Məhkəmə qərarları › İş №1(005)-79/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-79/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-79/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim xxxxxxxxxxxxxxxx sədrliyi, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1. maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olunmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvandakı binanın yaxınlığında şübhəli şəxs kimi saxlanıldıqda sağ əlində tutduğu, üzərində “Cassiba collection" yazısı olan qara rəngli polietilen torbaya qablaşdırılmış 440,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tədqiq edilmiş, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallar, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə protokolları, ekspertiza rəyləri və digər sənədlər sübut növü kimi aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, son zamanlar mütəmadi olaraq “kokos” adlandırlan narkotik vasitə qəbul etmiş və narkomaniyadan müalicə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə gündüz saatlarında yaşadığı ünvan 2 ünvanın qarşısında dayanarkən, polis işçiləri yaxınlaşıb onu və qonşusu Saşa adlı şəxsi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə aparmışlar. Orada təzyiqlərə məruz qalmış, nəticədə polietilen torbanın içərisində olan narkotik maddə marixuananın ona məxsus olduğunu və “Nizami” metrosunun yaxınlığında tanımadığı şəxsdən 250 manata aldığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis X1 Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq üstündə narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə Bakı şəhəri Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ünvan 2 ünvanın qarşısında xarici əlamətləri barəsində məlumat verilən Fəxrəddin adlı şəxsə yaxınlaşaraq Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə dəvət etmişlər. Orada müdafiəçi X4 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən əlində olan qara rəngli polietilen torbanın içərisində spesifik iyli narkotik vasitə olan, qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkar edilərək götürülmüşdür. Baxış zamanı videoyazıdan istifadə olunmuşdur. Narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində ifadəsi alınmış Bakı şəhəri Nərimanov Rayon Polis X1 Bölməsinin kiçik inspektoru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə araşdırlmış, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Nərimanov rayon prokurorluğunun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Nərimanov rayon prokurorluğuna ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanın qarşısında dayanan zaman mülki geyimdə olan dörd nəfər şəxsin ona yaxınlaşaraq qəflətən qolunu tutub qandallayaraq qara rəngli avtomobilə otuzdurub Nərimanov RPİ-yə apardıqlarını, orada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu boynuna alması üçün bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq döydüklərini, fiziki ağrılara dözmədiyindən məcbuiyyət qarşısında qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, bundan sonra onu narkotik maddə istifadəçisi kimi aktlaşdıraraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1. maddəsi ilə cinayət işi başladıqlarını bildirmiş və həmin polis əməkdaşlarının barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs ərizədə göstərdiyi xüsusatlarla bağlı təhqiqat və istintaq hərəkətlərinin aparılması zamanı ona qarşı yol verilmiş hər hansı qanunsuz hərəkətlərə məruz qalıb-qalmadığı araşdırlmış və toplanmış sübutlara əsasən ərizədə göstərilənlər öz təsdiqini tapmadığından cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən digər, o cümlədən aşağıdakı sənədlər araşdırılmışdır. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra, onun müdafiəçisi X4, Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkili Şahid1, kiçik inspektor Şahid2 iştirakları ilə əməliyyat müvəkkili X2 tərəfindən “Samsung S 10” modelli mobil telefonla çəkiliş aparılaraq xx xxxxxx 2020-ci il tarixdə saat 21:40-da başlamış şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış və saat 22:00-da qurtarmışdır. Bu zaman Təqsirləndirilən şəxs sağ əlində tutduğu, üzərində “Cassiba collection” yazısı olan qara rəngli polietilen torbanı təqdim edərək, içərisində narkotik vasitə marixuana olduğunu bildirib, iki gün əvvəl 250 manata aldığını qeyd etmişdir. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (iş vər.30-31). Məhkəmə baxışı zamanı hadisənin videogörüntüsünü əks etdirən və iş üzrə maddi sübut olan 1 ədəd CD formatlı diskə baxış keçirilərək müəyyən edilmişdir ki, görüntüdə Təqsirləndirilən şəxs tam sərbəst şəkildə, müdafiəçinin iştirakı ilə sağ əlində tutduğu bir ədəd üzərində “Cassiba Collection” yazısı olan qara rəngli sellofan torbaya qoyulmuş narkotik vasitəyə bənzər bitki mənşəli kütləni təqdim edir və həmin sellofan bükülünün içində narkotik vasitə olduğunu, “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 250 manata aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirir. Video çəkiliş xx xxxxxx 2020-ci il tarixdə saat 11:36-da başlamış, 12:10-da başa çatmışdır (iş vər. 67). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/528 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş, bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 440,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 manatdır (iş vər. 34-36). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2348 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər. 103-104). İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 440,0 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra 439,95 qram qalıq hissəsi saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (iş vər.77). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin xx.xx.1980-ci il tarixli Hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 15, 95, 40 maddələrinə əsasən (qəsdən adam öldürməyə cəhd) 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, SSRİ X5 Heyətinin xx.xx.1980-ci il tarixli Qərarı ilə çəkilməmiş cəzası ½ qədər azaldılıb, 01 il 06 ay cəza saxlanılıb. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002ci il tarixli Hökmü ilə CM-nin 179.3.2., 307.3., 66.3. maddələri ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli Hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1. maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qərarı ilə cəzasının çəkilməmiş 03 ay 12 gün müddətinə vaxtından əvvəl şərti azad olunub. xx.xx.2017-ci il tarixdə sınaq müddəti başa çatıb ( iş vər.72-74). Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 1350-15-20M saylı məlumat məktubundan görünür ki, şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2017-ci il tarixdə başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır (iş vər.101). İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon prokuroru tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi və həbsdən dərhal azad edilməsi barədə qərar qəbul olunmuş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( iş vər. 20-21). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon mənzil-kommunal təsərrüfat birliyinin xx.xx.2020-ci il tarixli, 30/1070 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2008-ci ildən ünvan 1 ünvanda yaşamaqla qeydiyyatdadır, bu zamana qədər onun barəsində heç bir şikayət daxil olmamışdır ( iş vər. 92-93). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, hadisənin videogörüntüsünü əks etdirən 1 ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (iş vər.105-109). Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə psixotrop maddə hesab edilən marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 440,0 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1. maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Bundan başqa qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini işin obyektiv halları ilə əlaqəli təhlil edib bu ifadənin məsuliyyətdən boyun qaçırmaqla, özünümüdafiə xarakteri daşıması barədə nəticəyə gəlir. Belə ki, müdafiə tərəfinin mövqeyi, nəinki iş üzrə məhkəmə baxışı zamanı tədqiq olunmuş hər hansı bir sübutla təsdiq olunur, əksinə, məhkəmə baxışı zamanı araşdırılmış, ilk növbədə qanuni qüvvədə olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Nərimanov rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarı, habelə “Şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması barədə” xx.xx.2020-ci il tarixli protokol, həmin istintaq hərəkətinin videogörüntüsü (təqsirləndirilən Təqsirləndirilən şəxs sərbəst şəkildə, müdafiəçinin iştirakı ilə narkotik vasitəni təqdim etməsini əks etdirən), məhkəmə-bioloji və məhkəmə-narkoloji (təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacı olması barədə) ekspertizalarının rəyləri, şahidlərin ifadələri, eləcə də iş üzrə tədqiq olunmuş, bir-birini tamamlayan digər mötəbər sübutlarla təkzib olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması iş materialları və digər sübutlarla da təsdiq edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1. maddəsi ilə düzgün tövsif edilmiş və barəsində ittiham hökmünün çıxarılması üçün kifayət qədər əsaslar vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza məsələsinin müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1. maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-nin 58.1-ci maddəsinin tələblərindən görünür ki, «cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir». Azərbaycan Respublikası CM-nin 18.1. maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 83.3.3. maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş üzrə maddi sübut hesab edilən və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 439,95 qram olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə keçirilmiş - məhkəmə bioloji ekspertizasının dəyəri 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2. maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1. maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsinin həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1. maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablansın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Nərimanov rayon polis idarəsində saxlanılan çəkisi 439,95 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə bioloji ekspertizasının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə xüsusi müsadirə olunan əmlak və mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim xxxxxxxxxxxxxxxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar