Məhkəmə qərarları › İş №1(005)-78/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-78/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-78/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi – X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə, təmiz çəkisi - 0.993 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Nərimanov RRİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılmış, polis şöbəsinin xidməti otaqlarının birində şəxsi axtarış və baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi - 0.993 qram narkotik vasitə olan heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə atası ilə birlikdə olmuşdur. Onlar getdikləri ünvandan qayıdarkən polis əməkdaşları onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək təkidlə və təcili yaşadığı ünvana getməli olduğunu bildirmişdir. O isə polis əməkdaşlarının tələblərinə tabe olaraq atası ilə birlikdə polislərin onu gözlədiyi ünvana, yəni özünün qeydiyyatda olduğu ünvanın həyətinə gəlmişdir. Polis əməkdaşları onu qara rəngli “ASSAMAND” markalı avtomobilə əyləşdirərək Polis Şöbəsinə gətirmiş və orada ona təzyiq altında narkotik vasitə istifadəçisi olması, üzərindən narkotik vasitə çıxması ilə bağlı müəyyən sənədlər imzalatmışlar. Belə ki, ittiham aktında qeyd olunan narkotik vasitənin ona aidiyyəti yoxdur. xx.xx.2022-ci il tarixdə isə ümumiyyətlə “Kubinka” adlanan ərazidə olmamışdır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə “Kubinka” adlanan ərazidə olması, orada kimdənsə narkotik maddə alması, polis əmkdaşlarının şübhələndikləri üçün ona yaxınlaşması cəfəngiyyatdır. İbtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi ifadə verərkən öz şəxsi iradəsindən çıxış etməmişdir. Belə ki, o, təzyiq altında ifadə vermişdir. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 87 saylı ünvanın qarşısında Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər əvvəllər tanımadığı şəxsin hərəkətlərindən narkotik vasitə təsiri altında olmasından şübhələnib ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim elməklə polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməsini xahiş elmiş və həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir, Bundan sonra Təqsirləndirilən şəxs onun narkotik vasitə təsiri altında olmasından şübhələndiklərini bildirib birlikdə Nərimanov RPİ-nin 18-ci Polis Böləsinin inzibati binasına gəlməyini xahiş etmişlər. Həmin şəxs onlara etiraz elməyib birlikdə 18-ci Polis Şöbəsinin inzibati binasına gəlməyə razılaşmışdır. Birlikdə polis şöbəsinə gəldikdə həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, sonra polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən, həmçinin tərcüməçidən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi, həmçinin tərcüməçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Valerycviçə üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncu buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin və tərcüməçinin iştirakı ilə şəxsi axtarışa başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyriqanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü və əynində olan şalvarının sağ yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində el arasında “kakos" adlanan narkotik vasitə heroin olduğunu, həmin heroini 07 sentyabr 2022-ci il tarixdə "Kubinka" adlanan ərazidən üzdən tanıdığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya pay vermək niyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi, tərcüməçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt bu barədə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra düzgün yazıldığı iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Oleq onun oğludur. Oğlu ilə birlikdə olduqları zaman polis əməkdaşları tərəfindən oğluna zəng gəlmiş və oğlunun dərhal yaşadığı ünvana getməli olması bildirilmişdir. Onlar oğlu ilə birlikdə yaşadıqları ünvana gəlmişlər. Bundan sonra polis əməkdaşları oğlunu 18-ci Polis Şöbəsinə aparmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 18-ci PŞnin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 21-22-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü və əynində olan şalvarının sağ yan cibində olan özünə məxsus AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşı olmasını təsdiq edən şəxsiyyət vəsiqəsini yaxınlaşaraq masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim eldiyi 01 ədəd bükümün içərisində el arasında “kakos” adlanan narkotik vasitə heroin olduğunu, heroini 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində “Kubinka" adlanan ərazidən üzdən tanıdığı, lakin ad, soyad, ata adı və digər anket məlumatlarını, eləcə də əlaqə nömrəsini bilmədiyi şəxsdən 10 manat pul qarşılığında əldə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində isə ünvan 5 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2022-ci il tarixli, 6/5088 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №224” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə... Təqsirləndirilən şəxs-imza, -iki imza. Tərtib etdi: E.Quliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0.993 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 86-91-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-987/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 03 ay müddətində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 10 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 101-107-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli, 1(101)-668/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsi və onun 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcının tutulub həbsə alındığı 14 yanvar 2011-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 X4 X5 xx.xx.2022-ci il tarixli, 5677 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəza müddəti 10 ilə endirilmiş. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 117-ci vərəqində olan 20 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 118-127-ci vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.993 qram narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalıq qalmış - 0.943 qram hissəsinin saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alnımış videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.993 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli, 1(101)-668/2011 saylı hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 8 (səkkiz) il müddətinin axımı onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin 30 noyabr 2011-ci il tarixli qərarı ilə 10 (on) ilə endirilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 10 sentyabr 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,943 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar