Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-82/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında inzibati binada qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317- 1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımış, cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə verməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə, gecə saatlarında ünvan 3 ünvanın yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,723 qram psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda bir ədəd bükümdə 0,945 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinə daşımış, 18 may 2023-cü il tarixdə, saat 12:30 radələrində Müəssisənin nəzarət buraxılış məntəqəsində özü ilə gətirmiş olduğu sovqata və üzərinə baxış keçirilən zaman cinsiyyət orqanında gizlətmiş olduğu 2 büküm olmaqla şəffaf sellofana bükülmüş 1 ədəd təmiz çəkisi 0,945 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd təmiz çəkisi 0,723 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək Cəzaçəkmə Müəssisəsində cəza çəkən əri X6 qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə verməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317- 1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, onun üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitəni əldə edərkən həyat yoldaşı ilə 10 saylı Cəzaçəkmə Müəssisəsinə görüşə gedəcəyini bilmirmiş. Daha sonra həyat yoldaşı onunla əlaqə saxlayaraq onu cəzaçəkmə müəssisəsinə ailəvi görüşə çağırmışdır. Bu zaman o, narkotik vasitəni saxlamağa yer tapmadığı üçün özü ilə cəzaçəkmə müəssisəsinə aparmışdır. Lakin orada yoxlamadan keçəcəyini bildiyindən gizli saxlamaq məcburiyyətində qalmışdır. 10 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olarkən üzərinə axtarış keçirilmiş və o, narkotik vasitəni cəzaçəkmə müəssisəsinin əməkdaşlarına təqdim etmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər psixotrop maddə hesab edilən metamfetamindən istifadə etmişdir. Narkotik vasitədən maddi durumunun yaxşı olmadığı və sıxıntıları olduğu üçün istifadə etmişdir. Həyat yoldaşı ilə narkotik vasitəyə dair danışıqları olmamışdır. Cəzaçəkmə müəssisəsində narkotik vasitə onun üzərində aşkar edilərkən həbs olunmaqdan qorxduğundan həyat yoldaşının istəməsi yalanını demişdir. Narkotik vasitəni əldə edərkən cəzaçəkmə müəssisəsinə gedəcəyini bilməmişdir və yoldaşı onu anidən görüşə çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı X2 Şöbəsinin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 18 may 2023-cü il tarixdə günorta saatlarında müəssisədə cəza çəkən X3 arvadı Təqsirləndirilən şəxs onunla görüşə gəlmişdir. Cəzaçəkmə Müəssisəsinin nəzarət buraxılış məntəqəsində Təqsirləndirilən şəxs özü ilə gətirmiş olduğu sovqata baxış keçirilmiş, baxış zamanı hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə X2 şöbəsinin rəisi X4, nəzarətçi Şahid2, həmçinin cəzaçəkmə müəssisəsində işləyən hal şahidləri kimi dəvət edilmiş X7 və Şahid4 iştirakları ilə baxış keçirilən zaman ona üzərində və gətirdiyi sovqatın içərisində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və yaxud predmet varsa, təqdim edilməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs cinsiyyət orqanında gizlətmiş olduğu 1 ədəd bükümdə, 2 büküm olmaqla şəffaf sellofana bükülmüş 1 ədəd ot şəkilli narkotik vasitə və 1 ədəd kristal şəkilli psixotrop maddəyə bənzər kütlələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitələri 06 may 2023-cü il tarixdə Xətai rayonunda tanımadığı şəxsdən almışdır. Narkotik vasitəni cəza çəkən əri Sadiq Fətullayev üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 may 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində cəzaçəkmə müəssisəsinin 7 saylı dəstəsində cəza çəkən məhkum X3 yanına qısa müddətli görüşə gəlmiş həyat yoldaşı Təqsirləndirilən şəxs gətirdiyi sovqata və üzərinə nəzarət buraxılış məntəqəsində baxış tədbiri keçirilən zaman cinsiyyət orqanında gizlədilmiş 02 ədəd sellofana bükülmüş, bir bükümü kristal halında ağ rəngli, digər bükümü ot halında spesifik iyə malik boz rəngli narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2023-cü il tarixli, 7/727 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs q” yazıları və imzalar olan kağız paketdəki salfet bükülünün içərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi – 0,945 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2023-cü il tarixli, 6/2888 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsi Zərflər üçün” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,723 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin təmin edilməməsi, təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və onun dərhal Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş islah işləri cəzası xx.xx.2023-cü il tarixdə doğulmuş övladı 14 yaşı tamam olanadək təxirə salınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-150/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-150/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)- 150/2022 nömrəli hökmündə yol verilmiş anlaşılmazlıq aradan qaldırılmış və hökmün giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində “Cinayət Məcəlləsinin 228.4-cü maddəsi” sözü “Cinayət Məcəlləsinin 228.1-ci maddəsi” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 7(003)-262/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-150/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətinə islah işləri cəzasının icrası xx.xx.2023-cü il tarixdə doğulmuş övladı X5 on dörd yaşı tamam olanadək təxirə salınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 03 avqust 2023-cü il tarixli, 4936 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,945 qram narkotik vasitə qurudulmuş marixuana və 0,723 qram psixotrop maddə metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,895 qram qurudulmuş marixuana və 0,673 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 21-1/3-29515-22 nömrəli, 14 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-150/2022 nömrəli hökmü ilə təyin edilmiş qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il islah işləri növündə cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində azyaşlı övladının olmasını (əsas: iş materiallarında olan AZ-İV seriyalı, 743217 nömrəli doğum haqqında şəhadətnamənin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə və CM-nin 29, 317- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək islah işləri növündə cəzalar təyin edilməli, Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-cü maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Belə olduqda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(003)-150/2022 nömrəli hökmü ilə təyin olunmuş qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 il islah işləri cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə çəkilməsinin təxirə salınması ləğv edilməli, CM-nin 68.3.1-ci maddəsinə əsasən çəkilməmiş həmin islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə islah işləri cəzası xx.xx.2023cü il tarixdə doğulmuş övladı 14 yaşına çatana qədər təxirə salınmışdır. Həmin hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs tərəfindən çəkilməmişdir (Əsas: Bakı Şəhər Probasiya İdarəsinin 21-1/3-29515-22 nömrəli, 14 dekabr 2023-cü il tarixli məktubu). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 12:30 radələrində cəzaçəkmə müəssisəsində saxlanılmış və onun barəsində 19 may 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 19 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin qərar saat 14:00-da elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzasından tutma altında saxlanıldığı 02 gün çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır (51-2.1.). Ekspertiza tədqiqatının ümumi dəyəri 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı 0,895 qram qurudulmuş marixuana və 0,673 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 29,317-1.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən təyin edilmiş islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(003)-150/2022 nömrəli hökmü ilə təyin olunmuş qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 il islah işləri cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə çəkilməsinin təxirə salınması ləğv edilsin, CM-nin 68.3.1-ci maddəsinə əsasən çəkilməmiş həmin islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona 03 il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən saat 12:30-dan 19 may 2023-cü il tarixədək saat 14:00-dək tutma altında saxlanıldığı cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı 0,895 qram qurudulmuş marixuana və 0,673 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-82/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-82/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver