci il buraxılışlı, qara metallik rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə ümumilikdə 2105 AZN tələb olunur. Cinayət işinin 100-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2021-ci il tarixli, 016-45281-1221 nömrəli məktubundan görünür ki, “KİA FORTE” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 adında qeydiyyatdadır. “Cinayət işinin 103-cü vərəqində olan “Təhlükəsizlik Şəhər Xidmətinin TŞ6-124 və TŞ6-136 nömrəli video müşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında” 30 aprel 2021-ci il tarixli protokoldan görünür ki, TŞ6-136 nömrəli qurğunun 1-ci və 3-cü kameralarının xx.xx.2021-ci il tarixdə saat 23:54-dən 20:56-dək olan müddət ərzində qeydə aldığı görüntülərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. TŞ6-124 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının qeydə aldığı görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin görüntünün 23:54:27ci dəqiqəsində Təqsirləndirilən şəxs idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte" minik markalı avtomobillə Bakı şəhəri Nərimanov rayonu, M.Məmmədzadə küçəsi ilə hərəkətdə olub həmin küçənin H.Məmmədov küçəsi ilə kəsişməsinə, Şahid1 isə idarə etdiyi **-HL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 220 CDİ” minik markalı avtomobillə H.Məmmədov küçəsi ilə hərəkətdə olub həmin küçənin M.Məmmədzadə küçəsi ilə kəsişməsinə daxil olur və həmin avtomobillər həmin küçələrin kəsişməsində toqquşur və avtomobillər dayanır. Avtomobillər küçələrin kəsişməsinə gəldikləri sürətlə daxil olurlar və küçələrin kəsişməsinə daxil olarkən tormoz əyləcindən istifadə etmirlər. Cinayət işinin 137-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 195022 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Ölüm səbəbi çanaq qurşağının digər və dəqiqləşdirilməmiş hissəsinin açıq yarası kimi qeyd edilmişdir. Cinayət işinin 147-ci vərəqində olan müstəqil ekspert Ə.Əhmədov tərəfindən verilmiş 29 may 2021-ci il tarixli, 405 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “KİA FORTE” markalı ** DY *** dövlət nömrə nişanlı 2013-cü il buraxılışlı, qara rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə ümumilikdə 3350 AZN tələb olunur. Cinayət işinin 149-cu vərəqində olan müstəqil ekspert Ə.Əhmədov tərəfindən verilmiş 29 may 2021-ci il tarixli, 406 nömrəli arayışdan görünür ki, Daxili İşlər Nazirliyinə məxsus “MERCEDES BENZ C300” minik markalı ** YP *** dövlət nömrə nişanlı 2018-ci il buraxılışlı, ağ göy xətt rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə ümumilikdə 2060 AZN tələb olunur. Cinayət işinin 169-cu vərəqində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 04 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “Kia Forte” minik markalı, **-DY-*** qeydiyyat nişanlı avtomobilin ön sol qapısı, arxa sol qapısı, arxa sol qapı şüşəsi, sol ayaqaltı hissəsi, sol arxa hissəsi, sol ayaqaltı hissəsi, arxa sol qapı nəfəsliyi, ön sağ qapı, arxa sağ qapı hissəsi və digər detalları zədələnmişdir. Cinayət işinin 173-174-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə zamanı Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı avtomobil, Şahid1 etibarnamə ilə idarə etdiyi **-HL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” minik markalı avtomobil və hadisə zamanı zədələnmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C300” minik markalı avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınması, **-DY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı avtomobil, **-HL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” minik markalı avtomobilin saxlanılmaları üçün sahibə qaytarılması və **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C300” minik markalı avtomobilin xidməti zərurət ilə əlaqədar idarə edən şəxsdə olmasının nəzərə alınması qərar alınmışdır. Cinayət işinin 176-cı vərəqində olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə maddi sübut kimi tanınmış **-HL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” minik markalı avtomobili məhkəmə baxışının sonunadək saxlanılması üçün təhvil almışdır. Cinayət işinin 177-ci vərəqində olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə maddi sübut kimi tanınmış **-DY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı avtomobili məhkəmə baxışının sonunadək saxlanılması üçün təhvil almışdır. Cinayət işinin 184-187-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X12 tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 15/MEŞ nömrəli ekspertiza rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarət və morfoloji dəyişikliklər aşkar edilmişdir: - Başın sol təpə-gicgah nahiyəsinin dərialtı hematoması və baş beyinə post-travmatik subaraxnoidal qansızına: - Soldan İİ, İİİ, İV, V, Vİ qabırğaların ön qoltuqaltı xətt üzrə, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların onurğayanı xətt üzrə döyənəkləşmiş sınıqları və sağ körpücük sümüyünün sınığı; - Daxili qanitirmə ilə müşayiət olunan dalağın subkapsulyar hematoması, cırılmış varası ilə əlaqədar splenektomiya cərrahiyyə əməliyyatından sonrakı vəziyyət; - Sepsis. Septik intoksikasiya. Sağ sağrı nahiyəsində dəri, dərialtı yumşaq toxumaların sümük toxumasına qədər irinlinekrotik dəyişilmiş varası, damarların arroziyası (çoxlu miqdarda qan laxtaları), qansızmalarla. İrinli plevrit, xırda ocaqlı pnevmoniya, ağciyərdə atelektaz ocaqları. 2. Qeyd olunan xəsarətlər - sol təpə, gicgah nahiyəsinin dərialtı hematoması, baş beyinin əzilməsi və subaraxnoidal qansızması ilə müşayiət olunan qapalı kəllə beyin travması nəticəsində baş vermiş komatoz vəziyyət, soldan İİ, İİİ, İV, V, Vİ qabırğaların ön qoltuqaltı xətt üzrə, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların onurğayanı xətt üzrə döyənəkləşmiş sınıqları və sağ körpücük sümüyünün sınığı, daxili qanitirmə ilə müşayiət olunan dalağın subkapsulyar hematoması və cırılması bərk küt əşyanın (oyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı sərnişini olduğıı avtomaşının salonunda yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. 3. Zərərçəkmiş şəxs3 ölümünün bilavasitə səbəbi posttravmatik dövrdə sağ sağrı nahiyəsinin yataq yarası komponentləri ilə dəri, dərialtı yumşaq toxumalarının irinli iltihabi, nekrotik dəyişiklikləri və damarlarının arroziyası nəticəsində inkişaf edən sepsis və septik intoksikasiya fonunda baş vermiş ağciyərlərin ocaqlı pnevmoniyası, irinli plevriti və kəskin ağciyər-ürək çatışmazlığı olmuşdur. Ölüm 3 saylı ŞKX-da xx.xx.2021-ci il tarixdə, saat 19:30-da baş vermişdir. 4. Zərərçəkmiş şəxs3 ölümü ilə yol-nəqiyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlər arasında səbəbi əlaqə vardır. 5. Zərərçəkmiş şəxs3 adına tərtib olunmuş tibbi sənəddə xəstəxanaya daxil olarkən onun spirtli içki qəbul edibetməməsi barədə qeydiyyat yoxdur. Cinayət işinin 190-192-ci vərəqələrində olan Azərbaycna Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli, 8/1754 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə Kia Forte markalı 90DY360 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə Mercedes Benz E220CDİ markalı 99HL816 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin 214-cü vərəqində olan X6 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Cinayət işinin 215-228-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2021-ci il tarixli, 003-5467-1221 nömrəli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ6-124 nömrəli videomüşahidə qurğusunun 3-cü, TŞ6-136 nömrəli qurğunun isə 1-ci və 3-cü kameralarının xx.xx.2021-ci il tarixdə saat 23:54-dən 20:56-dək olan müddət ərzində qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD formatlı diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayədəsi Nümayəndə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İİİ hissəsinin tələbinə əsasən, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə, zərərçəkmiş şəxslərlə barışmasını, ona qarşı şikayət və tələblərinin olmamasını, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2021-ci il tarixli, 003-5467-1221 nömrəli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ6-124 nömrəli videomüşahidə qurğusunun 3-cü, TŞ6-136 nömrəli qurğunun isə 1-ci və 3-cü kameralarının xx.xx.2021-ci il tarixdə saat 23:54-dən 20:56-dək olan müddət ərzində qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut – **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C300” minik markalı avtomobilin xidməti zərurət ilə əlaqədar idarə edən şəxsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut – **-HL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” minik markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut – **-DY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2021-ci il tarixli, 003-5467-1221 nömrəli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ6-124 nömrəli videomüşahidə qurğusunun 3-cü, TŞ6-136 nömrəli qurğunun isə 1-ci və 3-cü kameralarının xx.xx.2021-ci il tarixdə saat 23:54-dən 20:56-dək olan müddət ərzində qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C300” minik markalı avtomobilin xidməti zərurət ilə əlaqədar idarə edən şəxsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut – **-HL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” minik markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – **-DY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar