Məhkəmə qərarları › İş №1(005)-81/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-81/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-81/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Sabir oğlunun, Müdafiəçilər – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və «Şimal» Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmamış, Saatlı rayonunun Bəylik kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə fərdi tikilidə kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 37 saylı ünvanda fəaliyyət göstərən “QNET” LTD- nin ofisində masanın üzərindən həmin LTD-nin təmsilçisi Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatına məzənnəsi 4.207,5 manat təşkil edən 2.475 ABŞ dolları dəyərində olan 01 ədəd “Bernhard H.Mayer” markalı qol saatını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs cəmi 4.207 manat 50 qəpik məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “QNET” LTD-də təxminən 2022- ci ilin may ayının əvvəllərindən işləyir. İş yeri sonradan Nərimanov rayonu, X3 küçəsində yerləşən ofislərdən birinə köçmüşdür. İş fəaliyyəti turizm paketlərinin, brend saatların və digər məhsulların internet üzərində sifarişi və satışından ibarətdir. Şirkətdə təxminən 50 nəfərdən çox əməkdaş olmuşdur. Şirkətin rəhbəri Zərərçəkmiş şəxsdir. Onun qolunda şirkətin əməkdaşı olduğu adını xatırlamadığı markaya məxsus qol saat görmüşdür. Bilmişdir ki, həmin saatların qiyməti təxminən 2.000 ABŞ dollarından bahadır. O fikirləşmişdir ki, şərait olduqda onun saatını oğurlayaraq aparıb satsın. Çünki həmin vaxtı borcları olduğundan maddi vəziyyəti yaxşı olmamış, pula ehtiyacı olmuşdur. 15 may 2022-ci il tarixdə saat 16 radələrində Fuada məxsus qol saatını ofisdə masanın üzərində olduğunu görmüşdür. Onu heç kimin görmədiyindən əmin olduqdan sonra saatı götürüb cibinə qoymuşdur. Daha sonra saatı şirkətin anbarında yerləşən tualetdə unitazın su toplanan hissəsinə atmışdır. Çünki bilmişdir ki, həmin saat su keçirməzdir, həmdəki ora heç kimin ağlına gəlib baxıb tapacağı yer deyildir. Bundan sonra o, həmin saatı sata bilməyəcəyini fikirləşmişdir. Çünki həmin marka saatlar ümumiyyətlə satışda az olduğu üçün satacağı təqdirdə onun oğurluq etdiyinin bilinəcəyindən qorxmuşdur. Ona görə həmin saatı ortalığa çıxartmamışdır. Bundan sonra 17 may 2022-ci il tarixdə Fuadla nahar fasiləsində söhbət zamanı Fuad ona saatı tapan şəxsə 1.000 ABŞ dolları pul verəcəyini bildirmişdir. O da fikirləşmişdir ki, həmin saatı onsuzda sata bilməyəcək, saatı tapmış kimi göstərib 1.000 ABŞ dolları pul qazansın. Fuada əgər saatı tapıb versə oğru sayılmayacağı sualını vermişdir. Fuad da ona yox cavabı vermişdir. Bundan sonra o, anbara düşüb saatı gizlətdiyi yerdən götürmüşdür. İş yoldaşı olan Seyidə saatı verib, Fuada çatdırmasını və saatı tualetdən tapdığını bildirməsini xahiş etmişdir. Bundan sonra Fuad saatı götürdükdən sonra ona söz verdiyi 1.000 ABŞ dollarını vermədən çıxıb getmişdir. O da utandığından ona bir söz deyə bilməmişdir. Səhər gün, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Fuad işə gəldikdən sonra ofisdə otaqların birində Fuad ona niyə oğurluq etdiyini soruşmuşdur. O da Fuada oğurluq etmədiyini bildirmişdir. Fuad özünün saatının, daha sonra isə Nicatın, Qabilin və Kənanın pul kisələrinin kim tərəfindən oğurlandığını soruşmuşdur. O, ilk əvvəl pul kisələrinin kim tərəfindən oğurlanmasından xəbəri olmadığını, saatı isə sadəcə olaraq tapdığını bildirmişdir. Fuad ona polis çağıracağını və bütün oğurluqların onun üstündə qalacağını dedikdən sonra, o, Fuada həqiqətən saatı oğurladığını lakin, pul kisələrindən xəbəri olmadığını demişdir. Həmin vaxt orada onlardan başqa Seyid, Murad və Rafiq də olmuşdur. Onlar söhbəti eşitmişlər, lakin müdaxilə etməmişlər. O, Fuada saatını oğurladığını dedikdən sonra Fuad onun sifətinə şillə vurmuşdur. Daha sonra polis əməkdaşları gəldikdən sonra polis bölməsinə getmişlər. Orada izahat yazdıqdan sonra çıxıb evə getmişdir. Bundan sonra Fuad onu işdən çıxartmışdır. Hadisədən sonra o, Fuadla barışdığı üçün ondan şikayəti olmaması barədə ərizə yazaraq polis idarəsinə göndərmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs Sabir oğlu ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin 44 günlük Vətən müharibəsinin iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğunu bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Sabir oğlu ifadəsində göstərmişdir ki, “QNET” LTD-in Bakı şəhərində fiziki şəxs olaraq informatik təmsilçisidir. Hazırda iş yeri Nərimanov rayonu, X3 küçəsində yerləşən ofislərdən birini icarəyə götürməklə işlədir. İş fəaliyyəti turizm paketlərinin, brend saatların və digər məhsulların internet üzərində sifarişi və satışından ibarətdir. Rəhbəri olduğu şirkətdə təxminən 50 nəfərə yaxın əməkdaş vardır. “QNET” LTD-nin ofisində olan otaqlara işçilər sərbəst daxil olub çıxması üçün daim ofisin otaqlarının qapısı açıq olmuşdur. Ofis əvvəl ünvan 2 ünvanında fəaliyyət göstərərkən, 13 may 2022-ci il tarixdə Kənan adlı işçinin içərisində 70 manat olan pul kisəsi oğurlanmışdır. Bundan sonra ofis indiki fəaliyyət göstərdiyi Nərimanov rayonu, X3 küçəsinə olan ünvana köçmüşdür. 15 may 2022-ci il tarixdə saat 16 radələrində şirkətdən 2.475 ABŞ dollarına aldığı özünə məxsus “Bernhard H.Mayer” markalı qol saatının, 18 radələrində isə Nicat adlı işçiyə məxsus içərisində 80 manat olan pul kisəsinin də oğurlandığını aşkar etmişdir. Ofisdə baş vermiş oğurluqlarda o, Təqsirləndirilən şəxs şübhələnmişdir. Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə rəsmi olaraq işə götürmüşdür. Bu oğurluqlardan sonra Sənan özünü qəribə apardığı üçün o, konkret oğurluğu onun etdiyindən əmin olmuşdur. Ona görə də 17 may 2022-ci il tarixdə nahar fasiləsində Sənanla söhbət zamanı saatını tapan şəxsə 1.000 ABŞ dolları pul verəcəyini demişdir. Sənan bundan sonra ona demişdir ki, “əgər saatı tapıb versəm oğru sayılmayacam?”. O da Sənana yox cavabı vermişdir. Təxminən 1 saat keçmiş Seyid adlı işçi ardıyca Təqsirləndirilən şəxs selefon içərisində islanmış vəziyyətdə saatı gətirib unitazdan tapdığını bildirmişdir. O, təklikdə Təqsirləndirilən şəxslə təkrarən söhbət edərkən, oğurluqla bağlı məlumat verəcəyini bildirmişdir. 18 may 2022-ci il tarixdə səhər vaxtlarında Qabil adlı işçinin içərisində 150 manat olan pul kisəsinin oğurladığını aşkar etmişlər. Bundan sonra o, əsəbləşmişdir. Sənanı çağırıb söhbət etmək istəmişdir. Çünki o, Sənanın oğurluq etdiyi bilə-bilə onu polisə şikayət etməmişdir. Sənan isə utanmadan yenidən oğurluq etməyə davam etmişdir. Ofisdə otaqların birində Seyid, Murad və Rafiqlə birlikdə Sənan söhbət etmək üçün dəvət etmişlər. O, Sənanla söhbət edib niyə oğurluq etdiyi soruşmuşdur. Sənan isə onlara oğurluq etmədiyini bildirmişdir. O da Sənana polis çağırdığını və polisə şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Bundan sonra Sənan durub getmək istəyəndə onun sifətindən şillə vurub oturmasını tələb etmişdir. Sənan da onun həqiqətən polis çağırdığını gördükdə, pula ehtiyacının olduğunu və saatı pula görə oğurladığını bildirmişdir. Sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və göstərilənlərin yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “QNET” LTDnin təmsilçisi Zərərçəkmiş şəxsdir. O, həmin şirkətdə informatik işləyir. Hazırda iş yerləri Nərimanov rayonu, X3 küçəsində yerləşən ofislərdən birində yerləşir. İş fəaliyyətləri turizm paketlərinin, brend saatların və digər məhsulların internet üzərində sifarişi və satışından ibarətdir. Ofis əvvəl ünvan 2 ünvanında fəaliyyət göstərərkən, 13 may 2022-ci il tarixdə Kənan adlı işçinin içərisində 70 manat olan pul kisəsi oğurlanmışdır. Lakin kim tərəfindən oğurlandığını bilməmişlər. Bundan sonra onların ofisi Nərimanov rayonu, X3 küçəsinə olan ünvana köçmüşdür. 15 may 2022-ci il tarixdə saat 16 radələrində ofisdən Fuada məxsus 2.475 ABŞ dollar dəyərində “Bernhard H.Mayer” markalı qol saatı, həmin gün 18 radələrində isə Nicat adlı işçiyə məxsus içərisində 80 manat olan pul kisəsinində oğurlandığını aşkar etmişlər. Ofisdə baş vermiş oğurluqlardan Fuad Sənan adlı işçidən şübhələndiyini demişdir. Bundan sonra o da Sənana diqqət etməyə başlamışdır. 17 may 2022-ci il tarixdə nahar fasiləsində işçilərlər oturan zaman Fuad saatını tapan şəxsə 1.000 ABŞ dolları pul verəcəyini demişdir. Həmin vaxt Sənan da orada olmuşdur. Təxminən 1 saat keçdikdən sonra Sənan ona yaxınlaşaraq saatı tapdığını bildirmişdir. O da Sənan ilə birlikdə Fuadın yanına getmişdir. Təqsirləndirilən şəxs selefon içərisində islanmış vəziyyətdə saatı gətirib unitazdan tapdığını bildirmişdir. O da saatı aparıb Fuada verib Sənanın guya tapdığını lakin Sonana inanmadığını bildirmişdir. 18 may 2022- ci il tarixdə səhər vaxtlarında Qabil adlı işçinin içərisində 150 manat olan pul kisəsinin oğurladığını aşkar etmişlər. Bundan sonra Fuad ofisdə otaqların birində o, Murad və Rafiqlə birlikdə Sənanı söhbət etmək üçün dəvət etmişlər. Çünki Fuad hər gün oğurluq olduğu üçün bundan əsəbləşmişdir. Fuad Sənanla söhbət edib niyə oğurluq etdiyi soruşmuşdur. Sonan isə oğurluq etmədiyini bildirmişdir. Ona polis çağıracağını və polisə şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişlər. Bundan sonra Sənan durub getmək istədikdə Fuad onu sifətindən şillə vurub oturmasını tələb etmişdir. Sənan da onlara pula ehtiyacını olduğunu və saatı pula görə oğurladığını bildirmişdir. Lakin ofisdə Nicata, Qabilə və Kənana məxsus pul kisələrinin oğurlanmasında məlumatı olmadığını bildirmişdir. Bundan sonra o, yenidən qaçmaq istədikdə Fuad onun boynundan tutub oturmasını tələb etmişdir. Daha sonra polis əməkdaşları gəlmişlər. Onlar birlikdə polis bölməsinə gedib ərizə və izahat yazmışlar. Təqsirləndirilən şəxs izahatında qeyd etdikləri yalandır. Çünki ofisdə Sənanı heç kim vurmayıb. Fuad sadəcə olaraq ona qaçmaması üçün şillə vurmuşdur. Daha sonra isə boynundan tutub qaçmasının qarşısını almışdır. Çünki oğurluq etdiyi üçün ofisdə 16-cı PBnin əməkdaşlarının gəlməsini gözləmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2022-ci il tarixli, 9/5196 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Bernhard H.Mayer” markalı, 52701 698.6 seriyalı, paslanmayan metal kəmərli qol saatının istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 750,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. “İfadənin yerində yoxlanılması haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaq gedişində ifadəsində dediklərini yerində göstərməsi təklif olunmuşdur. Müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən “QNET” LTD-də işləyir. xx.xx.2022-ci il tarixdə ofisdə masanın üzərində olan özünə məxsus “Bernhard H.Mayer” markalı qol saatının oğurlandığını aşkar etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd “Bernhard H.Mayer” markalı qol saatı maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-555/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 16 yanvar 2023-cü il tarixli, 17/40-169 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs Sabir oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamından görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamından görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamından görünür ki, əsgər Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Sabir oğlu ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Həmçinin həmin qərara əsasən cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Sabir oğlu ilə barışdığını və dəymiş ziyanın tam ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir (CPM 175.5). İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “Bernhard H.Mayer” markalı qol saatının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 175, 321, 344- 347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Ekspertiza tədqiqatının dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “Bernhard H.Mayer” markalı qol saatının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar