Məhkəmə qərarları › İş №1(005)-82/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-82/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-82/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1968-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, AR vətəndaşı orta təhsilli, evli, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətmkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evi satmaq bəhanəsi ilə 21 avqust 2021-ci ildən 31 yanvar 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla, müxtəlif ərazilərdə ümumilikdə 19.100 manat pulu aldıqdan sonra cinayət əməlini davam etdirərək bundan əlavə 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1/25 ünvanında 100 manat məbləğində pulu sonuncuya göndərdiyi karta göndərtmiş, verdiyi vədə əməl etməyərək ümumilikdə 19.200 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən 19.200 manat ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin avqust aylarında internetdə 8.000 manatlıq evi almaq üçün Elşən adlı vasitəçi ilə danışmışdır. Elşən adlı şəxs ona həmin evin göstərilməsi üçün Pənah adlı şəxslə tanış etmişdir. Həmin evin bütün danışıqlarını Pənahla aparmış və həmin evi aldıqdan sonra Pənaha 500 manat zəhmət haqqı vermişdir. Həmin evlə bağlı hal- hazırda şikayəti olmamışdır. Bundan sonra Pənah ona Yasamal rayonunda ev olduğunu və 13.000 manata satıldığını bildirmişdir. Zərərçəkmiş şəxs həmin evə kənardan baxmış və almaq üçün razılaşmışdır. Lakin, bir müddət sonra həmin evin yaxşı olmadığını, yeni ev var 32.500 manata satılır və həmin evdən qazanc daha yaxşı ola bilər.Həmin evə də kənaradan baxmış və ona həmin məbləği hissə-hissə verməyə razılaşmış, bundan sonra 21 avqust 2021-ci il tarixdə Pənahla sirkin yanında görüşüb, ona ev üçün 4.000 manat pul vermişdir. Bundan sonra 26 avqust 2021-ci il tarixdə həmin ərazidə görüşüb ona 2.000 manat, 04 sentyabr 2021-cü il tarixdə yenidən 2.800 manatı həmin ünvanda, 12 sentyabr 2021-ci ildə 2.000 manat, 22 sentyabr 2021-ci ildə 2.200 manat, 30 sentyabr 2021-ci ildə 1.000 manat, 08 oktyabr 2021-ci ildə 3.000 manat, 08 noyabr 2021-ci ildə 100 manat, 03 dekabr 2021-ci ildə «Çinar park» biznes mərkəzində 2.000 manat pul vermişdir. 31 yanvar 2022-ci il tarixdə Pənah zəng vuraraq təcili yüz manat pul lazım olduğunu bildirib, onun göndərdiyi Nizami adili şəxsin adına olan kartına 100 manat pul atmışdır.Beləliklə artıq Pənaha 19.200 manat pul vermişdir. Artıq onun pulu bitdiyi üçün Qobuda yerləşən 8 sot torpağını satmaq qərarına gəlmiş və bu barədə Pənaha bildirmişdir. Sonradan bələdiyyənin həmin torpağı başqa şəxsə satıldığını öyrənmişdir. Buna görə evi satmağı çətinləşmiş və Pənah həmin məsələ ilə bağlı dəymiş ziyanı Bələdiyyə sədrindən ala biləcəyini bildirmiş, bundan sonra Pənah bələdiyyə sədrini şikayət edəcəyi ilə qorxudaraq hissə-hissə olaraq 7.800 manat pul almışdır. Həmin pulu ondan tələb etdikdə Pənah bildirmişdir ki, pul artıq onundur bu puldan heç nə verməyəcək. Sonradan Pənaha bələdiyyədən aldığı pulla bir yerdə 27.900 pul vermiş olmuşdur. Bundan sonra Qobuda olan torpağını satarkən Yaşar adlı şəxslə tanış olmuş və ona bu ev barədə danışdıqda o, həmin məsələyə inanmadığını bildirmişdir.Yaşarın yanından Pənaha zəng vurmuş, onlar telefonla danışdıqdan sonra Yaşar vəkil olduğunu və bu işləri bildiyini bildirmişdir. Sonradan Pənahın aldatdığından şübhələndiyi üçün ondan pulunu geri istəmiş, Pənah artıq müxtəlif bəhanələrlə pulumu qaytarmamış, artıq Pənahdan pulu geri ala bilməyəciyini başa düşüb, onu polisə vermək qərarına gəlmişdir. Pənah barədə şikayət etdikdən sonra o, 10.000 manat və 2.000 manat pul qaytarmışdır. Pənahdan yalnız əlbə-əl verdiyi 19.200 manat barədə şikayətçidir, hal-hazırda Pənahın 7.200 manat verəcəyi var. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin ADM Baş Ofis filialının xx.xx.2025-ci il tarixli, 131 nömrəli, xx.xx.2025-ci il tarixli, 9016 nömrəli, xx.xx.2025-ci il tarixli 24119 nömrəli və xx.xx.2025-ci il tarixli, 73 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 4.800 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (19.200 manat-25 faizi 4800 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 30 iş saatı üçün cəmi 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar