Məhkəmə qərarları › İş №1(005)-80/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-80/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-80/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşgul olan, ünvan 1 ünvanında qeydiyyatında olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. Belə ki, o, 15 may 2022-ci il tarixdə, saat 18:00 radələrində ünvan 2 ünvanında yerləşən “Bakı Konqres Mərkəzi”nin qarşısında yerləşən istirahət parkında nişanlısı ilə gəzən zaman əsaslı səbəb olmadan insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozan hallara yol verməklə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ictimai yer hesab olunan istirahət parkında, parkda istirahət edən çoxsaylı şahidlərin gözü qarşısında xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən yumruqla vuraraq sol ağız bucagının cırılmış yarası ilə müşayiət olunan sol yanağın şişkinli hematoması, üst və alt dodağın şişkinliyi, alt dodağın sol yarısının iç selikli qişasının qansızması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə qəsdən yumruqla vuraraq sol yanağın şişkinli hematoması ilə nəticələnən sol çənə sümüyünün yerini dəyişməyən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Qeyd edilənlərlə bağlı Təqsirləndirilən şəxs CM-in 221.1 və 127.2.3-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 221.1 və 127.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 may 2022-ci il tarixdə saat 18:30 radələrində nişalısı Rəvanə, dostu Allahverdi ilə Bakı Konqress mərkəzinin qarşısına gəzməyə çıxmışdır. Nişanlısı öz balaca iti ilə gəlmişdir. Dostu arxada, o nişanlısı ilə birgə qabaqda gedirdi. Yavaş-yavaş gəzirdilər, bu zaman qarşıdan gələn sonradan adlarını bildiyi həmin vaxt tanımadığı Sinan da daxil olmaqla və birinin “xaski” cinsli iti olan şəxs onlara tərəf gəlib, həmin şəxslərdən xaskinin sahibi olan şəxs onun nişanlısının itinə təpik vurub iti hürkütmüş və Sinan demişdir ki, “3 dənə belə it saxlamaqdansa 1 dənə qeyrətli pişik saxla” və sonra nişanlısına söz atıb “nə bomba qızdır” demişlər. Birinci söz atan xaski itinin sahibi olmuş, sonra isə Sinan olmuşdur. Nişanlısına söz atdıqları üçün dava başlamışdır. Onlara “içinizdə böyük kimdir” soruşduqda sonradan adını bildiyi Şahid1 qabağa çıxıb demişdir “mənəm”. O, dostu Allahverdiyə nişanlısını maşına aparmağı xahiş etmişdir. Sonra onlarla kənara söhbət etməyə keçmişlər. Bu zaman oraya Allahverdi əlində itlə gəlmiş və ata-ana söyüşü söydüyü üçün o Allahverdini yumruqla vurmuşdur. Ara qarışdıqdan sonra başına toplaşan şəxslər onu vurmuşlar, arada o da Sinanı vurmuşdur. Amma Sinanın onun söyüb söyməməsi onun yadında deyil. Bu zaman həmin şəxslər onun başına toplaşıb hərəsi bir yerdən onu vurmaga bağlamışlar. Hadisə vaxtı dava 2-3 dəqiqə çəkmiş, onlar 8-10 nəfər, o isə tək olmuşdur. Kənarda olan şəxslər onları aralamışlar. Həmçinin Təqsirləndirilən şəxs bildirdi ki, onun tərəfindən xuliqanlıq hərəkətləri edilməmiş və üzərində də hər hansı qanunsuz əşya olmamışdır. Onun idman sahəsində böyük naliyyətləri var, heç kimlə dava etmək niyyəti olmayıb. Onun yanında nişanlısına söz atdıqlarından, söyüş söydüklərindən o da məcbur olub onlarla dalaşmışdır. Əslində bu işdə zərərçəkən onun özüdür, çünki 10-a yaxın adam onun başına toplaşıb onu vurmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə qardaşı Camal, Sənan, dostu Röyal və bibisi oğlu Allahverdi ilə saat 19 radələrində Nərimanov rayonu Təbriz küçəsində yerləşən «Konqres zalı»nın qarşısındakı parka gediblər, parkda olan zaman bir nəfər şəxs orada xaski itini gəzdirirdi, ondan it ilə şəkil çəkdirməyi xahiş etmişlər və iti ondan alıb şəkil çəkdirmişlər, təxminən 5 dəqiqədən sonra iti qaytarmaq üçün oğlana yaxınlaşdıqda itin sahibinin, onun tanımadığı şəxslə mübahisə etdiyini görmüş və ona itin ipini uzatdıqda həmin şəxs qəflətən onun sifətinə yumruqla zərbə vurmuşdur, o zərbədən huşunu itirmiş və yerə yıxılmışdır. Təxminən 4 dəqiqədən sonra özünə gəldikdə ağzından qan axdığını hiss etmiş və sonra bu barədə atasına məlumat vermişdir. Sonradan onu vuran şəxsin adının Ramil olmasını bilmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 15 may 2022-ci il tarixdə, saat təxminən 19 radələrində o dayısı oğlanları Sinan, Sənan, Camal və dostu Röyal ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Konqres zalı»nın qarşısındakı parka gəzməyə gediblər. Həmin vaxt parkda bir nəfər tanımadıqları oğlanın «xaski» cinsindən olan itlə gəzdiyini görüb ondan həmin itlə şəkil çəkdirmək istədiklərini bildirib iti onlara verməsini xahiş etmişlər. Həmin oğlan da etiraz etməmiş və onlar itlə təxminən 5 dəqiqə ərzində ondan aralanıb şəkil çəkdirmiş, itlə bir qədər oynamışlar. Bundan sonra həmin oğlanın onlardan bir qədər aralıda durub bir nəfər şəxslə mübahisə etdiyini görmüşlər və iti onun özünə qaytarmaq üçün onların yanına yaxınlaşarkən itin sahibi ilə mübahisə edən oğlan, yəni adı sonradan onlara məlum olan Ramil bir dəfə sillə ilə həmin itin sahibinin sifətinə vurmuşdur. Həmin vaxt dayısı oğlu Sinan iti sahibinə qaytarıb, bu zaman Ramil adlı şəxs gözlənilmədən onları itin sahibi ilə birlikdə olduqlarını düşünərək ilkin olaraq yumruqla onun sifətinə zərbə endirmişdir. O aldığı zərbədən çənə nahiyəsində ağrı hiss etmiş və yerə yıxılmışdır. Həmin an Ramil adlı şəxs dayısı oğlu Sinanın da sifətinə yumruqla vurub və Sinan da zərbədən yerə yıxılıb. O, bir müddət aldığı zərbənin təsirindən nə baş verdiyini başa düşməyib, daha sonra bir təhər özünə gəlmiş, artıq həmin vaxt Ramil adlı şəxs və itin sahibi olan oğlan da orada olmamışlar. Daha sonra isə onlar dayısı Bəxtiyara zəng vuraraq məlumat veriblər və dayısı Bəxtiyar gəlib onları oradan ilkin olaraq həmin şəxslər barəsində şikayətçi olduqları üçün polis şöbəsinə aparıb, daha sonra isə aldıqları xəsarətlərlə bağlı xəstəxanaya müraciət etmişlər. Hadisə nəticəsində o çənə nahiyəsindən, Sinan isə ağız nahiyəsindən xəsarətlər almışlar. Həmin hadisə təxminən 1-2 dəqiqə ərzində parkda baş vermişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 15 may 2022-ci il tarixdə Camal, Sinan,Sənan, və Allahverdi onunla birlikdə təxminən saat 18 radələrində «Bakı Konqres mərkəzi»nin qarşısındakı parkda gəzirmişlər. Sinan və Allahverdi ilə dostdurlar, onları çoxdan tanıyır və həmişə münasibətləri yaxşı olub. Həmçinin onun təqsirləndirilən şəxslə ədavəti yoxdur, olmayıb. Parkda adını bilmədiyi xaski cinsindən olan itin sahibinə Allahverdi və Sinan yaxınlaşmışlar və onunla görüşmüşlər. Ona elə gəlmişdir ki, itin sahibini Allahverdi tanıyır. Sonra onun başı bir qədər telefona qarışmış, dostuna kontur yükləmişdir və baxmışdır ki, Ramilin başına 10-a yaxın adam yığışıb. Həmin adamların içində Sinan, Allahverdi, xaski itinin sahibi və başqa şəxslər var idi. O yaxınlaşmışdır ki, nə baş verir Ramil böyüyünüz kimdir soruşmuş, o demışdir mənəm. Birinci xaskinin sahibi Ramilə ata-ana söyüşü söymüşdür, sonra Ramil söyüşə görə onu vurmuş, oda Ramili vurmuşdur. Sonra Allahverdi söyüş söyə-söyə gəlmiş və Ramili vurmuş, Ramil də onu da söyüşə görə vurmuşdur. Xaskinin sahibinin ayağında bıçag da var idi. Sonra 10 nəfərdən çox adam tökülüb Ramilin üstünə hərəsi bir yerdən Ramili vurmuşlar. Hadisə 2-3 dəqiqə çəkmişdir. Ətrafda olanlar onları ayırmışlar. Sonra Sənanın atası Bəxtiyar hadisə yerinə gəlmiş, birlikdə polisə getmişlər, polisdə Bəxtiyar ona “gəl Ramilin əleyhinə ifadə verək onu tutdurag” demişdir. Hadisənin başlamasına səbəb “xaski” itinin sahibinin, Sinan və Allahverdinin Ramilə və nişanlısına söz atmaları olmuşdur. Bunu Sinan və Allahverdi də ona demişlər. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində həmçinin göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, belə ki onu müstəntiq yazmışdır, o da oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş və ifadəsində göstərdi ki, 15 may 2022-ci il tarixdə o və qardaşları Sinan və Sənan, bibisi oğlu Allahverdi, tanışları Röyal təxminən saat 18 radələrində «Bakı Konqres mərkəzi»nin qarşısındakı parkda gəzirmişlər. Bir oğlan görmüşdür ki, parkda xaski iti gəzdirirdi. Qardaşı Sinan və bibisi oglu oğlanla görüşüb itlə şəkil çəkdirmişlər. Sonra balaca qardaşı Sənan yellənçəkdə yellənmək istəmiş və o, qardaşını yellənçəyə ararmışdır.Qayıdanda görmüşdür ki, qardaşı Sinan yerə yıxılıb ağzı qandır. Hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş və ifadəsində göstərdi ki, 15 may 2022-ci il tarixdə o və qardaşları Sinan və Camal, bibisi oğlu Allahverdi, tanışları Röyal təxminən saat 18 radələrində «Bakı Konqres mərkəzi»nin qarşısındakı parkda gəzirmişlər. Parkda xaski iti olan bir oğlan olmuş, qardaşı Sinan və bibisi oglu oğlanla görüşüb itlə şəkil çəkdirmişlər. Sonra o yellənçəkdə yellənmək istəmiş və qardaşı Camal onu yellənçəyə ararmışdır. Qayıdanda görmüşdür ki, qardaşı Sinan yerə yixılib ağzı qandır. Hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun «Kayla» adlı «york terir» parodiyalı iti vardır və Ramillə hərdən gəzməyə çıxanda həmin iti də özü ilə aparır. 15 may 2022-ci il tarixdə o, nişanlısı Ramil və nişanlısının dostu Allahverdi birlikdə Nərimanov rayonu Təbriz küçəsində yerləşən «Bakı Konqres mərkəzi»nə parka gəzməyə çıxmışlar, hadisənin üstündən uzun müddət keçdiyindən saatını dəqiq xatırlamır, axşam tərəfi idi, onlar yavaş-yavaş gəzirmişlər, bu vaxt qarşı tərəfdən təxminən 6-7 nəfər tanımadığı oğlanlar, içərilərində azyaşlı uşaqlar da olmaqla onlara tərəf gəlirmişlər, çox olduqlarından cəmi ikisinin üzünü görmüşdür, qalan şəxslərə baxmamışdır. Həmin oğlanlardan biri onun itinə tərəf təpik atmaqla hürkütdüyünü görüb, onun təpiyi itə dəyməyib, onun bu hərəkətinə görə nişanlısı Ramil ondan soruşub ki, niyə belə edir, həmin oğlan istehza ilə nişanlısı Ramilə deyib ki, «3 dənə belə itin olmaqdansa, 1 qeyrətli pişiyin olması yaxşıdır», nişanlısı Ramildə ona deyib ki, «itin, pişiyin qeyrətimi olur», sonra həmin şəxslər söyüş süymüşlər. Söyənin biri Sinan olmuşdur. Nişanlısı Ramil onları səsləyib ki, çıxıb gedsinlər, onda həmin oğlanlardan hansısa biri deyib ki, «yanında qız var, məzələnməyin», onun bu sözünə görə nişanlısı Ramil Allahverdiyə, onu göstərib maşına getmələrini, özü də indi gələcəyini deyib, o Allahverdi ilə oradan uzaqlaşıb maşına getmişdir. O görmüşdür ki, təxminən 6-7 nəfər Ramili əhatəyə alıblar və qarşılıqlı dava vaxtı o kənarda olduğundan kimin-kimi vurmasını görməmişdir, o Allahverdini göndərmişdir ki, gedib Ramili gətirsin. Allahverdi gedib Ramili gətirib, onlar oradan Allahverdinin maşınına oturub getmişlər. Həmin hadisə təxminən 5-7 dəqiqə davam edib və həmin davaya parkda olan tanımadığı şəxslər baxırmışlar, Ramil yanlarına gələndən sonra baxmışdır ki, Ramilin sağ əlinin orta barmağı qanamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:45-də şübhəli şəxs qismində tutulmuşdur; DİN-nin X2 Xidmətindən götürülmüş, Nərimanov rayonu Təbriz küçəsi-99E ünvanında quraşdırılmış TŞ 6-146 nömrəli kameranın 15 may 2022-ci il tarixli, saat 17:00-dan 20:00-dək olan müddətdəki görüntüləri ilə olan bir ədəd «Sərt disk» yaddaş daşıyıcısında olan videogörüntülərə Təqsirləndirilən şəxs, müdafiəçi X5, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə keçirilmiş baxış protokolundan görünür ki, «Sərt disk» yaddaş daşıyıcısı «HP» markalı komputerə birləşdirildikdə ekranda Nərimanov rayonu, Təbriz küçəsi-99E ünvanından qarşı hissədə olan park görüntülənir, kamera fırlanmaqla parkın bütün ərazisindəki görüntüləri əks etdirir. Çəkiliş uzaq məsafədən çəkildiyindən parkda olan şəxslərin fərqləndirici əlamətlərini müəyyən etmək mümkün deyil. Görüntülər boyu parkda çoxsaylı insanların gəzmələri görünür və onlardan Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və qeyrilərini tanımaq mümkün deyil, saat 18:29 dəqiqədə parkın açıq ərazisində 3 nəfər şəxsin bir yerdə dayanmaları, həmin vaxt onlardan birinin yanında olan şəxslərin hərəsinə ardıcıl olaraq əllə zərbə vurması görüntülənir, az sonra onların olduqları yerə parkda olan şəxslər yaxınlaşır və qarışıqlıq olur, sonra kamera fırlandığından, növbəti dəfə kameranın görünüş bucağı həmin yerə çatarkən əvvəlki şəxslərin oradan getmələrinə görə hər hansı dava və ya toplaşma olması aşkar edilmir. İş üzrə keçirilmiş canlı şəxsin ekspertizasının 498 saylı ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol yanağın şişkinli hematoması ilə nəticələnən sol çənə sümüyünün yerini dəyişməyən qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin xarakterinə və yerləşdiyi nahiyəyə əsaslanaraq demək olar ki,, həmin xəsarəti şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. İş üzrə keçirilmiş canlı şəxsin ekspertizasının 499 saylı ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol ağız bucağının cırılmış yarası ilə müşayiət olunan sol yanağın şişkinli hematoması, üst və alt dodağın şişkinliyi, alt dodağın sol yarısının iç selikli qişasının qansızması küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin xarakterinə və yerləşdiyi nahiyəyə əsaslanaraq demək olar ki, həmin xəsarəti şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. İş üzrə keçirilmiş canlı şəxsin ekspertizasının 520 saylı ekspert rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ əl barmaqlarının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması və 4-cü barmağının əsas falanqasının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə Nərimanov rayonu Təbriz küçəsi-99E ünvanında quraşdırılmış TŞ 6-146 nömrəli kameranın 15 may 2022-ci il tarixli, saat 17:00-dan 20:00-dək olan müddətdəki görüntüləri ilə hadisənin videogörüntüləri ilə olan 01 ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-590/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarından görünür ki, CM-in 221.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 221.2.2, 127.2.3 maddəsindən 221.1 və 127.2.3 maddəsinə tövsif edilmiş, iş üzrə Təqsirləndirilən şəxs, sözlü mübahisə zamanı tanımadığı şəxslər tərəfindən əhatəyə alınaraq hər tərəfdən zərbələr endirildiyindən başını qolları arasına alaraq «blok» vəziyyəti tutmaqla görmədiyi halda sağa və sola zərbələr vurması, həmin vəziyyətdə azyaşlı Zərərçəkmiş şəxs1 və onun bibisi oğlu Zərərçəkmiş şəxs2 vurması barədə dedikləri cinayət məsuliyyətindən qaçmaq və öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi rədd edilmiş, əməllərində cinayət tərkibi olmadığı üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barələrində cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs sağ əl barmaqlarının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması və 4-cü barmağının əsas falanqasının əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması, barmağında metal üzük olmaqla qarşı tərəfə yumruq zərbəsi vurarkən alındığına görə həmin fakt üzrə cinayət təqibinə başlanması rədd edilmişdir. İşdə olan 12-14 dekabr 2003-cü il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs RİOEUGİM-nin yunan roma güləşi üzrə açıq birinciliyində 1-ci yerə layiq görülmüşdür. İşdə olan 08-09 dekabr 2008-ci il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs Pəhləvan idman klubunun açıq birinciliyində 3-cü yerə layiq görülmüşdür. İşdə olan 23 may 2009-cu il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs RİOEUGİM-nin yunan roma güləşi üzrə açıq birinciliyində 1-ci yerə layiq görülmüşdür. İşdə olan 31 dekabr 2009-cu il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs RİOEUGİMnin yunan roma güləşi üzrə açıq birinciliyində 1-ci yerə layiq görülmüşdür. İşdə olan xx.xx.2010-cu il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs RİOEUGİM-nin yunan roma güləşi üzrə açıq birinciliyində 1-ci yerə layiq görülmüşdür. İşdə olan 20 yanvar 2010-cu il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar şəhidlərinə həsr olunmuş yunan roma güləşi üzrə açıq birinciliyində 3-cü yerə layiq görülmüşdür. İşdə olan xx.xx.2011-ci il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs RİOEUGİM-nin yunan roma güləşi üzrə açıq birinciliyində 1-ci yerə layiq görülmüşdür. İşdə olan 2010-cu il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs Uşaq gənclər idman məktəbində keçirilən yarış üzrə açıq birinciliyində 1-ci yerə layiq görülmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs Təhsil İdman Mərkəzi tərəfindın açıq birinciliyində 1-ci yerə layiq görülmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs Təhsil İdman Mərkəzi tərəfindın açıq birinciliyində 1-ci yerə layiq görülmüşdür. İşdə olan 18 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri müsbət xarakterizə olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, aşağıdakı nəticəyə gəlir. Məhkəmə ilk əvvəl hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı irəli sürülmüş ittihama münasibət göstərməyi zəruri hesab edir: Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilən ittihamdan göründüyü kimi o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir, yəni 15 may 2022-ci il tarixdə, saat 18:00 radələrində ünvan 2 ünvanında yerləşən “Bakı Konqres Mərkəzi”nin qarşısında yerləşən istirahət parkında nişanlısı ilə gəzən zaman əsaslı səbəb olmadan insanlar arasında bərqarar olmuş davranış qaydalarını qərəzli surətdə pozan hallara yol verməklə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ictimai yer hesab olunan istirahət parkında, parkda istirahət edən çoxsaylı şahidlərin gözü qarşısında xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən yumruqla vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə qəsdən yumruqla vuraraq sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1 -ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004- cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər; Məhkəmə hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirləndirilən şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmini, təqsirkarın niyyətini, motiv və məqsədi kimi halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkib hissəsi yoxdur, yəni onun tərəfindən xuliqanlıq cinayəti törədilməmişdir. Belə ki, məhkəmə ilk əvvəl qeyd edir ki, cinayət prosesi iştirakçıları arasında dalaşmaya və zərərçəkmiş şəxslərin bədən xəsarəti almasına səbəb olan münaqişə ictimai yerdə baş versə də, mübahisə məhz zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Zərərçəkmiş şəxs1 daxil olmaqla və birinin “xaski” cinsli iti olan şəxslər nişanlısı ilə parkda gəzən Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncunun nişanlısının itinə təpik vurmuş və “3 dənə belə it saxlamaqdansa 1 dənə qeyrətli pişik saxla” kimi yersiz ifadə və sonra nişanlısına söz atıb “nə bomba qızdır” kimi nalayiq ifadə işlətmişlər. Məhz zərərçəkmiş şəxslərin qeyd edilən hüquqazidd davranışından sonra mübahisə başlamış və həmin mübahisə hazırki cinayət işi üzrə zərərçəkmiş statusunda olan Zərərçəkmiş şəxs2 və işdə adları keçməyən digərlərinin nalayiq söyüş söyməsindən sonra daha da kəskinləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs, qarşı tərəfin şəxsiyyətə toxunan sözləri, söyüş söymələri, nişanlısının itinə təpik vurma kimi hüquqazidd hərəkətləri nəticəsində onların qanunsuz hərəkətlərinə qarşılıq verərək zərərçəkmiş şəxslərə xəsarət yetirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs ata-ana söyüşü söydüyü üçün Allahverdini yumruqla vurmuş, sonra həmin başına toplaşan şəxslər onu vurmuşlar. Yəni Təqsirləndirilən şəxs hərəkətlərində baş vermiş münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmək kimi hallar olmamışdır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməsi barədə istintaq orqanının gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir və bəzi hallarda da cinayət işinin faktiki halları ilə ziddiyət təşkil edir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, tərəflər arasında mübahisə zərərçəkmiş şəxslərin və cinayət işi üzrə adı keçməyən “xaski” itinin sahibinin qanunsuz hərəkətləri və hüquqazidd davranışı nəticəsində yaranmış və nəticədə münaqişəyə çevrilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qərəzli hərəkətlər etməsi müəyyən olunmur. Göstərilən hallara istintaq orqanı tərəfindən düzgün qiymət verilməmiş və nəticədə Təqsirləndirilən şəxs qarşı CM-in 221.1-ci maddəsi ilə əsassız ittiham irəli sürülmüşdür. Hadisənin məhkəmə istintaqında müəyyən olunan və yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi, Təqsirləndirilən şəxs, tərəfindən öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakıların qanuni mənafelərinə toxunan, həmçinin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də CM-in 221-ci maddəsilə tövsif olunmalıdır. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olunduğu kimi, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin Təqsirləndirilən şəxs konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmiş, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamışdır. Eyni zamanda hadisə iştirakçıları olmuş təqsirləndirilən şəxs və şahidlər (Şahid4 və Şahid1) məhkəmə iclasında verdikləri ifadələrində mübahisənin zərərçəkmiş şəxslərin də olduğu şəxslərin təqsirləndirilən şəxsə yaxınlaşaraq nişanlısı X1 itinə təpik vurmaları, sonuncuya söz ataraq qeyri-etik ifadə işlətmələri, yəni hüquqazidd davranışları əsasında yaranmışdır. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq kimi qiymətləndirilməsini istisna edir. Belə ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 139-cu maddəsində müəyyən edilmişdir. Bunlara cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi və s. daxildir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə, saat 18:00 radələrində ünvan 2 ünvanında yerləşən “Bakı Konqres Mərkəzi”nin qarşısında yerləşən istirahət parkında baş vermiş münaqişə zamanı xuliqanlıq hərəkətlərinə yol verməsi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxs, aralarında yaranmış mübahisə zəminində zərərçəkmiş şəxslərə məhz sonuncuların təhrikedici hərəkətləri nəticəsində bədən xəsarəti yetirmiş, onun cinayət qəsdinin obyekti ictimai qayda deyil, konkret şəxs- zərərçəkmiş şəxslər olmuş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi kimi qiymətləndirilmiş və ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Bununla da Azərbaycan Respublikasının CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham, işin konkret, faktiki hallarına deyil, daha çox ehtimal və mülahizələrə əsaslanmışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması istisna olunmasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in göstərilən maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xuliqanlıq niyyətilə xəsarət yetirilməsi barədə istintaq orqanının gəldiyi nəticəyə dair aşağıdakıları qeyd edir: Məhkəmə ilk əvvəl qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Tərəflər arasında mübahisənin hər hansı əsaslı səbəb olmadan yaranması barədə istintaq orqanın mövqeyinə yuxarıda qiymət verldiyindən məhkəmə həmin xüsusatların yenidən təkrarlanmasına zərurət görmür. Lakin məhkəmə qeyd etməyi vacib sayır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsinin tövsifedici əlaməti zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin məhz xuliqanlıq niyyəti ilə yetirilməsidir. Yəni, təqsirləndirilən şəxsin bu niyyəti həmin cinayətin motivini təşkil etməklə, artıq zərərçəkmiş şəxsə xəsarət yetirərkən, bunu xuliqanlıq niyyəti ilə etməsi nəzərə alınmalıdır. Lakin, toplanmış sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əməl səbəbli olaraq zərərçəkmiş şəxslərin qanunsuz hərərəkətlərindən (nişanlısının itinə təpik vurma, nişanlısına söz atma, nalayiq ifadələr işlətmə) qaynaqlanmış və ictimai qaydanın pozulmasına, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə olunmasına yönəlməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli törədərkən, bunu xuliqanlıq niyyəti ilə deyil, zərərçəkmiş şəxslərin hüquqazidd davranışı zəminində etmişdir. Yəni onun tərəfindən özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyma, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozmaqla etinasızlıq göstərən hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaq orqanının göstərilən mövqeyi (zərərçəkmiş şəxsə xuliqanlıq niyyətilə xəsarət yetirmə) ilə razılaşmayaraq qeyd edir ki, Təqsirləndirilən şəxs özünün şəxsiyyətinin üstünlüyünü göstərmək məqsədilə aralarında baş vermiş münaqişə vaxtı qarşılıqlı münaqişə zəminində zərərçəkmiş şəxsi vurması, niyyət və davranışının faktiki olaraq bir şəxsin nəzdində bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə etməyə, öz "müstəsna mən”ini başqasına qəbul etdirməyə yönəlməsi barədə istintaq orqanını gəldiyi qənaət əsassızdır. Bu baxımdan məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verməməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan sübutlarla öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə istintaq orqanının Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verdiyi qənaətinə gələrək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 127.1-ci maddəsinə tövsif edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə bəraət verilməsini və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən isə zərərçəkmiş şəxsə xəsarət yetirilməsi əməlini isə Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CPM-in: 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirici hallar kimi nəzərə alır: Təqsirləndirilən şəxsin cavan olmasını; əvvəllər məhkum olunmamasını; idman sahəsində olan nəaliyyətlərini;yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxsnın cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə bəraət verilməli, CM-in 127.2.3-cü maddəsi ilə olan əməli CM-in 127.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona CM-in təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 39.2, 42.1.3,42.1.4, 42.2.2, 61, 62, 346-347, 349, 351- 353 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər olmaq hesabı ilə 8 (səkkiz) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. İslah işləri cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar