Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-8/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Astara rayonunun Şahağacı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayıb soyğunçuluq etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 01 dekabr 2022-ci il tarixdə saat 21:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsində yerləşən “Mərkəzi Park”da piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşmaqla sonuncunun əynində olan gödəkcənin sol cibində saxladığı 01 ədəd 690 manat dəyərində “Redmi Note 9S” markalı **********58620 və **********68624 İMEİ kodlu mobil telefonu üzərindəki ümumilikdə 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** GSM nömrələrlə birlikdə götürüb qaçaraq oradan uzaqlaşmaqla açıq talayıb Zərərçəkmiş şəxs 700 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, istintaqla müəyyən edilməyən vaxtda şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikası vətəndaşı “Bəhmən” adlı şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Komsomol dairəsi adlanan ərazidə əvvəlcədən qoyulmuş yerdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,817 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,234 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 15 fevral 2023-cü il tarixdə saat 14:00 radələrində ünvan 1 ünvanın yaxınlığında, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilib, müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan 01 ədəd sellofan paketdə olan 04 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,203 qram, 0,214 qram, 0,230 qram və 0,170 qram olmaqla ümumi təmiz çəkisi 0,817 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 06 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,05 qram, 0,052 qram, 0,03 qram, 0,032 qram, 0,03 qram və 0,04 qram olmaqla ümumi təmiz çəkisi 0,234 qram ağ rəngli kristal şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə təqsirli bilərək, CM-nin 234.2-ci maddəsi ilə isə qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının sonlarında “Axundov bağı”nın yaxınlığında Fərqanə adlı bir qızla tanış olmuş və onunla sevgili kimi yaxın münasibətləri yaranmışdır. Daha sonra birlikdə yaşamağı qərara almışlar. 01 dekabr 2022-ci il tarixdə saat 20:30 radələrində Fərqanə ilə birlikdə “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Mərkəzi park”da gəzməyə çıxmışlar və təxminən 1 saata yaxın orada gəzmişlər. Saat 21:30 radələrində Fərqanəyə evə getməsini, özünün dostuyla görüşüb gələcəyini demiş, Fərqanə də razılaşmışdır. Bu vaxt Fərqanədən öz mobil telefonunu ona verməsini xahiş etmiş və bildirmişdir ki, dostuna yerini demək üçün ona telefon lazımdır. Fərqanə öz mobil telefonunu ona vermiş və evə getmişdir. Fərqanəni evə göndərdikdən sonra hər hansı şəxsin telefonunu, yaxud qiymətli əşyasını ələ keçirməyinə satıb pul əldə etməyi düşünmüşdür. Həmin vaxt parkda adam az olduğundan və hava qaranlıq olduğundan bunu etmək nisbətən asan olacaqmış. Bu vaxt təxminən 50-55 yaşlarında, orta bədən quruluşlu bir kişinin mobil telefonla danışa-danışa tək gəzdiyini görmüşdür. Həmin kişi telefonla danışdıqdan sonra telefonu əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. Qərara gəlmişdir ki, məhz həmin kişinin mobil telefonunu ələ keçirsin, çünki kişi parkda tək imiş və arxasınca qaçıb onu tutması mümkün deyilmiş. Təxminən 50-60 metr kişinin arxasınca hərəkət etmiş və ətrafa nəzər salmışdır ki, başqa şəxslər olmayan vaxt telefonu götürsün. Kişi asta yerişlə parkın nisbətən qaranlıq hissəsində hərəkət edən zaman cəld arxadan yaxınlaşıb kişinin əynində olan gödəkcənin sol yan cibindəki 01 ədəd mobil telefonu götürmüş və qaçmağa başlamışdır. Həmin kişi arxasınca bir dəfə səslənmiş, lakin sonra səs gəlməmişdir. Qaça-qaça gedəndə dönüb arxaya baxan zaman görmüşdür ki, həmin kişi asta yerişlə arxasınca gəlir. Qaçaraq parkdan çıxmış və birbaşa Fərqanə ilə görüşüb evə getmişlər. Fərqanə ondan dostuyla görüşüb- görüşmədiyini soruşduqda, yalandan görüşdüyünü demişdir. Bu vaxt Fərqanənin telefonunu özünə qaytarmış və sonra ələ keçirdiyi həmin Redmi markalı mobil telefonu Fərqanəyə göstərib demişdir ki, dostu gələndə onun telefonunu da gətirib. Yalandan Fərqanəyə demişdir ki, telefonu ailə üzvləri koda salıb, ona görə pul lazım olduğu üçün sabah kodu açdırıb satar. 02 dekabr 2022-ci il tarixdə Fərqanəyə telefonu satmaq istədiyini demiş, şəxsiyyət vəsiqəsi Astara rayonunda evdə unutduğunu deyərək, onun vəsiqəsi ilə satmağı xahiş etmişdir. Fərqanə də razılaşmış və birlikdə ‘‘Səməd Vurğun” bağının yanına getmişlər. Orada mobil telefon alqı-satqısı mağazalarından birinə daxil olmuşlar. Mağazada olan satıcıya mobil telefonun koda düşdüyünü, koddan açdırıb satmaq istədiyini bildirmiş, həmin şəxs telefonu yoxladıqdan sonra neçəyə satmaq istədiyini soruşmuşdur. Həmin şəxsə 150 manata satdığını, qutusu və adapterin isə Astara rayonunda qaldığını bildirmişdir. Həmin satıcı 120 manata telefonu ala biləcəyini demişdir. Onunla razılaşmış və Fərqanənin şəxsiyyət vəsiqəsi ilə telefonu satmışdır. Fərqanə öz xətti ilə telefonun özünə məxsus olduğunu, öz istəyi ilə satdığını yazmış və imza etmişdir. Bundan sonra həmin oğlan ona 120 manat pul vermişdir. 3-4 gün əvvəl Fərqanədən borc kimi aldığı 30 manat pulu qaytarmış və qalan 90 manat özündə qalmışdır. 90 manat pulu isə yeməyə, siqaretə, eləcə digər ehtiyacları üçün xərcləmişdir. 03 dekabr 2022-ci il tarixdə günorta saatlarında Fərqanə ilə yaşadıqları evin qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşmışlar və Fərqanəyə, eləcə də ona mobil telefonun soyğunçuluq yolu ilə ələ keçirilib satılması, bu cinayətə görə onlarla birlikdə şöbəyə getməli olduğunu bildirmişlər. Onlar da razılaşmış və birlikdə polis idarəsinə gəlmişlər. Qeyd etmişdir ki, hadisə 01 dekabr 2022-ci il tarixdə saat 21:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsində yerləşən “Mərkəzi Park’da baş vermiş və hadisənin şahidi olmamışdır. Hadisəni törədən zaman əlində hər hansı silah və ya silah qismində istifadə edilə bilən əşya və ya predmet olmamışdır. Mobil telefonu satan zaman mobil telefonun üzərində olan 02 ədəd GSM nömrəsini çıxarmış, sonra xatırlamadığı yerdə atmışdır. Tanışı Şahid1 mobil telefonun cinayət yolu ilə əldə edilməsi barədə məlumat verməmiş, Fərqanəyə telefonun özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonu Şahid1 ilə birlikdə satan zaman telefonu alan mağazanın işçisinə mobil telefonun cinayət yolu ilə əldə edilməsi barədə məlumat verməmiş, həmin şəxsə mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Nərimanov RPŞ əməkdaşları tərəfindən tutulmamışdan əvvəl bir nəfər şəxslə rastlaşmış, həmin şəxsdən narkotik vasitə almışdır. Daha sonra həmin şəxsdən narkotik vasitəni istifadə etmək üçün yer verməsini xahiş etmiş, həmin şəxs də onu bir evə aparmışdır. Həmin yer Çapayevdə, Ceyhun hacıbəyli küçəsindən yuxarı tərəfdə bir həyət evi olmuşdur. Sözügedən şəxsi tanımasa da, onu təxminən 1-2 dəfə görmüşdür. İfadəsində qeyd etdiyi Bəhmən adlı şəxs mövcud olmamış, həmin şəxsi polis əməkdaşlarının təzyiqi nəticəsində uydurma ad olaraq qeyd etmişdir. Həmin şəxsdən heroin və metamfetamin əldə etmiş, ikisinə birlikdə 20 manat ödəniş etmişdir. Hər birindən şəxsi istifadə üçün 10 manatlıq mal sifariş vermişdir. Sifariş etdiyi maddələrin miqdarını dəqiq bilməmiş, cəmi 2 büküm sifariş vermiş, sıfır tam neçəsə qram olmuşdur. Bu zaman malı istifadə etməyə başlayarkən, həmin şəxs dükandan lazım olan əşyaları alıb gələcəyini bildirib evdən çıxıb getmiş, evdə oturaraq onu gözləmişdir. Bir müddət sonra əməliyyatçıların evə gəldiyini görmüşdür. Daha sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən əməliyyatçılar ona maddəsinin 234.1 olduğunu bildirmişlər. Lakin, müstəntiq ona satış ilə bağlı ittiham vermişdir. İstintaq zamanı polis əməkdaşlarının evindən narkotik vasitələr çıxaracağı ilə bağlı hədəqorxularına görə etirafedici ifadəsini imzalamış, lakin ifadəsində qeyd edilənlər yalan olmuşdur. Həmin şəxsdən 2 ayrı bükümdə narkotik vasitə almış, 10 büküm olmamışdır. Həmin bükümləri ona polis əməkdaşları təqdim etmişlər. Həmin polislər tərəfindən ona təzyiq göstərilmiş, əməliyyatçılar tərəfindən döyülmüş, ağız nahiyəsi partlamışdır. Niyə həbs olunduqdan sonra prokurorluğa və məhkəməyə şikayət etməməsinin səbəbini qorxduğu üçün şikayət edə bilməməsi ilə əsaslandırmışdır. Zənn etmişdir ki, onu yenidən narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar tuta bilərlər. Onu döyən şəxsin polis əməkdaşı Fariz olduğunu qeyd etmiş, sonuncunun onu şöbədə digər polis əməkdaşlarının yanında döydüyünü bildirmişdir .Təqsirləndirilən şəxs sonrakı məhkəmə iclaslarında onu digər polis əməkdaşlarının da döydüyünü bildirmişdir. Habelə, heç bir hüquq mühafizə orqanına və ya xəstəxanaya müraciət etmədiyini də ifadəsinə əlavə etmişdir. Yekunda əməlindən səmimi peşman olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 16 fevral 2023 və 13 iyun 2023-cü il tarixli ifadəsi məhkəmə baxışı zamanı elan edilərək tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən tutulmamışdan təxminən 3 gün əvvəl, narkotik vasitə almaq üçün İran vətəndaşı olduğunu bildiyi, lakin üzdən tanımadığı və anket məlumatlarını bilmədiyi "Bəhmən" adlı şəxslə əlaqə saxlayıb narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxslə razılaşmışdır ki, 3 qram "kakos" və 1 qram "şüşə" alsın. "Bəhmən" adlı şəxs "kakos" üçün 75 manat, "şüşə" üçün 25 manat ödəməli olduğunu demişdir. O da "Bəhmən" adlı şəxsin ona dediyi hesab nömrəsinə "e-manat" terminalı vasitəsilə 100 manat pul göndərmişdir. Bundan sonra Bəhməni ona Sabunçu rayonu, Ramanı qəsəbəsində Komsomol dairəsi deyilən yerin yaxınlığındakı ağacın şəklini göndərmiş və ona narkotik vasitələri qoyduğu yeri başa salmışdır. Həmin yerdə ağacın dibindən narkotik vasitə olan "kakos" və "şüşə"ni tapıb götürmüşdür. Aldığı narkotik vasitələrin bir qismini istifadə etmiş, bir hissəsini isə kiçik hissələrə ayırıb kağızlara bükərək kiçik bükümlər düzəldib, sellofan paketin içərisinə yığaraq üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, V.Plotnikov küçəsi 27 ünvanında olarkən polis əməkdaşları onu saxlamış və sorğu-sual etmişlər. O isə onların yanından uzaqlaşmaq istədikdə polis əməkdaşları onu saxlamışlar. Bu zaman səmimi şəkildə üzərində narkotik vasitələrin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu 18-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir Baxış zamanı ona təklif olunmuşdur ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O da bundan sonra əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı 01 ədəd sellofan paketdə olan maddələri təqdim etmişdir. Paketin içərisində düzəltdiyi 04 ədəd kağız bükümdə "kakos" bükümü və 06 ədəd "şüşə" bükümü olmuşdur. Əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd "Samsung" markalı telefonu da təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi maddələr narkotik vasitə olan "kakos" və "şüşə"dir. Bundan başqa üzərində heç nə olmamışdır. Üzərindən aşkar edilmiş maddələr polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü onun tərəfindən imzalanmışdır. Qeyd etmişdir ki, narkotik vasitə və psixotrop maddənin alınması üçün 100 manat pul göndərdiyi plastik kart hesabı yadında deyil. Bəhmən ilə yalnız “vatsap” vasitəsilə əlaqə saxlamış, lakin nömrəsini xatırlamır, mobil telefonundan yazışmaları və zəngləri də silmişdir. İran İslam Respublikası vətəndaşı “Bəhmən” adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün bükümlər halında bölmüşdür. Bəhməndən yalnız öz istifadəsi üçün narkotik vasitə almış, aldığı narkotik vasitələri kiməsə satmamış, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul deyil. Şəxsi axtarış zamanı üzərindəki narkotik vasitə və psixotrop maddəni əgər istəyən olsa pay olaraq və ya pul qarşılığında verəcəyini bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni məhz satmaq niyyəti ilə əldə etdiyini deməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək üçün almış, lakin tanışlarından istəyən olardısa pul qarşılığında və ya pay olaraq verəcəkmiş. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin kim tərəfindən və hansı şəraitdə Sabunçu rayonu, Ramana qəsəbəsində, Komsomol dairəsi deyilən yerin yaxınlığındakı ağacın dibinə qoyulmasından məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, səhhətiylə əlaqədar olaraq hər axşam yaşadığı evin yaxınlığında yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanında S.Rəhimov küçəsində yerləşən “Mərkəzi park”da piyada gəzir. 01 dekabr 2022-ci il tarixdə saat 21:00 radələrində adəti üzrə həmin parkda piyada gəzməyə başlamışdır. Hava çox soyuq olduğundan parkda həmişəkindən az adam olmuşdur. Təxminən saat 21:45 radələrində tək halda hərəkətdə olan zaman bir şəxs arxadan ona yaxınlaşaraq gözlənilmədən əynində olan gödəkcənin sol yan cibinə qoyduğu özünə məxsus 01 ədəd Redmi Note 9S markalı, **********58620 və **********68624 İMEİ kodlu, göy rəngli mobil telefonu götürərək S.Rəhimov küçəsi ilə yoxuşdan aşağı qaçmağa başlamışdır. Həmin şəxsin üzünü görməsə də qara rəngli gödəkcədə və başında kapüşon olmuşdur. Həmin şəxsin arxası ilə iti yerişlə yerisə də onun sürəti çox olduğundan çata bilməyəcəyini görmüşdür. Səhhəti daha sürətli qaçmağa imkan verməmişdir. Həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Cibində olan digər telefonla həmin telefonun üzərində olan digər nömrəsinə zəng etmiş və bir oğlan telefona cavab vermişdir. Həmin oğlana demişdir ki, telefonu hər hansı yerdə qoy, bu barədə məlumat ver, çıx get, telefonunu götürsün, ondan da şikayətçi olmayacaq. Həmin oğlan onun təklifinə qulaq asdıqdan sonra telefonu söndürmüş, sonradan dəfələrlə zəng etsə də artıq telefona zəng çatmamışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə olmamışdır. Baş vermiş hadisə nəticəsində ona 700 manat dəyərində maddi ziyan dəymişdir. Belə ki, ona məxsus mobil telefonu təxminən 4 il əvvəl 690 manata təzə vəziyyətdə almış, bundan başqa üzərində olan 02 ədəd GSM nömrəsinin ümumilikdə dəyəri 10 manat olmuşdur. Həmin şəxsin üzünü görməmiş, ona görə də həmin şəxsi görsə tanımaz. Təxminən 170-173 sm hündürlükdə, arıq bədən quruluşlu, əynində qara rəngli gödəkcə və başında kapüşon olan şəxs olmuşdur. Hadisəni törədən şəxsin əlində hər hansı silah və ya silah qismində istifadə ediləcək əşya görməmişdir. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Hadisəni törədən şəxs ona psixi və ya fiziki zor göstərməmişdir. Talanmış mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** olan 2 GSM nömrəsi olmuş və onların hər birini İC manata almışdır. Artıq həmin GSM nömrələrin dublikatını çıxarmışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş zərər ödənilmişdir və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid4 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 3 ünvanın qarşısında 1 nəfər kişinin yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görüb bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişdir. Həmin şəxs danışarkən suallarından yayınmağa və oradan getməyə çalışmışdır. Onun rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasında şübhələnib Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bu barədə raportla PŞnin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Zöhrab Salmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid4, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş 25 saylı vəkil bürosunun vəkili X2 və onun iştirakı ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Zöhrab Salmanov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı Zöhrab Salmanov tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan paketin içərisində 04 ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroinə bənzər maddəni və 06 ədəd kağız parçasına bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddəni könüllü olaraq təqdim etmişdir. Bundan başqa həmin şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə “kakos” və “şüşə” olduğunu, həmin maddələri “Bəhmən” adlı şəxsdən ümumilikdə 100 manata aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanının qarşısına gəldikdə və saat 14 radələrində qeyd olunan ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Aşkar olunmuş maddələr iştirakçılar, yəni onlar və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Axtarış və baxış zamanı hər hansı vəsatət və ya şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edərək, saxlanılarkən ona qarşı heç bir təzyiq və ya işgəncə göstərilmədiyini, onu saxladıqları yerin məhəllələr tərəf olduğunu, onu evdə saxlamadıqlarını, kiminsə evinə icazəsiz girmək səlahiyyətlərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəməyədək icraat mərhələsində ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 13-14 ildir ki, boşandıqdan sonra Ağsu rayonundan Bakı şəhərinə gəlmiş və burada tək yaşayır. Bakı şəhərində müxtəlif kafe, restoran və çay evlərində ofisiant işləmişdir. 2022-ci ilin noyabr ayının sonlarında "Axundov bağı"nın yanında yerləşən 'Texas" pub-a getmişdir. Saat 18-19 radələrində oradan çıxmış və bu vaxt pilləkəndə təxminən 20-22 yaşlarında, arıq bədən quruluşlu, qara gödəkcədə olan saqqallı oğlanla rastlaşmışdır. Həmin şəxsi tanımır və ilk dəfə imiş ki, görürmüş. Bu vaxt həmin oğlan ona yaxınlaşaraq tanış olmaq istədiyini bildirmişdir. İlk baxışdan həmin oğlan xoşuna gəldiyi üçün etiraz etməmiş və razılaşmışdır. Təxminən 2-3 dəqiqə söhbət etmişlər və bir-birilərinə telefon nömrələrini demişlər. Həmin oğlan ona ləqəbinin "Bəbəş” olduğunu bildirmişdir. Sonrakı günlərdə "Bəbəş” onunla bir yerdə qalmış və birlikdə yaşamağa başlamışlar. 01 dekabr 2022-ci il tarixdə saat 21 radələrində “Bəbəş”lə birlikdə Yasamal rayonu, S.Rəhimov küçəsində yerləşən “Mərkəzi Park"da piyada gəzişmişlər və evə getmək istədikdə "Bəbiş" ona evə getməsini, bir adamla görüşüb gələcəyini bildirmişdir. O razılaşmış və getmək istədikdə "Bəbiş” ona demişdir ki, öz mobil telefonunu ona versin, həmin adamla zəngləşib yerini deməlidir. Özünə məxsus Redmi markalı telefonu "Bəbiş”’ə vermiş və evə getmişdir. Evə çatmış və bir neçə dəqiqə oturduqdan sonra mağazaya getmişdir. Mağazadan qayıdanda görmüşdür ki, "Bəbiş” evə tərəf gəlir. Birlikdə evə gəlmişlər və evə çatanda "Bəbiş” onun telefonunu qaytarmış, sonra isə cibindən göy rəngli, Redmi markalı mobil telefonu çıxarıb ona göstərmiş və demişdir ki, dostu onun telefonunu evdən alıb gətirib. "Bəbiş" ona demişdir ki, evdəkilər telefonu koda salıb, gərək kodu açdırsın. Ertəsi gün, yəni 02 dekabr 2022-ci il tarixdə "Bəbiş" ona demişdir ki, telefonu satmaq istəyir, pul əldə etmək üçün məcburdur. Daha sonra şəxsiyyət vəsiqəsi Astara rayonunda evdə qaldığı üçün öz şəxsiyyət vəsiqəsini götürməsini və birlikdə gedib telefonu satmalarını xahiş etmişdir. O da razılaşmışdır. Daha sonra birlikdə "Səməd Vurğun” bağının yanına getmişlər. Orada mobil telefon alqı-satqısı mağazalarından birinə daxil olmuşlar. "Bəbiş" mağazada olan satıcıya bildirmişdir ki, mobil telefon koda düşüb, koddan açdırmaq və satmaq istəyir. Həmin oğlan telefonu “Bəbiş"dən almış və baxdıqdan, eləcə də kompüterdə yoxladıqdan sonra soruşmuşdur ki, telefonu neçəyə satırsan və telefonun hansı aksesuarları var? "Bəbiş" demişdir ki, 150 manata satır, qutusu və adapter aparatı rayonda qalıb. Həmin oğlan demişdir ki, 120 manata telefonu ala bilər. "Bəbiş” demişdir ki, razıdır. Bundan sonra öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və ksero-surəti çıxarıldıqdan sonra həmin vərəqə öz xətti ilə telefonun ona məxsus olduğunu, öz istəyi ilə satdığını yazmış və imza etmişdir. Bundan sonra həmin oğlan "Bəbiş"ə 120 manat pul vermişdir. Birlikdə evə gəlmişlər, "Bəbiş" 3-4 gün əvvəl ondan borc kimi aldığı 30 manat pulu ona qaytarmış və qalan 90 manat özündə qalmışdır. Bundan sonra "Bəbiş” çıxıb getmişdir. 03 dekabr 2022-ci il tarixdə günorta saatlarında "Bəbiş”lə yaşadıqları evin qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşmışlar və “Bəbiş”ə, eləcə də ona bildirmişlər ki, telefon soyğunçuluq yolu ilə ələ keçirilib satılıb, bu cinayətə görə onlarla birlikdə getməlidir. O da razılaşmış və birlikdə polis idarəsinə gəlmişlər. Şəxsiyyətləri müəyyən edilən zaman ona məlum olmuşdur ki, “Bəbiş” ləqəbli şəxsin adı Şəhruzdur. Məhkəməyədək icraat mərhələsində ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən adsız mağazada telefon alqı-satqısı ilə məşğul olur. Mağazada yeri icarəyə götürmüş və mağazanın digər hissəsində başqa satıcılar da var və onlar ətir, yaxud kompüter texnikası satırlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında mağazaya tanımadığı təxminən 25-30 yaşlarında bir oğlan və təxminən 30-35 yaşlarında bir qız daxil olmuş, oğlan cibindən 01 ədəd göy rəngli, "Redmi Note 9s" markalı mobil telefon aparatı çıxarmış və demişdir ki, mobil telefon koda düşüb, koddan açdırmaq və satmaq istəyir. Mobil telefonu götürmüş və vizual olaraq görmüşdür ki, yaxşı vəziyyətdədir. Sonra mobil telefonu kompüterdə İMEİ kodla yoxlamış və müəyyən etmişdir ki, telefon nağd alınıb, kredit borcunda deyil və müvafiq qaydada qeydiyyatda keçib. Soruşmuşdur ki, telefonu neçəyə satır və telefonun hansı aksesuarları vardır. Telefonu satmaq istəyən oğlan demişdir ki, pula ehtiyacı olduğu üçün 150 manata satır, qutusu və adapter aparatı yanında deyil, rayonda qalıb. Telefonu 120 manata ala biləcəyini təklif etmiş, həmin oğlan razılaşmış və demişdir ki, onun şəxsiyyət vəsiqəsi yoxdur. Telefon satılan zaman mütləq şəxsiyyət vəsiqəsi təqdim edilməli olduğunu bildirmiş, bu vaxt telefonu satan oğlanın yanında olan qız öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, oğlan bildirmişdir ki, qız onun həyat yoldaşıdır. Şəxsiyyət vəsiqəsinin ksero-surəti çıxarıldıqdan sonra həmin vərəqədə, qız öz xətti ilə telefonun özünə məxsus olduğunu, öz istəyi ilə satdığını yazmış və imza etmişdir. Şəxsiyyət vəsiqəsində qızın anket məlumatları Şahid1 kimi qeyd edilmişdir. Bundan sonra həmin oğlana 120 manat pul vermiş, oğlan pulu götürmüş və qızla birlikdə çıxıb getmişlər. Həmin telefonu satmaq üçün vitrinə qoymuşdur. Polis əməkdaşları işlədiyi mağazaya gələndə ona məlum olmuşdur ki, 120 manat aldığım "Redmi Note 9s" markalı mobil telefon aparatı cinayət yolu ilə əldə edilib. Qız ümumiyyətlə danışmamış, heç bir söz deməmiş. Oğlan mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Oğlanın şəxsiyyət vəsiqəsi olmadığı üçün alqı-satqı zamanı qız öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və onun ksero-surəti çıxarılmış, sonra qız öz xətti ilə oraya telefona aid məlumatları, eləcə də telefonun ona məxsus olduğunu yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə CM-nin 180-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan paketin içərisində olan 04 ədəd sellofan kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 06 ədəd kağız parçasına bükülmüş ağ rəngli maddəni könüllü olaraq təqdim etmişdir. Bildirmişdir ki, təqdim etdiyi maddələr narkotik vasitə hesab olunan “kakos” və “şüşə”dir. Aşkar edilmiş maddələr qablaşdırılaraq 224 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli, 6/944 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə...” yazılan zərfdə 04 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,203 qr, 0,214 qr, 0,230 qr və 0,170 qram olmaqla, ümumilikdə 0,817 qram qəhvəyi rəngli, tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 6 ədəd bükümdə hər biri ayrıayrılıqda təmiz çəkisi 0,05 qram, 0,052 qram, 0,03 qram, 0,032 qram, 0,03 qram və 0,04 qram olmaqla ümumi çəkisi 0,234 qram ağ rəngli, kristal şəkilli maddələr öz aralarında xarici görünüşünə və tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 88 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi barədə” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 03 dekabr 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə CM-nin 180-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Əşyanın təqdim edilməsi və baxış keçirilməsi barədə” 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 01 ədəd Redmi Note 9S markalı **********58620 və **********68624 İMEİ kodlu mobil telefon aparatı saz vəziyyətdədir və hər hansı detalların çatışmazlığı müəyyən edilməmişdir. Bundan başqa A4 formatlı kağızın üzərində Şahid1 aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti və telefonun alqı-satqısına dair əlyazmanın olduğu müəyyən edilmişdir. “Əşyaya baxış keçirilməsi haqqında” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 01 ədəd Redmi Note 9S markalı **********58620 və **********68624 İMEİ kodlu mobil telefon aparatı saz vəziyyətdədir və hər hansı detalların çatışmazlığı müəyyən edilməmişdir. Bundan başqa vətəndaş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Redmi Note 9S markalı mobil telefona aid qutunu üzərində **********58620 və **********68624 İMEİ kodlarının qeyd edildiyi və beləliklə məhz talanmış mobil telefon aparatı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9/8988 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çində istehsal edilmiş “Redmi Note 9S” markalı 64 GB yaddaş tutumlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarını olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2022-ci ilin dekabr ayına orta bazar qiyməti təxminən 250,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. 07 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus “Redmi Note 9S” markalı mobil telefonu təhvil almışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(009)-83/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 03 ay 22 gün müddət onun cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 25 may 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2023cü il tarixli, 1(009)-83/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4-Narkoloji Tibbi yoxlamanın 09 mart 2023-cü il tarixli, 1354 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhətə görülür. “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd narkotik vasitə heroin və 06 ədəd bükümdə psixotrop maddə metamfetamini “Bəhmən” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirir. Bükümləri pay vermək məqsədilə ilə büküm halına saldığını bildirmişdir. “Sübutların qiymətləndirilməsi və törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,817 qram narkotik vasitə heroin və 0,234 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxdıqdan sonra qalıq qalmış 0,617 qram narkotik vasitə heroin və 0,174 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 27 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(005)- 361/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 15 fevral 2025-ci il tarixli, 932/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 25 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(009)-83/2023 nömrəli hökmü ilə 01 il 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs həmin cəzanı bu günə kimi çəkməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2: qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 66.2: Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Maddə 66.5: Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Maddə 69.3: Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 180.1: soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 234.2: satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 21 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən... hər bir şəxs təqsirsiz hesab edilir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2 təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun bu əməllərin törədilməsində təqsirliliyi özünün məhkəmədəki qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətləri protokolları, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər təkzibedilməz sübutlarla tam və birmənalı şəkildə sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satmaq niyyətinin olmamasını, onları şəxsi istifadəsi məqsədilə əldə etməsini, məhkəməyədək icraatda verdiyi etirafedici ifadələrin isə polis əməkdaşlarının fiziki və psixi təzyiqi altında alındığına dair müdafiə mövqeyini təhlil edərək, onu törətdiyi daha ağır cinayətə görə məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir və aşağıdakı əsaslara görə tənqidi yanaşaraq rədd edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin V hissəsinə və CPM-in 125.2.2-ci maddəsinə əsasən, işgəncə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur və onlar ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq presedent hüququnu, xüsusilə də “Cənnətov Azərbaycana qarşı” işi üzrə Qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müvafiq bəndlərini rəhbər tutaraq qeyd edir ki, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməli, “əsaslı şübhədən kənar” sübut standartına cavab verməlidir. Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, ittihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür və ittihamın sübut olunmasında yaranan aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bununla belə, təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi irəli sürdüyü dəlillər iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, onun məhkəməyədək icraatda polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə iddiası heç bir obyektiv sübutla təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs həmin iddialarını ilk dəfə məhkəmə baxışı zamanı səsləndirmiş, məhkəməyədək icraat zamanı, o cümlədən barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmə nəzarəti qaydasında baxılarkən bu barədə hər hansı şikayət verməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlıqda olmuş, sabiq hakimlərin icraatında olan dövrdə keçirilən məhkəmə iclaslarında həmin xüsusatlara toxunmamışdır. Habelə, şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişi zamanı da vəkilin ondan həmin maddələrin özünə məxsus olub-olmaması ilə bağlı sualına Təqsirləndirilən şəxs birmənalı təsdiqedici cavab vermişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər, polis əməkdaşları Şahid3 və Şahid4 təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməsini qəti şəkildə inkar etmişlər. Bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin bu iddiasını nuda allegatio (sübutsuz iddia) kimi qiymətləndirir və onun məhkəməyədək icraat zamanı verdiyi ifadəni daha mötəbər və üstün hesab edir. Həmin ifadəsində isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni tanışlarından istəyən olardısa pul qarşılığında və ya pay olaraq verəcəyini bildirmişdir. Bu isə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmiş "satış" anlayışının məzmununa tam uyğun gəlir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən 4 büküm heroin və 6 büküm metamfetamin olmaqla, ümumilikdə 10 ayrı bükümdə narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi, onların çəkilib xırda bağlamalara bölünməsi faktı satış məqsədinin olmasına dəlalət edən mühüm haldır. Həmin bağlamaların miqdarları da bir-birinə yaxın olmaqla, ittiham tərəfinin mövqeyini möhkəmləndirir. Bütün bu dəlillərin məcmusu məhkəmədə təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə heç bir ağlabatan şübhəyə yer qoymayan qəti daxili inam yaradır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittihamına gəldikdə isə, onun təqsiri özünün məhkəmədəki tam etirafedici ifadəsi, Zərərçəkmiş şəxs ifadəsi, habelə Şahid1 və Şahid2 ifadələri, iş üzrə olan digər yazılı sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə, yuxarıda təhlil edilən sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə polis əməkdaşlarının ifadələrinin özlüyündə mümkün sübut hesab edilibedilməməsinə münasibətdə qeyd edir ki, polis əməkdaşlarının ifadələri, iş üzrə toplanmış digər sübutlarla – xüsusilə təqsirləndirilən şəxsin öz etirafedici etirafı, aşkar edilmiş maddi sübutlar (heroin) və ekspertiza rəyləri ilə təsdiqləndiyindən və dəstəkləndiyindən, onların etibarlılığı şübhə doğurmur və AİHM-in yuxarıda qeyd olunan presedentlərinə uyğun olaraq sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, müdafiə tərəfinə məhkəmə istintaqı zamanı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ifadələrinə etiraz etmək üçün tam və bərabər imkan yaradılmışdır. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin fundamental prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarlarının müvafiq göstərişlərini rəhbər tutur. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini araşdırarkən, onun törətdiyi əməldən səmimi peşman olduğunu, habelə soyğunçuluq epizodu üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin müddəalarına uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə iclasında onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 180.1-ci maddəsinin sanksiyası üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəza növünü, 234.2-ci maddəsinin sanksiyası üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəza növünü nəzərdə tutur. Məhkəmə, yuxarıda sadalanan bütün halları – törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, xüsusilə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin cəmiyyət üçün yüksək təhlükə mənbəyi olmasını, təqsirkarın şəxsiyyətini, onun əvvəllər məhkum olunmasını, lakin bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməsini, cəzanı yüngülləşdirən halların mövcudluğunu məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması (resocializasiya və xüsusi, habelə ümumi preventiv funksiyaları) məqsədlərinə ona real azadlıqdan məhrum etmə cəzası təyin edilmədən nail olmaq mümkün deyildir. Bu səbəbdən, məhkəmə Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab etmir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Bu səbəbdən, onun barəsində cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməlidir. Həmin normaya əsasən, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydalarına uyğun cəza təyin edilir və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 06 (altı) gün, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət, cəmi 02 (iki) ay onun cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 14 fevral 2025-ci tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda ekspertiza tədqiqatının ümumi dəyəri 133 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı – 0,174 qram çəkidə metamfetamin və 0,617 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd disk, Şahid1 aid şəxsiyyət vəsiqəsinin surəti və telefon alqı-satqısına dair əlyazmanın olduğu 01 ədəd A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut “Redmi Note 9s” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə müvafiq olaraq 6 (altı) və 11 (on bir) manat hesab edilməklə, 144 iş saatına görə 1104 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün müddəti ilə hesablanaraq 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 06 (altı) gün, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət, cəmi 02 (iki) ay müddət ona təyin olunmuş cəzadan çıxılsın (cəza müddətinə hesablansın) və üzərində qəti olaraq 04 (dörd) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün və profilaktik qeydiyyatda saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı - 0,617 qram çəkidə narkotik vasitə heroin və 0,174 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk, Şahid1 aid şəxsiyyət vəsiqəsinin surəti və telefon alqı-satqısına dair əlyazmanın olduğu 01 ədəd A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut “Redmi Note 9s” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 133 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti və iş üzrə mülki iddia olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə müvafiq olaraq 6 (altı) və 11 (on bir) manat hesab edilməklə, 144 iş saatına görə 1104 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-8/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-8/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver